Kiçik məktəbli şəxsiyyətinin inkişafı

İnsan daim inkişafda olan və bir hissəsi daim doyumsuz qalmış bir varlıqdır. Həmçinin insanın müxtəlif yaş mərhələləri vardır. Bu mərhələlərdə insanlar psixoloji cəhətdən müxtəlif cür inkişaf edir və şəxsiyyətə çevrilirlər. Buraya kiçik məktəblilər qrupuna daxil olan uşaqlar da aiddir. İlk öncə insanın psixi yaş dövrlərinə nəzər salaq:
1) Çağalıq dövrü – uşaq anadan olandan 1 yaşadək olan dövrü əhatə edir.
2) Körpəlik dövrü – 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir.
3) Məktəbəqədər yaş dövrü -3 yaşdan 6 yaşa qədər olan dövrü əhatə edir.
4) Kiçik məktəb yaşı dövrü – 6 yaşdan 10 yaşadək olan dövrü əhatə edir.
5) Yeniyetməlik yaşı dövrü – 10-15 yaş aralığını əhatə edir.
6) Gənclik yaş dövrü – 15-25 yaş dövrünü əhatə edir.
7) Yetkinlik yaşı dövrü – 25 yaşdan 60 yaşadək olan dövrü əhatə edir.
8) Yaşlı adam – 60 yaşdan 70 yaşadək.
9) Qocalıq isə 75-90 yaş aralığını əhatə edir.
10) Uzunömürlülük – 90 yaşdan daha çox olan ömürü əhatə edir.

İndi isə kiçik məktəbli və onun şəxsiyyətinin inkişafına təsir edən amillər haqqında olanları öyrənək. Bu yaş dövrü qeyd etdiyimiz kimi 6-10 yaş mərhələsini əhatə edir.
Məktəbə daxil olmuş şagird bir sıra onu narahat edən problemlərlə qarşı-qarşıya gəlir. O, artıq məktəbəqədər  müddətdə olduğu kimi davranmamalıdır. Şagirdlər üçün nəzərdə tutulmuş qaydalara əməl etməli, həmişə zəngdə sinifə vaxtında daxil olub vaxtında çıxmalı, dərsdə sakit oturmalı, dərs zamanı sinifdən çıxanda və ya sinifə daxil olanda müəllimdən icazə almalı, müəllimlərin tələb və göstərişlərini yerinə yetirməlidir. Bu yaş mərhələsində uşağın ünsiyyət sahəsi genişlənir. O, müəllimləri və həmyaşıdları ilə ünsiyyətə girməli olur. Bu dövrdə müəllim şagirdin nüfuz sahəsinə çevrilir.

Məktəbəqədər yaş dövründə psixoloji hazırlığı zəif olan uşaqlar məktəbdə bir sıra çətinliklərlə qarşılaşırlar. Bunun nəticəsində də, məktəb həyatı bu cür uşaqlara cansıxıcı gəlir. Yaranmış bu cür çətinliklərin aradan qaldırılması və uşağın öz həyat tərzində, eləcə də münasibətində dəyişiklik edilməsində müəllimin üzərinə xüsusi ciddi bir vəzifə düşür. Məktəbdə müəllimlərin uşaqlara verdiyi suallar onları düşünməyə vadar edir və onlar ev tapşırıqlarını da valideynin tələbi ilə etdiyi zaman asanlıqla yorulurlar. Birinci və ikinci sinif şagirdlərinin qavrayışları səthi, fərqləndirici və kəskin emosionallığı ilə fərqlənir. Bu zaman onlar cisim və hadisələrdə özlərinə önəmli olanı qavramağa üstünlük verirlər. Xarici əlamətlərə görə qavrama ön planda olur. Dövrün ən önəmli tezisi təlimdir. Bu dövrdə danışıq qabiliyyəti və lüğət inkişaf etmiş olur. Onlar üçün zaman,məkan və rəqəm anlayışları aydınlıq tapmağa başlayır. Xəyal və gerçəklik daha asan fərqlənir. Bu yaşdakı uşaqlara danışmaq və təkrarlamaq daha maraqlıdır. Yazmaqla isə o qədər də araları yoxdur. Yeni nəsə öyrənmək, bacarıq qazanmaq, üstünlük göstərmək istəyirlər. Öyünməyi sevirlər. Yoldaşları arasında fərqlənmək istəyirlər. Bu dövrdə oğlanlar və qızlar oyun prosesinə birgə qatılsalar da, ən yaxın dostlarını öz cinslərindən seçirlər. Bu yaşdakı qızlar və oğlanlar üz-üzə qalsalarda da, aralarında fikir ayrılıqları nəzərə çarpmağa başlayır. Dost seçimində diqqətli olmağa başlayırlar. Özlərinə bir yaxud da iki dost seçirlər. Onlarla daha yaxın olmağa başlayırlar. Sirlərini hər kəsə deyil, yaxşı sirr saxlayana verirlər. Kiçik yaşlı məktəblilər müxtəlif müqayisələr edir, ümumumiləşdirmələr aparır və nəticə çıxarırlar. Lakin bilik ehtiyatları və təcrübələri az olduğuna görə təfəkkür elə də yüksək səviyyədə deyildir. Bu dövrdə evdən kənar oyunların böyük əhəmiyyəti var. Uşaqlar, xüsusilə hərəkət və fəaliyyət tələb edən oyunlardan və əyləncələrdən həzz alırlar. Yeni bədən bacarıqları qazanmaq onlar üçün xüsusilə vacib bir amilə çevrilir. Hətta dostları ilə müxtəlif rəqabətlər belə aparırlar. Kiçik qrup oyunlarını çox sevirlər. Bu zaman qaydaları pozmamaq və ya yalnız özləri dəyişdirmək kimi eqosentrik bir yanaşmaya sahibdirlər. Kiçik məktəbli dövrünə məxsus uşaqlar tənqidə olduqca həssasdırlar. Müəllim həyatlarında vacib insanlar sırasındadır. Özünü məhsuldar və yaxud da əksinə, bacarıqsız hiss etmə məhz bu dövrdədir. Həmçinin bu yaşda uşaqlar daha tez motivasiya olurlar. Amma bu motivasiya uzunmüddətli olmur.
Qızlarda qadınlıq, oğlanlarda kişilik hissi özünü açıq-aşkar göstərir. Valideynlərinə cinsi ayrıseçkiliklə bağlı məsələlərdə suallar verməkdə çətinlik çəkirlər. Artıq ayrı-ayrı cinsin nümayəndələri olduqlarını heç bir təsir olmadan görürlər. Oyun zamanı əks-cinsə daha çox diqqət yetirirlər.

YAZAR: Tural Rəhimov

Həmçinin bax: Uşağın məktəb təliminə psixoloji hazırlığı

Həmçinin bax: turaz.org/ermenilerin-qarabagda-daha-bir-vehsiliyi-video/

Həmçinin bax: tehsilim.org/mekteblerde-distant-tehsil/