Kövrək narsisizm pozuntusu
Narsisizm pozuntusu öz adını mitoloji hekayədən alan, el arasında özünəvurğunluqla tanınan bir psixoloji pozuntudur. DSM V-ə görə narsisizm erkən yetkinlik dövründən başlayaraq başqalarından üstünlük hissinin ( istər xəyallarda, istərsə də gerçək həyatda) olması, bəyənilmə ehtiyacı və empatiya qura bilməmək şəklində özünü göstərən bir pozuntudur. Bu pozuntunun digər xüsusiyyətləri arasında şəxsin xüsusi bir insan olmasına dair inancı, adi bir tənqid və uğursuzluq qarşısında böyük bir hirs və depressiyaya qapılması, mənlik qavrayışının həssas olması, öz ehtiyacları üçün başqalarını istifadə etməkdən çəkinməməsi və özünə vurğun olması yer alır. Bu şəxslər çox zaman xaricə qarşı öz üstünlüyünü vurğulayan davranış şəkillərini ön plana çıxarsalar da, bu üstünlük qavrayışının digər üzündə aşağı özünü dərketmə dayanır. Yəni, özgüvənin aşağı olması nəticəsində kövrək, alçalmış“Mən” lik duyğusunu yatırmaq üçün xaricə qarşı üst “Mən”lik rolunu oynayırlar. A.Adlerin qeyd etdiyi kimi: “ Hər üstünlük davranışının təməlində alçaldılmış mənlik duyğusu yatır ”.
Cəmiyyətdə, adətən, narsisizmin ən çox qarşılaşdığımız şəkli üstünlük narsisizmidir. Yəni, bir növ mükəmməl şəxsi oynayan insanlar. Bu şəxslərin davranış şəkilləri digər insanlar tərəfindən cəlbedici görünsə də, digər tərəfdən diqqət etmək lazımdır ki, bu şəxslər tərəfindən alçaldılmağa, manipulyasiyaya və dəyərsizləşdirilməyə məruz buraxılmayaq. Çünki bu pozuntuya sahib şəxslər başqalarını öz gözündə və ya cəmiyyət daxilində dəyərsizləşdirərək özdəyərliliyini artırdığına inanırlar.
Narsisizmin bir digər üzü isə kövrək narsisizmdir. Üstünlük narsisizminin tam əksi olaraq bilinir. Üstünlük narsisizminə sahib şəxslər nə qədər ekstravertdirsə, kövrək narsisizmə sahib şəxslər bir o qədər introvertdir. Kövrək narsisizmə sahib şəxslərin xüsusiyyətlərinə nəzər yetirsək görərik ki, bu şəxslərdə həddindən artıq təvazökarlıq, tənqidə qarşı yüksək həssaslıq, narahatlıq, çəkingənlik, davamlı stress halında olma, acı çəkdiyini düşünmə və digər insanlarla münasibətdə özünün üstünlüyünə dair inanc özünü göstərir. Üstünlük inancı üstünlük narsisizmi ilə bənzərlik təşkil etsə də, buradakı əsas fərq bu inancın ifadə edilmə şəklindədir. Kövrək narsisizm pozuntusuna sahib şəxslər Gabbardın deyimi ilə “səssiz üstünlük” yaşayırlar. Tənqidə və ya hər hansı bir şeydə dəyərləndirilməyə yönələn yüksək həssaslıq diqqətin onlara yönəldiyi anlardan qaçmalarına səbəb olur. Bu vəziyyətlərdən qaçmağın altında yatan səbəb isə özlərini inandırdıqları üstünlük inancının sarsılmağını istəmədikləri üçündür. İnsanlarla münasibətlərində hər hansı bir tənqidə məruz qaldıqlarında hiss ettikləri utanc digər insanlara nisbətdə çox yüksək səviyyədə olur. Bu utancı başlanğıcda büruzə verməyib, sanki buna istehza ilə, heç bir şey olmamış kimi yanaşsalar da, daha sonra özlərini daxildə alçaldılmış, boşluqda və hiddətli hiss edərək depressiya yaşaya bilirlər. Kövrək narsisizm yaşayan şəxslərin digər insanlarla münasibətdə göstərdiyi davranış şəkilləri aşağıdakı kimidir :
Passiv-aqresiv münasibət – özdəyərliliyinin təhdid altında olduğunu düşündükləri zaman qeyd ettiyimiz bu münasibətə yönəlirlər. Yəni, qarşısındakı insanı dostlarına və ya işlərinə qarşı təxribata yönləndirmə, zarafat adı ilə lağa qoyma , daima iynələyici sözlər ilə qarşısındakı insanı incitmə, günahlandırma, səssizliyi ilə qarşı tərəfi cəzalandırma və bu kimi fərqli aqressiyalı münasibətlər.
Sosial ünsiyyətdən yayınma – digər narsisizm növlərindən fərqli olaraq kövrək narsisizmə sahib şəxslər içə qapalı olmaları ilə seçilirlər. Bu da onların narsisistik bir güvənsizliyindən irəli gəlir. Onlar hər zaman öz zəifliyinin və özgüvənsizliyinin digər insanlar tərəfindən bilinməsinin qorxusunu yaşayırlar. Çünki zəiflikləri və güvənsizlikləri ilə üzləşmək düşüncələrində yaratdıqları üstünlük inancını sarsacağı üçün mümkün qədər sosial münasibətlərdən qaçırlar.
Kin tutma meyli – bu pozuntuya sahib şəxslər özlərinə qarşı ədalətli davranmadıqlarını hiss ettikləri insanlara qarşı əvvəl reaksiya verməsələr də, sonrakı dövrlər ərzində bunları unutmayıb passiv-aqresiv münasibət və ya imalı davranışlarla qisas almağa çalışırlar. Hətta özlərinin layiq olduğunu düşündükləri yüksək mövqelərə sahib insanlara belə kin bəsləyirlər.
Qısqanclıq münasibəti – onlar başqalarının sahib olduğu üstünlükləri qısqanmaqla bərabər, eyni zamanda, özlərinin üstünlük inancına görə başqa insanların onları qısqandığına inanırlar.
Özünə xidmət edən empatiya münasibəti – bu şəxslərin empatiya qurmaq bacarığı olmadığını qeyd etmişdik, lakin burada qurulan empatiya şəxsin özünə xidmət edir. Başqalarını anlamaq, özünü başqalarının yerinə qoymaq onlar üçün bəyənilmə, təqdir edilmə istəyindən irəli gəlir. Bu sayədə digər insanların gözündə hörmət, etibar sahibi olmaq istəyirlər.
Narsisizmin digər üzü olan kövrək narsisizmlə tanış olduq. Lakin hər birimiz bilməliyik ki, insanların bu pozuntuya sahib olmasının təməlində ən yaxınları tərəfindən dəyərsizləşdirilmələri, təhqirə, şiddətə məruz buraxılmaları və ən önəmlisi, olduğu kimi qəbul olunub sevilməmələri yatır. Anlamalıyıq ki, sevgisizliyin açdığı bu yaraları üstünlük inancı ilə örtməyə çalışmaq onlar üçün də çətin və yorucudur. Buna görə də bu pozuntuya sahib şəxslərə anlayışla yanaşıb psixoloji pozuntunun öhtəsindən gəlmələri üçün onlara kömək göstərməliyik.
YAZAR: Səbinə Rzazadə (Psixoloq)
Həmçinin bax: Yeniyetməlik dövrünün problemləri və onların həll yolu
Həmçinin bax: https://turaz.org/celilabad-sakinleri-qazileri-qarsilayir/
Həmçinin bax: https://tehsilim.org/dovlet-qulluguna-qebul-ucun-sinaq-imtahanina-qeydiyyat/