Materik Relyef Formaları

Materiklərin quru sahəsi 148,0 mln. km2, alp epigeosinklinal kontinental sahələrlə, sualtı kənarı və keçid zonaların materik tipli yer qabığı sahələri ilə birlikdə isə 230 mln. km2 yaxındır. Buradan görünür ki, materiklər və onların sualtı hissələri Yer kürəsi sahəsinin 46 %-nə yaxın bir ərazini tutur.

Materiklərin geoloji və tektonik quruluşu, geoloji inkişaf tarixi olduqca mürəkkəbdir. Burada arxey və proterozoyda yaranmış, əsasən qədim (yaşı əksər halda milyard ildən artıq olan) platforma özəkləri, paleozoy qırışıqlıqları əsasında inkişaf etmiş cavan platformalar, mezozoy və kaynozoy qırışıqları nəticəsində əmələ gəlmiş qırışıqlıq zonaları əsas struktur-morfoloji vahidlərdir.

Müxtəlif yaşlı platformalar və qırışıq-orogen zonalar relyefinin inkişafına və morfologiyasına görə bir-birindən xeyli fərqlənir. Həm də bunlar kaynozoy erasında xüsusilə alp orogenezi mərhələsində bir-birindən fərqlənən tektonik rejimə malik olmuşlar. Bu proseslər materiklərin geomorfoloji quruluşunu olduqca mürəkkəbləşdirmişdir.

Materiklər geoloji quruluşu, tektonik fəallığı və geomorfoloji xüsusiyyətlərinə görə hər şeydən əvvəl platformalara və geosinklinal-orogen sahələrə bölünür.

Platformalar, adətən daha qədim geoloji dövrlərdə (arxey və proterozoyda) fəal tektonik həyat keçirmiş, sonrakı geoloji dövrlərdə isə yalnız zəif rəqsi hərəkətlərə məruz qalmışdır. Ona görə, platformalar sahəsi əsasən düzənliklərdən və yüksəkliklərdən ibarətdir.

Materiklərin geosinklinal-orogen zonaları çox fəal tektonik hərəkətlərə məruz qalır və buna görə də onlar materiklərin hərəkətedici zonaları kimi ayrılır. Bu zonalar relyefin daha kontrastlı olması, cavan vulkanizmi və seysmik fəallığı ilə seçilir. Ən uca dağlıq ölkələr materiklərin qırışıq–orogen zonalarında yerləşir.

Platformaların böyük relyef formaları

Yuxarıda qeyd olunduğu kimi, platformalar materiklərin tektonik cəhətdən daha sakit (stabil) hissələridir. Lakin bu sakitliyi nisbi mənada başa düşmək lazımdır. Platformalarda vulkanizm və seysmik hərəkətlər də özünü zəif göstərir. Platformaları təşkil edən kristallik, metamorfik süxurlar hələ çox qədimlərdə, paleozoydan əvvəlki geoloji eralarda qüvvətli qırışıqlığa məruz qalmışdır. Həmin qırışıqlar, demək olar ki, paleozoya qədər dəfələrlə intruziv və effuziv hadisələrə məruz qalmış, onları təşkil edən süxur qatları qüvvətli metamorfizmə uğramış və kristallaşmışdır. Yüz milyon illər ərzində tektonik cəhətdən xeyli sakit olan platformalarda denudasiya prosesi geniş hamar, yaxud dalğalı təpəli düzənliklər–peneplen sahələr yaratmışdır. Həmin sahələrdə paleozoydan sonra dağəmələgəlmə hadisəsi və qırışıqlıq baş verməmişdir. Burada yalnız qırılmalar üzrə qalxma və enmə olmuşdur.

Bəzi platformalarda qalxanlar arxey erasından bu vaxta qədər dəniz suları ilə örtülməmişdir. Bunlar, denudasion mənşəli relyefin müəyyən tiplərinin geniş yayılması ilə xarakterizə olunur. Bəzi platformalar isə paleozoyda, mezozoyda və hətta kaynozoyda böyük transqresiyalara məruz qalmış, platformanın kristallik-metamorfik süxurlardan təşkil olunmuş əsası müxtəlif qalınlıqda və əksərən normal yatımda olan çökmə süxur qatları ilə örtülmüşdür.

Platformaların çöküntü süxur örtüyü üçün xarakter olan normal yatım bəzən pozulur. Adətən, sineklizlərdə çökmə süxur layları hər tərəfdən mərkəzə yatır və onları təşkil edən möhkəm süxurlar dik yamacı kənara çevrilmiş kuest tirələri əmələ gətirir. Anteklizlərdə isə bu çöküntü layları gümbəzvari qırışmış olur. Bundan əlavə, platformaların ayrı-ayrı bloklarının tektonik rejimindən asılı olaraq, onların çökmə süxur örtüyü müxtəlif həcmli və istiqamətli sahəcə iri, şaquli amplitudu isə kiçik olan antiklinal qalxmalar və sinklinal çökəkliklər əmələ gətirir.

Geoloji inkişafına və yaşına görə platformalar iki yerə – qədim və cavan platformalara ayrılır.

Qədim platformalar  arxey və proterozoy geosinklinalları yerində yaranmış və əsasən kristallik, metamorfik süxurlardan təşkil olunmuş platformalardır. Bunlara

  • Şərqi Avropa (yaxud Rusiya platforması),
  • Sibir,
  • Çin (Şimali və C
  • Cənubi Çin platformaları),
  • Şimali Amerika,
  • Cənubi Amerika,
  • Afrika,
  • Ərəbistan,
  • Avstraliya və
  • Hindistan platformaları aid edilir.

 

Sahəsinə görə qədim platformalar daha geniş əraziləri tutur.

Qədim platformalar tektonik rejiminə və hipsometrik vəziyyətinə görə fərqlənirlər. Cənub yarımkürəsi platformaları şimal yarımkürəsi platformasına nisbətən tektonik cəhətdən daha fəaldırlar. Onlar aktiv vulkanizmə və seysmikliyinə görə də Şimal yarımkürəsi platformalarından fərqlənir.

Sibir və Hindistan platformaları həmin xüsusiyyətlərin məcmuyuna görə Cənub yarımkürəsi platformalarına yaxındır. Bu platformalar son geoloji dövrlərdə də əsasən qalxma hərəkətlərinə məruz qalmışdır. Buna görə də həmin platformaların səthi Şimal yarımkürəsi platformalarında olduğunda xeyli yüksəkdir. Burada yüksək yaylalar, massivlər, hətta dağlar da yaranmışdır. Bu plarformanın başqa xüsusiyyəti platforma əsasının ümumi qalxması fonunda tektonik hərəkətlərin diferensial xüsusiyyət daşımasıdır. Buna görə Cənub yarımkürəsi platformalarında, xüsusilə Afrikada, nisbi amplitudu çox olan qalxanlar, anteklizlər və sineklizlər tutduqları sahələrə görə, onlara tam uyğun gələn yüksəkliklər, yaylalar, əksər halda dairəvi (yaxud ona yaxın) formada çökəklər (sineklizlər) əmələ gəlmişdir.

Bu platformaların yüksəklikləri kristallik süxurları kəsən müxtəlif hündürlükdə peneplen düzənliklərdən, çökəklikləri isə akkumulyativ batıq düzənliklərdən ibarətdir. Çay şəbəkəsinin inkişafında relyefin böyük formalarının paylanması böyük rol oynayır. Adətən suayırıcılar qalxanlar və anteklizlərdən keçir, əsas çay hövzələri isə sineklizlərdə cəmlənir. Buna Konqo, Amazon və başqa çay hövzələrini misal göstərmək olar. Yüksəkliklərdən axan çayların dərələri əsasən tektonik qırılmalara uyğun gəlir.

Şimal yarımkürəsindəki qədim platformalar kembridən sonrakı geoloji dövrlərdə əsasən tektonik əyilməyə (çökməyə) məruz qalmışdır. Burada yerləşən qədim platforma qalxanları, yalnız Lavrentiya yüksəkliyində, Baltik və Ukrayna qalxanlarında üzə çıxmaqla, alçaq yayla və yüksəkliklər əmələ gətirir. Yalnız Labradorda kristallik platforma yüksək gümbəzvari qalxan mürəkkəb relyefi olan yayla əmələ gətirmişdir.

Qədim platformaların daha geniş sahələri gömülmüş anteklizlər və kristallik əsasın səthi xeyli dərinə enmiş sineklizlərdən ibarətdir. Gömülmüş anteklizlərin üzərində çökmə süxur qatının qalınlığı azdır, yer səthində onlara çox halda yüksəkliklər müvafiq gəlir. Sineklizlər qalın çökmə süxur qatları ilə dolmuşdur. Yer səthində onlara əsasən düzənliklər (həm də ovalıq düzənliklər) müvafiq gəlir.

Şərqi Avropada olan böyük düzənliklərin əksəriyyəti sineklizlərdə yerləşir.

 

Cavan platformalar paleozoy qırışıqlıq zonalarında, paleozoyun axırı və mezozoyda əmələ gəlmişdir. Bunların əksəriyyəti qədim platformaların ətraflarında yaranmışdır. Avropada və Asiyada kaledon və hersin qırışıqlığı üzərində yaranan Skif, Turan, Qərbi Sibir və s. cavan platformaları buna misal göstərmək olar.

Cavan platformaların bir qismi mezozoy və kaynozoyda zəif əyilməyə və dəniz transqressiyasına məruz qalmışdır. Adətən belə sahələrdə geniş ovalıqlar və düzənliklər inkişaf etmişdir. Bir çox sahələrdə isə əyilmə zəif olduğundan qüvvətli qırışıqlığa məruz qalmış qədim çöküntülərin denudasion səthi üzərində müxtəlif mənşəli çökmə süxur örtüyü yatır. Belə sahələrdə ara-sıra platforma əsası çıxışları yer səthinə çıxaraq dalğalı-xırda təpəli və tirəli düzənliklər, yüksəkliklər əmələ gətirir. Turan ovalığının bəzi hissələri, Qazaxıstan xırda təpəliyi və s. buna misal ola bilər.

Cavan platformaların kaynozoyda, xüsusilə orogen mərhələdə tektonik fəallaşma sahələrində, bu fəallıq nisbətən zəif olan sahələrə alçaq və orta dağlar və çökəklər, məsələn, Orta Avropanın hersin qırışıqlığı zonası, Appalaçlar, Ural, Şərqi Avstraliya Alpları və s. güclü olan sahələrdə isə yüksək və orta dağ sistemləri, böyük dağarası çökəklər yaranmışdır (Tyan-şan, Altay dağları və s.).

Adətən belə alçaq və orta dağların səthində qədim peneplenlər yaxşı saxlanmışdır. Tektonik fəallaşma zamanı qalxma və enmə yalnız qırılmalar üzrə baş verdiyindən, dağların əksəriyyəti müxtəlif həcmli horst tipli qalxmalar, çökəklərin (geniş dərələrin) əksəriyyəti isə qraben tipli çökəklərdir. Buna ən tipik misallar Orta Avropadakı Reyn dərəsi (qrabeni), onu əhatə edən horst tipli Vogez və Şvarsvald dağları, Hars dağları və s.-dir.

Beləliklə, istər qədim, istərsə də cavan platformalar sahəsində relyefin ən geniş yayılmış elementləri düzənliklərdir. Bununla yanaşı tektonik fəallaşma zonalarında ara-sıra dağlıq relyef də yaranmışdır.

Platforma düzənlikləri mənşəyinə görə fərqlənir. Onların aşağıdakı əsas morfogenetik növlərini ayırmaq mümkündür.

A k k u m u l y a t i v  d ü z ə n l i k l ə r  əsasən platformaların (istər qədim və istərsə də cavan platformaların) əyilmə sahələrində-geniş sineklizlər yerləşir: akkumulyativ düzənliklərin səthi yumşaq, cavan – neogen – dördüncü dövr yaşlı çöküntülərdən təşkil olmuşdur.

Akkumulyativ çöküntülərin yaranması geoloji vaxt etibarı ilə çox müxtəlifdir. Məsələn, Amazoniya düzənliyi hələ proterozoydan başlayaraq Amazon sineklizinin əyilməsi ilə əlaqədar yaranmağa başlamış və o vaxtdan etibarən həmin sahədə dəniz və kontinental çöküntü qatlarının toplanması nəticəsində əmələ gəlmişdir. Deməli bu düzənlik irsi inkişaf edən akkumulyativ düzənliklərdir. Qərbi Sibir ovalığı da irsi inkişaf edən düzənliklərdir; lakin bu əsasən paleozoy qırışıqlığı üzərində yaranmış akkumulyativ düzənliklərdir. Platformaların akkumulyativ düzənlikləri səthində ən geniş yayılan çöküntülər dördüncü dövrün allüvial çöküntüləri, dəniz kənarı sahələrdə isə dəniz və allüvial çöküntülərdir.

Tektonik əyilmə və akkumulyasiya şəraitində inkişaf edən bu düzənliklərin relyefinin başlıca xüsusiyyətləri – səthin ümumiyyətlə hamar və az maili olması – düzənliyi təşkil edən cavan çökmə süxur qatları ilə müəyyən edilir.

Dərinlikdə yatan qədim qırışıq strukturlar adətən düzənliklərin müasir relyefinə ciddi təsir göstərə bilmir. Lakin, cavan çökmə süxur qatının qalınlığı az olduqda qədim strukturlar zəif də olsa relyefdə təzahür edir. Bu təsir həm də strukturların irsi inkişafından asılıdır. Bəzi akkumulyativ düzənliklərdə inkişaf edən braxistrukturlar (bunlar qalın duz qatı olduqda xüsusilə inkişaf edir) səthdə gümbəzvari təpə, ya yüksəkliklər (bəzən hətta yer səthinə sıxışdırılan duz qatının əriməsi nəticəsində çökəklər) əmələ gətirir. Buna Xəzəryanı ovalıqdakı braxistrukturlara uyğun gələn çökəkləri misal göstərmək olar.

Akkumulyativ düzənliklərin səth meylliyi az olduğuna görə burada çaylar sakit axır, dərinə kəsilə bilmir, daşqın zamanı isə ətraf sahələri basır, bataqlıqlar və göllər əmələ gətirir. Akkumulyativ ovalıqların səthində yataqyanı akkumulyasiya nəticəsində, çaylar bəzən öz yatağını ətraf sahələrdən bir neçə yüksəyə qaldırır, bu isə daşqın sularının daha geniş sahələri basmasına səbəb olur. Adətən bir çox ovalıq düzənliklərin səthində müasir və qədim çay yataqları boyunca akkumulyativ tirələr uzanır.

Akkumulyativ düzənliklərin coğrafi mövqeyindən asılı olaraq morfoloji quruluşu müxtəlif olur. Pleystosen buzlaşmasına məruz qalmış düzənliklərin səthi daha kələ-kötürdür. Burada buzlaq akkumulyasiya formaları – moren tirələri, təpələri, buzlaq dislokasiyası formaları, morenlərarası çökəklər xüsusi zonalarda cəmlənərək, düzənliklərin ilkin, yeknəsək relyefini daha rəngarəng edir.

Arid iqlim sahələrindəki, akkumulyativ düzənliklərin səthini isə külək deflyasiya və akkumulyasiya formaları (deflyasiya çökəkləri, dün tirələri, barxanlar) mürəkkəbləşdirir.

 

Ümumi morfoloji xüsusiyyətlərinə görə akkumulyativ düzənliklər

  • batıq,
  • planda formalarına görə uzunsov (Amazon, Almaniya-Polşa və s.)
  • dairəvi (Xəzəryanı ovalıq, Konqo çökəkliyi və s.) olur.

 

Səthin morfologiyasına görə isə

  • hamar,
  • dalğalı,
  • dalğalı-təpəli düzənliklər ayrılır.

 

Akkumulyativ düzənliklərin müxtəlif hissələri, onların səthini təşkil edən cavan çökmə süxur qatlarının mənşəyinə uyğun olaraq

  • allüvial,
  • dəniz,
  • qlyasial (buzlaq),
  • flüvio-qlyasial
  • eol və s. növlərə bölünür.

 

Denudasion düzənliklər platformalarda relyefin geniş yayılmış elementlərindən biridir. Akkumulyativ düzənliklərdən fərqli olaraq, denudasion düzənliklər platformaların tektonik qalxma təmayülü üstün olan sahələrində, bir çox geoloji dövrlər ərzində denudasiya prosesinin üstün olduğu şəraitdə yaranır. Buna görə də denudasion düzənliklərdə yumşaq akkumulyativ çöküntülər yayılmamışdır. Lakin bəzi sahələrdə, xüsusilə dördüncü dövr buzlaşmalarına məruz qalan sahələrdə və arid iqlim vilayətlərində adda-budda buzlaq və eol akkumulyasiyası çöküntülərinə rast gəlmək mümkündür.

Adətən yumşaq çöküntü örtüyündən məhrum olan denudasion düzənliklərdə platforma əsasını təşkil edən qədim kristallik və metamorfik süxurlar yer səthinə çıxır. Qədim platforma qalxanlarında yayılmış denudasion düzənliklər buna tipik misaldır. Bu düzənliklərin səthində relyefin kiçik ştrixləri şimal enliklərdə buzlaq eqzarasiyası, cənub enliklərdə isə eroziya və deflyasiya fəaliyyəti ilə yaranmışdır.

Buzlaq fəaliyyətinə məruz qalmış düzənliklərin səthi daha çox kələ-kötürdür. Burada sahil xətti çox girintili-çıxıntılı olan külli miqdar göllərə, buzlaq akkumulyasiyası tirələrinə, təpələrə və kristallik süxurların cilalanmış çıxıntılarına (qoyun kəlləsi, qıvrım qayalar və s.) rast gəlmək mümkündür. Bu düzənliklərin səthində tektonik qırılmalarla əlaqədar olan lineamentlər də relyefdə özünü göstərir. Adətən tektonik qırılmalar zonasına çay dərələri uyğun gəlir, qırılmalar boyu buzlaq eqzarasiyası relyefə daha çox təsir göstərmışdir.

Ümumiyyətlə peneplen və pediplen tipli denudasion düzənliklər platforma qalxanlarının ən geniş yayılmış genetik növlərindəndir.

A b r a z i o n  və  a b r a z i o n – a k k u m u l y a t i v  d ü z ə n l i k l ə r  əsasən platformaların kənarlarında, okean və dəniz sahili zonalarda yerləşir. Bu növ platforma düzənliklərinin əmələ gəlməsində okean və dənizlərin abraziyası və abraziya – akkumulyasiya işi əsas amildir. Abrazion düzənliklər istər qədim, istərsə də cavan platformaların dəniz sahili vilayətlərinin uzun geoloji dövr ərzində dəniz və okean səviyyəsinin az tərəddüdü və platforma kənarının az-çox tektonik stabilliyi şəraitində yaranır.

Belə düzənliklər dəniz sahili vilayətlərdəki qırışıq strukturların abraziya təsiri ilə kəsilməsi nəticəsində yaranır. Abrazion düzənliklərin səthi əsasən hamar olur. Abraziya və akkumulyasiya nəticəsində yaranan düzənliklərə sahildəki abrazion düzənliklərin sonradan zəif əyilmiş (çökmüş) sahələrini misal göstərmək olar. Belə sahələrda abrazion səth üzərində çökmə süxur qatları yatır. Bu düzənliklərin də səthi adətən hamar olur.

Abrazion düzənlikləri  k ə n a r  d e n u d a s i o n  d ü z ə n l i k l ə r  də adlandırırlar. Kənar denudasion düzənliklərin başqa növü p e d i m e n t l ə r d i r. Pedimentlər dağ yamaclarının denudasiya təsiri ilə geri çəkilməsi nəticəsində yaranır. Bunların səthi adətən 3-5° qədər maili olur. Səth yumşaq çöküntü qatı ilə örtülür. Pedimentlərə Appalaç dağlarının cənub-şərq ətəyi boyu uzanan Pidmont maili düzənliyi ən tipik misaldır.

S t r u k t u r  d ü z ə n l i k l ə r  və  y a y l a l a r  platformaların üfüqi, yaxud səthi az maili olan monoklinal yatımlı çökmə süxur qatlarından təşkil olmuş vilayətləri üçün səciyyəvidir. Belə düzənliklər xüsusilə Afrikada geniş yayılmışdır. Sıx yerləşən vadi şəbəkəsi genişləndikcə struktur düzənlik səthindən alçaqda yerləşən erozion düzənliklər – pediment və pediplenlər yaranır və vaxt keçdikcə ilkin lay düzənliyi bir-birindən təcrid olunmuş stolvari qalıq dağlar, yaxud yaylalar şəklini alır.

Çox yerdə struktur düzənlik səthindən bir neçə kilometr dərinlikdə laylar çox qüvvətli qırışmış olur. Struktur düzənliklər onları təşkil edən layların normal yatım şəraitinin hansı şəkildə və nə dərəcədə dəyişməsindən asılı olaraq «ideal düzənliklərə», maili, əyilmiş, yaxud batıq və qabarıq səthli düzənliklərə bölünə bilər. Adətən, belə düzənliklərdə səth meylliliyi az olduğuna görə onların struktur əlamətləri də az dəyişir.

Y a y l a l a r  (p l a t o l a r)  platformaların tektonik hərəkətlər nəticəsində dəniz səviyyəsindən müxtəlif yüksəkliyə qalxmış hissələridir. Bunlar geoloji quruluşuna və mənşəyinə görə seçilir.

Platformaların kristallik əsası üzərində yaranmış qədim peniplenlər tektonik qırılmalar üzrə yüksəyə qalxdıqda səthi hamar, yaxud dalğalı–təpəli yayla yaranır. Bu növ yaylalar

  • Şərqi Afrikada,
  • Konqo çökəkliyi ətrafında (Cənubda Lunda, Katanqa yaylaları, Şimalda Azande),
  • Çad çökəkliyi ilə Yuxarı Nil çökəkliyi arasında (Kordofan, Darfur yaylaları),
  • Avstraliyada (Qərbi Avstraliya yaylası və s.) geniş yayılmışdır.

 

Belə yaylaların səthində bəzən qraben çökəklər, horst massivlər, vulkanik dağlar ucalır. Bu formalar onların relyefini bir qədər mürəkkəbləşdirsələr də, relyefin geniş yayılmış əsas fonunu yüksəyə qalxmış peniplen yayla təşkil edir.

Platforma yaylalarının başqa növü, üfüqi yatan çökmə süxur laylarının (qum daşı, əhəngdaşı və s.) öz yatım şəraitini dəyişmədən qalxmaya məruz qalması nəticəsində yaranır. Adətən bu üfüqi yatan laylar altında platformaların kristallik və metamorfik süxur kompleksi yatır. Belə yaylalar struktur yaylalar, yaxud «lay yaylaları» da adlanır.

Təbiidir ki, tektonik hərəkətlər bütün yayla sahəsində nə qədər bərabər olsa da, o səthi səthi az da olsa bu və ya başqa tərəfə meyilli hala salır. Yaylanın kənarları nisbətən qalxdıqda onun səthi batıq (məs, Ust-Yurd), mərkəz hissəsi çox qalxdıqda isə qabarıq olur. Səthi çox hamar olan struktur yaylalara da təsadüf edilir. Buna Qərbi Avstraliyanın cənubunda yerləşən Nallarbor yaylası tipik misaldır.

Bəzən xeyli yüksəyə qalxmış struktur yaylalrı təşkil edən üfüqi yatımlı çökmə süxur örtüyü yuyulub aparıldıqda kristallik əsasın səthi açılır, çökmə süxur qatları relyefdə xeyli hündür səthli hamar qalıq yaylalar, çox ensizləşdikdə isə dağlar əmələ gətirir (Qviana yaylası buna tipik misaldır).

  Platformalarda vulkan süxurlarından qurulmuş yaylalara da rast gəlmək mümkündür. Ən geniş vulkan yaylaları Hindistan yarımadasında, Sibir platformasında, Braziliyada, Pataqoniyada müşahidə edilir.

Iqlim şəraitindən və hipsometriyasından asılı olaraq belə yaylalar müxtəlif planda və dərəcədə parçalanmış olur. Onların səthi paralel və ya bir-birinə yaxın çay dərələri ilə kəsildikdə suayırıcılar səthi hamar, ensiz və uzunsov yaylalara, yamac prosesləri çox intensiv olduqda, yaxud bu proses uzun geoloji vaxt ərzində yamaclara təsir göstərdikdə, dağ silsiləsinə çevrilir. Bu halda yeknəsək görkəmli qədim yayla dağlıq yaylaya çevrilir, bu isə relyefin daha mürəkkəb olmasına və inkişafına görə tipik yaylalalardan ciddi fərqlənir.

D a ğ l ı q  y a y l a l a r. Platformalarda şaquli qalxma zəif olsa da, uzun geoloji dövrlər boyu arası kəsilmədən davam etdikdə, dəniz səviyyəsindən müxtəlif hündürlüyə qalxmış yaylalar əmələ gətirir. Platforma yaylalarının yamacları tektonik qırımalara müvafiq gəlir və dik olur. Bəzi yaylalar gümbəzvari qalxmalar nəticəsində yaranır və dairəvi formada olur. Qalxma daha geniş sahəni əhatə edə bilir. Platformanın ilkin, yəni daha alçaq vəziyyətdə olan relyefi öz xüsusiyyətlərini itirmədən, dəniz səviyyəsindən 500-1000 m və daha artıq yüksəkliyə qalxır. Platforma qalxdıqxa, onun səthi ilə axan çaylar öz yataqlarını dərinləşdirərək kanyonvarı və astanalı dərələr əmələ gətirir. Erozion kəsilmə daha şiddətli getdikdə platformanın ilkin düzənlik relyefi parçalanır, onun yerində dağlıq yayla yaranır. Belə olan halda platformanın ilkin izləri çaylardan aralı olan sahələrdə – suayırıcı tirələrdə qalır. Axırıncı xüsusiyyətlər MDB-nin Asiya hissəsində Orta Sibir yaylası üçün səciyyəvidir.

Y ü k s ə k l i k l ə r.  Platformalarda yüksəkliklər ətraf sahələrindən 200-300 m, tək-tək hallarda isə 500 m və daha çox hündürdə yerləşir. Yüksəkliklər sahəcə böyük olaraq anteklizlərə uyğun gəlir. Anteklizlərdə tektonik çatlarla parçalanmış kristallik süxurlar üzə çıxır. Şimal enlərində tektonik çatlar buzlaqların təsiri nəticəsində parçalanaraq, çox girintili-çıxıntılı olur. Çökəklərdə sahil xətləri çox girintili-çıxıntılı olan göllər yerləşir. bundan əlavə belə sahələrdə buzlaq eroziyası və buzlaq akkumulyasiyası relyefi formalarına da rast gəlmək olar.

Tropik qurşaqda yerləşən anteklizlər arid denudasion, rütubətli sahələrdə isə erozion relyef formaları ilə kəsilmişdir.

Ç ö k ə k l ə r. Platformaların səthində yüksəklik amplitudu kiçik, sahəsi çox (sineklizlər) geniş yayılmışdır. Adətən, sineklizlərdə hər hansı bir dövrün müxtəlif qalınlıqda çöküntü laylarına təsadüf edilir. Ümumiyyətlə, sineklizlər relyefdə geniş batıq düzənliklər təşkil edərək, struktur çökəklər əmələ gətirir.

Platformaların başlıca relyef formaları olan antekliz yüksəkliklər və sinekliz çökəklər tez-tez növbələşərək, bəzi materiklərin relyefinin başlıca geomorfoloji xüsusiyyətlərini təşkil edir. Buna bütövlükdə Afrikanı misal göstərmək olar. Afrikada relyefin əsas xüsusiyyətlərini böyük sahə tutan platforma yüksəkliklərinin və çökəkliklərinin növbələşməsi təşkil edir. Burada ayrı-ayrı yüksəklik və çökəkliklərin sahəsi bir neçə milyon kvadrat kilometrə çatır.

Platformaların istər düzənlikləri, istərsə də yayla və çökəkləri (əlbəttə abrazion düzənliklər və pedimentləri çıxmaq şərtilə) relyefin endigen qüvvələrlə əlaqədar olaraq yaranan böyük formalarıdır.

Bu böyük relyef formaları müxtəlif iqlim qurşaqlarında yerləşdiyinə görə onların səthindəki nəqşlər (mikrorelyef formaları, yaxud morfoskulptura) zonal xarakter daşımaqla, olduqca müxtəlif mənşəlidir. Həmin formaların morfoloji quruluşu da fərqlənir. Böyük məsafədə Şimaldan Cənuba uzanan və müxtəlif iqlim qurşaqlarında yerləşən düzənliklərdə morfoskulpturanın zonallığı daha aydın nəzərə çarpır. Bunlara Avropanın və Şimalı Amerikanın böyük düzənlik ərazilərini misal göstərmək olar. Həmin düzənliklərin Şimal hissələrində buzlaq eqzarasiyası, ondan bir qədər cənubda buzlaq akkumulyasiyası formaları geniş yayıldığı halda, mülayim enliklərdə əsasən flüvial morfoskulptura inkişaf etmişdir. Şimali Amerikada Böyük düzənliklərin cənub hissəsində, eyni zamanda Şərqi avropanın cənub-şərqində arid morfoskulptura geniş yayılmışdır.

Bu halı, yəni düzənliklərdə morfoskulpturanın zonal xarakter daşımasını isti qurşaqda yerləşən düzənlilərdə də müşahidə etmək mümkündür. Ekvatorial və subekvatorial zonaların rütubətli iqlimi şəraitində inkişaf edən flüvial morfoskulptura tropiklərdə səhralara xas olan arid morfoskulptura ilə əvəz olunur.

D a ğ l a r. Qədim platformalarda düzənlik və yaylalarla yanaşı sahələrə də rast gəlmək mümkündür. Lakin orogen sahələrdən fərqli olaraq qədim platformaların dağları o qədər də yüksək deyil. Bunların mütləq hündürlüyü əsasən 1500-2000 m-ə qədər, nadir hallarda isə 2000 m-dən artıq olur. Qədim platformalarda dağlar əsasən daha yüksəyə qalxmış gümbəzvari strukturların (anteklizlərin) erozion parçalanması, yaxud rift tektonik qırılmalar zonalarda qırılmalar üzrə kristallik qalxanların ayrı-ayrı qaymalarının xətti qalxması nəticəsində yaranır. Bu yolla əmələ gələn dağlara Skandinaviya dağlarını, Labrador yaylasını, Qərbi Avstraliyada Makdonell və Masqeyrv dağlarını, Cənubi Avstraliyada Flinders dağlarını və i. a. misal göstərmək olar.

Bu dağların tektonik qırılmalar boyu uzanan yamacları dik və pilləli olur.

Platforma qalxanları üzərində yerləşən dağların əksəriyyətinin istiqaməti qədim strukturların istiqamətinə uyğun gəlmir. Onlar müxtəlif istiqamətlərdə uzanaraq dağlıq yaylalar əmələ gətirir. Qviana yaylasının mərkəzi hissəsi, Braziliya yaylasının şərqi, Axaqqar massivinin mərkəzi hissəsi, Kamerun dağları, Avropada Skandinaviya dağları, Şimali Amerikada Labrador dağlıq yaylası buna misal ola bilər.

Düzənliklərdə olduğu kimi qədim platforma dağlıq sahələrində də mezorelyef formaları zonal xarakter daşıyır. Labradorda və Skandinaviya dağlarında buzlaq eqzarasiya formaları geniş yayıldığı halda, rütubətli iqlim qurşağında flüvial formalar (çay dərələri), arid vilayətlərdə isə quru dərə şəbəkəsi inkişaf etmişdir.

Cavan platformaların dağları bir qədər başqa morfoloji xüsusiyyətlərə malikdir. Qırışıq strukturlar denudasiya fəaliyyəti ilə qədim platformalarda olduğu kimi tamam kəsilməmişdir. Lakin bu dağların əksəriyyəti kaynazoyda qalxmazdan əvvəl peneplen sahəsi olmuşdur. Dağlar əsasən qədim struktur plana uyğun gəlir və xətti sıra dağlar əmələ gətirir. Bunlara Appalaç və Ural dağları tipik misaldır.

Cavan platformalarda sıra dağlarla yanaşı gümbəzvari qalxmalara (Mərkəzi Fransa massivi) və qırışıqlıq əsasın istiqamətinə uyğun gəlməyən dağlara (Vogez, Şvarsvald, Harts dağları) rast gəlmək mümkündür. Bu dağların əksəriyyətinin səthində qədim peneplenlərin izi saxlanmışdır.

Şərqi Asiyada mezozoy qırışıqlığı əsasında yaranmış dağlar ümumiyyətlə hersin qırışıqlığı zonalarında yeləşən dağlardan az fərqlənir. Bu dağlarda da mezozoy qırışıqlığı denudasiya tərəfindən az kəsilmiş və onların əmələ gəlməsində, Mərkəzi Avropa hersin qırışıqlığı zonasında olduğu kimi, tektonik qırılmalar üzrə qalxıb-enmə əsas yer tutur. Buna görə dağların əksəriyyəti qırışıq-qayma dağlar tipindədir. Bir çox hallarda qədim peneplenin qalıqları olan suayırıcı yaylalarla, dərin kəsilmiş dik yamaclı çay dərələri kontrast yaradır.

Beləliklə, materiklərin platforma sahələrində istər düzənliklərin və istərsə də dağların mənşəyinə və morfoloji quruluşuna görə bir-birindən fərqlənən olduqca müxtəlif növləri yayılmışdır. Lakin platforma vilayətlərinin dağları öz yüksəkliyinə, həcminə, tektonik fəallığına və bir çox başqa morfoloji əlamətlərinə görə materiklərin aktiv hərəkətdə olan qurşaqlarında yerləşən dağlardan ciddi fərqlənir.

Həmçinin bax : ozbekistanin-xalq-sairi-rauf-perfi/

Həmçinin bax : https://turaz.org/tbiliside-azerbaycanlinin-qetli-ile-bagli-bir-nefer-saxlanilib/

Yazar :  Səbinə İsmayılova