“Maariflənmə nədir?” sualına cavab- İmmanuel Kant
Koniqsberq, Prussiya, 30 sentyabr 1784-cü il.
Tərcümə etdi: Ülviyyə İbrahimova
Redaktor : Günel Nəbisoy
Maariflənmə insanın öz-özünə yaranan əqli gerilik vəziyyətindən çıxmasıdır. Əqli gerilik başqasının rəhbərliyi olmadan öz anlayışından istifadə edə bilməməkdir. Bu əqli geriliyin səbəbi anlayışın azlığı deyil, başqasının rəhbərliyi olmadan qətiyyət və cəsarətin azlığıdır. Buna görə də maariflənmənin şüarı belədir: “Sapere aude!” – Öz anlayışınızı istifadə etmək üçün cəsarət edin!
Təbiət onları uzun zamandır bilinməyən yoldan uzaqlaşdırsa belə (naturaliter maionners), insanların bu qədər böyük bir qisminin həyat üçün yetkin olmamasının səbəbi tənbəllik və qorxaqlıqdır. Bu səbəbdən, başqalarını öz qoruycuları olaraq görmələri çox rahatdır. Yetkinləşməmiş olmaq çox rahatdır. Əgər mənim yerimə anlayacaq kitabım, vicdan əzabı çəkməmək üçün mənəvi bir məsləhətçim, qida rasionumu mənim üçün müəyyənləşdirəcək həkim varsa, bu halda, əziyyət çəkməyə ehtiyac yoxdur. Qarşılığını ödədiyim halda düşünməyə ehtiyacım yoxdur. Digərlərinin mənim əvəzimə yorucu işlərin öhdəsindən gəlməsi kifayətdir. Nəzarət işini nəzakətlə öz üzərinə götürən qəyyumlar tezliklə görəcəklər ki, bəşəriyyətin ən böyük hissəsinin (bütün ədalətli cinslər də daxil olmaqla) yetkinliyə aparan addımı atmaları çətin və hətta təhlükəli hesab olunmalıdır. Axmaqlaşdırıb, ev heyvanına çevirdikləri bu səssiz varlıqların qapadıldığı yerdən bayıra addım atmalarına qadağa qoyur, sonra da, özbaşına hərəkət edərlərsə, başlarına hansı təhlükələrin gələ biləcəyini bir-bir göstərirlər. İndi bu təhlükə o qədər də böyük deyil, çünki bir neçə dəfə yıxıldıqdan sonra gəzməyi öyrənəcəklər. Ancaq belə bir nümunə qorxuducudur, bu insanları, adətən, növbəti addımı atmaqdan çəkindirir.
Bu o deməkdir ki, hər bir fərd üçün, hardasa, təbii hala çevrilən bu yetkin olmamaq vəziyyətindən xilas olmaq olduqca çətindir. Hətta insan bu hala zamanla alışır və və bu onun xoşuna gəlir, ona görə də insan öz anlayışını istifadə etməkdə həqiqətən də acizdir, çünki insanın bu cəhdi həyata keçirməsinə heç vaxt icazə verilməmişdir. Doqmalar və formullar, insanın təbii bacarıqlarının ağla uyğun istifadəsi (və ya daha doğru ifadə etsək, mənfi cəhətə yönəlməməsi) üçün lazım olan bu mexanik vasitələr, yetkinləşmə və bilgələşmə üçün hər zaman ayaq bağı olurlar. Kimsə bu maneələri bir tərəfə tullasa belə, yenə də insan ən ensiz, ən dayaz xəndəkləri belə keçməkdə şübhəyə düşər, özünə inanmaz, çünki o azad hərəkət etməkdə acizdir. Buna görədir ki, onların yalnız bir neçəsi öz əqlini inkişaf etdirərək özlərini yetkinliyə müvəffəq olurlar.
Bununla belə, kütlənin özü-özünü maarifləndirməsi daha çox mümkündür. Hələ ki, bu kütləyə azadlıq haqqı verilərsə maariflənmənin qarşısı alınmaz. Çünki hər zaman kütlənin içində hətta onun qəyyumlarının arasında belə öz-özünə düşünə bilən adamlar olacaq. Bu qəyyumlar öz boyunlarından qərarsızlıq boyunduruğunu atdıqdan sonra, bütün insanların düşünmək və şəxsi dəyərlərə rasional hörmət ruhunu yayacaqlar. Lakin əvvəllər kütləni boyunduruq altına salan, özləri də maariflənmədən payını almayan idarəçilər (qəyyumlar) kütləni boynundakı zəncirdən qurtulmağa çağırarsa, digər qəyyumlar bunları boyunduruq altında qalmağa məcbur edər. Kütlədə mənfi rəy yaymaq çox zərərlidir, çünki ən sonda onlar özlərini ilk dəfə cəsarətləndirən (və ya onun sələfləri) insanların intiqamını alırlar. Beləliklə, cəmiyyət yalnız zamanla, yavaş-yavaş maariflənməyə nail ola bilər. İnqilab avtokratik despotizmə, təəcavüzkar və ya güc güdən təziqlərə son verə bilər, lakin düşüncə tərzini heç vaxt həqiqətən islah edə bilməz. Bunun yerinə yeni yaranan mənfi rəy, önyarğılar eynilə əvvəlkilər kimi düşüncəsiz kütləni idarə etmək üçün boyuna keçirilmiş ip vəzifəsini icra edəcək.
Bəşər övladının maariflənməsi üçün lazım olan tək və əsas şey azadlıqdır. Bütün azadlıqların ən məsum forması: ictimaiyyətin bütün məsələlərdə öz ağlından istifadə etməsi. Lakin mən hər yerdə, hər tərəfdə bu sözləri eşidirəm: “Mübahisə etməyin!”. Məmur deyir: “Mübahisə etməyin, bir sıraya düzülün!”. Vergi məmuru deyir: “Mübahisə etməyin, ödəyin!”. Din xadimi deyir:”Mübahisə etməyin, inanın!” ( Dünyada ancaq bir insan tapılar ki, bu sözləri desin: İstədiyiniz qədər, istədiyinizlə mübahisə edin, amma itaət edin!”). Bütün bunlar hər yerdə azadlığın məhdudlaşdırılması deməkdir. Bəs maariflənməyə nə mane olur, hansı vasitələr maariflənməni təbliğ edə bilər? Cavab verirəm: İnsan ağlından ictimai istifadə həmişə sərbəst olmalıdır və maariflənmə yalnız insanlar arasında mümkündür. Şəxsi zəkanın istifadəsi maariflənmənin gedişində əsaslı bir maneə yaratmadan müəyyən qədər məhdudlaşdırıla bilər. Ancaq şəxsin öz maraqlarına görə zəkasından ictimai istifadəsi, hər hansı bir kəsin bütün oxucu kütləsinə müraciət etməyi öyrənməsidir. Zəkanın öz maraqlarına görə istifadəsi termini ilə insana əmanət olunan məmur vəzifəsində idarə edə biləcəyi şeyləri nəzərdə tuturam.
İndi cəmiyyətin maraqlarına təsir edən bəzi işlərdə hökümət tərəfindən ictimai işlərə uğun bir şəkildə, bəzi qanun üzvləri tərəfindən süni bir razılaşma kimi qəbul edilməyən müəyyən prosedurlara və mexanizmlərə ehtiyac var. Əlbəttə, belə hallarda mübahisə yolverilməzdir, itaət etmək lazımdır. Ancaq mexanizmin bir parçası kimi hərəkət edən insan özünü cəmiyyətin, hətta kosmopolit cəmiyətin bir üzvü kimi görür, məsələn yazıları ilə, sözün əsl mənasında, xalqa müraciət edən bir tədqiqatçı kimi ictimaiyyətə xidmət edir və eyni zamanda bir müddət passiv də olsa işlədiyi işlərə zərər vermədən bunu həyata keçirir. Beləliklə vəzifə yerinə yetirərkən rəhbərdən əmr alan bir məmurun bu əmrin məqsədəuyğunluğu və faydasızlığı haqqında açıq bir şəkildə danışması çox zərərli ola bilər. O sadəcə əmrə itaət etməlidir. Lakin hərbi xidmətdəki səhvləri öyrənən bir adam kimi müşahidələr aparmaq və bunları mühakimə üçün ictimaiyyətə təqdim etmək qadağan edilə bilməz. Bir vətəndaş üzərinə düşən vergini ödəməyə bilməz, əgər vergini ödəməzsə və ya ödəməyə qarşı hər hansısa etiraz göstərərsə, ümumi hörmətsizlik səbəbindən cəzalandırıla bilər. Eyni zamanda başqa bir vətəndaş ictimaiyyət önündə vergilərin uğunsuzluğu və ədalətsizliyi haqqında düşüncələrini açıq bir şəkildə bildirdiyi zaman mülki vəzifələrinə qarşı gəlmiş hesab olunmur. Bir din xadimi xidmət etdiyi kilsənin təlimlərinə uyğun olaraq kilsə inanclarını şagirdlərinə və camaatına öyrətməyə borcludur, çünki bu şərtlə işə götürülmüşdür. Lakin o bir alim kimi bu inancların düzgün olmayan tərəfləri barədə düşüncələrini ictimaiyyətə çatdırmaqda və dini-ruhani işlərin daha yaxşı tənzimlənməsi üçün təkliflər verməkdə tamamilə azaddır. Və bu zaman vicdanını narahat edəcək heç bir şeyə ehtiyac yoxdur. Kilsənin sadiq bir xidmətçisi kimi inancları öyrədərkən, o, öz şəxsi qənaətlərinə görə davrana bilməz, amma dini vəzifə üçün başqasının adından təlqin edə bilər. Belə deyəcəkdir: “Kilsəmiz bu və ya digər şeyləri öyrədir, istifadə etdiyi dəlillər bunlardır. O, kilsə camaatı üçün özü bütün etiqadı ilə buna inmasa da, dini qayda-qanunlardan mümkün olduğu qədər təcrübi dəyər çıxarır, bunlar içində gizli həqiqətin olmasının mümkünsüz olmadığı və daxili inanca qarşı çıxan heç bir şey olmadığını demək məcburiyyətində qala bilər. Belə halların heç birində dinin özünə qarşı çıxan bir şey yoxdur. Əgər din adamları dinə qarşı çıxacaq bir şey olduğunu düşünərlərsə, rəsmi vəzifələrini vicdanla yerinə yetirə bilməz və istehfa verməli olardılar. Nəticə olaraq din adamının camaatın önündə zəkasını istifadə etməsi yalnız və yalnız zəkanın xüsusi istifadəsidir, çünki burada camaat nə qədər çox olursa olsun bir otağı dolduracaq qədərdir və din adamı kimi o şəxs şəxsi fikirlərini ifadə etməkdə tam azad deyil və olmamalıdır, çünki başqası tərəfindən ona verilən vəzifəsini icra edir. Əksinə, öz əsərləri ilə həqiqəti xalqa (və ya dünyaya) çatdıran, xalqa müraciət edən dini tədqiqatçı və ya alim kimi o öz ağlından və öz səbəblərindən məhdudiyətsiz istifadə etməkdə, öz kütləsinə müraciət etməkdə tamamilə azaddır. Xalqın dini işləri ilə məşğul olan bir şəxsin özünün də yetkin olmamasını zənn etmək tamamilə absurddur.
Fəqət bir kilsə məclisində və ya nüfuzlu Presbiteriyada (Hollandların adlandırdığı kimi) müşahidə olunduğu kimi müəyyən dəyişməz dini doktrinanı həm öz üzvlərinin hər birində, həm də onlar vasitəsilə xalq üzərində, etibarla davam etdirmək məqsədi ilə əhdə dayanaraq ortaya qoymaq haqqını özlərində görməməlidirlərmi? Bu qeyri-mümkündür. Bəşəriyətin gələcəkdə daha da maariflənməsinin qarşısını almaq üçün imzalanan bu cür müqavilə və doktrinalar, ən yüksək güc mənbəyi, parlamentlər, ən göstərişli sülh müqavilələri tərəfindən bağlansa belə, tamamilə etibarsızdır. Çünki heç bir dövrün insanı özündən sonra gələn dövrlərin insanlarını bilgisini genişləndirməməyə, səhvlərini düzəltməməyə, maariflənmədə irəli getməməyə yönəldən bir müqavilə və ya ittifaq qura bilməz. Bu, taleyi məhz həmin tərəqqiyə söykənən insan təbiətinə qarşı cinayət olardı. Sonrakı nəsillərin bu sazişləri onlardan icazəsiz qəbul olunmuş və cinayət kimi qəbul etməyə haqqları var. Hər hansı bir tədbirin bir xalq üçün qanun kimi qəbul edilə bilib-bilməyəcəyini yoxlamaq üçün etməli olduğumuz tək şey bunu xalqın özündən soruşmaqdır. Həmin əmri tətbiq etmək qısa bir müddətdə məsələnin həlli ola bilər. Bu eyni zamanda hər vətəndaşa, xüsusilə din xadimlərinə öz əsərlərində ictimaiyyətə mövcüd qurumların çatışmazlıqları barədə müaciət etməyə imkan verir. Belə ki, yeni qəbul olunmuş qərar məsələnin mahiyyəti barədə ictimai düşüncə tərəqqi etməyincə və ümumi razılıq əsasında idarəçilərə bir təklif verilənə kimi davam edə bilər. Bu, dini quruluşların ümumi məğzinin bir qrupun öz fikirlərinə əsasən dəyişdirməyi qəbul edən camaatı qoruyur, lakin hər şeyin əvvəlki kimi qalmasını istəyənlərin də qarşısını almır. Ancaq bir ömür boyu heç kimin açıq şəkildə soruşa bilmədiyi daimi bir dini konstitusiya ilə razılaşmaq tamamilə yolverilməzdir. Bu, insanın yuxarıya doğru irəliləməsini qarşısını alar və bununla da sonrakı nəsillər üçün bəhrəsiz, hətta zərərli olardı. Şəxs qısa bir müddət üçün də olsa öz başına ola bilər, bilməsi gərəkən məsələlərdə özünü maarifləndirməyi gecikdirə bilər. Özü üçün və ya daha sonrakı nəsillər üçün belə məlumatlandırılmadan tamamilə imtina etmək, bəşəriyyətin müqəddəs hüquqlarını pozmaq və tapdalamaq deməkdir. Ancaq xalqın özünə tətbiq edə bilmədiyi bir şey monarx tərəfindən daha az tətbiq edilə bilər; çünki onun qanunverici səlahiyyəti xalqın kollektiv iradəsini özündə birləşdirməsindən çox asılıdır. Bütün mümkün olan və ya təsəvvür edilən düzəlişlərin vətəndaş qaydalarına uyğun olduğunu görənə qədər, öz işi olmayan məsələlərdən qurtulmaq üçün tabeliyində olanı yerinə yetirməyə bilər. Lakin başqalarının işinə maneə törədən insanların qarşısını almaq və vətəndaşların yaxşılığını təmin etmək onun işidir. Həqiqətən də o, dini işlərə qarışarsa və dini ideyaları hökümət görüşünə uyğunlaşdırmağa çalışarsa əlahəzrətlərini xalqın gözündə kiçildər. O öz ucalığı fikrinə düşərsə və buna görə hərəkət edərsə özünü təhqirlərə məruz qoyar: Caesar non est supra Grammaticos (latınca – Sezar Qrammatiklərdən üstün deyil), lakin o öz ali nüfuzu ilə hərəkət edərsə bir neçə tiranın digərlərinə qarşı mənəvi despotizmini dəstəkləyəcək qədər nüfuzdan tamamilə düşər.
İndi maariflənmiş, aydın bir çağda yaşayıb-yaşamadığımıza dair sual yaranarsa, cavab: Xeyr, ancaq biz bilgi, maarif əsrində yaşayırıq. Hal hazırda bizim hələ də vəzifədəki insanların inamla öz düşüncəsini isifadə etməsinə və təbii ki, dini məsələlərdə başqasının rəhbərliyi olmadan hərəkət etməyə çox uzun yolumuz var. Bu sahədə rahat şəkildə çalışmaq üçün onların yolunun təmizlənib aydınlandığını görürük, beləcə ümumbəşəri aydınlanma, maariflənməyə gedən yoldakı maneələr, insanın öz günahı ucbatından düşdüyü bu öz qərarını verə bilməmə, yetkin olmama, öz düşüncəsini istifadə edə bilməmək vəziyyətindən xilas olmaq yolundakı çətinliklər yavaş-yavaş da olsa tədricən azalmaqdadır. Bu nöqteyi nəzərdən dövrümüz bir aydınlanma, maariflənmə çağıdır və ya Fridrix (Frederick) yüzilliyidir.
Dini məsələlərdə xalqına əmr verməməyi, onun boynuna yük yükləməməyi öz vəzifəsi baxımından alçaqlıq və ya geridə qalmışlıq olaraq görməyən və xalqını azad bir şəkildə idarə edən bir şahzadə, hətta bu onun üçün zəiflik əlaməti kimi qəbul olunsa da, aydınlanmış, bilgili bir insandır. Ona bəşəriyyəti ilk dəfə savadsızlıq və mütilikdən xilas edən, insanları öz azad düşüncəsindən istifadə etmək üçün sərbəst buraxan biri kimi bütün azad etdiyi insanlar minnətdardır, o, sonrakı nəsillər tərəfindən təqdir olunmağa laiqdir. Onun idarəsində ruhanilər rəsmi vəzifələri olmasına baxmayaraq tədqiqatçı, alim kimi öz tutumunu azad şəkildə, hətta fikirləri pravoslav təlimindən yayınsa belə, cəmiyyətin qınağı və mənfi rəyi olmadan ifadə edə bilərlər. Bu, rəsmi vəzifəsi ilə məhdudlaşmayan bütün digər şəxslərə də aiddir. Azadlıq ruhu öz funksiyalarını səhv başa düşən hökumətlər tərəfindən qoyulan maneələrlə mübarizə aparmaq məcburiyyətində qaldıqda xaricdə də yayılır. Bu cür hökumətlər indi azadlığın ictimai razılığa və ortaq birliyə təhlükə yaratmadan mövcudluğunun şahidi ola bilərlər. Artıq insanlar öz ixtiyarı ilə tədricən barbarlıqdan xilas olmağa çalışacaqlar, hansı ki, süni tədbirlər onları daxildə tutmaq üçün işə yaramır.
Mən din mövzularını maarifləndirmənin mərkəz nöqtəsi, yəni insanın özünün yetişməməsindən ortaya çıxmasının səbəbi kimi göstərdim. Birincisi elm və incəsənnətlə bağlı idarəçilərin bu məsələlərdə söz sahibi olma və qəyyum rolunu qəbul etməkdə maraqlı olmamaları, ikincisi dini cəhətdən bilgisizlik, anlayışın olmaması hər şeydən daha çox təhlükəli və zərərlidir. İncəsənət və elm sahəsində azadlıq tərəfdarı olan bir dövlət başçısının düşüncə tərzi daha da dərinləşir, çünki o, öz təbəələrinə öz fikirlərinin ictimai istifadə etmələrinə, ictimaiyyət qarşısında qanunların hazırlanmasının daha yaxşı yolları barədə düşüncələri icazə verərsə, mövcud qanunvericiliyin açıq tənqidinə səbəb olsa belə, bunun qanunvericiliyinə təhlükə olmadığını başa düşür. Əvvəllər heç bir monarx, idarəçi qarşımızdakı parlaq nümunə kimi olmamışdır.
Ancaq yalnız özü maariflənmiş və xürafatdan qorxmayan, eyni zamanda ictimai təhlükəsizliyə zəmanət verən nizamlı və çoxsaylı bir orduya sahib olan bir hökmdar heç bir respublikanın söyləmək istəmədiklərini söyləyə bilər: İstədiyiniz qədər və istədiyiniz şey barədə mübahisə edin, amma itaət edin! Bu, bizə qəribə və gözlənilməz bir nümunə göstərir (məsələn biz hər zaman mümkün olan ən geniş anlamdada düşünüb-düşünməyəcəyimizi görəcəyik). Yüksək dərəcədə vətəndaş azadlığı xalqın intellektual azadlığı üçün əlverişli görünsə də, bununla belə qarşısıalınmaz əngəllər yaradır. Əksinə, vətəndaş azadlığının nisbətən az dərəcəsi intellekt azadlığında tam genişlənməyə geniş yer verir. Beləliklə, təbiətin ən çox bəslədiyi mikrob – insanın sərbəst düşünmək meyli və həssaslığı bu ağır qabığın içərisində inkişaf etdikdən sonra, tədricən sərbəst hərəkət edə bilən insanların zehniyyətinə təsir göstərir. Nəhayət, bu, bir maşından daha üstün olan insanın ləyaqətinə uyğun bir şəkildə rəftar edərək qazanc əldə edə bildiklərini göstərən hökumətlərin prinsiplərinə təsir göstərəcək.