Kitabi Dədə Qorqud dastanında etnik xarakter
Kitabi Dədə Qorqud dastanında etnik xarakter.
Azərbaycan xalqının islama qədərki psixologiyası, qədim turk təfəkkürü, həyat tərzi, adət-ənənələri barədə
müəyyən məlumat və təsəvvürləri əldə etmək üçün “Kitabi-Dədə Qorqud” qədər fundamental digər bir əsər
tapmaq çətindir. Ona görə də fikirlərimizi onun üzərində qurmaqla kifayətlənəcəyik. Qədim türklər islamdan
qabaq çoxallahlı idilər. Onlar öz qılınclarına and içir, suyla xəbərləşirdilər. “Kitabi-Dədə Qorqud” da başlıca ideyalardan biri əsarətdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üstün tutulmasıdır. Dastanda etibar,
inam, sədaqət, ləyaqət aparıcı, ana xətlərdən birini təşkil edir.Məsələn Beyrəyin nişanlısı sevgilisinin yalnız
dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: “Erkək sinəyi (milçəyi) üzərimə qondurmaram”.deyir.
“Kitabi-Dədə Qorqud” da ən çox diqqəti cəlb edən azadlılıq, azad fikirlilik, qadın və kişinin bərabərliyi,
qadının uca, yüksək tutulmasıdır.Dastanın dili şirin, obrazlıdır. “Kitabi-Dədə Qorqud” da insanın ölümə
qarşı üsyanı, tale qarşısında acizliyi, yalnız məhəbbətin ölümə qalib gəlməsi motivi də güclüdür.Dəli Domrul
Əzrayılı tanımaq istəmir. Onunla mərdi-mərdanə vuruşur. Amma Əzrayıl hiyləyə əl atıb Domrulun sinəsinə
çökəndə, igid aman diləyir. Əzrayıl: Mənə nə yalvarırsan, Allah-təalaya yalvar deyir. Dəli Domrul əlüstü bəs onda
sən nə qadasan?- deyir, – Sən çix aradan, Allahla mən özüm danışacam kimi dialoqlar dastanda yer alır.
Dastanda insani münasibətlər, ata-oğul münasibəti çox mühüm bir mövzudur. Qırx namərdin hiyləsiylə Dirsə
xan oğlu Buğacı yaralayır. Sonra Dirsə xan o xainlərin əsiri olur. Buğacın anası oğluna: “Atan sənə qıydı, sən ona qıyma” – deyir.
“Kitabi-Dədə Qordudda” da tərbiyə nümunəsi ön plana çəkilir. Əsir düşən Uruz özünü kişi kimi mərdanə aparır. Ətinin qıyma-qıyma doğranıb qovurma ediləcəyini, qirx qıza veriləcəyini, kim yeməsə Burla xatun olduğunun biləcəklərindən anasına deyir:“Onlar bir yeyəndə sən iki ye, səni kafirlər bilməsinlər, duymasınlar. Atam Qazanın namusunu sındırmayasan. Saqın”.
Qeyrət, cəngəvarərlik Oğuz eli üçün vacib sayılıb. Hansı hərəkətlərininsə baş qaxıncı olmasındansa Oğuz igidi
üçün ölüm daha şərəfli idi. Oğuzlar öz mənliklərini, şəxsiyyətlərini, ləyaqətlərinin hər yerdə-düşmənlə döyüşdə, əsirlikdə, öz padşahlarının hüzurunda eyni şərəflə qoruyurlar. Mərdlik, məğrurluq, qeyrət eynilə qıza-qadına da
xas olub. Ərləriylə, nişanlıları ilə bir meydanda döyüşən qadınlar eyni zamanda onların qürurunu sındırmamağa, kişilərin yanında qürrələnməməyə çalışıblar.Dədə Qorduq dünyasının əxlaq qaydaları, mərdlik, namus, ləyaqət,
şərəf, nəciblik anlayışları azərbaycanlı psixologiyasının, xarakterinin təməlidir. Zaman-zaman dəyişən, zənginləşən, bəziləri itib-batan bir çox keyfiyyətlər əsasən sabit qalmış, bu günümüzədək gəlib çıxa bilmişdir. Dastanın sonunda Daş və İç Oğuzlar düşmən kəsilir. Belə faciəli sonluq Oğuz dünyasının faciəsi, dağılmasıdır.Və beləliklə, Oğuz-türk dünyasının birinci dövrü başa çatır. Azərbaycana müsəlman-islam dini gəlir. Bu təbii bir proses idi, bundan
qaçmaq mümkün deyildi. Islam dini azərbaycanlı psixologiyasını dəyişdirdi. Müsbəti, mənfisiylə, xeyri-şəriylə, yaxşısı-pisiylə dəyişdirdi.Lakin ikinci dövr asanlıqla, birdən-birə yaranmadı. Uzun əsrlər boyu paralel yaşadı.
Elə bugünkü günümüzdə də bu paralelliyin bir çox cəhətləri davam edir: adət-ənənəmizdə, andımızda,
xarakterimizdə hələdə bunları görmək olar.
“Kitabi-Dədə Qorqud” xalqa qəhrəman keçmişini, rəşadətli igidlərini, şərəfli tarixini söyləməklə onu mənən ucaltmağa, oyanmağa çağırır. Göstərir ki, düşmənə dinc vasitələrlə təslim olmaq, tarixini unutmaq, öz adını atıb,
yad adları tutmaq qəbahətdir.Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və inkişaf etmək üçün yalnız özünü sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır.
Yəni etnos və ya xalq kim olduğunu, özünü nə zaman və necə dərk etdiyini hansı mənəvi – psixoloji keyfiyyətlərə,
adət – ənənələrə, stereotip və yönümlərə malik olduğunu , necə tərəqqi etdiyini tarix boyu nə kimi psixoloji dəyişikliklərə məruz qaldığını da yaxşı bilməlidir. Bu isə xalqın etnik-psixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan , onu ətraflı öyrənmədən mümkün deyildir. Odur ki, xalqın etnik – psixoloji xüsusiyyətlərinin
köklərini araşdırmaq üçün həmin xalqın etnogenezinə , xüsusən də etnik – psixoloji tarixinə orada baş verən etnik proseslərə xüsusi diqqət yetirilməlidir. Nəzərə almaq lazımıdır ki, xalqa məxsus etnik psixoloji xüsusiyyətlərin məcmusu , təmərküzləşmiş formaları , ilk növbədə həmin xalqın folklor və bədii ədəbiyyat materiallarında “maddiləşir”. Odur ki, xalqın ümumi etnik simasını, etnik xarakterini, digər etnik-psixoloji xüsusiyyətlərini ilk növbədə etnosun özünüdərketməsinin xüsusiyyətlərini araşdırmaq üçün yazılı abidələr, folklor materiallar xüsusi əhəmiyyət kəsb edir.
Yazılı abidələrin psixoloji təhlili xalqın etnik – psixoloji xüsusiyyətlərinin təşəkkül prosesini izləməyə imkan verir. Bu cəhətdən xalqımızın qədim tarixə malik olan “Kitabi –Dədə Qorqud” dastanları çox zəngindir. Çünki hər hansı bir xalqın mifologiyasına, folkloruna, sənət yaradıcılığına dair dəqiq tarixi məlumatlar verən yazılı qaynaqların mövcudluğu həmin xalqın etnik tarixinin , təfəkkür tərzinin, adət-ənənələrinin inkişaf mərhələlərinin öyrənilməsini olduqca asanlaşdırır.
Bu cəhətdən “Kitabi Dədə Qərqud” dastanları zəngin materiallar verir. Həmin etnosda Azərbaycan xalqının əcdadlarına məxsus etnik xarakter əlamətləri , stereotip və yönümlər, hisslər , davranış tərzi , adət – ənənələr və sair olduqca canlı şəkildə öz əksini tapmışdır. Bu qəbildən olan materiallar xalqımızın özünü düzgün dərk etməsinə kömək edir.Ikincisi , başqa etnosları , xüsusən də yaxın qonşuları yaxşı tanımağa yardım edir.
Etnik-psixolji xüsusiyyətlər içərisində adət və ənənələrin öz yeri var , yəni onlar insanların psixologiyasında möhkəmlənərək nəsildən nəslə keçir.
Bu və ya digər xalqa məxsus etnik-psixoloji xüsusiyyətlər daha baris şəkildə ilk növbədə məhz adət-ənənələrdə əks olunur.Oğuzların fəaliyyət və davranışlarının idarə olunmasında adət-ənənələr xüsusi rol oynayır… Məsələn Bayandır xanın ildə bir dəfə ümumel ziyafətinin təşkil etməsi , Salur Qazanın yenə ildə bir dəfə evini yağmalatması , yəni var-dövlətini xalq arasında bölüşdürməsi oğuzların çox qədim tarixi keçmişi olan ənənələridir. Bu həm onların əjdadlarının xatirəsinə ehtiramla yanaşdıqlarını bildirib , həm də tayfadaxili münasibətləri nizamlayır.Oğuzların evlənmə adət-ənənələrində cox zəngindir.
Bir oğuz igidi evlənərkən ilk növbədə qıza elci göndərilir. Bu işə ata-ana və müdrik şəxslər başcılıq edir. Ancaq qızın razılığı da olmalıdır. Oğlanın igidliyi ilə bərabər qızın igidliyi də nəzərə alınır. Məsələn Bamsı Beyrək ilə Banucicəyin yarışı parlaq misal ola bilər. Toy günü oğlan və qız qırmızı qaftan, paltar geyinirlər.
Oğlan ox atır və oxunun düşdüyü yerdə yeni evlənənlər ücün cadır-otaq tikirlər. Oğlanın atası yeni evlənən oğlu ücün ayrıca ev, var-dövlət verir. Beləliklə, oğlu ayrıca ev olmaqla atasının himayəsindən cıxıb cəmiyyətin müstəqil, tam hüquqlu üzvünə cevrilir. Buna görə də oğuzlarda yeni ailə qurmağa, “ evlənmək” demişlər. Oğuzların adət-ənənələri qadınlara münasibətdə öz əksini tapmışdır. Oğuzlar ən qədim dini inanclarının izini qoruyub saxlasalar da müsəlmandırlar. Buna baxmayaraq qadınlar çadraya bürünməmişlər, cəmiyyətdə xüsusi mövqeyə malik olmuşlardır. Onlar da at minir, silah işlədir və döyüşə gedirlər.
Qadın –kişi münasibətləri qarşılıqlı ehtirama əsaslanır. Qadın öz ərinin yardımçısı, mənəvi dayağıdır olurdu. “Dədə Qorqud” dastanlarında oğuzların yas ənənənələri də öz əksini tapmışdır. Oğuzlarda matəm əlaməti olaraq ağı cıxarıb qara geyinir, yaxalarını və üzlərini yırtirlar. Kişilər çalmalarını yerə vururdular. Etnik (milli) psixologiyanın emosional sahəsini etnik hisslər təşkil edir. Hər hansı bir etnik birliyin həyatında (istər daxili, istərsə də etnoslar arası)
baş verən bütün hadisələr həmin etnik birlik üzvlərinin kəskin emosional münasibətləri ilə müşayət olunur. Milli hisslərin əsasını maddi və mənəvi təlabatlar təşkil edir. Mənəvi təlabatlar, əxlaqi sərvətlə bağlı daha sabit və davamlı olur. Mənəvi gözəlliyə böyük üstünlük verirlər. Mərdliyi, əliacıqlığı, dönə-dönə məth edir, öyürlər. onlarda \yalançılığa, qorxaqlığa, böhtana qarşı nifrət böyükdür. Oğuzlarda yüksək əxlaqi hisslər icərisində vətənpərvərlik
və milli qürur xüsusi yer tuturdu. Onlarda qürur hissi etnik özünüdərketmə ,ilə çox sıx qarşılıqlı əlaqədədir. Eyni zamanda etnik özünüdərketmənin səviyyəsi etnik şüurun inkişaf səviyyəsi ilə müəyyənləşir.
Oğuzların vətənpərvərlik, yurda, doğma ocağa bağlılıq hissləri güclüdür. Oğuzlar etnik mənsubiyyətini dərk edir, bunu qiymətləndirir və öz ləyaqətlərini çox uca tutur, oğuz olduqları üçün fəxr edirdilər. Bunun parlaq timsalını
Salur Qazanın əsirlikdəki davranış və hərəkətlərində görmək olar.Salur Qazanın ümumxalq ləyaqəti, ümumxalq
qürur hissi o qədər güclü olur ki, öz vətəninin, xalqının əleyhinə deyilmiş ”adi” sözü də bağışlamır, nəinki, düşmənlərinə, öz ölümünə də meydan oxuyur. Bu hisslərin parlaq təzahürünü Qaraca Çobanın timsalında da müşahidə olunur. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, oğuzların vətənpərvərlik hissi bizim indi düşündüyümüz “millət” anlayışı səviyyəsinə yüksəlməmiş və oğuzlar indiki mənada “Vətən,” “Ölkə” katiqoriyası
ilə düşünməmişdilər. onlarda “tayfa”, “xalq” anlayışı hökm sürüdü.
Beləliklə,dastanın ümumi məzmunundan və faktlarından qəti bir nəticə çıxır ki,oğuz elinin insanları digər dil və
dini mənsubluğa malik olan insanlara heç bir fərq qoymayıb,humanist düşüncə,həyat tərzi və dünyagörüşünə
malik olublar.Oğuzlar xeyirxah,çətin vəziyyətdə olan insanlara kömək edən,torpaqlarını düşmənlərdən qoruyan, adət-ənənələrinə bağlı olan,mərd,cəsur bir etnik milli-mədəni varlıq kimi özlərini təcəssüm etdiriblər.Bütün bu tədqiqatların işığında qeyd edə bilərik ki,həm qədim dövrümüzün azərbaycançılıq və multikulturalizm dəyərlərini özündə birləşdirən “Kitabi-Dədə Qorqud”dastanını Azərbaycan xalqının tərcüməyi -halı adlandırmaq olar.
Yazar: Xəlilova Mədinə
Həmiçinin bax: Albaniya adının etimologiyası
Həmiçinin bax: tehsilim.org/qarabagin-meshur-muellimleri-suleyman-sani-axundov/