Məmlük dövləti. Bəybarsın hakimiyyəti.

  1. Bəybarsın hakimiyyəti
  2. Monqol və Xaçlılarla mübarizə
  3. Erməni Krallığı ilə mübarizə
  4. Qızıl Orda və Məmlük münasibətləri
  5. Teymurla mübarizə

Nəcməddin Əyyubinin Bəhri Məmlüklərindən olan Bəybars qısa zaman ərzində bacarığı ilə sultanın sevgisini qazanmışdır. Bəybarsın sultan olmadan əvvəl etdiklərini bir də ümumiləşdirək. Əyyubi hökmdarı Turan şah dövründə IX Lüdoviqə qarşı Mənsura və Faraskur döyüşlərində iştirak etmiş, göstərdiyi hünərlərlə imtiyaz sahibi olmuşdur. Daha sonra Şəcərəddür Turan şahı öldürməyə çalışdıqda şaha qarşı sui-qəsdi hazırlayan qrupun başçısı olmuşdur. Məmlük sultanı İzzəddin Aybəkin dövründə isə güclü Bəhri Məmlüklərinin bəzilərinin ölümü digərlərinin dövlətdən ayrılmasına, Bəybarsın da Suriya tərəflərə qaçmasına məcbur etmişdi. Suriya Əyyubi hökmdarı Nəsir Yusifə sığınsa da, Monqollara qarşı mübarizədə əyyubilərin mübarizə aparmaq istəməməsini görərəkdən, Məmlüklü Sultanı Sultan Kutuzun razılığı ilə Məmlüklər dövlətinə geri dönmüşdür. Əyn Cəllut döyüşündə böyük hünər göstərərək dövlətin qalib gəlməsində xüsusi rol oynamışdır, lakin mənfəətlərə görə elə döyüşdən geri qayıtdıqları zaman yolda Kutuzu öldürmüşdür (23 oktyabr 1860) . Ardından, ordusunun başında paytaxta yeni hökmdar olaraq ayaq basan Bəybars, mərkəzdəki əmirlərdən razılıq aldıqdan sonra əl-Məlik əz-Zahir adıyla Qalatulcəbəldə taxta çıxmışdır (26 oktyabr 1260). Rəhbərliyə gələr-gəlməz xaricdə Monqol və Xaçlılarla mübarizəsi, içəridə isə çıxan üsyanları yatırmaqla sakitliyi bərqərar etməsi gərəkəcəkdir. Daxili siyasətdə dövlətin idarəetmə strukturunu dəyişdirərək özündən sonra gələn sultanların da riayət edəcəyi bir dövlət siyasəti yeritdi. O, dövlətin yüksək vəzifələrinə ən güvəndiyi adamları idarəçi olaraq təyin edir. Ümumiyyətlə, Bəhri Məmlük əmirlərini bir yerə toplamağa çalışır. İstər bu əmirlərin, istərsə də xalqın sevgisini qazanmaq üçün yeni planlar həyata keçirir. Bunun üçün də Kutuzun Monqollarla mübarizə apardığı zaman qoyduğu ağır vergiləri ləğv edir. Digər tərəfdən, Türklər və Monqollar arasındakı davaları araşdırmaq üçün xüsusi bir təşkilat (Hacibu’l-kulcab) qurdu. Dövlətin bütün ərazisini mərkəzi Qahirə ilə birləşdirəcək nəqliyyat şəbəkəsi və yaxşı işləyən bir poçt (bərid) təşkilatı qurdu. Ordu qurğulara böyük əhəmiyyət verdiyindən, silah sənayesi öz dövründə xeyli inkişaf etdi. Qurulan nizami orduya əlavə olaraq, dənizçiliyə də əhəmiyyət verdi və İsgəndəriyyə, Dimyat və Qahirə dövrün vacib gəmiqayırma mərkəzlərinə çevrildi. Öz hakimiyyəti altındakı torpaqları mülki hala gətirərək müxtəlif sahələrə mühüm sərmayələr qoymuşdur. Səltənətini dini qanunlara əsaslandırmaq və bununla da hakimiyyətini möhkəmləndirmək üçün Sultan Bəybars Abbasi ailəsindən bir nəfəri xəlifə elan edərək Abbasi xilafətini Misirdə yenidən təsis etdi. Əl-Müstənsir adı verilən yeni xəlifənin adı xütbədə Bəybarsdan əvvəl işləndi və sikkələrə  vuruldu. Misirdə Abbasi xilafətini yenidən quran Bəybarsın böyük nüfuzu nəticəsində Məkkə Şərifi Əbu Numeyy, 1269-cu ildə Məmlük dövlətinin himayəsini qəbul etdi. Beləliklə, Məmlüklər, Məkkə və Mədinənin himayəsi və hac ziyarətinin təşkili kimi vəzifələri öz üzərinə götürərək müsəlmanlar arasında təsir dairələrini genişləndirdi. Bəybars özü də 1269-cu ildə haca  getmək niyyətində idi. Dörd əsas sünni məzhəbindən olan insanların etdiklərini görmək üçün ilk dövrlərdə hər təriqət üçün müstəqil qazilər təyin etmə təcrübəsi başlandı. Beləliklə, xilafətin himayədarı olaraq bütün İslam ölkələrində söz sahibi oldu. Məkkə şərifinin də etibarını qazanaraq müqəddəs torpaqları və Qırmızı dəniz sahillərini hakimiyyəti altına aldı və “hadimü’l-harameyn” adı ilə müsəlmanların qoruyucusu kimi ağır və nüfuzlu bir vəzifəyə keçdi. Ümumiyyətlə, Abbasi xilafəti simvolik bir dini hakimiyyət kimi xidmət etmiş, idarəçiliylə qarışmamışdır. Onsuz da, Məmlüklər ancaq bu şərtlərlə Xilafətin yenidən təsisinə təsdiq vermişlər. Xarici siyasətdə isə şimalda Erməni krallığı, qərbdə Əyn Cəllutun intiqamını almağı gözləyən Hülaki xanın Mənkü xanın ölümündən sonra 1258-ci ildə yaratdığı Elxanlı dövləti, digər tərəfdən Xaçlı yürüşləri və Bərbərlərlə mübarizə gözləyirdi. Əyn Callut döyüşündə üzləşdikləri ağır müharibəni unutdurmaq istəyən Monqollar Bəybarsın dövründə yenidən hücuma keçsələr belə, məğlub olurlar (1260 dekabr). Yenə də rahat durmayan Elxanilər Xaçlılarla ittifaq quraraq istər Hülaki xanın, istərsə də Abaqa xanın dövründə hücumlara davam etsələr də, 1277-ci ildə Əlbistanda ağır bir məğlubiyyətə düçar olurlar. Bəybars bölgəni tərk etdikdən sonra Abaqa xan qisas almağa çalışır və Qayseri-Ərzurum xətti arasında yaşayan 100 minlərlə müsəlman öldürülür.

Sultan Seyfəddin Kalavun dövründə müharibə davam etdi və Elxanlı hökmdarı Abaqa xan Məmlük ordusuna ciddi məğlubiyyət gətirmək üçün iki ordu ilə yola düşdü. 1281-ci ilin oktyabrında Kalavun və Abaqa xan arasında çox şiddətli qarşıdurmalar baş verdi. Məmlüklər böyük mübarizə qazandı, müharibədən sonra Monqollar geri çəkildi və dağıldı, həmin böyük monqol komandiri eyni ildə öldü. 128-ci ildə Elxanlı dövləti taxtındakı dəyişiklik Məmlüklərin müəyyən dərəcədə nəfəs almasına kömək oldu. Arqun xan dövründə, 1287-ci ildə Nestorian monarxı uyğur Rabbon Sauma başda olmaqla Fransa, İngiltərə, Genuya və Roma papası ilə danışıq aparmaq üçün oraya nümayəndəlik göndərmişdi. O, Suriya və Fələstinin birgə işğalı üçün yeni xaçlı yürüşünü təşkil etməyi təklif etmişdi. Lakin Fransa və İngiltərə vədlərdən o tərəfə getmədilər. Arqun xanın oğlu, Hülaki hökmdarı Qazan xan Suriyaya yürüş etmiş, Hələb və Dəməşqi ələ keçirmiş, lakin 1303-cü ildə, Mərc əs-Suffar adlı yerdə yenidən məmlüklər tərəfindən məğlub edilmişdi. Münasibətlər Əbu Səid dövründə normallaşdı, belə ki, o, iki dövlət arasında barışığa imza atmağa çalışdı. Müsəlman bir Elxanlı hökmdarı olan Əbu Səidin təklifi dövrün Məmlük sultanı Nəsirəddin Məhəmməd tərəfindən müsbət qarşılandıqda, ilk dəfə 10 illik bir sülh bağlandı. Bu barışıq sazişinin məzmunu ticarət azadlığı, Elxanlı xalqına haca getməyə icazə vermək, hac ayında Məkkədə hər iki liderin olması və hər iki ada xütbə oxunması kimi maddələrdən ibarət idi. Münasibətlərin yumşalmasına imkan verən bu barışıq 1135-ci ildə Əbu Səidin vəfatına qədər davam etdi. Ölümündən sonra meydana gələn taxt uğrunda mübarizə Elxanlı dövlətinin dağılması ilə nəticələndi.

Deyə bilərik ki, Bəybars (1260-1277) öz nailiyyətlərini təkcə monqollara qarşı deyil, həm də Xaçlılara qarşı göstərdi. Əslində, Xaçlılara qarşı hücumlar onun hakimiyyətinin ilk illərində başladı. 1261-1262-ci illərdə VI Bohemond Elxanilərlə ittifaqı üzərinə Əntakyaya yürüşlər təşkil etdi. Bəybars Səlib yürüşçülərinə qarşı hərtərəfli mübarizə aparmağa və onları Yaxın Şərqdən qovmağa çalışırdı. Belə ki, 1265-ci il fevral ayının əvvəlində səlibçi knyazlığın nəzarətində olan Fələstindəki Qeysəriyyə, Yafa, Aslis və Arsuf şəhərlərini nəzarəti altına aldı. 1266-cı ildə Şərqdəki Frankların hücumundan sonra Safəd və Rəmləyi xaçlılardan aldı. Bəyburs, Erməni kralı Hətum Monqollarla ittifaq qurduqdan sonra Kalavun rəhbərliyi altında ermənilərin üstünə böyük bir ordu göndərdi. 24 avqust 1266-cı ildə Hetumun qüvvələri böyük itki verildi. Məmlük ordusu Adana, Misis, Tarsus  kimi şəhərləri ələ keçirdi. Bir çox insan, o cümlədən Erməni padşahının oğlu əsir götürüldü və xeyli miqdarda qənimət əldə edildi. 1267-ci ildə Bəybars Tabəriyə və Akka bölgələrinə yola düşdü, onlara qarşı hücumlar etdi. Nəhayət, 1268-ci il aprelin əvvəlində Əntakyaya gəldi və qısa bir ziyarətdən sonra şəhəri ilhaq etdi. Bundan sonra ermənilərin paytaxtı Sîs’a girib şahın oğlu da daxil olmaqla, çox sayda insanı əsir götürdükdə, Ermənistan Krallığı sülhə məcbur qaldı. Digər qonşu dövlət Nubiyalılar, Bəybars dövründə illik vergi ödəməyi qəbul edərək, Məmlük hökmranlığını tanıdı. Bəybars Bizans, Genoa və bir sıra digər Avropa dövlətləri ilə ticarət müqavilələri bağladı. 1271-ci ildə Fələstindəki bəzi müsəlman qalalarına hücum edən Xaçlılara yürüş etdi, onlar xeyli itki verdi. Bəybars həm də Suriyadakı Batinilərin müqavimətini qıraraq onların üzərində nəzarəti ələ keçirdi.

Əldə etdiyi nailiyyətlər nəticəsində Avropadan daha kiçik bir Səlib yürüşçü dəstəsinin 1271-ci ildə Suriyadakı Xaçlılara dəstək üçün Akkaya gəldiyi görülür. İngiltərə şahzadəsi Edvardın komandanlığı altında olan bu birlik heç bir əhəmiyyətli yardım göstərə bilməsə də, Bəybars və Səlib yürüşləri arasında 10 illik barışığı təmin etdilər. 1275-ci ilin sonlarında Bəybarsın Suriyaya qayıtması ilə əlaqədar Qahirədə keçirilən qarşılanma mərasimində dövr hökmdarları tərəfindən göndərilən təxminən 25 səfir iştirak edirdi. Yəmən hakimi, Qızıl Ordu xanı, Alman və Bizans imperatorları və Cenevrə Hersoqu tərəfindən göndərilən elçilər, hörmətlə qarşısında əyildilər. Ermənilərlə münasibətlər bir müddət sonra pisləşdi. Seyfəddin Kalavunun dövründə (1280-1290) Erməni kralı yenidən barışmaq istəyirdi. Sülh müqaviləsində məhbusların mübadiləsi və həyata keçiriləcək ticarət əlaqələri ilə bağlı şərtlər var idi. Kalavun dövründə Suriya sahilləri boyunca uzanan Xaçlı Şahzadələri səfərə çıxıb və onlarla uzunmüddətli barışıq müqaviləsi bağlandı. Bu vaxt-tarixlər 1289 ili göstərəndə Kalavun bir təşəbbüslə getdi və Tripolunu Xaçlılardan aldı. Beləliklə, Suriya sahillərindəki Xaçlıların əlində yalnız Akka, Sayda, Sur və Aslis şəhərləri qaldı. Sultan Xəlil (1290-1293) 1291-ci ildə əvvəlcə Akka, sonra Sur, Sayda, Hayfa, Anartus və Aslis qalalarını alaraq çox əhəmiyyətli fəthlər etdi. Bu fəthlər ilə Suriya sahilləri iki əsrdir müsəlman torpaqlarına hücum edən bu Xaçlı knyazlardan azad edildi. Sonradan Ermənistan Krallığına aid bir neçə qala və ərazilər fəth edildi. Nəsirəddin Məhəmmədin (1309 -1341) üçüncü dövründə narazılıqlar çıxardan Ermənistan Krallığı üzərinə əsgərlər göndərildi və Malatya Məmlük hakimiyyəti altına alındı. (1315). 60 il sonra, 1375-ci ildə, bu dövlətin paytaxtı Sîs və digər şəhərlər Məmlüklər tərəfindən fəth edildi. Sultan Zeynəddin II. Şaban (1363 -1376) dövründə baş verən ən diqqətəlayiq hadisələrdən biri də uzun müddət dayanan Səlib yürüşlərinin yenidən başlandığını göstərən İskəndəriyyə davasıdır. 1365-ci ildə Kipr kralı, Venesiya, Genoese, Rodos və Avropa dövlətlərindən aldığı dəstəklə İsgəndəriyyəyə hücum etdi və çox sayda müsəlmanı əsir aldı. Xaçlıların Suriya sahillərinə bənzər hücumları XV əsrə qədər fasilələrlə rast gəlinir. Sultan Bəybars dövründə, 1424-cü ildən bəri 3 il davam edən səfərlərin sonunda Kipr adası tutuldu. Tutulmuş kral Venesiya konsulunun müdaxiləsi ilə Məmlük əyalətinə müəyyən miqdarda illik vergi qəbul edib öhdəlik götürərək sərbəst buraxıldı. Sultan Bəybars Rodosdakı Saint-Jean cəngavərləri ilə də vuruşdu. Bu məqsədlə Rodosa səfərlər, tərəflər arasında imzalanan sülh müqaviləsi ilə nəticələndi.

Bu dövrdə xaçlılarla monqollara qarşı münasibətdə Məmlük Qızıl orda münasibətlərinin müsbət yöndə olduğun görə bilirik. Hər iki dövlətin münasibətlərinin müsbət olmasında dini əlaqələrin təsiri böyükdür. Digər tərəfdən, Qızıl Ordu Dövləti və Elxanilər arasında ciddi siyasi rəqabət Məmlük-Qızıl Ordu ittifaqının yaranmasının digər bir səbəbi kimi önə çıxır. Elxanlılar ilə Kösədağ müharibəsindən (1243) sonra Anadoluya hakim olmağa başlayan Qızıl Ordu arasında yaranan torpaq mübahisələri daim müharibəyə səbəb oldu. Bu vəziyyət hər iki tərəfi qonşuları ilə ittifaq axtarmağa məcbur etdi. Elxanlılar, sərhədləri Avropaya qədər uzanan Qızıl Orduya qarşı Xaçlılarla, Qızıl Ordu isə Elxanilərə qarşı olan Məmlüklər ilə bir araya gəldi. Bu məqsədlə Qızıl Ordu xanı Bərkə və Bəybars arasındakı yazışmalar nəticəsində dostluq münasibətləri quruldu. Bəybarsın Bərkə xanın qızıyla evlənməsi münasibətləri daha da möhkəmləndirdi. Hətta münasibətlər sonrakı dövrlərdə də davam etdirildi. 1335-ci ildə Elxanlıların dağılmağa başlaması ilə bu dəfə eyni ərazidə yaranan Teymurilər dövlətinə qarşı Məmlük-Qızıl Ordu ittifaqı qurulacaq. Burci Məmlüklərinin ilk sultanı Bərkük (1382-1389) Teymurla mübarizədə Qızıl Ordu xanı Toxtamışın dəstəyinə böyük əhəmiyyət verirdi.

Bu dövrdə Sultan Bərkük Qızıl Ordu hökmdarı Toxtamış xan, Osmanlı sultanı İldırım Bəyazid, Sivas hökmdarı Kadi Burxanəddin və Cəlayir Sultan Əhməd ilə yaxınlaşan Teymur təhlükəsinə qarşı ittifaq qurmuşdu. Teymurun bu ərazilərə ilk yürüşü 1387-ci ildə olmuş, Qızıl Orda xanı Toxtamış təhlükəsi ortaya çıxdıqda geri dönmüşdür. Teymurun bu ərazilərə 1400-cü ildəki yürüşündə Sivas, Malatya, Antəp ,Hələb, Həma və Humusu qanlı bir şəkildə alır  və Dəməşqə doğru yoluna davam edir. Bu ərazilərin yenidən Məmlüklərin əlinə keçməsi 1405-ci ildə, Teymurun ölümündən sonra mümkün olur.

YAZININ ARDI: Məmlüklər və Osmanlı

YAZAR: Ülfər Məmmədli

Həmçinin bax: Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü

Həmçinin bax: https://turaz.org/naxcivan-seherinde-yerlesen-herbi-hisseye-bayram-sovqati-aparilib/

Həmçinin bax: https://tehsilim.org/qehreman-hekimlerimizin-veten-muharibesindeki-fealiyyeti-muzakire-olunub/