Mastopatiya
Mastopatiya.
Mastopatiya və ya fibroz-kistoz xəstəlik, süd vəzisi toxumalarının patoloji çoxalması, ağrısı və bəzən patoloji sekresiyası ilə xarakterizə olunan süd vəzisi xəstəliyidir.
Süd vəzlərinin bütün xəstəlikləri arasında fibroz-kistoz xəstəlik və ya fibroz-kistoz mastopatiya ən çox rast gəlinənidir. O, təxminən qadınların 30%-ində müşahidə olunur və 30 yaşına qədər qadınların 25%-nin ginekoloqa müraciət etməsinin əsas səbəbidir. Xroniki ginekoloji xəstəliklərdən əziyyət çəkən qadınlar arasında mastopatiya 30-70% halda aşkarlanır.
“Mastopatiya” termini altında 30-a yaxın sinonim birləşdirilir — süd vəzisinin displaziyası, süd vəzlərinin dishormonal hiperplaziyası, fibroadenomatoz, Şimmelbuş xəstəliyi, xroniki kistoz mastit, mazoplaziya, kistoz mastopatiya, mastodiniya və s.
Bütün bu və digər terminlər, adətən süd vəzlərində bu xəstəlik zamanı rast gəlinən çoxsaylı morfoloji dəyişiklikləri izah eləmək üçün tətbiq edilir.
Mastopatiyanın meydana gəlməsində əsas rol progesteron çatışmazlığı və hiperestrogenizmin inkişafı ilə estrogen səviyyəsinin artmasıdır, bu da alveolların, kanalların və birləşdirici toxumanın epitelinin yayılmasına səbəb olur.
Süd vəzilərinin böyüməsini, inkişafını və funksional vəziyyətini tənzimləyən prolaktin istehsalının artması müəyyən rol oynaya bilər. Süd vəzlərinin quruluşu və inkişafı, menstrual tsikl, hamiləlik və laktasiya ilə əlaqədar fizioloji dəyişiklikləri, bilavasitə hormonlarla idarə olunur.
Bunlara hipotalamusun qonadotropin-rilizinq hormonu, hipofizin prolaktin, LH (lüteinləşdirici) və FSH (follikulostimulyasiyaedici) hormonları, tireotrop və XQ, qlükokortikoidlər və insulin, ən əsası isə – cinsi hormonlar (androgenlər, estrogenlər, progestron, prolaktin) aiddir.
Buna görə də istənilən hormonal pozğunluq, əsas da progestron ilə estrogen arasındakı disbalans (süd vəzlərinə ən çox estradiol təsir edir), süd vəzlərinin toxuma quruluşunun pozulması ilə müşayiət olunur və nəticədə mastopatiya inkişaf edir.
Xəstəliyin çoxsaylı morfoloji formalarının olması ilə əlaqədar, müxtəlif təsnifatlar vardır. Praktiki təbabətdə palpasiya və mammoqrafiya zamanı tapılan dəyişiklikləri və histoloji müayinənin nəticələrini nəzərə alaraq, xəstəliyin üç əsas formasını ayırd edirlər, hansı ki, müəlliflərin bəziləri xəstəliyin müxtəlif mərhələləri kimi də qiymətləndirir:
- Diffuz forma, xəstəliyin erkən mərhələsidir. Histoloji mənzərədə orqanın normal hissələri hiperplastik (böyümüş) və atrofik (kiçilmiş) paycıqlar, genəlmiş axacaqlar və xırda kistalar (kistoz), birləşdirici toxumanın bərkləşmiş hissələri (fibroz) ilə eyni vaxtda rast gəlinir.
- Düyünlü forma, vəzin paylarında düyünlü törəmələrin əmələ gəlməsilə xarakterizə olunur. Bu formada atipik hüceyrələrin də aşkarlana bilinməsi, əslində onu xərçəngönü vəziyyətlərə aid etməyə əsas verir.
- Qarışıq və ya diffuz-düyünlü forma – süd vəzilərində düyünlü törəmələrin diffuz dəyişikliklər fonunda rast gəlinməsidir.
Bu formalara əlavə olaraq, mastopatiyanın klinik mərhələləri də vardır:
- Mərhələ I. 20-30 yaşlarında, menstrual dövrü müntəzəmdir və ya 21-24 günə qədər qısaldılır, menstruasiyadan bir həftə əvvəl şişkinlik, döş həssaslığı, indurasiya və palpasiya zamanı həssaslığının artması görünür.
- Mərhələ II. Yaş dövrü 30-40 yaş arası, məmə bezində ağrı sabitdir və menstruasiya başlamazdan 2-3 həftə əvvəl qədər davam edir. Süd vəzində ayrı -ayrı ağrılı kistoz daxilolmaları olan, sıxılmış lobulalar palpasiya olunur.
- Mərhələ III. 40-45 yaş və yuxarı, süd vəzisində ağrı daha az intensiv və qeyri-sabitdir, bir çox kistoz formasiyalar hiss olunur, 1-3 sm diametrdədir, palpasiya zamanı məmənin uc nahiyəsində qəhvəyi-yaşıl sekresiya görünür.
Döşün hər hansı bir patologiyası xərçəngin inkişafına töhfə verə bilər və ya xidmət edə bilər. Buna görə şikayətlərin və hisslərinizin qiymətləndirilməsinə, süd vəzilərinin müayinəsinə, palpasiyasına, ultrasəsinə, düyünlərin, kistlərin və şübhəli yerlərin ponksiyonuna və nöqtələrin sitoloji müayinəsinə əsaslanan süd vəziləri patologiyasının vaxtında diaqnozu vacibdir.
Ayrıca, 45 yaşdan sonra bütün qadınlara bir mammoloq tərəfindən mütəmadi olaraq müayinə olunmaları tövsiyə olunur.
Mastopatiyanın əsas və ən xarakter əlamətləri bunlardır:
- Mastalgiya və ya süd vəzilərində müxtəlif intensivlikli ağrılar (85%-də), hansı ki, qadını həkimə müraciət etməyə məcbur edir. O, estrogenlərin səviyyəsinin yüksək olmasından və sinir uclarının ödemləşmiş birləşdirici toxuma və ya kistoz törəmələrlə sıxılması hesabına yaranır. Daha bir səbəb — toxumalardakı sinir uclarının sklerozlaşmaya cəlb olunmasıdır.
Ağrılar lokal, göynədici və ya küt olur, bəzən hərəkət zamanı güclənir, qoltuq, kürək, çiyin və qola yayılır. O, menstrual tsiklin ikinci yarısı – bir qayda olaraq aybaşıdan bir həftə və ya daha çox qabaq başlayır.
Menstruasiya başladıqdan sonra bir neçə gün ərzində ağrılar keçir və ya intensivliyi xeyli azalır. Güclü ağrılar kanserofobiya (bədxassəli şişdən qorxma), həyəcanlı və ya depressiv vəziyyət, emosional ləbilliyə gətirib çıxarır.
- Adətən qadınları süd vəzlərində diskomfort, ağırlıq, dartılma, bərkimə (mastodiniya) və həssaslığın artması narahat edir. Bəzən bu əlamətlər həyəcan, əsəbilik, başağrısı, ürəkbulanma və qusma, qarında diskomfort və sancışəkilli ağrılarla müşayiət olunur (predmenstrual sindrom). Onlar da mastalgiya kimi, menstrual tsikllə əlaqədar olub, süd vəzisinin stromasını əmələ gətirən birləşdirici toxumanın qanla dolması və ödemləşməsi nəticəsində əmələ gəlir.
- Gilələri sıxdıqda şəffaf, ağımtıl, qəhvəyi, yaşılımtıl rəngdə və ya hətta qan qarışıqlı ifrazatın gəlməsi. Əgər ifrazat çox olarsa, sıxmağa heç ehtiyac yoxdur, özü sərbəst gəlir. Bu zaman, bədxassəli şişlərdə də rast gəlinə bilən qanlı ifrazat, pasienti daha çox narahat etməlidir.
- Əlləmə zamanı təyin olunan və ya bəzən hətta gözlə görünən, bir və ya bir neçə düyünlü törəmə. Çox vaxt onlar vəzin yuxarı-bayır kvadrantında aşkarlanır, hansı ki, funksional cəhətdən daha aktivdir.
Mastopatiyanın səbəbləri:
- irsi faktor (ana qohumlarında xoşxassəli və bədxassəli neoplazmaların olması);
- neyroendokrin xəstəliklər;
- 40 yaşdan yuxarı;
- hamiləliyin süni şəkildə dayandırılması;
- piylənmə;
- uzun müddətli stress;
- gec ilk hamiləlik;
- qısa və ya uzun müddət ana südünün olmaması;
- ilk doğuş yaşı (25 yaşınadək iki uşaq dünyaya gətirən qadınlar, yalnız bir uşağı olanlara nisbətən məmə xəstəliklərinə tutulma riski üç dəfə azdır);
- erkən aybaşı və gec menopoz;
- reproduktiv sistemin digər orqanlarında hiperplastik proseslərlə uyğunlaşması.
Mastopatiyanın müalicəsi, formasından, ginekoloji xəstəliklərin mövcudluğundan, hormonal vəziyyətindən asılı olaraq ciddi şəkildə fərdi olaraq seçilir. Süd vəzisindəki lifli toxuma və kistləri azaltmaq, qanda hormonların səviyyəsini normallaşdırmaq, reproduktiv sistemin endokrin xəstəliklərini və iltihablı xəstəliklərini aradan qaldırmaq, ağrıları aradan qaldırmaq, qaraciyərin, böyrəklərin və mərkəzi sinirin sisteminin işini normallaşdırmaq məqsədi daşıyır.
Müalicə illərlə çəkə bilər. Siqaret və alkoqol qəti qadağandır və pəhriz gözlənilməlidir.
Xəstəliyin diffuz formaları olan qadınlar, həmçinin düyünlü mastopatiyanın cərrahi müalicəsindən sonra mastopatiyanın konservativ müalicəsinə məruz qalırlar. Bu məqsədlə hazırda həm hormonal, həm də qeyri-hormonal üsullardan istifadə olunur.
Metodların hər birinin effektivliyi xəstəliyin gedişatının fərdi xüsusiyyətlərindən və bir çox digər amillərdən asılıdır. Erkən başlanılmış müalicə sayəsində yaxşı nəticələr əldə etmək olar.
Yazar: Aytən Hümmətova
Həmçinin bax: https://turaz.org/olkede-son-sutkada-431-nefer-covid-19-a-yoluxub/
Həmçinin bax: https://kafkazh.com/katarakta-nedir/