KATARAKTA NƏDİR?

KATARAKTA NƏDİR?

   Katarakta – göz xəstəlikləri arasında ən yayılmış xəstəlikdir. Katarakta el arasında – mirvari suyu kimi tanınan,  göz büllurun şəffaflığının pozulmasıdır.

Göz bülluru görmə prosesində əsas rollardan birini oynayır. Göz bülluru işığı tor qişasında fokusa yığır, tor qişası isə bu işığı sinir impulslarına çevirir. Beyin bu impulsları alaraq onları görmə surətlərinə çevirir.

Göz bülluru kiçik linzaya bənzəyir. Cavan insanlarda göz bülluru şəffaf və elastikdir, öz əyriliyini asan dəyişir və bu səbəbdən cavan insanlar həm yaxını, həm də uzağı yaxşı görür. İnsan yaşlaşdıqca onun orqanizmində qocalma prosesləri artır. Bu proseslər, təbii ki, gözlərə də toxunur. Göz bülluru öz şəffaflığını, elastikliyini itirir, bulanıq olur. Göz büllurun tam və ya qismən bulanması “katarakta” adlandırılır.

Göz bülluru bulanması işığın gözün içinə düşməsinə mane olur ki, nəticədə görmədə müxtəlif pozulmalar inkişaf edir – görmə pisləşməsi, ikili görmə, parlaq işığa qarşı həssaslığın artması.  Kataraktası olan insan obyektlərin konturlarını aydın görmür, dumanlı görür və s.

Kataraktası olan insanlar eynəkləri tez-tez dəyişməyə məcbur olur, eynəklərin seçilməsində çətinlik çəkir. Bu çox ciddi simptomdur. Katarakta hiyləgər xəstəlikdir. O, adətən tədricən, yavaş-yavaş inkişaf edir, görmə tədricən zəifləyir ki, insan uzun müddət ərzində xəstəliyin inkişafından hətta şübhələnmir. Adətən katarakta gözlərdə ağrılara, qızarmaya və s. simptomlara səbəb olmur.

Yaranma zamanına görə katarakta anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə kataraktalar dölün ana bətnində inkişaf zamanı ananın hər hansı keçirdiyi bir xəstəliyə və ya embriogenez zamanı baş verən bir səhvlə bağlı ola bilir.

Vaxtında müalicə olunmadıqda katarakta korluğa gətirib çıxardır. Məhz bu səbəbdən yaşı 40-dan yuxarı olan insanlar hər il oftalmoloqun profilaktik müayinəsindən keçməlidir.

Kataraktanın səbəbləri arasında:

– Orqanizmin ümumi qocalması. Göz bülluru əsasən sudan və xüsusi zülallardan ibarətdir. Məhz bu zülallara göz bülurunun şəffaflığını təmin edir. İnsan qocaldıqca onların strukturu dəyişilir ki, göz bülluru tədricən öz şəffaflığını itirir və bulanıq olur. Əksər hallarda katarakta 60 yaşından yuxarı olan insanlarda aşkar olunur. Lakin bəzən bu xəstəlik 40-45 yaşlı insanlarda da inkişaf edir.

– Şəkərli diabet. Bu xəstəlik zamanı kapilyarların funksiyası pozulur. Nəticədə orqanizmin müxtəlif hissələri (o cümlədən, gözlər) qanla pis təchiz olunur. Bu isə orqanizmdə geriyədönməz pozulmalara (o cümlədən, kataraktaya) səbəb ola bilər.

– Bəzi göz xəstəlikləri (məsələn, qlaukoma), irsi faktorlar, mübadilə pozulmaları.

– Göz travmaları (güclü zərbə, yanıq və s.).

– Nadir hallarda katarakta anadangəlmə olur. Bunun səbəbi irsiyyət və ya göz büllurun bətndaxili patologiyası.

Sonradan Qazanılmış Katarakta:

Sonradan qazanılmış kataraktalar isə birincili ( yaşla bağlı billurun bulanması nəticəsində əmələ gələn ) və ikincili ( orqanizmin və ya gözün hər hansı xəstəliyi ilə əlaqəli ) olur. Billurun qatlarında bulanmanın yerləşməsinə görə kataraktalar ön və arxa qütb ( billurun ön və arxa qabığında mövcud olan ), kortikal ( billurun daxili qatlarında ) və nüvə katarakta ola bilər.

Mirvari suyu gözümüzdə yetişəndə ilk növbədə görməmiz rəngsiz, bozumtul və dumanlı ola bilər. Təbii ki bəzi kataraktalar billurun perefdriyasında inkişaf etdiyinə görə görmənin pisləşməsi yalnız son mərhələlərdə bəlli olur. Bu səbəbdən gözün profilaktik müayinələri ən gec ildə bir dəfə aparılması zəruridir.

Kataraktanın yeganə effektli müalicə üsulu cərrahiyyə əməliyyatdır. Əməliyyat zamanı göz bülluru xaric olunur və onun yerinə süni göz bülluru implantasiya olunur.

Katarakta əmələ gəldikdə heç bir ağrı olmur. Kataraktanın şişkinləşən növü gözün billurunu bulandırıb eyni zamanda şişkinləşməsinə gətirib çıxarır. Şişkinləşən billur isə öz növbəsində gözün daxili maye dövranına maneə olaraq gözün təzyiqini artırır. Yalnız bu halda gözdə ağrı əmələ gələ bilər.

Katarktanın inkişafının əvvəlində bəzən xəstələrə göz damcıları və xüsusi vitaminlər təyin olunur. Lakin bu vasitələr kataraktanı tam müalicə etmir, yalnız xəstəliyin inkişafını bir qədər ləngidir. Xəstə bilməlidir ki, əgər onda katarakta varsa, xəstəlik mütləq inkişaf etməyə davam edəcək.

Kataraktadan heç bir insan sığorta olunmayıb. Bu xəstəlik orqanizmin ümumi qocalması ilə bağlıdır və bu səbəbdən hər bir insanda inkişaf edə bilər.

Lakin bəzi sadə məsləhətlər bu xəstəliyin inkişafını taxirə sala bilər:

  • Gözlərinizi gündən qoruyun, gün eynəklərdən istifadə edin.
  • Düzgün və tamdəyərli qidalanın.
  • Siqaret çəkməyin və spirtli içkiləri qəbul etməyin.
  • Bəzi dərmanların uzun müddət ərzində qəbulu (hormonlar, allergiya əleyhinə preparatlar, hamiləlik əleyhinə preparatlar) kataraktanın inkişafına təkan verə bilər. Bu səbəbdən belə preparatları yalnız həkimin təyinatı ilə qəbul edin.
  • Qanda şəkərin səviyyəsinə daim normada saxlamağa çalışın (şəkərli diabet xəstələrinə aiddir).

 

Yazar : Şıxəliyeva Gülüş

 

Həmçinin bax: https://turaz.org/mn-dovlet-serhedi-istiqametinde-movqelerimiz-atese-tutulub/

 

Həmçinin bax: https://kafkazh.com/muasir-ailenin-esas-tipleri-ve-qurulusu-ailede-liderlik-ve-ya-aile-bascisi-meselesi/