Karst prosesləri

Karst relyefinin səth formaları*

Karst )– Suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi.

*1* Yer səthində karst relyefinin ən geniş yayılmış formaları *karr, karst qıfları, nəlbəkilər, quyular və təbii şaxtalardır*.

+ Bunlardan əlavə adi erozion dərələrdən fərqli olaraq karst sahələrində geniş yayılmış *kor dərələr, nüvlər və şırımlar, əhəng daşında kanyonlar, təbii tağbəndlər və körpülər, qalıq karstın müxtəlif formalı təpələri* də  karst relyefinin səth formalarına aid edilir.

*2 Karr və karr çökəklikləri* Karr əsasən çılpaq karstın mikrorelyef formalarına aid edilir. Karr Aralıq dənizinin çılpaq karst sahələrində, Balkan yarımadasının qərb rayonlarında yayılmışdır. Krımda, Qafqazda və Orta Avropada isə az sahəni tutur.

+ *Karr*, əhəngdaşı və başqa sərbəst karstlaşan süxur qatının açıq səthində əmələ gəlmiş, dərinliyi bir neçə santimetrdən tutmuş bir iki metrə qədər olan kiçik şırımlara deyilir.

+ Həmin şırımlar bəzən bir-birinə paralel uzanır, bəzən bir-biri ilə müəyyən bucaq altında kəsişir, bəzən də tamam qaydasız şəkildə yerləşir.

+ Dərinliyi 1-2 metrə çatan şırımlar divar kimi şırımın dibindən qalxan ensiz və uzunsov tirələrlə bir-birindən ayrılır. Şırımların eni bir neçə santimetrdən bir metrə qədər, bəzən isə bundan xeyli artıq olur.

+ Tirələrin yamacları əksər hallarda tam dik və az girintili-çıxıntılı, səthi isə iti, düz (kəsilmiş) və girdə formada olur. Bəzən çox ensiz olan karr tirələri ikinci dərəcəli şırım və tirələrlə mürəkkəbləşmiş olur.

+ Karrın əsas genetik növləri

+*axar suların,

+çat üzrə yer altına süzülən suların,

+ torpaqdan karbonat süxurun səthinə süzülən suların,

+nəhayət dəniz və çay sularının* yaratdığı növlərdir.

+èMorfologiyasına görə karrın müxtəlif formalara ayrılır:

+*yuvaşəkilli karr, boruşəkilli karr, izşəkilli karr, şırımlı karr, struktur karr, növçalı karr, çat karrı*.

*3 Karst qıfları* Dünyanın müxtəlif karst sahələrində və xüsusilə mülayim qurşaq karstında ən geniş yayılmış karst formaları müxtəlif böyüklükdə olan çökəklərdir.

+ Karst qıfları əksər hallarda dairəvi və ovalşəkilli, az hallarda isə qeyri-düzgün formada, en kəsiyi üzrə dik və düz yamaclı olur. Qıfın ağız hissəsinin eni dərinliyinə nisbətən iki dəfə artıqdır. Onun eni 10-200 metr arasında dəyişir.

+Bir-birinə yaxın yerləşən qıflar eninə inkişaf etdikcə, onların yamacları tədricən birləşir və mürəkkəb  morfoloji quruluşa malik olan çökəklərə çevrilir. Adətən, belə çökəklərin yamacları çox əyintili olaraq diametri 10-200 m-dən artıq olur.

+ Karst qıfları yamaclarının morfologiyasına ərazinin relyefi də təsir göstərir. Düzənlikdə qıflar düz qıfa oxşayır, meyilli yamaclarda isə onların yamacları asimmetrik olur.

+ Layların yatımı da qıfların morfologiyasına təsir göstərir. Üfüqi yatan laylarda qıfların yamacları simmetrik, dik yatan laylarda isə asimmetrik quruluşda olur.

+ Qıf ətraf sahələrdən əksərən yaxşı müşahidə edilən *qaşla* ayrılır. Qıfların dibində toplanan suyu udan və dərinliyə keçirən quyu yerləşir ki, bu  *ponor* adlanır. Bəzən bir qıfın dibində bir neçə ponor yerləşir.

+ *Karst qıfları müxtəlif mənşəli olur:* 1. Səthdə gedən korroziya qıfları, 2. Uçqun qıfları, 3. Sorulma qıfları.

+ Birinci növ qıflar karstlaşan süxurun səthində gedən həllolma prosesi nəticəsində əmələ gəlir. Bu yolla müəyyən çat ətrafında əmələ gələn karst çökəkliyi inkişaf edərək genişlənir. Belə qıflar çox  müxtəlif morfoloji quruluşlu olur (simmetrik, asimmetrik və s.).

+ Uçqun qıfları yer səthindən aşağıda olan yeraltı karst boşluqları tavanın yatması nəticəsində əmələ gəlir. Əksər halda bu mənşəli qıfların yamacları dik olur. Uçqun qıfları Rusiya düzənliyində, Preduralyedə və digər ölkələrdə geniş yayılmışdır.

+ Sorulma qıfları əksər hallarda karstlaşan süxur qatları üzərində yayılmış yumşaq çöküntülərdə inkişaf edir. Həmin çöküntü qatları altında yerləşən karst formalarının boşluqları üzərində süxur hissəcikləri tədricən həmin boşluqlara tökülərək, səthdə qıfabənzər çökək əmələ gətirir. Belə qıfların yamacları az maili və əksər halda simmetrik olur.

*4* Karstın səth formalarından biri *nəlbəkiyəoxşar çökəklərdir*. Bunlar qıflara nisbətən çox dayaz və geniş olur.

+ Nəlbəkiyəoxşar çökəklərin dibi yumşaq çöküntülərlə dolduğundan ponorların gözü tutulur. Buna görə də çökəyin dibi düz və sukeçirməyən olur. Yağışlar yağan zaman nəlbəkiyəoxşar çökəklər su ilə dolaraq gölməçələrə çevrilir; dayaz olduğuna görə quraqlıq günlərində onlar quruyur.

+ Aralıq dənizinin çılpaq karst sahələrində nəlbəkiyəoxşar karst çökəklərinin dibindən ən yararlı sahələr kimi istifadə edilir.

*5 Karst quyuları*  qıflara və nəlbəkiyəoxşar çökəklərə nisbətən az yayılmışdır. Karst quyularının yamacları dik və sıldırımlı olur, yamaclarda əhəngdaşı və başqa karstlaşan süxurlar görünür. Quyular qıflara nisbətən dərin və ensiz olur. Quyuların dibində ponor müşahidə edilir. Onların ağzı bağlandıqda quyu tədricən aşınma məhsulları ilə dolur.

*6 Təbii şaxtalar* karst quyularına nisbətən yer səthində az yayılmışdır. Bunlar quyulara nisbətən dar və uzun olur. Təbii şaxtalar çox vaxt bir neçə şaquli və üfüqi hissədən ibarət olaraq, ümumi uzunluğu yüz metrlərlə ölçülən, hətta bir km-dən artıq olan mürəkkəb formalı yeraltı boşluq əmələ gətirir.

+ Dərin karst şaxtaları bir-birindən sifonlarla ayrılan bir sıra şaquli, maili, hətta üfüqi hissələrdən ibarət olur.

+ Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, dünyada ən dərin karst şaxtası *Savoya Alplarındakı (Fransada) Jan-Bernar şaxtasıdır*. Bunun dərinliyi 1490 m-dir. Ispaniyada Pireney dağlarındakı *Puertos de-İlyamina* karst şaxtasının dərinliyi isə 1338 m-ə çatır. Dərinliyinə görə dünyada üçüncü yerdə Abxaziyada Bzıb silsiləsindəki *Snejnaya* karst şaxtası durur (dərinliyi 1335 m). Bu şaxtada yanlara ayrılan qollarla birlikdə yeraltı karst boşluğunun ümumi uzunluğu 13,7 km-ə çatır.

+ Hazırda dünyada dərinliyi 1 km-dən artıq olan 15 karst şaxtası məlumdur. Bunlar əsasən Qafqazda, Alp və Pireney dağlarında, Meksikada yerləşir.

*7 Səthdən axarı olmayan çökəkliklər (polye)* karstın başqa formalarına nisbətən az yayılmışdır. Dinar dağları karst sahəsi üçün xarakter formadır.

+ Polye, səthdən axarı olmayan müxtəlif böyüklükdə qapalı çökəkdir. Kiçik polyelərin sahəsi 2-10 km2, ən böyük polyelərin sahəsi bir neçə yüz kvadrat kilometrə çatır. Məsələn, Qərbi Bosniyada yerləşən *Levansko polyenin* sahəsi 379 km2, Qərbi Hersoqovinada *Popovo polyenin* sahəsi isə 181 km2-dir. Polyelər əksərən uzunsov olur, onların eni uzunluğuna nisbətən iki-üç dəfə az olur.

+ Polyelər əhəngdaşı və başqa karbonat süxurlardan təşkil olunmuş çılpaq yamaclı dağlarla əhatələnir. Polyelərin dibi çox hamar olaraq, yumşaq çöküntülərdən ibarətdir. Hamar polye düzənliyində ara-sıra kiçik əhəngdaşı massivlərinə (qalıq təpələrə) rast gəlinir. Polyenin kənarlarında olan əhəngdaşı massivi ətəyində gur bulaqlar yer səthinə çıxaraq, kiçik çaylar əmələ gətirir. Polyenin hamar dibi ilə əyri-üyrü yataqla (meandrlı) axan bu kiçik çaylar polyenin ən alçaq hissəsində yerləşən ponor vasitəsilə yer altına süzülür.

+ *Polyelər müxtəlif yollarla əmələ gəlir. *

+ *1.Tektonik mənşəli polyelər*, əsasən qırışıq dağlıq sahələrdə əmələ gəlməklə, sinklinal çökəklərdən ibarət olur. Sonradan bu çökəklərin morfologiyası suların korroziya fəaliyyəti nəticəsində dəyişir. Karstlaşan süxurlarda olan sinklinal çökəklərdə toplanan sular çatlar və ponorlar vasitəsilə yerin altına keçir və sinklinal qapalı çökəkliyə çevrilir.

+ *2.* Başqa qrup polyelər karstla zəngin olan əhəngdaşı qatları arasında yatan karstlaşmayan (suda həll olmayan) çöküntülərin yuyulub yeraltı sular vasitəsilə kənara aparılması nəticəsində əmələ gəlir. Bu yolla əmələ gələn polyenin həcmi, yuyulub aparılan süxur kütləsinin həcminə bərabər olur.

+ *3.* Karst sahəsində bir çox qonşu qıfların birləşməsindən əmələ gələn polyelər də vardır. Belə mənşəli polyelər adətən, kiçik, həm də planda mürəkkəb formalı olur.

+*4. Uçqun polyeləri* yeraltı çayların, maili şaxtanın və uzunsov mağaranın tavanının uçması nəticəsində əmələ gəlir.

Karstın hidrologiyası*

*1* Karst hadisəsi yayılmış ərazilər öz hidroloji və hidrogeoloji xüsusiyyətlərinə görə başqa rayonlardan kəskin fərqlənir.

èBu fərq _hidroqrafiya şəbəkəsinin inkişafında, çayların qidalanmasında, yeraltı suların rejimində və dinamikasında_ özünü göstərir.

+ Karst sahələri, hidroqrafiya şəbəkəsinin zəif inkişaf etməsi ilə səciyyələnir. Bu sahələrin kənarlarında müxtəlif tipli gur sulu bulaqlar olur.

+ Karst sahələrinə düşən yağış suları və qarın əriməsindən əmələ gələn sular tamamilə yerin altına süzülür, orada karst sahələri üçün xarakter olan yeraltı suları əmələ gətirir.

*2* Karst sahələrində yeraltı suların səviyyəsinin tərəddüdü və onun yer səthindən olan dərinliyinin amilləri-

+karst sahələrinin parçalanma dərəcəsini,

+ karst sahələrinin istər yerli, istərsə də regional eroziya bazisinin dərinliyini, +karstlaşan massivdə sukeçirməyən layların yer səthindən dərinliyini,

+ karst sahəsinin iqlimini, nəhayət karstlaşan massivin çatlılıq dərəcəsini və çatların morfoloji xüsusiyyətlərini_  göstərmək olar.

èBu amillər karst sahəsinin demək olar ki, bütün hidroloji və hidrogeoloji xüsusiyyətlərini müəyyən edir.

*3* Karst sahəsinin yeraltı suları yerli və regional eroziya bazisindən və karstlaşan süxur qatlarının qalınlığından yer səthindən müxtəlif dərinliklərdə yerləşir.

+ ovalıq düzənliklərdə karst sularının səviyyəsi yer səthinə yaxın olur.

+Dağlıq sahələrdə, yüksək yaylalarda karstlaşan süxurlar çox qalın olduqda yeraltı sular səthdən daha çox dərində yerləşir. Bu xüsusiyyət eyni zamanda yeraltı suların səviyyəsinin relyefinə də təsir göstərir.

+ Yeraltı sular karstın inkişafının ilk mərhələsində bütöv (əlaqəli) səviyyə əmələ gətirə bilər. Yeraltı suların bütöv səviyyəsi sukeçirməyən lay üzərində əmələ gələ bilər.

*4* Hər bir karst massivində hidroloji rejiminə görə bir-birindən fərqlənən üç zona vardır.

+ Birinci zona suların şaquli sirkulyasiyası zonası adlanır. Bu eyni zamanda *aerasiya zonası, yaxud apikarst* adlanır.  Bu zona yer səthi ilə yeraltı su aynası arasında yerləşir. Yer səthindən yeraltı su aynasına qədər sular şaquli və buna yaxın istiqamətdə qravitasion hərəkətdə olur. Bu zona, *dövrü yeraltı sular zonası* adlanır. Burada su yalnız yağıntılı dövrdə və qar əriyən zaman əmələ gəlir.

+ Karst sularının şaquli sirkulyasiyası zonasında yerləşən tək-tək çatların aşağı hissəsi dərələrin yamaclarına açıldıqda, dövrü və az hallarda isə daimi fəaliyyətdə olan bulaqlar yaranır.

*5* Şaquli sirkulyasiya zonasından aşağıda *dövrü tam doyma zonası* yerləşir (bu zonanı V.A.Aprodov mezokarst adlandırır). Həmin zonada qrunt sularının səviyyəsi kəskin tərəddüd edir. Inkişaf etmiş karstda yağış suları tez bir zamanda çatlarla yerin altına keçir və yeraltı suların səviyyəsini qaldırır. Bu zonada karst suları maili və üfüqi istiqamətdə hərəkət edir. Karstın dərində yerləşən böyük yeraltı boşluqları, o cümlədən mağaralar bu zonada əmələ gəlir.

+ Dövrü tam doyma zonasının üst sərhədi qrunt sularının ən yüksək səviyyəsinə, aşağı sərhədi isə həmin suların ən alçaq səviyyəsinə uyğun gəlir.

*6* Üçüncü zona *tam doyma zonasıdır* ki, bunun üst sərhədini qrunt sularının ən aşağı səviyyəsi, aşağı sərhədinə isə karst massivinin əsasında yatan sukeçirməyən layların səthi təşkil edir.

+ Bu zonanın suları karst massivi kənarlarında daimi fəaliyyətdə olan gur sulu bulaqları təmin edir. Burada mağaraların alt mərtəbəsi inkişaf edir. Lakin mağaraların mərtəbəli yerləşməsi bəzi karst sahələrinin geoloji-tektonik quruluşu və yeni tektonik hərəkətlərin təsiri ilə izah edilməlidir.

+ Karst massivində tektonik qalxma getdikdə, yerli və regional eroziya bazisi dərinləşir, qrunt suları öz səviyyəsini həmin bazisə uyğunlaşdırmağa başlayır və nəhayət əvvəlkindən müəyyən qədər dərində, yeni üfüqi sirkulyasiya zonasında alt mağaralar və yeraltı boşluqlar sistemi yaranır.

*7* İ.K.Zaytsev, D.V.Rıjikov və başqaları karst sularının yerli və regional eroziya bazisindən aşağıda da hərəkətdə olmasını göstərir və bu zonanı *sifon sirkulyasiyası zonası* adlandırır. Sifon sirkulyasiyası zonası bulaqları çox təzyiqli, yaxud «qalxan bulaqlar» adlanır və il boyu onların debiti dəyişmir.

Karst mağaraları*

*1 Karst mağaraları* müxtəlif dərinliklərdə karst sularının fəaliyyəti nəticəsində əmələ gəlir və müxtəlif ölçülü yeraltı boşluqlara deyilir.

+ Mağaralar adətən üfüqi istiqamətdə uzanaraq, dibi bir tərəfə meyilli olur.

+ Karst massivinin geoloji xüsusiyyətlərindən və karstın inkişafından asılı olaraq mağaralar bir neçə mərtəbəli ola bilər .

+ Mağaralar müxtəlif yollarla əmələ gəlir.

*2Dəniz və okean sahillərində yayılmış mağaralar*, dəniz dalğalarının dağıdıcı təsiri nəticəsində dik qayalı sahilləri təşkil edən süxur qatlarında olan çatların genişlənməsi və həmin sahillərdə daha kövrək süxurların dağılması nəticəsində əmələ gəlir. Sahil mağaraları həm *karbonat və həm də qeyri-karbonat süxurlarda* əmələ gəlir. Bu tipli mağaralar çox uzun olmur. (qeyri-karbonat süxurlarda yayılan mağaralar kiçik olur)

*3 Səhralarda mağaralar* səhra aşınması və deflyasiyasının təsiri nəticəsnidə yaranır.

*4 Vulkanik süxurlarda mağaralar* çatlara yer altına süzülən suların mexaniki fəaliyyərindən əmələ gəlir. Belə mağaralara bir çox vulkan rayonlarında, o cümlədən Azərbaycanda Laçın və Kəlbəcər rayonlarında rast gəlmək olar.

*5* Ən böyük mağaralar suda həll olan karbonat süxurlarda yer altına süzülən karst sularının uzun müddət həmin süxurlarda olan üfüqi və az meyilli çatların divarlarının korroziyaya uğratması nəticəsində əmələ gəlir.

*6* Mağaralar iki səviyyədə inkişaf edir.

+ Birinci – müvəqqəti tam doyma zonası səviyyəsində,

+ ikinci – daimi tam doyma zonasında karst massivi tektonik qalxmaya məruz qaldıqda, eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar olaraq, karst suları da öz səviyyəsini yerli eroziya bazisinə uyğunlaşdırmağa çalışır. Buna görə də, yerli eroziya bazisindən xeyli yuxarıda yerləşmiş yeraltı çaylara və göllərə malik olan mağaralar, həmin suların aşağı qatlara keçməsi ilə əlaqədar olaraq quruyur. Aşağı qatlara keçən karst suları artıq yeni səviyyədə yeraltı boşluqlar sistemi yaradır. Karstlaşan süxurlar altında karst suları əvvəlki kimi fəaliyyət göstərir və onlar dərənin yamacında üzə çıxaraq şəlalələr əmələ gətirir.

*7* Yer altında üfüqi və meyilli çatlar üzrə hərəkət edən sular karbonat süxurların kimyəvi tərkibindən və həmin süxurların çatlılıq dərəcəsindən asılı olaraq dar və geniş boşluqlar əmələ gətirir. Buna görə də, yeraltı çayların axdığı boşluqlar bəzən çox daralır, bəzən isə çox genişlənir, eni və hündürlüyü on metrlərlə ölçülür.

*8* Mağaraların mərtəbəli yerləşdiyi sahələrdə, alt və üst mərtəbələr arasında şaquli quyular, şaxtalar yerləşir. Bəzən isə üst mərtəbə suları ensiz çatlarla alt mərtəbəyə süzülür.

*9* Karst massivi kənarında, adətən, yamacın aşağısında mağaranın ağzı (yer səthinə çıxdığı hissəsi) yerləşir. Massiv daxilində mağara kiçik çatlarla qurtarır ki, buraya insan daxil ola bilmir. Belə mağaralar *kor, yaxud kisəvarı* mağaralar adlanır.

*10* Bəzi mağaraların hər iki qurtaracağı yer səthində üzə çıxır. Bunlara *keçidli mağaralar* deyilir (Füzuli şəhəri yaxınlığında Azıx mağarası).

*11* Yeraltı su səviyyəsində yerləşən mağaralarda yeraltı çaylara və bəzən göllərə rast gəlmək olar.

*12* Mağaraların maraqlı morfoloji xüsusiyyətlərindən biri *stalaqtit və stalaqmitlərin* olmasıdır. Mağaraların tavanında, döşəməsində və divarlarında karbonlu əhəngin çökməsi nəticəsində fantastik formalı çökmə törəmələr əmələ gəlir.

*13* Mağaranın tavanından damcılayan sular, tavanda karbonlu əhəngi çökdürərək, yuxarıdan aşağı sallanan stalaqtitləri, döşəməyə düşən damcıları isə aşağıdan yuxarı qalxan stalaqmitləri əmələ gətirir. Çökmə törəmələr yaxşı inkişaf edən mağaralarda, onlar çox mürəkkəb və zəngin «arxitekturaya» malik olan sütunlar *stalaqnatlar* əmələ gətirir.

*14* Mülayim qurşaqda yerləşən bəzi mağaralarda stalaqtit və stalaqmitlər buzdan əmələ gəlir. Belə mağaralar *buzlu mağaralar* adlanır. Adətən, həmin mağaralarda temperatur çox vaxt 0°-dən aşağı olduğuna görə, tavandan damcılayan su donur və getdikcə buz stalaqtiti böyüyür, döşəməyə düşən damcılar isə donaraq buz stalaqmiti əmələ gətirir. Bir-birinin tuşunda yerləşən buz stalaqtitləri və stalaqmitləri birləşərək buz sütunları əmələ gətirir. MDB-də məşhur Kunqur mağarasındakı Qütb qrotu buna misaldır.

*15* MDB-də ən uzun mağaralar sistemi Podolyada (Ukrayna) yerləşir. Buradakı Optimistiçeskaya gibs mağarası sisteminin uzunluğu 150,4 km-dir. Bu uzunluğuna görə dünyada ikinci yerdə durur (ABŞ-dakı Flint-Mamont mağara sisteminin ümumi uzunluğu 361,6 km-dir). Podoliyadakı Ozernaya mağarası isə dünyada uzunluğuna görə dördüncü yerdə durur (104,8 km).  Ümumiyyətlə MDB-də uzunluğu 10 km-dən artıq 9 mağara məlumdur. Bunlar əsasən Podoliyada, Qafqazda, Bukovinada (Zoluşka mağarasının uzunluğu 76 km-dir) yerləşir.

*16* Azərbaycanda məlum olan mağaralardan ən böyüyü Füzuli şəhərinin yaxınlığında, Quru çayın sol sahilində yerləşən Azıx mağarasıdır. Bu mağara 4 böyük qrotdan və onları birləşdirən tunnellərdən ibarətdir. Qrotlardan bəzisinin eni 20-25 m, uzunluğu 30 m-ə qədər, hündürlüyü 10-15 m-ə çatır.Bu mağaranın arxeoloji və paleocoğrafi əhəmiyyəti olduqca böyükdür.

*17* Xarici ölkələrdə olan məşhur mağaralardan biri ABŞ-da Kentukki ştatındakı *Mamont* mağarasıdır. Bu mağara dünyada məlum olan mağaralar içərisində ən böyüyü və maraqlısıdır. Mamont mağarası çoxmərtəbəlidir. Mağaranın indiyə qədər tədqiq edilmiş hissəsində 225 qol, 47 hündür gümbəz (gümbəzvarı boşluq), 23 dərin quyu və şaxta, 8 şəlalə, 3 çay, 2 göl və bir «dəniz» olması müəyyən edilmişdir. Mağara ona yaxın yerləşən *Flint-Ric mağarası* ilə əlaqədardır. Hal-hazırda bir sistem hesab edilən Flint-Mamont mağara sistemi dünyanın ən uzun mağarası hesab edilir. Bunun ümumi uzunluğu 361,6 km-dir. Bundan başqa ABŞ-da Cənubi Dakota ştatındakı *Couell mağarasının* uzunluğu isə 46,3 km, Kentukki ştatında yerləşən Kristalnaya mağarasının uzunluğu 64-65 km-dir.

*18* Qərbi Avropada bir çox böyük və maraqlı mağaralar vardır. Isveçdə uzunluğuna görə dünyada üçüncü yerdə duran məşhur *Hyollok mağarası* yerləşir. Bu mağara sistemindəki yeraltı boşluqların ümumi uzunluğu 139,3 km-dir. Avropada ən uzun mağaralar sisteminə həmçinin *Fransadakı Tromba* (Pireney dağlarındadır, uzunluğu 54 km), *İsveçdəki Ziben Hintes* (uzunluğu 48 km), *İngiltərədəki Linq-Pot* (uzunluğu 45 km) mağaraları aiddir.

Yazar: Səbinə İsmayılova

Həmçinin bax: postvulkanizm

Həmçinin bax:https://turaz.org/ulukbek-marifov-tataristan-bas-nazirinin-muavini-vasil-seyxrazievi-qebul-edib/