”Maladaptive daydreaming” sindromu və ya uyğunsuzluq xəyal qurma.

İnsanın təsəvvürlərini fikri olaraq dəyişdirməsi, birləşdirməsi və ya yeni obrazlar əmələ gətirməsi prosesi təxəyyül adlanır.
Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılma prosesidir və təxəyyülün bir növüdür.
Uşaqlıq illərində daha yaradıcı, ucsuz-bucaqsız xəyallar qurarıq. Böyüdükcə bu xəyalları daha kiçik və daha real, gerçəkləşməsi mümkün olan xəyallar əvəz edər. Yetişkin insanın da, əlbəttə, xəyalları, məqsədləri olur. Bu məqsədləri əldə etmək üçün zəhmət çəkir.
Beyin insanı qorumağa çalışır. Sadəcə kənar təhlükələrdən xəbərdar etmir, həmçinin insanı öz ümidsizliyindən qoruyur. Bunun üçün də xəyal qurmaq ən yaxşı vasitəsidir. Çətin günlərində insana motivasiya olan xəyallarının bir gün gerçəkləşmə ehtimalıdır. Yaradıcı insanların da əsərləri onların təxəyüllərinin məhsuludur.  Belə faydalıdırsa xəyal qurmaqla bağlı sindrom necə baş verir?
Uyğunluqsuz xəyal qurma ilk dəfə İsrailin Hayfa Universitetinin professoru Dr.Eliezer Somer tərəfindən müəyyən edilmişdir. Bu sindroma sahib insanlar hər gün saatlarla teleserial kimi davam edən xəyallar qururlar. Bunların bir qismi gerçəkləşməsi mümkün olmayan başqa dünyada, başqa dövrdə baş verən xülyalardır. Məsələn, xəyali dostlarla dünyanı hər gün müxtəlif təhlükələrdən xilas etmək ola bilər. Gerçəkləşməsi mümkün xəyal olsa da belə insanlar bu məqsədlə heç nə etmirlər. Tutaq ki, hansısa universitetə qəbul olmaq istəyirsiniz və normal olaraq imtahanlara hazırlaşırsınız. Uyğunluqsuz xəyal qurma sindromu olan insan isə bu istəyi qarşısında hərəkətə keçməz. Universitetə qəbul olduğunu, ardından çox uğurlu olduğunu, elmi nailiyyətlər qazandığını və s. xəyal edər. Yaxud dostları ilə əyləndiyini, bəzən problemi olan dostuna kömək etdiyini, bəzən dostlarından biri ilə mübahisə etdiyini xəyal edər. Real həyatda isə dost qazanmaq üçün çalışmaz. Tanışları ona harasa birlikdə getməyi təklif etsə, qəbul etməz. Tək qala biləcəyi səssiz bir yerə çəkilib öz xəyallar aləmindəki xoşbəxt həyatını yaşamaq istəyər. Bir insanı sevsələr bunu ona deməz yenə də xəyallarında o insanla münasibət qurarlar. Bəzən izlədikləri filmdəki, oxuduqları kitabdakı obrazları da xəyallarına daxil edərlər. Və ya tamamilə xəyal məhsulları olan obrazlar yaradarlar. Əsasən, musiqi dinləyərək və ya təkrarlanan hərəkətlər edərək xəyalların qurulmasına rast gəlinir.
Qeyd etmək lazımdır ki,  insanın ağlına gələn hər xəyal maladaptive daydreaminq sindromu ilə əlaqəli deyil. Bəzən bir anlıq lotereya biletini qazandığınızı xəyal edə bilərsiniz və ya kosmonavt olduğunuzu, uyğunluqsuz xəyal qurma zamanı isə qurulan xəyallar davam edən bir-biri ilə əlaqəli hekayələrdən ibarət olur. İnsan real həyatını necə davam etdirirsə, bu gün yarım qalan işini sabah tamamlayırsa, paralel olaraq xəyalındakı həyatını da eyni şəkildə davam etdirir.
Sindromun əsas səbəbi kimi insana öz həyatının sıxıcı, çətin gəlməsi, problemlərlə üzləşməkdən qaçınaraq xəyallar aləminə sığınması düşünülür. Ancaq heç də həyatı çətin olan bütün insanlar bu sindromla üzləşmirlər.
Nəticədə insan xoşbəxt olursa problem nədir? Belə insanlar əksərən bu halı problem olaraq görmürlər. Müalicə olunmağı, xəyallarının əllərindən alınıb sıxıcı gerçək həyata qayıtmağı istəmirlər. Sindromun sübut olunmuş tam bir müalicəsi də yoxdur. Ümumiyyətlə, sindrom yaxud xəstəlik olaraq qəbul edilməsi də müzakirə mövzusudur. Xəyallar hər nə qədər gözəl olsa da davam etməli, maddi və mənəvi tələbatlarımızı ödəməli olduğumuz bir həyatımız var. Uyğunluqsuz xəyal quran insanlar  getdikcə özlərini toplumdan təcrid edir, dostlarından, yaxınlarından uzaqlaşırlar. Üstəlik bu insanlar özlərini layiq gördükləri nailiyyəti həyatda əldə etmək üçün zəhmət çəkmirlər. Və bəzən xəyalların təsirindən gözlərini açıb reallıqla üzləşdikdə böyük xəyal qırıqlığı yaşayırlar. Xəyallarındakı o mükəmməl insan deyillər, dünya çempionu, qəhrəman, alim, modelyer, rəssam, yazıçı deyillər. Ən acısı isə özlərində o potensialı hiss edirdilər, ancaq istedadlarından istifadə etmədilər. Hətta sınayıb uğursuz olsalar belə bu qədər peşmançılıq hiss etməzdilər.
Yuxarıda qeyd etdiyim kimi maladaptive daydreaminq sindromunun tam müalicəsi yoxdur. Lakin onun bizdən aldığı zamanı azalda və özümüzə faydalı olacaq şəkildə istifadə edə bilərik.
Bu sindroma sahib insanlar əsasən daha yaradıcı olurlar. Albert Enşteyn xəyal gücünün bilgidən daha dəyərli olduğunu demişdir. Düşünün ki, başqaları tərəfindən sizə verilən hazır məlumat, bilginiz var. Ancaq xəyal gücünüz yoxdursa, ondan heç nə yarada bilməzsiniz. Yeni bir əsər, ixtira ərsəyə gətirə bilməzsiniz.
Bu məqalənin yazarı da maladaptive daydreaminq sindromu ilə çox yaxından tanışdır və bilir ki, iradə ilə durumu öz lehimizə çevirə bilərik. Hətta mütləq çevirməliyik. Özümüzdə hiss etdiyimiz potensialımız hədər olmamalıdır. Bunun üçün terapiyadan və tövsiyə olunan aşağıdakı metodlardan istifadə edə bilərsiniz:
▪️Birdəfəlik qurtulmaq cəhdi uğursuz olacaq. Xəyal qurmağa ayıracağınız zamanı əvvəlcədən planlaşdırın və azaldın;
▪️ Əylənəcək başqa məşğuliyyətlər, hobbilər tapın;
▪️Sizi xəyal qurmağa itələyən, həyatda üzləşmək istəmədiyiniz nələr var? O xəyalınızda yaşadıqlarınızı gerçək həyatda yaşamağınıza nə maneə olur? Bəlkə təmbəllik, maddiyyat, uğursuz olacağınızdan qorxmaq və s. Onlardan qurtulmaq üçün əvvəl üzləşmək, qəbullanmaq lazımdır. Qəbullanın ki, məqsədinizə çatmaq üçün digər alternativləri görə biləsiniz;
▪️Xəyal gücünüzdən istifadə edin. Onları yazın və ya rəsm edin. Bir kitab, hekayə, ssenari, rəsm əsəri ərsəyə gətirə və ya dizayn edə bilərsiniz. Bəlkə insanların həyatını asanlaşdıracağını düşündüyünüz ixtiranı reallaşdıra bilərsiniz.
Heç nə xəyallardakı qədər asan olmayacaq, qəbullanmaq və təkrar-təkrar cəhd etmək lazımdır.

YAZAR: QÖNÇƏ MUSTAFAZADƏ

HƏMÇİNİN BAX; Psixologiyada şəxsiyyət

HƏMÇİNİN BAX; https://tehsilim.org/adu-nun-yuksek-gostericisi-telebe-qebulu-plani-985-faiz-yerin-yetirilib/

HƏMÇİNİN BAX; https://turaz.org/sagirdler-mektebde-maska-taxmalidirlarmi/