Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri onlayn ixtisasartırma kurslarında iştirak ediblər

Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin (ADMİU) müəllimləri dünyanın ən nüfuzlu ali teatr təhsili müəssisələrindən olan Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak edib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, yarım ay davam edən kurslar peşəkar aktyorlar, rejissorlar və teatr pedaqoqları üçün nəzərdə tutulub. Aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti istiqamətləri üzrə təşkil edilən kurslarda universitetin “SABAH” qruplarının və Teatr sənəti fakültəsinin müəllimləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Böyükxanım Məmmədbəyova, Nicat Kazımov, Kəmalə Mehdiyeva, Yaqut Paşazadə, Gümrah Ömər, Nofəl Vəliyev, Ruslan Şöhrətoğlu, Ceyhun Dadaşov və Nargilə Qəribova iştirak ediblər.

ADMİU-nun müəllimləri ixtisasartırma kurslarında QİTİS-in rektoru Q.Zaslavski, Rusiyanın Xalq artisti, Dram rejissorluğu kafedrasının müdiri, professor İ.Rayhelhauz, Rusiyanın Əməkdar incəsənət xadimləri, professorlar İ.Promptova və A.Barmak, Səhnə plastikası kafedrasının müdiri A.Zakirov kimi görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər.

Kursun sonunda universitetin müəllimlərinə ixtisasartırma proqramında iştiraklarını təsdiqləyən vəsiqələr təqdim ediləcək.

 

Mənbə: azertag.az

Xəbərçi: Aytən Abbasova