Məhəmməd Hadi !!!

Türkün tökülən qanları bihudə gedərmi?!
Diqqətlə düşün,yoxsa bu qan həpsi hədərmi?!

Bu misralardan sonra artıq, söhbətin kimdən açılacağını deməsək də, vətənini sevən hər kəs biləcəkdir. Bəli, qanında vətən sevgisi, qəlbində torpaq ataşi ilə yanan Məhəmməd Hadinin məhşur misralarıdır. İndi isə Hadini daha yaxından tanıyaq.

Ağa  Məhəmməd Əbdülsəlimzadə 1879-cu ildə Azərbaycanın söz-sənət diyarı olan Şamaxı şəhərində göz açmışdır. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb, doğru yol göstərən‎‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı.  Bunu onun bir şeirində daha aydın duymaq olar:

Oxumaqçın nə qədər dadü fəğan etdim isə,

         Olmadı zərrə əsərbəxş şu istimdadım.

         Dağa dersəm eşidər,sonra verər əksi-səda

         Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdir. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də köçür.

25 yaşına qədər nə bir qəsidəsi, nə də bir aşiqanə qəzəli olan şairin mətbuata gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. Onu yaxından tanıyan, yaxın dostu Mustafa Lütfi Həştərxanda “Bürhani-Tərəqqi” qəzetini nəşr edirdi və onun Məhəmməd Hadi kimi qələm sahibinə ehtiyacı var idi. Onun çağırışına görə Məhəmməd Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Məhəmməd Hadi “Həyat”, “Füyuzat” və “Bürhani-Tərəqqi” qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. Məhəmməd Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib “Füyuzat” məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. “Füyuzat” bağlandıqdan sonra o, “Təzə həyat” və “İttifaq” qəzetlərində işləyir.

1907-1908-ci illərdə Məhəmməd Hadi artıq Azərbaycan şairləri arasında görkəmli simalarından sayılırdı. “Nəğmeyi-əhraranə“, “Duşizeyi-hürriyətə“, “Gül, sevdiyim, gül” (“Huriyi-hürriyətə“), “Ədvari-təcəddüd“, “Əsari-inqilab” və s. şeirlərində Məhəmməd Hadi bilavasitə və ya dolayısı ilə azadlıqdan danışırdı.

Elə bundan sonra sanki Hadi üçün həyat başladı. Azadlıq çağırışını şeirlərinə tökməyə,sanki daha gur səslə qışqırmağa başladı. Onun üçün istiqlal həyat anlamına çevrildi.

Bununla yanaşı,maarifçi sənətkar Kürdəmir və Şirvanda əhalinin marifləndirilməsi üçün də bir sıra addımlar atmışdır. Eynilə o bir neçə məqaləsində xalqımızın maarifləndirilməsini zəruri bir hadisə hesab etmiş və bütün ziyalıları buna doğru addımlar atmağa çağırmışdır.

1910-cu ildə İstanbula getmiş və bir müddət burada qalmışdır. Lakin 1915-ci ildə sürgün edilmişdur. Olduqca keşməkeşli həyat tərzi sürən şairin qəlbi daim vətən eşqi ilə döyünmüşdür. Şair bir çox zaman öz nisgilini vərəqə tökmüş və özündən sonra hələ çox əsrlər yaşayacaq bir irs qoymuşdur.

Əsərləri:

Nəğmeyi-əhrəranə

Məktəb şərqisi

Biz nə haldayıq?!

Qələmə

Amali-istiqbal

Vətənin nidası

Arzuyi-dil

Pəriyi-vicdan

Saydıqca bitməyəcək şeirlərinin hər biri ayrı olaraq bir sevgi ilə yazılmış,hər biri gənc nəsilin qanını coşduracaq şövq ilə seçilmiş sözlərdən ibarətdir. Şair hər zaman döyüşə hazır bir igid kimi yaşamış,vətən demiş və ömrü boyu təqib olunsa da,amalından dönməmişdir.

Şair nişanlanmış nişanlısı vəfat etmişdir. Bundan sonra isə ailə qurmamışdır. Təqib edilərək bolşeviklər tərəfindən sui-qəsd nəticəsində Gəncədə 1920-ci ildə vəfat etmişdir. Şairin uzun müddət harada dəfn olunduğu məlum olmamış,sonradan nəşi Gəncəyə gətirilmişdir.

Yazar: Nuranə Mirzəyeva