“Məkri-Zənən”

 

“Məkri – Zənən”

Gənc bir yazıçı qadınların hiyləsindən bəhs edən bir kitab yazmağı qərara alır. Bu minvalla o, kəndləri, şəhərləri gəzərək başa gəlmiş müxtəlif qadın hiylələri ilə bağlı hədisləri qələmə almağa başlayır. Ucaqar kəndlərin birindən keçərkən, yolun üstündə təndirdə çörək bişirən bir  qadına rast gəlir. Qadın onu xoş dil ilə isti çörək yeməyə dəvət edir. İsti təndir çörəyinin xoş ətri yolçunun valeh etmişdi. O, məmnuniyyətlə qadının təklifini qəbul edir. Yemək əsnasında qadın onun kimliyini, hardan gəlib, hara gedəcəyini xəbər alır. O da bir yazıçı olduğunu və qadınların hiyləsindən bəhs edən bir kitab yazmaq istədiyini deyir.

Qadın ürəkdən qəhqəhə çəkib gülür. Ona yol yaxın ikən  bu sevdadan əl çəkməsini, qadınların hiylələrinin yazmaqla qurtarmayacağını başa salmağa çalışır. Yazıçının heç fikrindən daşınmayacağını gördükdə isə ona bir təklif irəli sürür.

“Madam ki, fikrindən dönmürsən  o zaman mənim də bir gün qonağım ol və kitabında bir hekayə də məndən yazarsan” – deyir. Yazıçı da onunla razılaşır.

Qadın qonaq üçün həyətdəki tut ağacının altında süfrə açır, ətirli bir çay çay dəmləyib deyir:

Öz evindəki kimi rahat ol. Mənim yoldaşım əkinçidir, ona günorta yeməyi aparmalıyam. Mən gələnə qədər də sən qonşularsan, bizim necə bir ailə olduğumuz haqqında məlumat toplayarsan.

Qadın bir boxça hazırlayıb yola düzəlir. Çaydan keçərkən bir anlıq dayanıb fikrə gedir. Sonra tələsik çirmələnib bu kiçik çayın səmtini dəyişir, bənd qurur. Su çəkilir və sudakı balıqlar üzə çıxır. Qadın asanlıqla balıqları tutur. Sonra isə həyat yoldaşı işləyən sahəyə gəlir. Bir ağac kölgəsində süfrə açıb yoldaşını yeməyə dəvət edir. Yemək əsnasında bir qərib yolçunun onların qonağı olduğunu və bir gecə də qalacağını bildirir.

Kişi yemək yeyərkən qadın sahənin daşlarını artırmaq bəhanəsi ilə ondan uzaqlaşır. Çaydan tutduğu balıqları kotanın qarşısı ilə bir-bir torpağa basdırır. Sonra daşları yığmağa başlayır. Kişi yeməyini bitirdikdən sonra kotanın qarşısına keçir.

“Madam ki, qonağımız var, gərək işləri tez bitirim” -deyir və kitabı sürməyə başlayır. Kotan torpağı çevirdikcə balıqlar torpağın üzərinə çıxır. Kişi əvvəl gözlərinə inanmır, kotanı saxlayıb əmin olmaq üçün  balığı əlinə alır. Balığın hələ tam canı çıxmamışdı. Heyrətlə yoldaşını səsləyir:

Ay arvad, Allahın möcüzəsinə bax..!

Arvad heç nədən xəbəri yoxmuş kimi qaçaraq yoldaşının yanına gəlir. Guya təəccüblə yoldaşının əlindəki balıqlara baxıb deyir:

-Doğrudan da möcüzədir. Allah qonağımızın ruzisini yetirdi.

Kişi həvəslə balıqları toplayıb yoldaşına deyir:

Arvad, evdə düyümüz də var. Yaxşı bir aş dəmləyərsən, balıqları da qızardarsan, qonağımiza layiqli bir ziyafət verərik.

Məqsədinə çatan arvad balıqları götürüb evə tərəf üz qoyur.

Qadın evə qayıdarkən gənc yazıçı artıq onlar haqqında kifayət qədər məlumat əldə etmişdi. Hamı bir ağızdan onların sadə və mehriban bir ailə olduqlarını, bu vaxtadək heç kimlə münaqişə yaşamadıqlarını öyrənir.

Qadın qonaqdan hal-əhval tutduqdan sonra gecə yaşanacaq hadisələrə müdaxilə etməməyini və olacaqları diqqətlə izləməyi ona  tövsiyə edir.

Mətbəxə keçib aş dəmləyir, balıqları da yaxşıca qızardıb bir tərəfə qoyur.

İşdən qayıdan kişi mehribanlıqla qonağı salamlayıb süfrə başına dəvət edir.

Qadın da balıqları mətbəxtdə gizlədib yavan düyü aşını süfrəyə gətirir.

Kişi əvvəlcə işarə ilə arvadına “bəs  balıqlar hanı?” mesajını verir. Arvad özünü bilməməzliyə vurur. Kişinin dəfələrlə işarə etməyinə baxmayaraq arvad heç nə anlamırmış kimi özünü aparır. Səbri daşmış kişi:

-“Ay arvad.! Bəs balıq nə oldu?!” -deyə dilə gəlir.

Kişi güclə səbrini basıb, o kotanın ağzından çıxan balıqları deyirəm, arvad.

Qadın guya çəkinə-çəkinə kişiyə yaxınlaşıb deyir:

Ay kişi, sənə nə olub, başına hava gəlib?! Heç torpağın altından da balıq çıxar?

Bu sözlər kişini bir az da hiddətləndirir. Cinləri təpəsinə vurur. Dik ayağa qalxır.

A filən- filənzadə, sən öz gözlərinlə görmədin? Heç canları da çıxmamışdı. Təptəzə balıqlar idi. Bir-bir yığıb ətəyinə doldurmadınmı?! Sən də: “Allah qonağın ruzisini yetirdi” -demədinmi?

Arvad yenə heç nə başa düşmürmüş kimi vay-şüvən qoparmağa başlayır.

-Aman Allah, bu kişiyə nə oldu? Deyəsən dəli olub, -deyə ağlamağa başlayır.

Arvadının bu hərəkətlərindən daha da qeyzlənən kişi arvadın üstünə yeriyir.

Bu anı çoxdan gözləyən arvad dərhal özünü eşiyə atıb qışqırmağa başlayır:

-Ay camaat, kömək edin, bu kişi məni öldürəcək.

Bütün məhəllə ayağa qalxır. Rüsvay olduğunu görən kişi bir az da qəzəblənir. Arvadını boğub öldürmək istəyir. Hər tərəfdən kişini tutub sakitləşdirməyə çalışırlar. Bu kişini daha da özündən çıxarır. Dartınıb-çırpınmağa başlayır. Hamı onun ağlını itirdiyini yəqin edir. Arvad da ağlayaraq yalvarır ki, “Siz Allah onu evin dirəyinə bağlayın, yoxsa məni öldürər.”

Qonşular kişini evin dirəyinə möhkəm-möhkəm bağlayıb çıxıb gedirlər.

Çırpınıb taqətdən düşmüş kişi qışqırmağın bir nəticə verməyəcəyini başa düşür, bu dəfə də arvada yalvarmağa başlayır:

Ay arvad, bir qələtdir eləmişəm, daha hirsim də soyuyub, aç qollarımı, acam heç olmasa bir tikə çörək yeyim. Qonaq da Allah şahididir, sənə bir zərərin toxunmaz.

Bayaqdan bəri bütün bu olub-keçənləri heyrətlə, mat-məəttəl izləyən qonağın kişiyə yazığı gəlir və deyir:

-Ay bacı, sən Allah gəl açaq bu kişinin qollarını, bax mən də burdayam.

Bundan sonra kişinin qollarını açırlar. Kişi kor-peşiman süfrəyə oturur.

Bu dəfə arvad boşqaba balıqları  yığıb və üstünə də düyünü töküb, yeməyi kişinin qabağına qoyur.

Kişi həvəssiz -həvəssiz qaşıqla düyüdən götürüb yeməyə başlayır. Bir qaşıq yeyir, iki qaşıq yeyir, üçüncü qaşıqda balığın quyruğu görsənir.

Kişi qaşığı yerə qoyub, əlləri ilə boşqabı kənara itələyir.

-Ay arvad, Allahı sevirsən, bu boşqabı gözümün önündən qaldır.

Deyəsən, doğrudan da gözümə “balıq” görsənir.

Arvad üzünü qonağa tutub deyir:

-Qonaq qardaş, sənə demədimmi ki,yol yaxın ikən əl çək bu sevdadan?!

Qadınların hiyləsi yazmaqla qurtarmaz. Get özünə başqa peşə tap.

Yazar: Gülnar Nəzərli