İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı

Həyatı haqqında
İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında anadan olmuşdur. Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. O, 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır. İsmayıl bəy Rusiya-İran (1826–1828) və Rusiya-Türkiyə (1827–1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür. Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda “Bəy kommissiyası”nda işləmişdir.

İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük maarifçi alimləri — Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında “Paqonlu maarifçilər” adı ilə məşhurdurlar.

1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanın əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla İsmayıl bəy Qutqaşınlının və həyat yoldaşı Tutu xanım Bikənin həyatına son qoyulmuşdur. O, xanımı Tutu Bikə ilə yanaşı Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

Yaradıcılığı haqqında
XIX əsrdə fəaliyyət göstərən digər müasirlərindən fərqli olaraq, İsmayıl bəy Qutqaşınlı ancaq nəsr yaradıcılığı sahəsində çalışmışdır. Ədibin tədqiqatçıları onun XVIII əsr Şimali Azərbaycanın görkəmli feodal hakimlərindən Qubalı Fətəli xanın tarixini əks etdirən romanı ilə digər əsərlərinin də olduğunu yazırlar. Lakin bu gün yazıçının əldə olan yeganə əsəri fransız dilində yazılmış «Rəşid bəy və Səadət xanım» hekayəsidir. Müəllif əsəri «Şərq hekayəsi» adlandırmışdır. İ.Qutqaşınlı hərbi xidmətlə əlaqədar Varşavada olarkən ədəbi salonlarda, aristokrat ailələrin məclislərində Qafqaza, Şərqə böyük maraq oyatdığını nəzərə alsaq demək olar ki, «Rəşid bəy və Səadət xanım» əsəri avropalıların Şərq ekzotikasına yaranmış maraqlarını təmin etmək məqsədilə yazlılmışdır. Hekayənin mövzusu XVIII əsr Azərbaycanda xanlıqlar dövrünün həyatından götürülmüşdür. Hadisələrin və obrazların zaman və məkan baxımından tipikliyi təmin etmək üçün yaxın keçmişə müraciət etməsinə baxmayaraq, yazıçı müasir məqsədlər izləmişdir.

«Rəşid bəy və Səadət xanım» əsəri haqqında
Bu uzun hekayə fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edir. Kitab Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmanı uzun zəhmətin bahasına ilk dəfə Salman Mümtaz əldə edib. Əsəri ilk dəfə tərcümə edən isə Səlim bəy Behbudov olmuşdur. Lakin Azərnəşrdə çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-da “Ədəbiyyat qəzeti”ndə türkcəmizdə dərc olunub. 1956-da isə ilk dəfə olaraq kitab formasında çap olunub. Salman Mümtaz, həmçinin İsmayıl bəyə məxsus “Tutu” adlı əsəri də tapıb, lakin sürgünə göndəriləndən sonra kitabxanası dağıdıldığına görə günümüzə çatmayıb.

İndi isə «Rəşid bəy və Səadət xanım» hekayəsinin əsas obrazı haqqında məlumat verək:
Əsərin əsas müsbət qəhrəmanı Rəşid bəydir. O, «alicənablığı və nəzakəti səxavətindən artıq» olan bir mülkədarın oğludur. O eyni vaxtı «Şahnamə»ni və sair qəhrəmanlıq dastanlarını, fars şairlərinin zərif qəzəllərini oxumuş, özündə nəcib hisslər tərbiyə etmişdir. 18 yaşından başlayaraq at oynatmağı, silah atmağı öyrənmiş cəngavər xislətli bir gənc kimi yetişmişdir. Bir maarifçi kimi İ.Qutqaşınlı kəndli hüquqlarının müdafiəsinə dair görüşlərini Rəşid bəyin obrazında ifadə etmişdir. Kəndlilərin təhlükəsizliyini təmin etmək üçün qorxulu döyüşlərə girir, cəsarətlə quldur yuvalarını dağıdıb zərərsizləşdirirdi. Çətin anda sevgilisi Səadət ona etibar edir. 22 yaşlı gənc bütün qüvvə və bacarığını rəiyyətin xidmətinə vermişdir. Rəşid bəyin rəiyyətə münasibəti nökəri Əzizə münasibətində daha qabarıq sürətdə təzahür edir. O, Əzizlə nökəri kimi rəftar etmir. Onu özünə dost, qardaş hesab edir, bütün məsələlərdə onunla məsləhətləşir. Səadət xanımla sevgi münasibətləri Əzizin təklifi ilə başlanır.

Rəşid bəy ailə münasibətlərinin səmimi və qarşılıqlı məhəbbət əsasında qurulmasının tərəfdarıdır. Rəşid bəy könül dünyasına yad olduğuna və hisslərini oxşamadığına görə deyiklisi əmisi qızı və qonşu bəyin sərvətli qızı ilə izdivacından imtina etdiyi kimi Səadət xanımın da mənfur adətlərin qurbanına çevrilib özündən yaşca kiçik Əsgər ağaya arvad olmasına razı olmur. Rəşid bəy Səadət xanımla görüşdükdən sonra onunla ailə qurub xoşbəxt olacağına inanır. Onun vüsalına yetməsi üçün əzmlə mübarizə aparır və bütün maneələri qıraraq onunla xoşbəxt ailə qurur.

İsmayıl bəyin bəlli olan ikinci əsəri “Səfərnamə” yol qeydləridir. Bu əsərdən ədəbiyyatşünaslarla yanaşı coğrafiyaçılar, dilçilər, tarixçilər, etnoqraflar və başqa sahələrə maraq göstərənlər yararlana bilərlər. Burada müəllifin Azərbaycan, eləcə də Osmanlı imperiyasına daxil olan ərəb ölkələri haqqında da orijinal məlumatları kifayət qədərdir. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov tərəfindən aşkar edilən və şərti olaraq “Səfərnamə” adı altında nəşr olunan əsər ədibin həyatını, maraq dairəsini, dünyagörüşünü və şəxsiyyətini öyrənmək üçün diqqətəlayiq mənbələrdəndir.

İ.Qutqaşınlının əsərləri Azərbaycan ədəbi nəsrinin formalaşması və inkişaf tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Ədib 25 il hərbi xidmətdə olub, əsasən, rus dilində danışsa da, öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini qoruyub saxlamışdır.

 

ƏDƏBİYYAT SİYAHISI:
1. Xeyrulla Məmmədov – XIX Əsr Azərbaycan Ədəbiyyat.Bakı 2006
2. Mədəniyyət qəzeti

Yazar: Türkan Nağıyeva

HƏMÇİNİN BAX: Kafkazh Elmi Tədqiqat Mərkəzindən Yeni Təlim Proqramı

HƏMÇİNİN BAX:Etnik milli xarakter