“Koronavirusdan sonrakı həyat”

İnsan elə varlıqdır ki, daima özünü təhlükəsizlikdə hiss etmək istəyir. Təhlükəsizlikdə olmağın yolu isə təhlükə yarada biləcək səbəbləri yaxşı anlamaq, düzgün proqnoz vermək və bu proqnozlar əsasında önləyici tədbirlər görməkdir. Koronavirusun bütün dünyanı dəyişdirdiyi bu zamanda gələcəyi dəqiq görmək çox əhəmiyyətlidir. Şühbəsiz ki, həyatlarımız sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən olduqca dəyişəcək. Koronavirus minlərlə insanın ölümünə səbəb olsa da, bir çoxları tərəfindən onun iqtisadi tələfatı bioloji tələfatından daha dağıdıcı qiymətləndirilir, tez-tez “yeni dünya” fikri səsləndirilir. Bəs bizi nələr gözləyir?
Pandemiya səbəbindən təhsil ocaqlarının tətil edilməsi ilə şagird və tələbələrin təhsil problemləri gündəmə gəldi. Bu problem təəccüblü olsa da, bir çox cəmiyyət üçün müasir texnologiyalarla ayaqlaşmaq üçün fürsətlər yaratdı. Uzaqdan təhsil alma – distant təhsil Avropa ölkələri kimi bir çox ölkələrdə geniş yayılsa da, bizim kimi inkişaf etməkdə olan ölkələrdə arzuolunan dərəcədə inkişaf etməmişdi. Zənnimcə, bundan sonra distant təhsilə baş vuranların sayında nəzarəçarpacaq qədər artım olacaqdır. Düşünürəm ki, müasir texnologiyadan daha səmərəli istifadə sadəcə təhsildə deyil, iş həyatında da böyük dəyişikliklər yaradacaq. İnternet üzərindən seminar və konfranslar daha da yayılacaqdır. Bu isə iş yönümlü səyahətlərin, yəni işgüzar səyahətlərin sayını azaldacaq ki, bu da sərnişin daşımacılığında öz sözünü deyəcək. Bundan da başqa, koronavirus hamıya göstərdi ki, bir çox insan evdən də işləyə bilər. Bu tendensiyanın artacağı gözləniləndir. Ancaq evlə daha da bağlı passiv həyat tərzi piylənməyə səbəb ola bilər. Onsuzda karantin boyu, demək olar ki, hər kəs müəyyən qədər də olsa, kökəlmişdir. Piylənmənin bərabərində başqa xəstəliklər də gətirəcəyi açıqdır. Çox güclü görünən bu proqroz uzun illərdən bəri piylənməyə qarşı aparılan mübarizəyə böyük zərbə vurdu. Ancaq məsələnin ziddiyyətli tərəfi də mövcuddur. Pandemiya bir çox ölkələrdə mövcud olan qida çatışmazlığı problemini artırdı. İnkişaf etmiş ölkələrdə qida təminatında ciddi bir problem yaşanmasa belə, bir çox ekspertlər uzunmüddətli dövr ərzində qida təminatı ilə bağlı problemlərin ola biləcəyini vurğulayır. Bunun qarşısını almaq üçün ölkələrin qida ixracatını məhdudlaşdıracaqları gözlənilir. Hansı ölkədə piylənmənin, hansı ölkədə aclığın artması isə sözü gedən ölkənin tarazlı iqtisadi gücü, istehsalı, kənd təsərrüfatı və s. kimi faktorlardan asılıdır.
Pandemiyanın şəxsi inkişaf üçün fürsətlər açdığını deyə bilərik. Bir çox insanın təhkim olunduğu işdən azad olaraq boş vaxta sahib olması bir yandan faydalıdır. Bu boş vaxtları kitab oxumaq, dil öyrənmək və ya mövcud bilikləri artırmaq, kompüter bacarıqlarına yiyələnmək, vebinarlarda iştirak etmək, ödənişli və ya ödənişsiz kursları bitirmək, internet üzərindən biznes qurmaq, yemək bişirməyi öyrənmək və s. kimi onlarla faydalı məşğuliyyət ilə dolduranlar karantindən əvvəlki ilə sonrakı bacarıq və düşüncələrində müsbət mənada dəyişiklikləri hiss edəcəklər. Bununla belə, evdən sərbəstcə çıxa bilməmək insanlarda stress yaratdı ki, bu da psixoloji təzyiq əmələ gətirdi. Artan stressin turizmə marağı artıracağı gözlənilsə də, pandemiya ilə əlaqədar olaraq bu tələbatın yaxın zamanda yüksək səviyyədə təmin olunması inandırıcı deyil. Pandemiya turizmə çox ağır zərbə vursa da, film sektoruna öz töhfəsini kifayət qədər verməsi açıqdır. Aparılan araşdırmaya görə, bir çox insan boş vaxtını film izləməklə keçirdir. İnsanlar unutmamalıdır ki, filmlərə həddindən artıq sərf olunan zamanı öz inkişaflarına sərf etməli olduqları zamandan oğurlayırlar.
Evlərində “həbs” olan insanlara yeni məşğulliyyətlərə yiyələnməyə kömək etmək, Azərbaycan mədəniyyətinə yeni əsərlər qazandırmaq üçün çoxsaylı təşkilatlar şeir, mahnı, rəsm, hekayə kimi bir çox müsabiqələr elan edir. Bu cür təqdirəlayiq işlər gələcəyin çox istedadlı sənətkarlarını üzə çıxarda bilər.
Karantin rejimi ilə əlaqədar olaraq kitabxana və muzey qapılarının ziyarətçilərin üzünə qapanması bir çoxlarını məyus etdi. Ancaq bir çox nüfuzlu universitetlərin kitabxanalarını ictimaiyyət ilə bölüşmələrinin bir çoxları üçün ələdüşməz fürsət olduğu dəqiqdir. İnsanların boş vaxtlarını səmərəli keçilmələri adına muzeyləri internet üzərindən gəzmək cəmiyyətlər arasında daha da yayıldı və inanıram ki, çoxları üçün yeni olan belə imkanlardan daha çox istifadə olunmağa başlanacaq.
Süni intellektin həyatımıza yaxın zamandan etibarən daha böyük təsir edəcəyi mütləqdir. Sosial şəbəkələrin və virtual münasibətlərin artması insanlar arasında canlı ünsiyyətə, insani hiss və mənəvi ehtiyaclara zərbə vuracaqdır. Dostluğun, hətta sevginin belə virtual aləmdə yaşanması insanlarda tənhalaşma hissini artıracaqdır. Bu proses inkişaf etmiş ölkələrdə çoxdan müşahidə olunur. Təəssüf ki, bu kimi hallar bizim cəmiyyətimizdə də müşahidə olunur. Bu məsələ cəmiyyət və cəmiyyətin özəyi olan ailə quruluşu üçün təhlükə yaratmaqdadır. Belə problemlərin qarşısını almaq üçün psixoloq, sosioloq kimi bir çox ixtisas sahiblərinə mühüm iş düşür.
Ən çox müzakirə olunan mövzularda biri də koronavirusun siyasi və iqtisadi təsirləridir. Aprel ayından etibarən dünya bazarında neftin həcminin artması neft qiymətlərinin aşağı düşməsinə səbəb oldu. Tezliklə neft qiymətlərinin arzuolunan səviyyəyə qalxması gözlənilmir. İşin digər tərəfi odur ki, koronavirus bütün bəşəriyyətə göstərdi ki, istehlaksız bir dünyada neft belə əhəmiyyətsizdir. Pandemiyanın başlanğıcında ölkələrin bəzisi tamamilə içinə qapanaraq digər ölkələr ilə əlaqələri kəsdi, bəziləri bunu qismən etdi, bəziləri isə bu işi görməyə gecikdi. Ancaq belə bir həqiqət var ki, heç bir ölkənin digər ölkələrdən təcrid olunaraq normal var olması, güclü iqtisadiyyata sahib olması mümkün deyil. Pandemiya ilə əlaqədar olaraq iqtisadiyyatların daralması baş verdi. Karantin rejiminin tətbiqi bir çox müəssisələrin müvəqqəti olaraq bağlanmasına səbəb oldu. Bütün bunlar dünyada sosial təminatla bağlı problemlər yaratdı. Düşünürəm ki, effektiv maliyyələşmənin olmaması milli gəlirlərindən asılı olmayaraq bütün ölkələrdə davamlı xidmətlərin təmin edilməsinə mane olan əsas amildir. Məşğulluqla bağlı problem yaşayan ölkələrdə işsizliklə əlaqədar olaraq sosial problemlərin və cinayətlərin artması gözləniləndir. Pandemiya təkcə ayrı-ayrı ölkələrin iqtisadiyyatlarına deyil, həm də müxtəlif ittifaqda birləşən ölkələrin münasibətlərinə də mənfi təsir göstərdi. Məsələn, İspaniya və İtaliya kimi bir neçə ölkələr onları virusla mübarizədə tək qoyduqları üçün Avropa İttifaqını qınayır. Əlbəttə ki. Avropa İttifaqına aid olan ölkələrin iqtisadiyyatları bir-biriylə əlaqəli və bir-birindən asılıdır. İtaliya və İspaniya Avropa İttifaqından ayrılmasalar belə, yaranan soyuqluq gələcəkdəki problemlərin başlanğıcı ola bilər. Hamıya məlumdur ki, Birləşmiş Krallığın tərkindən sonra Avropa İttifaqı Almaniya mərkəzdir ittifaqdir. İtaliya və İspaniyanın isə Birləşmiş Krallıq kimi edib-etməyəcəyi isə hələlik qaranlıq mövzudur. Bir məsələ aydırdır ki, pandemiyanın bitişindən sonra ölkələrin səhiyyəyə və mövcud infrastrukturun yaxşılaşdırılmasına daha çox diqqət ayıracaqlar. Ölkələr lider kimi gördükləri digər ölkələrdən yardım gözləsələr də, praktikada işlər daha fərqli cərəyan etdi. Bu da gələcək dünyanın formalaşmasında bəzi ölkələr üçün nüfuz azalması, bəziləri üçünsə nüfuz artışına səbəb oldu. Məsələn, koronavirusla mübarizədə Çinin digər ölkələrə ABŞ-dan daha çox yardım etməsi Çinin nüfuzunu artırdı. Bu məsələ gələcək dönəmlərdə çox mühüm siyasi və iqtisadi dəyişikliklərə səbəb ola bilər.
Əvvəllər ABŞ və SSRİ arasında olan soyuq müharibə indi ABŞ və Çin arasında getməkdədir. ABŞ prezidenti D.Trampın koronavirusu “Çin virusu” adlandıraraq Çindən yüklü miqdarda təzminat almaq istəməsi açıqdır. Çin hökuməti isə “Çin virusu” ifadəsini qəti olaraq rədd edir. Çindən təzminat almaq istəyənlərin siyahısının uzun olması ABŞ-ın mövqeyini xeyli gücləndirir. Əlbəttə ki, ABŞ-ın niyyəti çoxşaxəlidir. Çin ABŞ-ın təkcə iqtisadi deyil, həm də ideoloji olaraq ən böyük rəqibidir. Belə ki, ABŞ çox uzun müddətdir ki, liberal düşüncənin, kapitalizmin ən yaxşı yol olduğunu təbliğ edir. Ancaq Çin son onilliklərdə əmrlə idarə olunan inzibati-amirlik sisteminin də doğru idarə olunduğu təqdirdə ən az liberalizm qədər səmərəli olduğunu başda rəqibləri olmaqla bütün dünyaya göstərdi. ABŞ və Avropa ölkələri mülkiyyətlərin özəlləşdirilməsinin tərəfdarı olsalar da, pandemiya dövründə neoliberal iqtisadiyyat şəraitində özəl müəssisələrin təşviqi nəticəsində sağlamlıq xidmətləri haqq olmaqdan daha çox imtiyaz oldu. Çində isə bunun tam əksi olduğundan hələlik Çin idarə üsulu daha effektiv görünür. Bütün bunlar soyuq müharibənin hələ uzun müddət davam edəcəyini göstərir.
Pandemiyanın bir çox sahədə zərərləri olduğu qədər ekoloji cəhətdən faydaları da çoxdur. İstehsalatın tamamilə, yaxud qismən dayandırılması ilə atmosferə zərərli maddələrin buraxılmasında nəzərəçarpacaq dərəcədə azalma baş verdi. Atmosfer özünü sürətlə bərpa etməyə başladı. Dünyanın əksər yerində tətbiq olunan karantin rejimi ilə bağlı olaraq həll olunan tıxac problemi atmosferin təmizlənməsində az rol oynamadı. Şəhərlərin boşalması ilə nəsillərinin kəsildiyi zənn edilən heyvanların şəhərlərə enməsi böyük səs-küyə səbəb oldu.
Nə olursa-olsun, koronavirus insanlara sağlamlığın əhəmiyyətini, yardımlaşmanın vacibliyini və sağlamlığımızın keşiyində duran qəhrəman həkimlərimizin dəyərini xatırlatdı. İnsanlar anladılar ki, həkimlər hər hansı məşhurdan, müğənnidən, aktyordan daha çox hörməyə layiqdir. Mən bu çətin günlərin sonlanmasını, həkimlərin çiyinlərindən ağır yükün qalxmasını və bütün problemlərin tez bir zamanda həll olunmasını arzu edirəm.

Yazar : Sabir Etibar oğlu Əliyev