Media və siyasət
Politoloqlar media və siyasət arasındakı əlaqəni müxtəlif perspektivlərdən araşdırıblar. Burada, biz medianın dörd aspektinə – siyasətin qarşılıqlı təsirinə diqqət yetirəcəyik. İlk olaraq, media əlaqələri qloballaşmanın həm qavranılmasını, həm də qeyri-bərabərliyini aydınlaşdırır. Yəni, siyasi hadisələrin mediada işıqlandırılması əhatə dairəsinə görə əvvəlkindən daha genişdir – işıqlandırma qeyri-bərabər səpələnmiş olsa da, qloballaşan arenada nüfuzedici sərhədlər anlayışına uyğundur. Sonuncu ilə əlaqədar olaraq, məsələn, Susan Karuters qeyd etdi ki, ABŞ və Avropa sakinlərinin peyk texnologiyalarına və internet xəbər mənbələrinə etibarlılıq ehtimalı artsa da, dünya əhalisinin yarıdan çoxu hələ də telefonla zəng etməmişdir. Britaniyada televizorların sayı bütün Afrikadakı televizorların sayından çoxdur. Ən zəngin 29 ölkə, bütün dünya kompüterlərinin 90 faizdən çoxuna sahibdir. Beləliklə, qlobal media, əslində, dünyanın hər yerinə gəlib çatmır.
Hələ də, medianın əhatə dairəsi, yaxın keçmişin standartlarına görə təəccüblü dərəcədə genişdir. Politoloq Brikit L. Nakosun Perl Harbora hücumlar və 11 sentyabr hadisələrinin mediada işıqlandırılmasını müqayisə edərkən söylədiyi fikrə nəzər salaq. Perl Harborun bombalanmasından 3 saat keçməmiş, ABŞ-dakı radio dinləyiciləri hadisə barədə eşitdilər. Bir həftə sonra, fotoşəkillər qəzetlərdə çıxdı. Bunun əksinə olaraq, 11 sentyabrda hücumların işıqlandırılması dərhal və beynəlxalq miqyasda idi. Məsələn, sorğular bildirdi ki, Macarıstandakı vətəndaşların demək olar ki, 100 faizi xəbər reportajlarının əvvəlindən 11 sentyabr hadisələrini bilir və onları izləyirdi. Təkcə “CNN”, əhatə dairəsini genişləndirmək üçün Dünya Ticarət Mərkəzinin saytına 400 media işçisi göndərdi.
İkincisi, bir sıra politoloqlar iddia edirlər ki, qloballaşma dövründə hökumət sərhədləri daha nüfuzedici olsa da, media ilə əlaqələr hökumət strukturları tərəfindən formalaşmağa davam edir. Yəni, hökumət strukturunun demokratik və ya qeyri-demokratik olması medianın işıqlandırılmasına və xəbər məzmununun yaradılmasına təsir göstərir. Media mütəxəssisi Holli A. Semetko müxtəlif ölkələrdə medianın rolunu müqayisə etmək üçün çox faydalı bir model təqdim edir. Semetkonun sözlərinə görə, media-siyasət münasibətləri bir ölkədən digərinə əhəmiyyətli dərəcədə dəyişən aşağıdakı mühüm nisbətlərə malikdir. Bəzi ölkələrdə müxtəlif media qurumları dövlət tərəfindən maliyyələşdirilir, digərlərində, o cümlədən ABŞ-da media təşkilatları əsasən özəl mülkiyyətdədir. Əlavə olaraq, ölkələr medianın məzmunu və hesabatlarının hökumət nəzarətindən azad olma dərəcəsi baxımından fərqlənir, qeyri-demokratik sistemlərdə hökumət liderləri media orqanlarını, siyasi mövcud vəziyyəti davam etdirmək üçün əsas vasitələr kimi görə bilərlər. Son olaraq, ölkələr partiyaların, mənafe qruplarının və siyasi iştirakçıların mediaya çıxış dərəcəsinə görə fərqlənirlər. Aydındır ki, yalnız dominant partiya və ya qruplar media vasitəsilə mesaj ötürmək imkanına malikdirsə, bu, vətəndaş cəmiyyəti daxilində demokratiyanın əhatə dairəsini ciddi şəkildə məhdudlaşdırır.
Semetkonun təsnifat sxemindən istifadə edərək, demokratiyalar arasında bir sıra ölkələr ya qismən, ya da tamamilə dövlət tərəfindən maliyyələşdirilən və özəl media qurumları ilə əsas rəqib olan media qurumlarını idarə ediblər. Böyük Britaniyada 1927-ci ildə yaradılmış Britaniya Yayım Korporasiyası (BBC) rəngli televizorlara və ya videomaqnitofonlara malik olan ev təsərrüfatlarından toplanan lisenziya haqları hesabına hökumət tərəfindən maliyyələşdirilir. Bu qədər maliyyələşdirilməsinə baxmayaraq, “BBC”-nin rəsmi fəaliyyət nizamnaməsi onun hökumətin nəzarətindən, eləcə də hər hansı partiya və ya mənafe qrupunun nəzarətindən müstəqilliyini təmin edir; yəni nə hökumət rəsmiləri, nə də müxalifət fəallar “BBC”-nin televiziya və radio stansiyalarında yayımlanan xəbərlərin məzmununu diktə etmirlər.
Üstəlik, ABŞ kütləvi mətbuat şirkətləri ilk növbədə özəl şirkətlərə məxsus olduqları üçün kütləvi mətbuat mütəxəssisləri auditoriyalarını və müvafiq reklam gəlirlərini genişləndirmək məqsədilə xəbərləri əyləncəli şəkildə təqdim etmək üçün təzyiq altındadırlar. Böyük auditoriyalar reklam satışından daha yüksək gəlir əldə edir. Hər ikisi dövlət gəlirləri ilə dəstəklənən İctimai Yayım Xidməti və Milli İctimai Radio istisna olmaqla, ABŞ televiziya və radio stansiyaları digər müəssisələr kimidir: Onlar əməliyyat xərclərini ödəmək və gəlir əldə etmək üçün pul yaratmalıdırlar. Əgər kütləvi mətbuat mütəxəssisləri izləyicilərin dərin təfərrüatlar deyil, əyləncəli xəbərlər istədiklərinə əmindirlərsə, bu fərziyyə onların hazırladıqları xəbərlərin növünə təsir edir. Təəccüblü deyil ki, politoloqlar aşkar ediblər ki, kampaniyaların xəbərlərində problemlərə deyil, namizədlərin şəxsi həyatına diqqət yetirilir və məsələlər haqqında məlumat verildikdə diqqət çox vaxt problemlərin tarixinə və bu məsələlərin uzunmüddətli və ya qlobal ölçülərinə deyil, dərhal problemlərin ən dramatik nəticələrinə verilir.
Eyni zamanda, televiziya və internetə əsaslanan xəbərlər sürətlə yaradılmalı olduğu üçün zaman təzyiqləri geniş müstəqil araşdırmalara mane olur. ABŞ vətəndaşları xəbərləri gündə dəfələrlə baş verən bir hadisə kimi qəbul edirlər. Təsəvvür edin, məsələn, televizorunuzu açdığınız zaman və ya İnternet mənbəyinizə müraciət etdikdə heç bir xəbərin olmadığını görəndə şok keçirərdiniz. Təbii ki, xəbərlər var, düşünə bilərsiniz; səhər saat 9-dur (yaxud 12, 17 və s.) ona görə də xəbər var. ABŞ vətəndaşları xəbərlərə saatda və ya dəqiqədə baş verən bir şey kimi anlam verdikləri üçün ABŞ kütləvi mətbuat mütəxəssisləri çox vaxt ciddi vaxt məhdudiyyətləri altında xəbər hekayələrini bir araya gətirirlər. Bəzi analitiklər hesab edirlər ki, bu, jurnalistlərin xəbər üçün dəyərli hadisələrlə bağlı müstəqil araşdırmalarından deyil, rəsmi mənbələrdən məlumat almaq meylini artırır. Bu məsələni müxbirlər və redaktorlar nöqteyi-nəzərindən düşünün. Əgər siz bir ştatın yeni həbsxana sistemi ilə bağlı xəbər hazırlamaq vəzifəsi verilmiş müxbirsinizsə, məsələn, yeni həbsxana haqqında qubernatorun rəsmi bəyanatını əldə etməyin kitabxanalara, məlumat banklarına və mövzunu təkbaşına araşdırmaq üçün və universitet araşdırma mərkəzlərinə getməkdən daha tez və asan olduğunu görəcəksiniz. Əgər siz vətən təhlükəsizliyi ilə bağlı bir hekayə hazırlamalısınızsa, Konqres Kitabxanasında və müxtəlif federal və əyalət hökumət idarələrində faktlar axtarmağa sərf etdiyiniz günlərlə müqayisədə bu mövzuda siyasətçinin mətbuat konfransında iştirak etməyin və sadəcə olaraq təqdimatda qeydlər aparmağın açıq-aşkar vaxta qənaət faydalarını görəcəksiniz. Bu hipotetik nümunələr araşdırma jurnalistikasının heç vaxt baş vermədiyini söyləmək məqsədi daşımır; daha doğrusu, misallar zaman təzyiqlərinin davamlı müstəqil araşdırmalar vasitəsilə faktların toplanması əvəzinə rəsmi mənbələr (məsələn, siyasi liderlər və onların mətbuat katibləri) tərəfindən verilən məlumatlardan istifadəni təşviq etdiyini göstərmək üçün nəzərdə tutulub. Bu tendensiyanı bilən siyasi liderlər və siyasi maraq qrupları diqqətlə hazırlanmış rəsmi bəyanatlar və rəsmi məlumatlar vasitəsilə kütləvi mətbuatın “idarə edilməsinə” böyük əhəmiyyət verirlər. Dövlət rəsmiləri də belə edirlər.
QAYNAQ: Political Science
TƏRCÜMƏÇİLƏR: Nəzrin Elyazova və Lamiyə Süleymanlı
HƏMÇİNİN BAX: Hökümət sistemləri- I hissə
HƏMÇİNİN BAX: Almaniya Rusiyadan necə asılı hala düşdü?