Mədəni bitkilərin mənşə mərkəzləri

Mədəni bitkilərin əcdadları Yer kürəsinin bütün ərazilərində heç də bərabər şəkildə yayılmamışdır. Müxtəlif yerlərdə bitən bu bitkilər yalnız mədəniləşdirildikdən sonra bütün dünyada istifadə olunmağa başlamışdır.

Məsələn, kartofun yabanı forması Çili və Perunun dağ ərazilərində bitir, lakin bu bitkinin mədəni formalarına bütün dünya ölkələrində rast gəlinir.

N.İ.Vavilovun rəhbərliyi altında təşkil olunmuş ekspedisiya Avstraliyadan başqa, bütün qitələrdə olmuş, 1600-ə yaxın bitki növü tədqiq etmişdir. Onlar müxtəlif coğrafi zonalarda olan bitkilərin çoxsaylı növ müxtəlifliyini müşahidə etmişlər. İstənilən bir bitkinin yabanı növünün bitdiyi ərazi həmin bitkinin mənşə mərkəzi hesab edilir. Vavilovun müəyyənləşdirdiyi 7 mənşə mərkəzi qədim əkinçilik ərazilərini əhatə edir. Ərazilər, əsasən, dağlıq zonalardır.

Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərində (Vavilova görə)

Vavilovun topladığı bitki nümunələri:

  1. Mərkəzi Amerika mərkəzi (qarğıdalı,kakao,tütün)-10%
  2. Şərqi Asiya mərkəzi (alma,turp,gavalı,çay)-20%
  3. Cənubi Amerika mərkəzi (ananas,kinə ağacı,yerfındığı,kartof)-8%
  4. Aralıq dənizi mərkəzi (kələm,soğan,noxud,çuğundur,zeytun)-11%
  5. Cənub-Qərbi Asiya mərkəzi (buğda,yerkökü,yemiş,üzüm)-14%
  6. Cənubi Asiya tropik mərkəzi (limon,xiyar,badımcan,düyü)-33%
  7. Həbəşistan mərkəzi (qəhvə,dənlik sarqo,banan)-4%

Mərkəzlər bir-birindən, əsasən, okean və dağlarla təcrid olunduğundan həmin ərazilərdə özünəməxsus flora formalaşır. Lakin buna baxmayaraq bir mədəni bitkinin bir neçə mənşə mərkəzi ola bilər. Müəyyən olunmuşdur ki, bitkilərin bir qismi bizim eradan əvvəl mədəniləşdirilmişdir.

İrsi dəyişkənliklə homoloji sıralar qanunu

Mədəni bitkilərin mənşə mərkəzlərini qruplaşdırmaqla bərabər, Vavilov bir növün daxilində baş verən dəyişkənliyin ona mənşəcə yaxın olan digər növlərdə də baş verə biləcəyi qənaətinə gəldi. Nəticədə irsi dəyişkənliklərin homoloji sıralar qanunu yarandı. Qanuna görə, genetik cəhətdən yaxın olan növ və ya cinslər oxşar irsi dəyişkənliklər sırası ilə səciyyələnir. Vavilov bu qanunauyğunluğu taxıl bitkilərində müəyyənləşdirmişdi. O göstərmişdi ki, buğda bitkisində baş verən istənilən bir irsi dəyişkənlik eyni fəsilənin nümayəndələri olduğundan arpa, çovdar, darı və digərlərində də baş verə bilər.

Yazar: Fidan Əmirəliyeva ( OYU BİOLOGİYA)

Həmçinin bax: https://kafkazh.com/dihibrid-carpazlasma/

Həmçinin bax: https://turaz.org/azergold-8-ayda-elde-etdiyi-iqtisadi-neticeleri-aciqlayib/