“Məni heç vaxt tərk etmə” romanı
“Məni heç vaxt tərk etmə” romanı yapon əsilli ingilis yazıçısı, 2017-ci ildə Nobel mükafatına layiq görülmüş Kazuo İşiquronun ən dəyərli əsərlərindən biridir. Kitab əsasında film də çəkilib.
Kitabdakı hadisələr Keti adlı gənc qızın xatirələridir. O, bizi uşaqlığının və yeniyetməliyinin keçdiyi Heylşemdəki qeyri-adi internat məktəbinə aparır. Buranın şagirdləri məktəbin sərhədini aşıb keçə bilməzlər, yaxınlıqdakı meşəyə düşən topu gedib götürməkdən belə qorxurlar. Şagirdlərə incəsənət dərsləri keçirilir, məktəbdə çəkilən rəsmlər, yazılan şeirlər müzakirə olunur. Hər kəsin mütləq əl işi olmalıdır, yoxsa Tommi kimi ələ salınır. Əl işlərinin ən yaxşıları seçilib Madamın qalereyasına aparılır. Axı niyə? Haradadır bu qalereya? Onun məqsədi nədir? Sual, sual, sual…
Uşaqların rəngarəng xəyalları var, kimisi Amerikaya gedib film ulduzu olmaq istəyir, kimisi də hansısa mağazada satıcı… Amma bir gün acı həqiqəti öyrənirlər, heç biri nə satıcı ola bilər, nə də ki film ulduzu…
Heylşem divarları arasında bir mahnı səslənir: “Məni heç vaxt tərk etmə… Ooo, canım, canım… Məni heç vaxt tərk etmə…” Keti mahnını dinləyərkən uşağı olmayacağını düşünən birinin uşağı olduğunu xəyal edir. Ana körpəsini bağrına basıb bu sözləri deyir: “Məni heç vaxt tərk etmə…” Ketinin həmin mahnının sədaları altında gözlərini yumub rəqs etdiyini görən Madam ağlayır. Madamın ağladığını kimə desən, inanmaz, hamı onu soyuq, hətta bumbuz biri kimi tanıyır. Madam da bu mahnıya, bu səhnəyə ağladısa, deməli, incəsənətin əritməyəcəyi buz yoxdur.
Ketinin xəyal etdiyi səhnəni heç bir Heylşem şagirdi yaşaya bilməz, çünki onların heç vaxt uşağı olmayacaq. Lakin bu, o demək deyil ki, kiməsə həyat verməyəcəklər. Bəlkə də, həyat verdikləri adamlar onların qanından, canından olmayacaq, amma bədənlərində onların bir parçasını daşıyacaqlar. Buradakı heç bir qız qucağına öz körpəsini ala bilməyəcək, onlar dünyaya nəyəsə sahib olmaq, nəyisə almaq üçün yox, sadəcə vermək üçün göndəriliblər. Yaşamaq üçün deyil, sadəcə yaşatmaq üçün… Uzun sözün qısası, onlar klonlaşdırılmış, canlı donorlardır, orqanlarını başqalarına bağışlayacaqlar. Özləri isə nə övlad sahibi olacaq, nə də ki qocalacaq. Onlar bunu bilirlər, hər şeyi qəbul ediblər. Amma hələ də ümidləri var. Ümidləri eşqə və sənətədir. Heylşem şagirdləri arasında belə bir söhbət gəzir ki, əgər iki nəfər həqiqətən bir-birinə aşiq olsa, onlara daha çox yaşamaq üçün möhlət verilər. Bəs bu iki nəfərin aşiq olduğunu necə müəyyənləşdirəcəklər? Hamısı daha çox yaşamaq üçün yalana əl ata bilər.
Dil həmişə gerçəyi deməz, baxışlar yanıldar, amma sənət əsərləri… Hər bir sənəti əsəri onu yaradanın ruhunu ortaya qoyur. Deməli, Madam sənət əsərlərini buna görə qalereyaya aparırmış? Bəs görəsən, bütün bu danışılanlar nə dərəcədə doğrudur? Həm də doğru olsa belə, Tomminin heç bir əl işi olmadığı üçün kimsə ona inanmayacaq. Zamanında çəkdiyi rəsmlərə gülməsəydilər, bəlkə də, hər şey başqa cür olacaqdı. Tommi mənə “Balaca Şahzadə”ni xatırlatdı. Şahzadənin çəkdiyi rəsmləri başa düşmədikləri kimi Tomminin də rəsmlərini anlamırlar, elə anlamadıqları üçün də onlara sadəcə bir yol qalır – gülmək… Onlar baxırlar, amma görmürlər. Tomminin çəkdiyi balaca heyvan rəsmlərinin fantastik güclərini hamı görə bilməz axı. Bir də ki rəsmi gərək kağıza çəkəsən? Əmin olun, xəyallarda çəkilən rəsmlər kağıza həkk ediləndən daha gözəl olur…
Eh, bu ümid ki var… Həyat şirindir axı, Tommi rəsmlərini xəyallarından kağıza köçürməyə başlayır, hamını sevgisinə inandıracaq, ən əsası, bir az da yaşayacaq. Eşqi və sənəti ilə zamana qalib gələcək, ölümü gecikdirəcək. Hər halda o, belə düşünür…
Sənətə bu qədər önəm verilməsinin səbəbi isə başqa imiş, Heylşem şagirdlərinin insan olduğunu sübut etmək… Nə bədən quruluşu, nə də ki başqa bir şey insan olmağa kifayət etmir. Sənət insanlığın sübutu kimi qələmə verilir.
Əsərdə eşq, dostluq, azadlıq, qısqanclıq, ümid, ümidsizlik kimi fərqli duyğular birləşir. Bir də gecikmək var, həmişə yanında olan birinə illərlə gecikmək…
Hadisələri Keti danışır. Mən onu görmürəm, amma səsini duyuram. Yorğun, halsız səsini… Keti onu dinləyəni yormur, anlaşılmaz cümlələrlə fikri başqa yerə yönəltmir, nə qədər soyuq danışsa da, yaşananların ağrısını dərinlərdə hiss etdirir. Kitab bitir, ürəkdə qəribə duyğular baş qaldırır, dilimizdə isə sadəcə bircə cümlə – Məni heç vaxt tərk etmə…
Yazar: Gülay Tahirli
Həmçinin bax: Fərd,fərdiyyət,şəxsiyyət
Həmçinin bax: turaz.org/banm-da-telebe-ve-genc-tedqiqatcilarin-ii-beynelxalq-elmi-konfranslari-kecirilecek/