“ Mao ilə söhbət ” Anna Louise Strong

Strong: Sizcə, yaxın gələcəkdə Çindəki problemlərin siyasi və sülh yolu ilə həllinə ümid varmı?
Mao: Bu, ABŞ hökumətinin münasibətindən asılıdır. Əgər Amerika xalqı xalq müharibəsində Çan Kayşiyə kömək edən Amerika mürtəcelərinin qarşısını alarsa, barışa ümid var.
Strong: Artıq göstərilmiş yardımdan əlavə, Abş-ın Çan Kayşiyə kömək etmədiyini düşünsək, Çan Kayşi daha nə qədər döyüşə davam edə bilər?
Mao: Bir ildən çox.
Strong: Çan Kayşi iqtisadi cəhətdən bu qədər davam edə bilərmi?
Mao: Edə bilər.
Strong: ABŞ bu gündən etibarən Çan Kayşiyə kömək etməyəcəyini açıq şəkildə bildirsə nə olacaq?
Mao: ABŞ hökumətinin və Çan Kayşinin müharibəni qısa müddət ərzində dayandırmaq istəyinə dair hələ bir işarə yoxdur.
Strong: Kommunist Partiyası nə qədər davam edə bilər?
Mao: Bizə qalsa, bir gün belə döyüşmək istəmirik. Ancaq vəziyyət bizi mübarizəyə məcbur etsə, sona qədər mübarizə edə bilərik.
Strong: Amerika xalqı Kommunist Partiyasının niyə mübarizə etdiyini soruşsa, nə cavab verməliyəm?
Mao: Çünki Çan Kayşi Çin xalqını öldürməyə hazırlaşır və xalq sağ qalmaq istəyirsə, özünü müdafiə etməlidir. Bunu Amerika xalqı başa düşə bilər.
Strong: ABŞ-ın Sovet İttifaqına qarşı müharibəyə başlaması ehtimalı barədə nə düşünürsünüz?

Mao: Sovet əleyhinə müharibə təbliğatının iki tərəfi var. Bir tərəfdən ABŞ imperializmi həqiqətən Sovet İttifaqına qarşı müharibəyə hazırlaşır; Sovet əleyhinə müharibə ilə bağlı hazırkı təbliğat, digər anti-sovet təbliğatı kimi, bu müharibəyə siyasi hazırlıqdır. Digər tərəfdən, bu təbliğat, ABŞ imperializminin birbaşa üzləşdiyi bir çox real ziddiyyətləri ört-basdır etmək üçün ABŞ mürtəceləri tərəfindən istifadə etdiyi gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bunlar ABŞ mürtəceləri ilə Amerika xalqı arasındakı və ABŞ imperializminin digər kapitalist ölkələri ,müstəmləkə və yarı müstəmləkə ölkələri ilə olan ziddiyyətləridir. Hazırda ABŞ-ın sovet əleyhinə müharibə şüarının əsas əhəmiyyəti Amerika xalqının təzyiqi və kapitalist dünyasının qalan hissələrində ABŞ-ın təcavüzkar qüvvələrinin genişlənməsi ilə əlaqədardır.Bildiyiniz kimi, həm Hitler, həm də tərəfdaşları olan yapon sərkərdələri uzun müddət vətənlərində anti-sovet şüarlarından istifadə edərək insanları əsarət altına almaq və digər ölkələrə təcavüz etmək üçün bir bəhanə kimi istifadə edirdilər. İndi ABŞ mürtəceləri eyni qaydada hərəkət edirlər.

Müharibəyə başlamaq üçün ABŞ mürtəceləri əvvəlcə Amerika xalqına hücum etməlidirlər. Hal-hazırda onlar Amerika xalqına hücum edir- ABŞ-dakı işçilərə və demokratik dairələrə siyasi və iqtisadi cəhətdən təzyiq göstərir və orada faşizmi tətbiq etməyə hazırlaşırlar. Amerika xalqı ayağa qalxmalı və ABŞ mürtəcelərinin hücumlarına qarşı müqavimət göstərməlidir. İnanıram ki, belə də edəcəklər.

ABŞ və Sovet İttifaqı, Avropa, Asiya və Afrikadakı bir çox kapitalist, müstəmləkə və yarı müstəmləkə ölkələrini əhatə edən geniş bir əraziyə ayrılmışdır. Bu ölkələri ələ keçirməmiş, Sovet İttifaqına hücumdan söhbət gedə bilməz. ABŞ indi Sakit Okeanda Britaniyanın keçmiş təsir dairəsindən daha böyük ərazilərə nəzarət edir; Yaponiyaya, Kuomintang idarəçiliyi altındakı Çinin bir hissəsinə, Koreyanın yarısına və Cənubi Sakit okeanına nəzarət edir.Uzun müddətdir Mərkəzi və Cənubi Amerikaya nəzarət edir. Bununla yanaşı, bütün Britaniya İmperiyasına və Qərbi Avropaya nəzarət etmək arzusundadı. ABŞ müxtəlif bəhanələrdən istifadə edərək bir çox ölkədə geniş miqyaslı hərbi tənzimləmələr edir və hərbi bazalar qurur. ABŞ mürtəceləri, qurduqları və bütün dünyada qurmağa hazırlaşdıqları hərbi bazaların Sovet İttifaqına qarşı yönəldiyini söyləyirlər.Düzdür, bu hərbi bazalar Sovet İttifaqına qarşı yönəlib. Lakin hal-hazırda, ABŞ təcavüzünə ilk məruz qalan ölkələr Sovet İttifaqı deyil, bu hərbi bazaların yerləşdiyi ölkələrdir.İnanıram ki, bu ölkələrin Sovet İttifaqı yoxsa ABŞ tərəfindən təzyiq edildiklərini anlamları uzun çəkməyəcək. Gün gələcək, bütün dünya xalqları ABŞ mürtəcelərinə qarşı çıxacaq.
Əlbəttə, ABŞ mürtəcelərinin Sovet İttifaqına hücum etmək niyyəti olmadığını deməyə çalışmıram. Sovet İttifaqı dünya sülhünün müdafiəçisidir və dünyada ABŞ mürtəcelərinin hökmranlığının qarşısını alan güclü bir amildir.Sovet İttifaqının mövcudluğuna görə mürtəcelərin öz ambisiyalarını ABŞ-da və dünyada reallaşdırması tam mümkün deyil. Buna görə ABŞ reaksionerləri Sovet İttifaqına şiddətlə nifrət edir və bu sosialist dövləti məhv etmək arzusundadır. Lakin, ABŞ mürtəcelərinin ABŞ-Sovet müharibəsi haqqında belə hərarətlə danışması və İkinci Dünya Müharibəsinin bitməsindən qısa müddət sonra pis atmosfer yaratması, bizi onların əsl məqsədlərinə nəzər salmağa məcbur edir. Məlum oldu ki, sovet əleyhinə şüarların altında onlar ABŞ-dakı işçilərə və demokratik dairələrə hücum edir və ABŞ-ın genişlənmə siyasətinin hədəfi olan bütün ölkələri ABŞ müstəmləkərinə çevirirlər.Düşünürəm ki, Amerika xalqı və ABŞ təcavüzünə məruz qalan bütün ölkələrin xalqları birləşərək ABŞ mürtəcelərinin və bu ölkələrdə çalışan əlaltılarının hücumlarına qarşı mübarizə aparmalıdırlar. Yalnız belə bir mübarizədə çalınan qələbə ilə üçüncü dünya müharibəsinin qarşısı alına bilər; əks təqdirdə bu qaçılmazdır.
Strong: Çox aydındır. Bəs ABŞ-ın atom bombasından istifadə etdiyini düşünürsünüz? Tutaq ki, ABŞ Sovet İttifaqını İslandiya, Okinava və Çindəki bazalarından bombalayır?
Mao: Atom bombası ABŞ mürtəcelərinin insanları qorxutmaq üçün istifadə etdiyi bir kağız pələngidir. Dəhşətli görünür, amma əslində belə deyil. Əlbəttə ki, atom bombası kütləvi qırğın silahıdır, lakin müharibənin aqibətini bir- iki yeni silah növü yox, insanlar həll edir.
Bütün mürtəcelər kağız pələngləridir. Görünüşdə dəhşətlidilər, amma əslində o qədər güclü deyillər. Tarixi nöqteyi-nəzərdən, həqiqətən güclü olan mürtəceler deyil, insanlardır.Rusiyada 1917-ci il Fevral inqilabından əvvəl, həqiqətən hansı tərəf güclü idi? Üzdə çar güclü idi, ancaq o , Fevral İnqilabında əsən küləklə birgə sovuruldu. Nəticədə göründü ki, Rusiyada əsl güclü olan Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetləri idi. Çar sadəcə bir kağız pələng idi. Məgər Hitler bir zamanlar çox güclü sayılmırdı? Ancaq tarix onun kağız pələng olduğunu sübut etdi. Mussolini də, Yapon imperializmi də belə idi. Əks tərəfdən isə, Sovet İttifaqı xalqlarının , demokratiya və azadlığı sevən bütün ölkələrin gücü düşünüləndən qat-qat çox idi.

Çan Kayşi və tərəfdarları, ABŞ mürtəceləri, hamısı kağız pələngləridir. ABŞ imperializmindən danışarkən, insanlar onun olduqca güclü olduğunu düşünürlər Çin mürtəceləri Çin xalqını qorxutmaq üçün ABŞ-ın “gücündən” istifadə edirlər.Ancaq sübut olunacaq ki, ABŞ mürtəceləri, tarixdəki bütün mürtəcelər kimi, çox da gücə malik deyillər. ABŞ-da həqiqətən güclü olan başqalarıdır – Amerika xalqı.

Çini misal götürək. Biz yalnız darı və tüfənglərimizə etibar edə bilərik , amma tarix nəhayət darı və tüfənglərimizin Çan Kayşinin təyyarələri və tanklarından daha güclü olduğunu sübut edəcəkdir. Baxmayaraq ki, Çin xalqı hələ də bir çox çətinliklərlə üzləşir və ABŞ imperializmi ilə Çin mürtəcelərinin birgə hücumlarından uzun müddət əziyyət çəkəcək, yenə də mürtəcelərin məğlub olduğu və bizim qalib gələcəyimiz gün gələcək. Səbəbi isə çox sadədir: mürtəcelər irticanı, biz isə tərəqqini təmsil edirik.

Tərcümə etdi : Qələm  Məmmədova
Redaktor : Günel Nəbisoy

Həmçinin bax:

https://kafkazh.com/dovleterarasi-munasibetlere-dair-klassik-enene/

Həmçinin bax:

https://turaz.org/kapital-bankda-islemek-isteyenler-ucun-yeni-portal-yaradilib/