Kəlbəcər-Laçın iqtisadi rayonunun turizm potensialı

Kəlbəcər-Laçın iqtisadi rayonu Azərbaycanın cənub-qərbində yerləşir. Siyasi-iqtisadi və tarixi əhəmiyyəti böyükdür. Tərkibinə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları daxildir. Qərbdən Ermənistan, cənubdan İran İslam Respublikası ilə həmsərhəd olduğu üçün coğrafi mövqeyinə görə respublikanın ən əlverişsiz bölgəsinə çevrilmişdir. Əsasən, Kəlbəcər və Laçında kürd məskənləri vardır. Əlverişli təbii şəraiti və zəngin ehtiyatları, bol günəş istisi, yaxşı su təminatı, müxtəlif mineral xammalları turizm təsərrüfatının inkişafı üçün əlverişli sayılır. Kəlbəcər-Laçın iqtisadi rayonu müxtəlif mineral-xammal ehtiyatları ilə də zəngin bir rayondur. Ermənistanın təcavüzü nəticəsində Kəlbəcər-Laçın rayonunda təsərrüfat sahələrinin fəaliyyəti dondurulmuş vəziyyətdədir.

Rayonun təbii şəraitində dağlıq landşaft üstünlük təşkil edir. İqtisadi rayonun dağlıq zonası, əsasən, Kəlbəcər və Laçın rayonlarını əhatə etdiyi halda, Zəngilan və Qubadlı rayonları ərazilərində düzən və dağətəyi sahələr yayılmışdır. İqtisadi rayon ərazisində İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər.

Kəlbəcər-Laçın iqtisadi rayonunda hidroqrafik şəbəkə inkişaf etmişdir. Rayonun Araza tökülən ən iri çayları Həkəri, Oxçuçay, Tərtər və başqalarıdır. Azərbaycanda yeganə olan vulkan mənşəli göllər Laçın və Kəlbəcər rayonları ərazisində yerləşir. Bunlar Böyük və Kiçik Alagöllər, Qaragöldür ki, bunların da turizm-rekreasiya sərvəti kimi əhəmiyyəti böyükdür.

İqtisadi rayon mineral su ehtiyatları ilə zəngindir. Qarabağ vulkanik yaylasında toplanan mineral su ehtiyatları kimyəvi tərkibinin müxtəlifliyinə görə fərqlənir. Azərbaycanda olan mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşür. Mineral su mənbələrinin iri yataqları olan Yuxarı və Aşağı İstisu, Turxun, Keşdək, Qoturlu (Kəlbəcər), Minkənd soyuq su tipli mineral bulağı (Laçın) və s. müalicəvi əhəmiyyətə malikdir. Bu bulaqların potensial ehtiyatı, yerləşdiyi ərazinin təbiətinin cəlbediciliyi kurort-müalicə kompleksinin yaradılması üçün əlverişli təbii amillərdir.

İqtisadi rayonun landşaftında alp və subalp çəmənlikləri, meşələr üstünlük təşkil edir. Nadir ağacları olan meşələrin sahəsi 92 min hektardır (respublika meşələrinin 9%-i). Bunun 72%-i Kəlbəcər və Laçın inzibati rayonlarında yerləşən turizm-rekreasiya əhəmiyyətli dağ meşələridir.

Kəlbəcər-Laçın bölgəsi tarixi-mədəni abidələrlə zəngindir. Dünya əhəmiyyətli memarlıq abidələrinə Kəlbəcər rayonunda Gəncəbasar monastrı (XIII əsr), Tərtər çayının sahilində Xudavəng monastrı (XIII-XVII əsrlər) aid edilir. Bölgədə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinə Kəlbəcərin Çıldıran, Qarnakar, Qocaqot kəndlərində alban məbədləri, ilk və orta tunc dövrünə aid yaşayış yerləri, Qubadlı rayonunun Əliquluuşağı kəndində Göyqala (V əsr), Mağara məbədi, Balalıəsənli kəndində sığınacaqlar (IV əsr), Laçın rayonunda Cicimli kəndində türbələr (XIV və XVIII əsrlər), kurqanlar (Dəmir dövrü), Qoçaz kəndində Mağara məbədi (V əsr), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalası (XII əsr), Məmmədbəyli kəndində səkkizguşəli türbə (XIV əsr) aid edilir. Kəlbəcər-Laçın bölgəsində həmçinin yerli əhəmiyyətli tarixi-mədəni abidələr də çoxdur (məscid, məqbərə, qədim yaşayış yerləri və s.).

Yuxarıda qeyd olunan ərazi və abidələrin hamısı bizimdir. Ulu əcdadlardan bizə mirasdır. Müqəddəs əmanətə sahib çıxacaq, işğal altında olan bütün əraziləri azad edəcək, torpaqlarımızı üçrəngli bayrağımızın kölgəsində birləşdirəcəyik. Bu bizim şəhidlərimizə və əcdadlarımıza borcumuzdur. Bizim olan bizimdir, Qarabağ Azərbaycandır!!!

YAZAR: Sabir Etibarlı

Həmçinin bax:  Rusiya tərəfindən ermənilərə “hədiyyə” edilən ərazilərimiz

Həmçinin bax: https://turaz.org/kreml-ucuncu-olkelerin-dagliq-qarabag-nizamlanmasina-celb-olunmasi-yalniz-azerbaijan-ve-ermenistanin-raziligi-ile-mumkundur/

Həmçinin bax: https://tehsilim.org/dovlet-qullugunda-inzibati-rehber-a-novu-vezifeler-uzre-musabiqenin-test-imtahanina-qeydiyyat-basa-catir/