Kino və ədəbiyyatın bağlılığı

İncəsənət insan hislərini təsvir edən vasitədir. İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında, səs obrazlarında, sözdə, həmçinin incəsənətin müəyyən növlərində sintez ilə müəyyən olunur.

İncəsənətin  sintez növü sayılan kino sənəti özündə dramaturgiya, dil, rəngkarlıq və plastika, musiqi elementləri, aktyor oyunu birləşdirsə də, nə ədəbiyyatı, nə teatrı, nə rəssamlığı, nə də musiqini təkarlamır, əvəz etmir. Onların təcrübəsini ekran yaradıcılığının xüsusiyyətlərinə müvafiq olaraq işləyib hazırlayır. Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino daha çox bəşəriyyətin diqqətini çəkdi. İncəsənətin ən kütləvi növü olmaqla elm və siyasi təbliğatın da mühüm vasitəsidir.

Bədii ədəbiyyatın incəsənət növləri arasında öz xüsusi yeri və çəkisi var. Bu səbəbsiz deyil. Çünki ədəbiyyat incəsənətin  inkişafına çox böyük təsir göstərir, onu möhkəmlədir və stimullaşdırır. Deməli ədəbiyyatın kino sənəti ilə əlaqəsi olduğunu söyləmək danılmazdır. Belə bir fikir söyləyirlər ki, ekran səhnədən daha çox kitabdır. Çünki kino sənəti özündə bədii əsəri yaşadır.

Bilirik ki, dünya kinosu yeni yarananda ekrana çıxan  ilk kino-lentlər qısametrajlı, kiçik süjetlər üstündə qurulurdu. Hələ Lümer qardaşlarının nümayiş etdirdiyi ilk lentlərin süjetlərinin əsasında dramaturgiya dayanırdı. Dünya kinosu yaranan gündən ədəbiyyatla yola çıxıb.

Kinematoqrafiya hələ səssiz dövründə bir çox keyfiyyətləri ədəbiyyatdan öyrənmişdi, dramaturgiyadan və nəsrdən bəhrələnmişdi. Səsli kino yaranandan sonra kinematoqrafiyanın ədəbiyyatdan bəhrələnmək imkanı daha da artdı, kinematoqrafiya ədəbiyyatın hesabına öz ifadə vasitələrini daha da genişləndirdi.

Elə əsərlər ki,  bugünün vacib və mühüm məsələlərini ekran vasitəsilə bütün dünyaya çatdıra bilməlidir. Məhz belə əsərlər kino ustalarına ekranlaşdırmaq səlahiyyəti verir. Kinematoqraf düşünən sənət olmuşdur. O, tamaşaçını ciddi prolemlərə doğru aparır, həyəcanlanmağa, düşünməyə çağırır.

Ədəbiyyat – təxəyyül gücünə başdan yaradılan, kino isə dolayısı ilə – var olan mətni, ssenarini şəkilləndirən sənət növüdür. İncəsənət sahələri arasında kino sənətini ən gənc hesab etmək olar və özündən öncəki sənət növlərilə bu və ya digər dərəcədə əlaqədədir, amma ən çox ədəbiyyatla əlaqəsinin olduğu deyilir. Bununla yanaşı, kinonun ən çox qarşı-qarşıya qoyulduğu sahə də məhz ədəbiyyatdır. Müasir dövrdə “kitab, yoxsa film?” sualı qoyanlar bir az da süni qayğıkeşliklə həyəcan təbili çalır və kitabın filmə uduzduğunu təəssüflə qeyd edirlər.

Yazar: Cəmilə Mehtiyeva

Həmçinin bax Anqlo-sakslar və qədim ingilis ədəbiyyatı
https://turaz.org/sumqayit-reabilitasiya-merkezi-gelen-ay-istifadeye-verile-biler/