Kral Xuan Karlos Universitetinin professoru: Ermənistanın təxribatı regionda sülhə, sabitliyə və inkişafa əsas təhdiddir
İspaniyanın nüfuzlu “Galicia Digital” internet portalında Kral Xuan Karlos Universitetinin Hüquq və beynəlxalq münasibətlər üzrə professoru Karlos Uriartenin Ermənistanın ölkəmizə qarşı sonuncu hərbi təxribatının kəskin şəkildə qınayan məqaləsi dərc olunub.
AzEdu.az xəbər verir ki, məqalədə 2020-ci il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədini pozmağa cəhd edərək, Azərbaycana qarşı növbəti hərbi təcavüz aktı törətdiyi qeyd olunub.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz zamanı Azərbaycanın mülki əhalisinin yaşadığı kəndlərin məqsədyönlü şəkildə hədəfə alındığı, nəticədə 76 yaşlı azərbaycanlı mülki sakinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi bildirilib.
Məqalədə Ermənistanın beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etdiyi xüsusi olaraq vurğulanıb. Müəllif dərin təəssüf hissi ilə qeyd edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan tərəfindən hələ də icra edilməmişdir.
Professor Karlos Uriatre Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normaları çərçivəsində həll edilməsi ilə razılaşmalı olduğunu diqqətə çatdırıb. Ermənistanın 2016-cı ildə də Azərbaycana qarşı hərbi təxribat törətdiyini qeyd edən K.Uriarte nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsini erməni işğalından azad etdiyini bildirib.
Ermənistanın növbəti hərbi təxribatının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayondan kənarda – Azərbaycanın şimal-qərbindən yerləşən Tovuz rayonu ərazində baş verdiyini qeyd edən müəllif Azərbaycandan Avropaya uzanan neft və qaz boru kəmərlərinin, habelə nəqliyyat dəhlizinin bu regiondan keçdiyini böyük narahatçılıq hissi ilə qeyd edib.
Məqalədə bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı dövrdə Ermənistan tərəfinin təxribata cəhd etməsinin regionda sülhə, sabitliyə və inkişafa əsas təhdid olması vurğulanıb.
Mənbə: azedu.az
Xəbərçi: Çiçək Abbasova