İyul ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 1768 dəfə pozub.
İyul ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini 1768 dəfə pozub.
Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfəngləri, iriçaplı pulemyotlar, 60, 82 və 120 millimetrlik minaatanlar və artilleriya qurğularından istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Ay ərzində Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl, Ağstafa rayonlarında və Naxçıvan istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin intensiv atəşinə məruz qalıb.
Ayın başlanğıcından etibarən bütün istiqamətlər üzrə nisbi sakitlik hökm sürsə də, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Azərbaycan ordusu ölkəmizin mülki və hərbi obyektlərinə atəş açan düşmən ordusunun mövqelərinə cavab atəşi açdı. Görülən adekvat tədbirlər nəticəsində düşmənə sarsıdıcı zərbə endirildi.
Şiddətli artilleriya döyüşlərində Ermənistan ordusu çoxsaylı itkilər versə də, onların sadəcə bir hissəsini ictimaiyyətə açıqladı. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, gərgin döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində Ermənistan ordusunun 2-si yüksək rütbəli olmaqla 4 hərbçisi məhv edilib, 36 erməni hərbi qulluqçu isə müxtəlif bədən xəsarətləri alıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatın yalan olduğunu bildirib. Nazirlikdən verilən məlumata görə, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib.
Döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin çoxsaylı hərbi obyektləri məhv edilib. Müdafiə Nazirliyi məhv edilən hərbi obyektlərin bir neçəsinin video görüntülərini yayımlayıb. Döyüşlər zamanı Ermənistan ordusunun dayaq məntəqəsi, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, komanda məntəqəsi, müdafiənin dərinliyindəki ehtiyatlar, artilleriya divizionunun idarəetmə məntəqəsi, tabor qərargahı, artilleriya qurğuları, hərbi hissə ərazisində avtomobil texnikası, hərbi nəqliyyat vasitəsi, səhra idarəetmə məntəqəsi, kazarma, uzunmüddətli atəş nöqtələri, PUA-ları məhv edilib.
Döyüşlər zamanı düşmən ordusunun təxribatı nəticəsində Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olub, bir neçəsi yaralanıb. Şəhid hərbçilərimiz aşağıdakılardır:
1. General-mayoru Polad Həşimov
2. Polkovnik İlqar Mirzəyev
3. Mayor Namiq Əhmədov
4. Mayor Anar Novruzov
5. Baş leytenant Rəşad Mahmudov
6. Gizir İlqar Zeynallı İlqar
7. Gizir Yaşar Babayev
8. Çavuş Vüqar Sadıqov
9. Baş əsgər Elşad Məmmədov
10. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə
11. Əsgər Nazim İsmayılov
12. Əsgər Xəyyam Daşdəmirov
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz istiqamətində gedən döyüşlər zamanı ölkəmizin mülki şəxslərin yaşadığı əraziləri top atəşinə tutub. İyulun 14-də Tovuz rayonun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu yaşadığı evin həyətinə top mərmisi düşməsi nəticəsində həlak olub.
Aktiv döyüşlərin getdiyi müddətdə və sonrasında informasiya məkanında da “döyüşlər” gedirdi. Ermənistan hərbi və siyasi rəsmiləri, media orqanları dayanmadan dezinformasiya yaymaqla məşğul olurdu. Müdafiə Nazirliyinin mətbuat xidmətinin aktiv fəaliyyəti, Ordu.az, eləcə də digər mətbuat orqanlarımızın səyi nəticəsində düşmən tərəfindən yayılan bütün dezinformasiyaların qarşısı alınıb.
Döyüşlərdən sonra Ermənistan ordusu bir neçə dəfə də təxribata cəhd edib. Belə ki, iyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.
Elə həmin gün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur: “Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb”.
Bundan öncə, iyulun 18-də, saat 14:00 radələrində, Ermənistan ordusunun sıravi hərbi qulluqçusu Alik Norayr Manukyan (2000-ci il təvəllüdlü, 2019-1 çağırışlı, Vayots Dzor hərbi komissarlığı) güllə yarası ilə tapıldı. Erməni hərbi qulluqçunun xəstəxanaya aparılarkən yolda öldüyü bildirildi və nəticədə döyüşlər zamanı baş verən daha bir ölüm faktını gizlətməyə çalışdılar.
İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55″ taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
İyulun 23-də Tovuz istiqamətində təxribata cəhd edərkən yaralanan Ermənistan ordusunun hərbi qulluqçularından biri – 2001-ci il təvəllüdlü Artur Baqrat Muradyan ölüb.
İyulun 27-də, saat 01:10 radələrində Ermənistanın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində müqaviləli erməni hərbi qulluqçu Aşot Gevorq Mikayelyan aldığı güllə yarasından ölüb.
İyulun 23-da Ermənistan ordusunun təxribata cəhd edən daha bir müqaviləli hərbi qulluqçusu yaralanıb. Məlumata görə, təxribata cəhd edən erməni hərbi qulluqçu 26.05.1981 təvəllüdlü Manvel Albert Qahramanyan olub.
İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
Ermənistanın hərbi və siyasi rəhbərliyi hələ də iyulun 12-də Tovuz istiqamətində başlayan döyüşlər zamanı ölən və yaralananların real sayını gizlətməyə davam edir.
Ümumiyyətlə, ay ərzində bütün istiqamətlər üzrə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT” BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
- Menbe.Ordu.az
- Xeberci. Aytac Ceferova