Kuman Bəyliyi

Kuman bəyliyi:
Sami və hurri tayfalarının m.ö. III-II minillərdə təzyiqilə dağılan Subar boybirliklərindən qalmış bəzi boyların İkiçayarasının quzey bölgələrində və Fərat çayının batı yaxalarında yerləşdiyini görmək olur. Belə boylardan biri də kumanlardır. Fəratın batı yaxasına keçən kumuq və kuman boyları bir müddətdən sonra yerli tayfaların içində əriyib getdi, lakin onların yerləşdiyi ərazilər uzun müddət Kumuq və Kuman ölkəsi kimi tanındı. Asur yazılarında Kammanu, Boğazköy kitabələrində Kummaneşmax, Kummanni, Urartu yazılarında Qamana şəklində verilən ölkə indiki Malatiya bölgəsini əhatə edirdi. Burada haqqında danışacağımız digər Kuman ölkəsi isə Dəclə çayının doğusunda qədim Azərbaycan sınırında idi. Görünür, Ptolemey bu iki kuman ölkəsini fərqləndirmək üçün əvvəlkini Kόμανα Kαππαδοκίας (Kappadokiya Kumanı) adlandırmışdır. Urartu qaynaqları həmin çağlarda daha bir kamaniu (kuman) boyunun Göycə gölü yaxasında yaşadığını göstərir.Bu kumanlar indiki Basarkeçər bölgəsinin qədim sakinləri idi. Dəryal (Daryol) keçidində gürcü arxeoloqlarının axtarışı ilə üzə çıxan Kuman qalası da m.ö.VII-VI əsrlərdə salınmışdır. Hazırda təkcə Lənkəran bölgəsində üç Kumanlı kəndi vardır. Tarixi qaynaqlar qədim türk boylarından biri olan kuman boyunun m.ö II minildə Qədim Azərbaycanın batı qonşuluğunda yaşadığını, miladdan sonrakı minildə isə zaman-zaman bir ucu Sibir, digər ucu Avropanın ortalarına çatan ərazilərdə göründüyünü əks etdirir. Bu boyların belə uzaq regionlara miqrasiya etmə səbəbi ayrıca bir boyun tarixi-coğrafi bəlgələri ilə deyil, ümumtürk tarixi fonunda aydınlaşır. Çünki Qıpçaq Bozqırından (Dəşti-Qıpçaq) keçən digər soydaşlarının tarixi taleyini kuman boyları da yaşamışdır. Göründüyü kimi, tarixi qaynaqlar kuman boylarının miladdan öncəki minillikdə üç müxtəlif regiona (Kiçik Asiya, Dəclə yaxası, Qafqaz) dağıldığını əks etdirir. Burada onların hamısından deyil, yalnız Dəclə yaxasındakı kumanlar haqqında bəzi tarixi sənədləri şərh edib, subar, qut, turuk, kumuq və sair qədim türk boyları kimi, kumanların da Ön Asiyadan doğu və quzey yönlərə miqrasiya etdiyini görmək üçün Azərbaycan üzərindən Quzey-Qafqaza və Qıpçaq çölünə gedən kumanların tarixi durumuna, ötəri də olsa toxunacağıq. Öncə onu deyək ki, türk dillərində kürən,sarışın anlamı verən kuman adı altında tanınan boylarla kontaktda olmuş xalqlar onları əsasən kumanu, kumenu (asur, urartu), kumanos, kumanoi (yunan, latın) adlandırsa da, bəzi yazılarda bu boy adının kuman//kuban, koman//koban, kaman//kaban, kumanlı//kumandı şəklində yayıldığını da görmək olur. Əgər kuman adındakı «sarışın» anlamını nəzərə alsaq, türk boyları içində onların həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla ilgisi olduğunu düşünmək olar. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Məşhur kuman bəyi Şarukan (Sarıxan) adında həmin anlam vardır. Dəclənin sol yaxasında kuman boyları m.ö. XIII-VII əsrlərdə vaxtaşırı Asur-Urartu yazılarında yad olunur. Bu yazılara görə,Kuman ölkəsi Dəclə çayının doğu qolu Xabur ilə Cudi dağı arasında yerləşir. E. Forrer bu yazılarda kumanların başkəndi kimi verilən Kipşu to-ponimini Xabur kənarındakı Zaxodan 14 km aralı olan müasir Qefşe ilə eyniləşdirmiş və sonrakı tədqiqatçıların hamısı bu fikri qəbul etmişlər. Zaxo ilə Hakkari arasında dağlıq bölgədə yerləşən Kuman ölkəsi batıdan Dəclə çayı və çayın arxasındakı Musru, Kutmux ölkəsi, quzey və doğudan Xabxi, Elxuniya, Şarnida, Mexri, Kume və Musasir ölkələri ilə əhatə olunmuşdu, güney-doğu tərəfdə isə kumanlar qut boyları ilə qonşu idilər. Asur çarı Tukulti-Ninurta öz yazısında (XIII əsrin sonu) qeyd edir ki, «…mənim qolum yauri dağlarında qutiləri, (u)qumanları, Mexriyə qədər Elxuniya və Şarnida ölkələrini müti etdi». Başqa bir asur çarının bəzi hissələri pozulmuş kitabəsində isə (bunu şərti olaraq I Tiqlatpalasara aid edirlər) ona qədər heç bir asur çarının ayağı dəyməyən və heç kimdən asılı olmayan Kuman ölkəsinə getməsi və burada müxtəlif kəndləri zəbt etməsi təsvir olunur.
Kuman etnoniminin kimek, yemek, imek boyadları ilə müqayisəsi üzərində çox dayanılsa da, hələlik bu adların eyni boya aid olması isbat olunmamışdır. Vaxtilə, M. Kaşqari də yemek boyadını izah edərkən bu fikri söyləmişdir: «Biz bunları bir qıpçaq boyu saydıq, lakin qıpçaqlar özünü ayrı bir bölük sayır». Qaynaqlar Kuman bəyliyinin dövlət quruluşu haqqında məlumat vermir, lakin bu ölkənin elbəyi («çarı»), 20 minlik qoşunu, Kibşa (Qıbça) adlı başkəndi vardır. Qaynaqlar Kuman ölkəsinin böyük qala və şəhərləri, bunların bişmiş kərpiçdən tikilmiş hündür divarları və bürcləri olduğunu qeyd edir, elbəyin sarayından söz açır. Kuman boylarının tapınağı Xunus şəhərində yerləşir. Buradakı məbudun adı verilməsə də, onun qənimət kimi Asura aparılması qeyd olunur. Kuman elbəylərindən yalnız birinin adı bəllidir. O da İluy və ya İluya adını daşıyan X əsrdə asurlara məğlub olmuş elbəydir. Kuman ölkəsində yarımoturaq əhalinin çoxlu mal-heyvan saxlaması da bəllidir. Sinaxxeribin yazısından bəlli olur ki, Kuman bəyliyi VII əsrə qədər müstəqilliyini saxlaya bilmişdir. Asur hücumlarına beş əsr dirəniş göstərə bilən kumanlar asur ekspansiyasına qarşı qonşu bölgələrə də kömək edir. Lakin VII əsrin əvvəlində artıq Kuman bəyliyi dağılır. Görünür, Subar bəyliyindən öncə asurlar Kuman bəyliyini tutub, Asur vilayətinə çevirmişdir. Bu da maraqlıdır ki, qıbçaq (kuman) boylarından biri Atabəylər çağında yenidən bu dağlıq bölgədə müstəqil bir bəylik qurdu. Buradakı türkmənlərə güvənən Arslantaş oğlu qədim Kuman bəyliyinə yaxın olan Mosul bögəsində Şəhrizur qalasını siyasi hakimiyət mərkəzinə çevirdi,lakin az sonra Mosul atabəyi İmadəddin Zəngi (1127-1146) həmin qıpçaq bəyliyini özünə tabe edə bildi. Yeri gəlmişkən, bunu dadiqqətə alaq ki, basırıqlar yanında daşbaba heykəli və balbal qoymaq gələnəyi bir çox türk boylarında vardır, lakin bu heykəllərin sağ əlində kasa, sol əli kəmərdə olan özəl növü kuman-qıpçaq boylarına aid olub onların məskunlaşdığı yerlərdə görünür. Kuman-qıpçaq boyları qədim türk daşbaba gələnəyini türklərin Atayurdundan quzeyə, Qafqaz üzərindən Doğu Avropaya, doğuda Altayacan aparmış, bu gələnək Qıpçaq çölü boyunca yayılmışdır. Bu daşbabaların ən qədim örnəkləri isə hələlik haqqında danışdığımız Kuman bəyliyində (Hakkari), Savalan dağı ətəklərində və Astara, Abşeronda tapılmışdır. Kuman boylarının güclü olduğu çağlarda onların oturduğu bütöv bölgə Kuman ölkəsi adlanmışdır; Marko Polo (1254-1324) Quzey-Qafqazı və Xəzərin quzey-batı yaxalarını Komaniya adlandırmış, əl-İdrisi (XII əsr) Avropanın güney-doğu hissəsindəki bozqırı Qara-Kuman, Ağ-Kuman şəklində iki yerə ayrıldığını qeyd etmişdir. Miladdan öncə Kiçik Asiya və Dəclə yaxasında olduğu kimi, Miladdan sonra da II minilliyin müəyən çağlarında bütöv Qıpçaq Bozqırı, Rumıniya, Macar çölləri Kumaniya, Komaniya kimi tanınmışdır. Kuman, Koman, Kumanova (Kuman-oba) toponimlərinə isə kuman boyunun ayağı dəydiyi Avrasiyanın müxtəlif guşələrində rast gəlmək olur. Kuman bəyliyi dağılandan sonra buradakı kuman boylarının bir bölümü Güney-Anadoluya, xeyli hissəsi isə Azərbaycana köçdü. Sonralar Azərbaycan üzərindən quzey və doğu yönlərə keçmiş, özəlliklə, Doğuya getmiş kuman boyları Göy-Türk, ardınca Uyqur dövlətinin süqutundan sonra başqa boylarla birlikdə batıya üz tutdu. Bu böyük köçün səbəbini XI əsrin tarixçiləri əl-Marvazi və Efesli Matvey belə izah edirlər ki, kai boyu tərəfindən sıxışdırılan sarı boyları türkmən, quz və peçeneq yurdlarına doğru getdilər. Onlar Aralüstü bölgələrdəki qıpçaqlara birləşib İtil çayını keçdilər. Sanki, minillər boyu suvar, saqa, qamər, hun, avar, xəzər, quz, peçeneq atlılarının tapdağına çevrilmiş İtil-Don-Dnepr ovalarında əvvəlki soydaşlarının taleyini yaşamaq qisməti yeni yaranmış sarı (kuman)-qıpçaq boy birliyinin də alın yazısında varmış. Yerlərindən qopub sarı boylarına qoşulan qıpçaqlar böyük qüvvəyə çevrilmiş bu yeni köç dalğasının sanbalını daha da artırdı və bu dalğa artıq XI əsrin ortalarından rus knyazlıqlarına və Avropanın digər güney-doğu ölkələrinə etdiyi akınlarla tarixə düşdü. Səkkiz boy birləşməsindən yaranıb, 150 il buralarda at oynadan peçeneq hegemonluğu da kumanların gəlişilə bitdi. Əlbəttə, bu həmişə olduğu kimi, kumanların türksayağı sadəliyindən bacarıqla istifadə edən Bizansın hiyləsilə gerçəkləşə bildi.
Savaşa 20 minlik ordu çıxara bilən Kuman bəyliyinin təpərli döyüşçüləri vardı. İslamaqədər kuman-qıpçaq əskərləri subarlar kimi döyüşkən xalq kimi tanınmışdı. İbn əl-Əsir yazır ki, 722-ci ildə Mərc əl-Hicarə adlı yerdə ərəb ordusunu məğlub edib, Şam tərəfə qovan xəzərlərə qıpçaq (kuman) döyüşçüləri yardım etmişdi. İslamdan sonrakı çağlarda daha çox muzdlu əskər kimi bu və ya digər ölkənin ordusuna yardım edən kuman boyları hərb sənətində irəli getmişdilər.
Peçeneqlərin Bizansın mərkəzinə soxulmağından qorxuya düşən imperator A. Komnin bütün «xristian dünyasına» müraciət edib kömək dilədi. Lakin onun çağırışına xristianlar deyil, müttəfiqlik və böyük ödənc təklifi almış 40 min kuman atlısı gəldi, peçeneqləri geri oturdub, Bizansı xilas etdi. Ancaq kumanlar öz səhvini döyüş gününün sabahısı başa düşdülər; səhər açılanda gördülər ki, Bizans əskərləri gecə ikən xəlvətcə 30 min peçeneq əsirini qadın və uşaqlarla birlikdə qılıncla doğrayıb. Bu faciəli mənzərəni görən kuman əskərləri nifrətlə oranı tərk etdilər.
Beləliklə, İkiçayarasında Subar eli dağılandan sonrakı minillərdə zaman-zaman islamaqədər subar, az, qaşqay, lulu-qut, bulqar, turuk, saqa, qamər, kumuq və sair türk boyları kimi, kumanlar da müxtəlif yönlərə köçmüş, getdiyi yerlərə İkiçayarasındakı türk onomastikasını və türk gələnəklərini daşımışlar. Avropada üzə çıxan rəsm və qabartmalarda kuman atlılarının arxaya ox atma başarısı qədim türk savaş taktikasını əks etdirdiyi kimi, qədim Kuman bəyliyində (Hakkaridə) tapılan daş heykəllər də Dəclə yaxasından qədim türk daşbaba-daşnənə gələnəyini quzey və doğu ölkələrə aparan boyların əsasən kuman-qıpçaqlar olduğunu göstərir. Belə bəlgələr həm də Urmu teoriyasının gerçək duruma dayandığını sərgiləyir.

Ədəbiyyat siyahısı
Firudin Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədərki tarixi.
(Doqquz Bitik); III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər.
Bakı, 2014, «Ağrıdağ» nəşriyatı, 310 s.

YAZAR: Nurtac Süleymanlı

Həmçin bax: Tuqdamenin türk olması ilə bağlı faktlar
Həmçin bax: https://turaz.org/
Həmçin bax: https://tehsilim.org/