Marketinq tədqiqatlarının əsas istiqamətləri
Marketinq tədqiqatlarının ən geniş yayılmış istiqamətlərindən biri bazarın tədqiqidir. Sözügedən istiqamətdə tədqiqat zamanı müəssisənin fəaliyyətini müəyyənləşdirmək üçün bazar şəraiti haqqında zəruri məlumatlar əldə edilir. İqtisadi, elmi-texniki, demoqrafik, ekoloji, qanunvericilik və s. amillərin dəyişilməsinin təhlili də daxil olmaqla, bazarın inkişaf meyilləri və bazarda cərəyan edən proseslər bazar tədqiqatlarının obyektidir. Bazarın tədqiqi nəticəsində əldə olunan məlumatlar bazarın inkişaf proqnozunun işlənib hazırlanmasında, onun konyuktur meyillərinin qiymətləndirilməsində, müəssisəyə marketinq fəaliyyətində müvəffəqiyyət gətirə biləcək əsas amillərin aşkarlanmasında istifadə edilir. Müəssisə bazarın tədqiqi vasitəsi ilə kəskin rəqabət mübarizəsi şəraitində səmərəli fəaliyyət üsullarını müəyyənləşdirir və yeni bazar imkanlarını aşkara çıxarır.
Rəqiblərin tədqiqinin başlıca vəzifəsi müəssisəyə bazarda rəqabət üstünlüyünün təmin olunmasına, həmçinin mümkün rəqiblərlə əməkdaşlıq və kooperasiya imkanlarının təşkil olunmasına dair məlumatları əldə etməkdən ibarətdir. Bu məqsədlə rəqiblərin güclü və zəif tərəfləri təhlil edilir, onların bazar payları öyrənilir və marketinq amillərinə istehlakçıların reaksiyaları öyrənilir. Rəqiblərin tədqiqinin nəticəsi müəssisəyə bazarda rəqiblərlə müqayisədə daha əlverişli mövqe tutmaqdan ötrü yollar və imkanlar müəyyənləşdirməyə, strategiyalar işləyib hazırlamağa imkan verən məlumatlardan ibarətdir.
Bazarın firma strukturunun öyrənilməsi müəssisəyə seçdiyi bazar seqmentlərinə çıxmaq və həmin seqmentlərdə öz fəaliyyətini təmin etmək məqsədilə mümkün vasitəçilər haqqında məlumatlar əldə etməyə imkan verir. Müəssisə vasitəçilərin köməyindən istifadə etməklə seçdiyi bazar seqmentinə çıxmağı planlaşdırırsa, mümkün vasitəçiləri, nəqliyyat-ekspeditor, reklam, sığorta, hüquq, maliyyə-məsləhət təşkilatlarını və başqa kompaniyaları öyrənməli, onların fəaliyyətlərini təhlil etməli və öz fəaliyyətini həyata keçirmək baxımından məqbul hesab etdiyi vasitəçiləri daqiqləşdirilməlidir.
Əmtəələrin tədqiqi zamanı bazarda mövcud olan əmtəələrin texniki-iqtisadi göstəricilərinin və keyfiyyət xüsusiyyətlərinin istehlakçıların tələblərinə uyğunluq səviyyəsi öyrənilir və onların rəqabət qabiliyyətliliyi təhlil olunur. Əmtəələrin tədqiqi zamanı müəssisənin və rəqib müəssisənin əmtəələrinin istehlak xüsusiyyətləri, istehlakçıların yeni əmtəələrin reaksiyaları, əmtəə çeşidi, əmtəənin qablaşdırılması, servis səviyyəsi, istehsal olunan məhsulların qanunçuluq normalarına və tələblərinə uyğunluq səviyyəsi, həmçinin istehlakçıların əmtəələrə qarşı perspektiv tələbləri öyrənilir. Bu istiqamətdə aparılan tədqiqatların nəticələri müəssisəyə istehlakçıların tələblərinə uyğun əmtəələr işləyib hazırlamağa, əmtəənin rəqabət qabiliyyətini yüksəltməyə, yeni ideyalar əsasında yeni məhsullar istehsal etməyə, buraxılan məhsulları təkminləşdirməyə, məhsulların həyat dövranının mərhələlərindən asılı olaraq məhsul portfelinin təşkilinin optimallaşdırılması üzrə fəaliyyət istiqamətlərini müəyyən etməyə, məhsulların markalanmasını təkmilləşdirməyə və onların patent müdafiəsinin təşkili üsulunu müəyyən etməyə imkan verir.
Qiymətlərin tədqiqi istiqamətində aparılan tədqiqatlar müəssisənin istehsal etdiyi məhsullara istehlakçılar üçün münasib olan, eyni zamanda müəssisəyə geniş təkrar istehsalın həyata keçirilməsi baxımından kifayət qədər mənfəət əldə olunmasını təmin edən qiymət səviyyələrini müəyyənləşdirməyə imkan verir. Sözügedən istiqamətdə tədqiqat zamanı istehlakçıların qiymətlərə reaksiyaları və rəqib müəssisənin istehsal etdiyi məhsulların qiymətlərinin müəssisənin istehsal etdiyi məhsulların qiymətlərinə təsiri öyrənilir.
Əmtəələrin bazara “hərəkətinin” və satışın tədqiqi zamanı qarşıya qoyulan məqsəd əmtəələrin istehlakçılara çatdırılmasının və reallaşdırılmasının ən səmərəli yollarını, üsullarını və vasitələrini müəyyənləşdirməkdən ibarətdir. Bu istiqamətdə tədqiqat zamanı ticarət kanalları, vasitəçilər, satıcılar, satışın forma və metodları, tədavül xərcləri öyrənilir.
Satışın stimullaşdırılması sisteminin və reklamın tədqiqatı marketinq tədqiqatlarının ən mühüm istiqamətlərindən biri hesab edilir. Sözügedən istiqamətdə tədqiqatların aparılmasında məqsəd satışın stimullaşdırma vasitələrini müəyyənləşdirməkdən, əmtəə istehlakçılarının bazarda nüfuzunu yüksəltməkdən, reklam tədbirlərinin səmərəli həyata keçirilmə imkanlarını aşkara çıxarmaqdan ibarətdir.
Müəssisənin daxili mühitinin tədqiqatı zamanı müəssisədaxili və xarici mühitin amillərinin təhlilinə və qarşılıqlı müqayisəsinə əsasən müəssisənin real rəqabət qabiliyyətlilik səviyyəsini müəyyən edirlər. Bu istiqamətdə tədqiqat aparmaqla müəssisənin fəaliyyətini dinamik şəkildə inkişaf edən xarici mühitin amillərinə uyğunlaşdırmaq və həmin uyğunluğu qoruyub saxlamaq mümkün olur.
YAZAR: Rəsmiyyə Səfiyeva
Həmçinin bax: Marketinq tədqiqatlarının metodiki əsasları
Həmçinin bax: turaz.org/qardas-olkede-dehsetli-partlayis-2-olu-13-yarali/