kimya mühəndisləri nə edir?

Kimya mühəndisləri nə edir?

Kimya mühəndisləri kimyanın əsasları, fizika, biologiya və riyaziyyatdan istifadə edərək kimyəvi prosesləri inkişaf etdirir və ya onları dizayn edirlər. Daha kiçik və sürətli kompüter çiplərinin inkişafından tutmuş suyu təmizləməyə, xəstəlikləri müalicə etməyə, enerji yaratmağa, qida məhsullarını istehsal etməyə qədər kimya mühəndislərinin təsirini görə bilərsiniz. Kimya mühəndisləri xam maddələri daha faydalı məhsullara çevirirlər. Kimya mühəndisləri xərcləri minumuma endirərkən məhsuldarlığı və məhsulun keyfiyyətini artırırlar.

Kimya mühəndisliyi hər şeyə toxunur.

Kimya mühəndisləri demək olar ki, hər sahədə işləyir və sənaye miqyasında istehsal olunan məhsulların bir çoxuna təsir göstərirlər. Kimya mühəndisləri tərəfindən təsir görən bütün məhsulları saysam çox böyük bir list yaranardı ancaq onların hansı sahələrdə işlədiyini bilmək kimya mühəndislərinin nə etdiyi ilə bağlı sizə bir ideya verə bilər. Kimya mühəndisləri üçün karyera seçimləri boldur.

  1. Biotexnologiya və Dərman Sənayesi

Bu sahədə siz enzimləri və mikroorqanizmləri istifadə edərək yeni dərmanlar yarada bilərsiniz.

  1. Ətraf mühit sahəsində

Bu sahədə siz havaya, suya və torpağa atılan çirkləndiricilərin həcmini azalda bilərsiniz. Havaya zərərli maddələr buraxan zavodlar barədə düşünün. Siz onları havaya daha az zəhərləyici substansiya buraxacaq şəkildə dizayn edə bilərsiniz.

  1. Qida emalı

Siz qida emalı sahəsində işləyərək xam maddələri hazır qidalara çevirə bilərsiniz.

  1. Neft sənayesi

Siz neft sahəsində işləyərək yerdən çıxarılan xam nefti dizelə, qazolinə və başqa maddələrə çevirə bilərsiniz.

Kimya mühəndislərinin gördüyü işlərə aiddir:

  • Sağlamlıq, təhlükəsizlik və ekoloji qaydalara uyğunluğu təmin etmək
  • Təkmilləşdirilmiş istehsal prosesləri barədə tədqiqatların aparılması
  • Avadanlıqların dizaynı və yerləşdirilməsi
  • İstehsal proseslərinin monitorinqi və optimallaşdırılması
  • İstehsal xərclərini hesablamaq

Təhsil

Kimya mühəndisi olmaq üçün kimya mühəndisliyi sahəsində ən az bakalavr dərəcəsi tələb olunur. Kimya mühəndisləri problemləri etibarlı və iqtisadi cəhətdən münasib yolla aradan qaldırmaq üçün riyaziyyat və xüsusən kimya haqqında biliklərinə güvənirlər. Təbii ki, hər hansı bir problemi həll etmək üçün mühəndislik bilikləri də vacibdir. Kimya mühəndislərinin tədris proqramı kimyaçıların tədris proqramına bənzəsə də onlar əlavə olaraq istilik ötürülməsi, termodinamika, maye dinamikası, proses dizaynı və elektronika sahələrində mühəndislik dərsləri alırlar. Sinifdə bir çox nəzəriyyə öyrənsələr də, kimya mühəndisliyinin həqiqi dünyadakı tətbiqi barədəki biliklərin çoxunu iş yerində əldə edirlər, buna görə də təcrübə proqramları və yay məktəbləri kimya mühəndisliyi tələbələri üçün vacibdir.

 

Yazar: Fidan Cəbrayılova