Jose Mauro de Vasconselos həyatı və yaradıcılığı

Bu yazıda siz “Şirin portağal ağacım” əsəri ilə hamımızın qəlblərində özünə yer tapmış məşhur Braziliyalı yazıçı José Mauro de Vasconselos’un həyatı və onun həyatından izlər daşıyan 3 avtobioqrafik əsərinin qısa analizi ilə tanış olacaq və yazıçının digər əsərləri haqqında qısa məlumat əldə edəcəksiz. İlk öncə yazıçının həyatına bir göz ataq.

Həyatı.
Jose Mauro de Vasconselos 1920-ci il fevralın 26-sı Rio-de-Janeyro yaxınlarında Bangu qəsəbəsində kasıb və çoxuşaqlı bir ailədə dünyaya göz açmışdır. Əslən yarı Portuqaliyalı, yarı Amerika yerlisi (Hindular) olan yazıçı hər iki xalqın da mədəniyyətlərini özündə birləşdirirdi. Əsərlərində də buna görə bir çoxları tərəfindən qınandığını oxuya bilərsiniz. Həddən artıq yoxsul olan ailəsi tərəfindən təhsil alması və gələcəkdə özünə yaxşı bir yer tapması məqsədilə Natal qəsəbəsindəki əmisinin yanına göndərilən yazıçı burada mənəvi cəhətdən tənha, lakin özünü xoşbəxt hiss etdiyi bir çox fəaliyyət öyrənir. 9 yaşında Potengi çayında üzməyi öyrənən balaca Vasconselos üzməyi o qədər sevir ki, gələcəkdə məşhur üzgüçü olmaqla bağlı xəyallar qurur. Onun Natal’da yaşadığı macəraları və həyat tərzini avtobioqrafik üçləmənin 2-ci kitabı “Günəşi Oyandıraq”da daha aydın oxuya bilərsiniz. Natalda məktəbi bitirdikdən sonra 2 il tibb təhsili də alan yazıçı daima xəyallar və macəra axtarışında olan xarakterinə görə təhsilini yarımçıq qoyub Rio-de-Janeyroya qayıdır. 16-17 yaşlarında burada ilk işi boks üzrə məşqçilik etmək olur, bundan sonra bir çox fərqli işlərdə – kənd təsərrüfatı işçisi, ofisiant, fermada işçi, balıqçı kimi çalışdı və bu işlər ona kitablarında yaxşı qaynaq mənbəyi olmuşdur. Fərqli yerlərdə, fərqli insanlarla tanış olması və onun çox yaxşı müşahidəçi olmaq bacarığı əsərlərinə də öz təsirini göstərmişdir.
Yazıçı 1984-cü il iyulun 24-ü Braziliyanın São Paulo şəhərində dünyasını dəyişmişdir. Ölümündən sonra Braziliyanın müxtəlif yerlərində kitabxanalara, mədəni dərnəklərə, o cümlədən San Paulo şəhərindəki bir kitabxanaya adını vermişdir.

Yaradıcılığı haqqında.
Əsərlərində yoxsulluğu, şiddəti, çətin həyat tərzini acınacaqlı cümlələri və bütün çılpaqlığı ilə göz önünə sərir. Qəlblərə toxunan ifadələri və onların hələ də dünyanın müəyyən yerlərində hansısa uşaqların, ailələrin həyat tərzi olması düşüncəsi yazdıqlarını daha da təsirli edir. Bunlarla yanaşı, əsərlərində yaxşılığı, emosionallığı, uşaq dünyasını, onların düşüncələrini, xəyallarını, sadə, saf və təmiz qəlblərini özünəməxsus tərzi ilə oxucuya çatdırır. Xüsusən avtobioqrafik üçləmədə (Şirin portağal ağacım, Günəşi Oyandıraq, Dəlifişək) bunların hamısına rast gəlmək mümkündür.
Vaskonselos dediyinə görə yazıçı olmağa çalışmamış, yazıçı olmaq məcburiyyətində qalmışdır, 22 yaşında ilk əsəri “Cır baban’ı yazmağa başlamışdır. Özünün dediyinə görə, kitabın ayrı – ayrı bölümlərini yazarkən də birinci bölümü bitirmədən, kitabın sonunu yaza bilirdi. 12 gündə bitirdiyi “Şirin portağal ağacım” kitabı haqqında “Amma onu 20 il ürəyimdə daşımışam” deyirdi. Vaskonselos öz yazı prosesi ilə bağlı bunları da deyirdi: “Bir əsər mənim təxəyyülümdə tam hazır olandan sonra onu qələmə alıram. Beləcə, kitab sanki ruhumdan azad olur. Əsərin hamısını makina ilə yazıram. Əvvəlcə başlığı qoyuram və sonra durmadan yazıram. Birdən barmaqlarımın ağrıdığını hiss edirəm. Yalnız bu zaman başa düşürəm nə qədər çox işlədiyimi.” Bundan başqa yazıçının çox maraqlı və özünəməxsus yazı metodları vardı. Yazıçı ilk öncə obrazlarının edəcəkləri ssenariləri müəyyənləşdirərdi, daha sonra haqqında danışılan yerə köçər, orada ətraflı araşdırma aparardı. Arara Vermelha (Qırmızı Tutuquşu) əsərini yazmaq üçün səhrada 450 liqaya səyahət etmişdir (2200 km). Əsərlərini yazmaq üçün yerli hindu tayfalarının həyatları ilə maraqlanmaq və tanış olmaq məqsədilə qitənin müxtəlif bölgələrinə də səyahət etmişdir.

Əsərləri:
Cır Banan (Yaban Muzu 1942)
Bəyaz Torpaq (Beyaz Toprak 1945)
Rosinya (Kayığım Rosinha 1962)
Şirin Portağal Ağacım (Şeker Portakalı 1968)
Günəşi Oyandıraq (Güneşi Uyandıralım)
Dəlifişək (Delifişek 1963)
Qardaş Külək Qardaş Dəniz (Kardeşim Rüzgar Kardeşim Deniz)
Pissinin Hekayəsi (Pissy’nin Öyküsü)
Qırmızı Tutuquşu (Kırmızı Papağan 1953)
Yapon Sarayı (Japon Sarayı)
Kristal Yelkənli (Kristal Yelkenli)
O Gözəl Həyat musiqisi (Hayatın O Güzel Şarkısı 1974)
Çılpaq Küçə (Çıplak Sokak)

Fərqli əsərləri haqqında:

– Qırmızı tutuquşu əsərində günümüzdə də aktual olan Amerika yerliləri, onların problemləri, fərqli yaşayış tərzləri haqqında yazmış və onları Braziliyaya və bütün dünyaya tanıtmağa çalışmışdır.
– Rosinya əsəri Amazon meşələrinin hekayəsidir. Əsərin qəhrəmanı Ze Oroco öz qayığı Roshinha ilə çayda gəzir və maraqlısı odur ki, Roshinha sıradan bir qayıq deyildir, Zenin uzun uzun danışdığı, dərdləşdiyi dostudur. Bu əsərində də Vaskonselos oxucuya öz şirin nağılını danışır və onu fərqli dünyalara aparmağı bacarır.
– Çılpaq küçə romanında hadisələr bir gecəqondu kənd yoluna bənzəyən bir küçədə baş verir. Sosial yalanlar, fərdi riyakarlıq, emosional istəkləri pozan şəxsi hesablar, şıltaqlıqlar. Kitabın qəhrəmanları sadə bir həyat sürmək üçün dünyalarını tərk edən Antao və Ananiasın ətrafındakı məhəbbətli və inanclı sakinlərdir. Romandakı insanlar, hadisələr yumşaq və poetik bir dillə izah edilir.
– Qardaş Külək Qardaş Dəniz romanının qəhrəmanı qaraçı və yetim Chicao’dur. Əsərin adından da göründüyü kimi qəhrəmanımız külək və dənizlə iç içə olur, yazıçı əsərdə təbiətin gözəlliyi və obrazları da öz sadə, poetik qələmi ilə oxucuya çatdırır.

Son olaraq yazıçının avtobioqrafik üçləməsi haqqında məlumat verək. Üçləmənin birinci kitabı “Şirin portağal ağacım” yazıçının dünyaca məşhur olmasına səbəb olan əsərlərindəndir. Həyatından dərin izlərin olduğu bu əsərdə Vasconselos 5 yaşlı Zezenin yaşadıqlarını yazır. Gördüyü şiddət, ailəsinin kasıblığı əsər boyu oxucunu duyğulandırmaqla bərabər Zezenin dəcəllikləri, şıltaqlıqları, uşaqca xəyalları da öz dərin təsirini göstərir. Bu əsərdə Zezenin Portuqaliyalı dostu “Portuqa” ləqəbli Manuel Valadares və portağal ağacı onun həyatında çox mühüm yerə sahib olur. Üçləmənin ikinci kitabı “Günəşi Oyandıraq” Zezenin yeniyetməlik dövrünü ələ almaqla, onun Nataldakı həyatından bəhs edir. Zeze və ya Zeca başqa adla Ze Natalda üzməyi öyrənir, övladlıq verildiyi ailənin yanında xoşbəxt hiss etməsə də öz dəcəlliklərindən geri qalmır. Tarzan sevgisi əsər boyunca oxucuya da hiss etdirilir, Zeze Tarzan rolunda meşələrdə gəzir. Lakin artıq böyüyür və həyatın yenilikləri, çətinlikləri ilə tanış olmaq zamanıdır. Bu əsərdə Zezenin sadiq dostu bu dəfə xəyali obraz Cururu qurbağası və məşhur fransız müğənni Maurice Chevalier’dir. Bundan əlavə evdəki xidmətçi Dadada və məktəbdə rahib olan Peder Fayolle onu anlayan nadir insanlardandır. Yazıçının üzmək sevgisi, macərapərəst ruhu bu kitabda özünü göstərən ən önəmli avtobioqrafik ünsürlərdir.
Son olaraq üçləmənin sonuncu və ən qısa kitabı Dəlifişək yazıçının və obrazı Zezenin gənclik illərindən bəhs edir. Zeze Rio-de-Janeyroya qayıdır və burda haqqlarını axtaran, həyatın acı və çətin gerçəkləri ilə qarşılaşan gənc biri kimi qarşımıza çıxır.
Bütün bu həyat təcrübəsi, onun yaddaşı, qeyri-adi xəyal gücü və hekayələri möhtəşəm üslubda çatdırmaq qabiliyyəti, dünya səviyyəsində keyfiyyətli əsərlərin meydana çıxmasına səbəb oldu. Əsərləri tərcümə edilərək Avropaya, ABŞ-a, Yaponiyaya, digər Latın Amerikası ölkələrinə yayıldı. Hətta bəzi əsərləri əsasında kino və teatr əsərləri ortaya çıxdı.

YAZAR: Gülşən Əlləzova
Həmçin bax: 1948-1953-cü il deportasiyası

Həmçin bax: https://tehsilim.org/dovlet-qullugunun-a-inzibati-rehber-ve-b-novune-inzibati-icraci-aid-vakant-inzibati-vezifeler-uzre-dovlet-qulluguna-qebul-ucun-musabiqenin-musahibe-merhelesi-elan-edilir/