Manna dövləti

E.ə. I minilliyin əvvəllərində (e.ə. IX əsrdə) Azərbaycanın cənubunda, Urmiya gölü ətrafında Manna dövləti yaranmışdı.

Manna adına ilk dəfə Assur hökmdarı III Salmanasarın e.ə. 843-cü ildə yazdırdığı kitabədə, “Munna” formasında rast gəlinir. Çiv yazısı qaynaqlarında bu adın “Mannaş” və daha çox “Manna” forması işlədilmişdir. Urartu mixi yazılarında bu ölkənin adı Mana, “Tövraf’da isə Mini kimi işlədilmişdir. Paytaxtı Zirtu (İzirtu) şəhəri olan Manna ilk dövrlərdə Cənubi Azərbaycan bölgələri üzərində tam hakimiyyətini bərqərar edə bilmişdir, öz mövcudiyyətini qoruyub saxlamaq uğrunda ölüm-dirim mübarizəsi apararaq ən qüdrətli dövlətə çevrilmişdir. E.ə. IX əsrdə Manna ərazisində Zamua, Gilzan, Alateye, Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia və s. vilayətlər meydana gəlmişdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvələr lullubilərin ölkəsi olmuşdu. E.ə. IX əsrin I yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə etdiklərinə görə xarici hücumların qarşısını almaq mümkün olmurdu. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib, xarici hücumların qarşısını almağa çalışırdılar, lakin buna nail ola bilmirdilər. Mannaya qarşı Assuriyanın, həmçinin Urartu dövlətinin hücumları ara vermirdi. E.ə. IX-VIII əsrlərdə Manna artıq güclü bir dövlətə çevrilmişdi. Assuriya hökmdarı III Tiqlatpalasar VIII əsrin II yarısında Urartu ilə vuruşurdu. O, Mannanın Mazamua (Zamua) vilayətini Assuriyaya birləşdirdi, Urmiya gölü hövzəsində yaşayan bir sıra tayfaları oradan köçürdü. Assuriya, əsasən, Urartu və Midiya ilə müharibələr aparırdı. Bu dövrdə Manna Assuriyaya müttəfiq kimi baxırdı.

Mannanın hökmdarı İranzu (e.ə.740-719) Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı, Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdirdi, ölkədə canişinlik sistemi yaratdı. Mannanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi. İranzunun hakimiyyəti dövründə Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrildi. Paytaxtı İzirtu şəhəri idi. Bu dövrdə Mannanın xarici siyasətində iki meyil var idi: İranzu özü başda olmaqla bir qrup Assuriyaya müttəfiq kimi baxır, bununla da Manna torpaqlarının bütövlyünü qoruyub-saxlamağa çalışırdılar; başqa bir qrup isə Urartu ilə ittifaqa üstünlük verirdi. Onların siyasəti Manna hökmdarının mərkəzləşmə siyasətinə mane olurdu. Assuriyaya olan meyil Manna dövlətini Urartu işğallarından xilas etmiş və ölkənin birləşməsi üçün şərait yaratmışdı. Lakin İranzunun mərkəzləşdirmə siyasəti bəzi hakimlərin və canişinlərin xoşuna gəlmirdi. Bundan istifadə edən Urartu hökmdarı I Rusa Zikirtu vilayətinin canişini və bir sıra şəhərlərin hökmdarları ilə sazişə girdi. Onların təsiri ilə e.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhər əhalisi İranzuya qarşı üsyan etdi. Assuriya hökmdarı II Sarqon Manna ilə ittifaqa sadiq qalaraq üsyanı yatırtdı. İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə.718-716) hakimiyyətə gəldi. E.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü. Azanın ölümündən sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Manna hökmdarı oldu. Mixi yazılarına görə onun hakimiyyətə gəlməsinə Urartu hökmdarı I Rusa kömək etmiş və əvəzində 22 Manna qalasını almışdı. Ullusunu Assuriyadan azad olmaq üçün Urartu ilə ittifaqa girdi. Bu, Assuriya hökmdarı II Sarqonu qəzəbləndirdi və e.ə. 716-cı ildə o, Mannaya qoşun yeritdi. Ullusunu dağlara qaçdı. II Sarqon Mannanın paytaxtını və bir neçə şəhəri yandırdı, Azanın qatillərindən birini tutub dərisini soydurdu və qorxutmaq üçün mannalılara göstərtdi. Ullusunu gəlib mərhəmət dilədi. II Sarqon Ullusununu hakimiyyətdə saxladı və o, Assuriyanın siyasi ağalığını tanıdı. Urartu hökmdarı I Rusa isə Mannaya qarşı təcavüzdən əl çəkmirdi. II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq e.ə. 715-ci ildə Urartuya yürüş edi və qalib gəldi. Urartu hökmdarı döyüş meydanını tərk edib qaçdı. E.ə. 714-cü ildə II Sarqon Manna, Midiya və b. ölkələrə yürüşə başladı. Ullusunu II Sarqonu təmtəraqla qarşıladı və xərac ödədi, ordunu ərzaqla təmin etdi. Ullusunu Sarqondan Urartu hökmdarı I Rusanı məğlub etməyi və əsir alınmış mannalıların geri qaytarılmasını istədi. II Sarqon bunu yerinə yetirəcəyinə söz verdi. O, mannalılarla ittifaqa böyük əhəmiyyət verirdi. II Sarqon Mannanın Uişdiş vilayətinə yürüş etdi. I Rusa məğlub olaraq Urartuya qaçdı. Bundan sonra Urartu bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna qüdrətli dövlətə çevrildi. E.ə. VII əsrin I rübündə Qara dəniz 23 sahillərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və sak tayfaları Mannada da məskən salmışdılar. Onların gəlişi Assuriyanın sərhədlərində təhlükə yaratdı. Belə şəraitdə Manna Assuriyanın tabeliyindən çıxdı və tam müstəqil oldu. Manna hökmdarı Ahşeri müstəqil xarici siyasət yürütməyə başladı və Assuriya hökmdarı Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən döyüşdə Ahşeri məğlub oldu. Ahşeriyə qarşı üsyan baş verdi və o öldürüldü. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və Assuriya ilə ittifaqı bərpa etdi. E.ə. 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını qoruyub saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi.

E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazısı ilə tanış idi. Ziviyədə tapılmış gümüş sini üzərində bir çox işarələr (heroqlif yazı növü) həkk olunmuşdur. Mannada türk, hürri, İran dilləri və s. işlənirdi. Hökmdarların adları da türk sözləri ilə izah olunur. Aza- “böyük qardaş”, Ullusunu-ullu-ulu-“böyük, ulu, əzəmətli”, “sun”-sifət şəkilçisi, yəni “ən böyük”, “ən ulu”, “ulu adam”. Beləliklə, Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur. Mannada memarlıq da inkişaf etmişdi. Mannada müdafiə qalaları və qala-şəhərlər tikilmişdi. Paytaxt olan İzirtu və b. şəhərlər qala divarları ilə əhatə olunmuşdu. Həsənli qala-şəhərində 2-3 mərtəbəli binalar, məbədlər tikilmişdi. Təsviri sənətə aid-Həsənli qızıl camının üzərində maraqlı əfsanəvi səhnə təsvir olunmuşdu, Ziviyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud ceyran başı formasında hazırlanmışdır, bəzilərində şiri yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ərafında keçi və qanadlı öküz təsvir edilmişdi.

 

Ədəbiyyat siyahısı:

1.Nuriyeva İradə. Azərbaycan tarixi ən qədim zamanlardan zəmanəmizədək (Bakı. 2019)

2.  İsmayıl Məmmədov. Azərbaycan tarixi (Bakı, 2005)

YAZAR: Paşazadə Zinyət

Həmçinin bax: Ssenarinin strukturu. Üç mərhələli struktur

Həmçinin bax: turaz.org/italiyada-ehalinin-tehlukesizliyi-ucun-80-faiz-insan-peyvend-olunmalidir-parisi/