Mən və dünya
Bir zamanlar bundan öncə yağışlı sentyabr günündə çox balaca,yaşayacağına ümid belə olmayan bir qızcığaz dünyaya göz açır.Elə doğulduğu ilk gündən həyatla mücadiləyə başlayır.Sanki bu həyat onu hər an suprizlərlə qarşılaşdıracağına söz vermişdi.Bu dünyaya gəlişinin ilk günündən başlayır hər şey… Bu dünyada olan acılar,kədərlər,xəstəliklər,qarşısına bəlkədə heç zaman çıxmayacaq xoşbəxtliklər,arzular,istəklər, həyatda qalma uğruna verilən mücadilələr…
Məğlub olmur həmin qızcığaz. Xəstəliklər onu haldan salsa da,iynələr hər dəfə bədəninə sancılanda dünyaya gəldiyinə bəlkə də nifrət etsə də,hər şeyə,hər acıya dayanma gücü tapır özündə.İlk yaşı beləcə qeyd olunur həmin qızcığazın.Onunla birlikdə qeyd edilir bu yaşlar. Hansı ki,o yaşların birində olmayacağı ehtimalı ilə keçirilirdi bu illər.Bəlkə də beşincidən sonra altıncıyaşı olmadı düşünürdü hər kəs.Amma o beşyaşlı qızcığaz hər kəsdən daha ümidli idi. Bəlkə də anlamırdı ölüm nədir,amma onun var olduğunu bilirdi.Bilirdi ki,bu gün varsansa,həmişə var olacağın demək deyil bu.Bilirdi ki,bu gün nəfəsin evdə duyulur,səsin eşidilirsə,sabah həmin evin divarında şəklin asılmış ola bilər. Amma həyat onu daha çox suprizlər ilə qarşılaşdıracaqdı.Ona görə də hələ beş yaşlı qızcığazı mələk etmək istəmirdi. Yaşadırdı onu,acı ilə də olsa yaşadırdı.Onu daha mübariz edirdi bəlkə də.Hər kəs bunun dərd,qismət olduğunu,körpə uşağın necə acı çəkdiyini desələr də,həyat və həmin qızcığaz mükəmməl bir son olacağını bilirdilər.
Çətinlikləri,problemləri özü ilə böyüyən qızcığazın altıncı yaşı.Hər kəs bu qızcığaz məktəbə gedəcək deyə sevinərkən bəlkə də gedə bilməyəcək fikri də ayrı düşmürdü onlardan.Hər kəsdən xoşbəxt isə acı çəkən o qızcığaz idi.Çünki məktəbə gedir,hərf yazmağı,şeir deməyi,bəlkəgünün birində ən yaxşı insanlar sırasında olmağı öyrənəcəkdi burda.
…Və beləcə illər keçir.Məktəbə ilk qədəm qoyduğu gündən həkim olacam deyib duran bu qızcığaz bəlkə də onu bu həyatda saxlayan həkimlərə bir minnətdarlıq etmək istəyirdi.Amma həyat suprizlər etməkdə davam edirdi.Adı əlaçılar sırasında olsa da,həkim olacaq gücü yox idi o qızcığazın.Bəlkə də bir körpəyə iynə vurarkən çəkilən əzabın yükünü qaldıra bilməmək qorxusu idi onu bu yoldan çəkindirən.Ya da qarmaqarışıq hislər,sadəcə anlıq bir duyğu idi həkim olmaq.Suprizlər isə davam edirdi.Yaşayacağına ümid olmayan həmin qızcığaz artıq on birinci sinfi bitirib məzun olurdu.Hələ də necə oldu bu zamana kimi gəlib çıxdı deyənlərdən belə təbriklər aldı bu qızcığaz.Bəziləri üçün ilk dəfə,həyəcandolu imtahanlar başladı.Lakin bu qızcığaz neçə imtahanlar vermişdi.Onların sırasına universitet imtanları da daxil oldu.İlk imtahanlar kimi bu imtahandan da üzüağ çıxmağı bacara bilir rəngarəng dünyası olan,lakin üzəri qara buludlu dünyada yaşayan o qızcığaz.Və universiet həyatı başlayır yaşıdları oyun oynarkən o xəstəxana pəncərələrindən çölə boylanan qızcığazın.Ümid dolu qəlb onu universitet həyatına qədər gətirib çıxarır.
Ehhh…Həyat bir qızcığaza bu qədərmi acılar yaşadar,bu qədərmi çətinliklər qaraşısında qoyar?! Əlbəttə edər,çünki həyat acı qədər güc də,xoşbəxtlik də verir insana.Acı çəkəcək nə etdim deyə sormayın heç zaman özünüzə.Bu acını necə dəf edəcək güc tapın,dözümlü olmağın yollarını axtarın.Baxın o körpə qızcığaza,hələ ana bətnindən başlayır onun acıları.Axı var olmayan biri nə günah etmiş ola bilər ki,ona bu qədər üzüntülər yaşadılsın?! Çəkdiyiniz acılar heç də etdiyiniz günahların bədəli deyil.Sizin çətinlik dediyiniz əslində dünyaya iki əllə tutuna bilmə gücünüzdür.Lakin bu gücü anlamanız lazım.Yaşadığınız bu həyat bir yol ayrıcıdır.Seçim isə sizin.Bu cığırların biri sizin hər problemi,çətinliyi böyüdüb,özünüzü aciz hiss edərək yürüdüyünüz,əl-ayağınıza dolaşan daşlı-tikanlı,dolambac bir cığır,digəri isə qarşılaşdığınız çətin anda gücünüzün,iradənizin,səbrinizin var olduğunu hiss edib yol aldığınız güllü-çiçəkli cığır.
Qızcığazın seçdiyi güllü-çiçəkli cığır kimi.Lakin bu cığırda yürümək cəsarət istər,həm də ehtiyyat.Bu cığırda nə ləngimək olur,nə də tələsmək.Bax budur dünya.Bir cığır seçərsən,bu sənin həyat yolun olar.Qaça-qaça getmək istərsən,amma yıxılarsan,geriyə qayıtmaq istərsən,mümkünsüz olduğunu görərsən.Bax bu da dünya qanunları,həyat qaydaları.
Etdiklərinlə fikirləşdiklərin,yaşadıqlarınla yaşamaq istədiklərin,bilməyib bilirəm sandıqların,olduğun və olmaq istədiyin dünya.Sizdə də mi fərqlidir bunlar? Kaşki bunu etsəydim deyib etdiklərinizə özünüz dəmi təəccüblənirsiz?Olduğunuz dünyada gördüyünüz anlar,problemlər,üzüntülər,yalanlar olmaq istədiyiniz dünyada yoxdur eləmi?Bu dünyada sevinmək istədiyiniz anlara sıradan baxırlar,dünya üçün bu sevinc heç nədir,lakin olmaq istədiyiniz dünya sevinclə aşıb-daşır.
Sizə bəhs etdiyim həmin qızcığaz.O qızcığaz ki,bir zamanlar bundan öncə dünyadan köçəcək deyən,günü-günə satan insanlar arasında sağ qalmağı bacardı.O qızcığaz ki,hər tərəfi ölüm qoxan şəraitdə dünyaya mən hələ varam deməyi bacardı.Çünki o qızcığaz var olduğumuz bu yalan,sevgisizlik,acı,üzüntü dolu dünyada qonaq,başqa dünyada yerli sakin idi.O qızcığazın başqa dünyası var.Hər kəsdən gizlədir,kimsənin ora daxil olmasına icazə vermir,verə bilmirdi bu yalandolu dünyada yeriyən,amma öz dünyasında rəngarəng yaşayan qızcığaz.
Başqa dünyada yaşamağı seçdirən nə idi o qızcığaza?Yaşadığımız bu dünya var ha,görə bilirsizmi orda mövcud olan yalanları,acıları,üzüntüləri,qorxaqlıqları,hiyləgərlikləri,amansızlıqları?Siz bəlkə görsəz də,razı ola bilirsiz bir körpə uşağın aclığından ölməyinə,ya da bir insanın dərdləri içində boğulub getməsinə də göz yuma bilirsiz.Hələ yanınızdan xəstə heyvan keçərkən bir zərbədə siz vurursunuz ki,daha tez ölsün,amma sora mərhəmətdən danışırsız.Ac bir insan gördükdə əlinizdəkiləri daha acgözlüklə yemənizmidir bu dünyanın ədaləti?Baş verən müharibələr,dağıdılan şəhərlər,aclığa məhkum olan günahsız insanlar,içməyə su tapmayan uşaqlar,böhtana məruz qalmış milyonlar,zorakılığa məruz qalmışlar bu dünyanın gözəllik adlandırdıqlarınızmıdır? Bax bu gözəlliklərdir həmin qızcığazı məcbur edən.Bütün bunları əsl gözəlliyə çevirmək üçün əlindən heç bir şey gəlməyən o qızcığaz beynində,ürəyində qurduğu o inanılmaz dünyada bunların heç birinə yer vermədi.Elə bu dünyaya da öz dünyasının pəncərəsindən baxdığından hər pislikdə bir yaxşılıq,hər çirkinlikdə bir gözəllik arayır.
Bu dünyada insanlar acı çəkərkən yorulduğu halda o qızcığaz acı çəkərək daha dözümlü oldu.Hər şeyə dayanacaq güc tapmaq bəlkə də yeni bir dünya yaratmağa səbəbdir.Əslində hər kəs öz dünyasını yarada bilsə,bu dünya daha gözəl yer olar.
Həəə…Mən və Dünya…İkisi bir-birinə zidd ikili.Mən güləndə dünya ağlayar,dünya ağlayanda mən gülərəm.Mənim yaxşı dediklərim dünyanın ən pis qəbul etdikləri,mənim ən pis bildiklərim dünyanın ən mükəmməl gözəllikləridir.Amma təbii ki,mən dünyadan asılıyam,asılı dediyim boyun əymək demək deyil.Əgər mən dünyaya boyun əysə idim,digər insanlar kimi öz dünyamı yarada bilməzdim.Dünyaya boyun əyməyək.Artıq qara buludların dünyanın üstündən çəkilməsinə ehtiyacı var.Dünyanın gözəlləşməyə ehtiyacı var.
Biraz düşünək.Bu zamana kimi nə qədər bezdiyiniz,sıxıldığınız,hər şeyi məhv etmək istəkləriniz olub?Yəqinki saysız-hesabsız,amma dünyada var olduğunuzu anlayıb davam etmək lazımdır.Baxdız bu dünyada davam edə bilmirsiz,öz dünyanızı yaradın.Sizə yaxşı gələcək,özünüzü xoşbəxt hiss etdiyiniz bir dünya deyirəm.Bu dünyada yorulduğunuz an öz dünyanıza sığının.Bax o zaman hər şey düzələcək.Gücünüz,səbriniz,xoşbəxtliyiniz hər kəsdə təəccüb yaradacaq.
O qızcığazın qarşılaşdığı ən böyük supriz və ən mükəmməl sonluq bu dünyada olarkən,özünün başqa bir dünyada yaşadığını görə bilməsi idi.
Dünyanın içində mən,mənim içimdə dünyam var…
YAZI: ” Ən yaxşı esse ” müsabiqəsində 10-cu yerə layiq görülmüşdür.
YAZAR: Aydan Şahalıyeva