Köçəryan “xortladı” və Paşinyanın sərsəmləməsinə qarşı çıxdı
Köçəryan “xortladı” və Paşinyanın sərsəmləməsinə qarşı çıxdı
Ermənistanın ikinci prezidenti, Qarabağ klanının liderlərindən biri Robert Köçəryan növbəti dəfə baş nazir Nikol Paşinyana meydan oxuyub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Köçəryan Paşinyanın bu günlərdə Rusiya mediasına müsahibəsində dilə gətirdiyi sərsəm fikrə – “Qarabağ Ermənistandır və nöqtə” sözlərinə qarşı çıxıb. R.Köçəryan deyib ki, o, “Artsax-Ermənistandır və nöqtə” fikrinin nə məna verdiyini başa düşmür. “Yerkir media”, “5-ci kanal” və “Ermənistanın ikinci kanalı”na müsahibəsində eks-prezident sərhəddə baş verənləri şərh edib. N.Paşinyanın ilk dəfə keçən il Xankəndində dilə gətirdiyi bu ifadəyə görə tənqid edən Köçəryan bildirib ki, həmin fikirlər ziddiyyətlidir. Bildirib ki, bu ifadə hakimiyyət üçün uydurma məna kəsb edir.
“Lakin əslində bu, o deməkdir ki, Qarabağ Ermənistanın vilayətidir”-Köçəryan da öz aləmində sərsəmləyib. Ardınca deyib ki, Qarabağ münaqişəsi “bütün tərəfləri” qane edə biləcək variant əsasında həll edilməlidir. R.Köçəryan əvvəlki hakimiyyərin Qarabağ məsələsinin həllinə “xalqların öz müqəddəratını təyinetmə” prinsipilə yanaşdığını xatırladıb. Ardınca xatırladıb ki, bu illər ərzində Azərbaycan daim ərazi bütövlüyü məsəsini önə çəkib. Qarabağ klanının lideri bildirib ki, Ermənistanın yeni milli təhlükəsizlik strategiyasında “Dağlıq Qarabağ Respublikası və Dağlıq Qarabağ xalqı” yox, əhali sözünün olması təsadüfi deyil. R.Köçəryan Azərbaycan prezidentinin imitasiya xarakterli danışıqları davam etdirməyin mənasızlığı barədə fikirlərinə də toxunub. Bildirib ki, danışıqlar istənilən müharibədən yaxşıdır. Eks-prezident deyib ki, danışıqlar prosesinə yenidən qayıtmaq olar.
Qeyd edək ki, Azərbaycan prezidenti hələ ötən il N.Paşinyanın sayıqlamasına cavab olaraq “Qarabağ Azərbacandır və nida” demişdi. İndi R.Köçəryan özünə tərəfdar toplamaq və N.Paşinyanın nüfuzdan düşməsi şəraitində Qarabağ klanının və diasporun dəstəyini qazanıb revanşa başlamaq üçün yenidən baş nazirin mənasız iddiasını xatırladıb. Bununla Qarabağdakı cinayətkar dəstə həmdə Ermənistan klanına müydan oxumuş olur. Kəsəsi, Ermənistandan və Qarabağdan olan cinayətkarlar Azərbaycan torpağının taleyi uğrunda mübarizə aparırlar.Yeri gəlmişkən, bu yaxınlarda üçüncü prezident, Qarabağ klanının digər lideri Serj Sərkisyan da Qarabağda sülənirdi. Hər halda, Rusiyanın Ermənistanda aktivləşməsi, Paşinyan hakimiyyətinin sürətlə nüfuzdan düşməsi fonunda Qarabağdan olan “ölü” siyasətçilərin “xortlaması” təsadüfə bənzəmir.
Mənbə: Musavat.com
Müxbir: Jalə Hüseynova