İsimin halları

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni nüəyyən qrammatik şəkilçilər qəbul edir. İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir.
Ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal
1.Adlıq hal:
Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm , mənsubiyyət və xəbərlik şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).
Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s.Bu halda olan isim cümlədə təin də olur.

2.Yiyəlik hal:
Yiyəlik halın iki forması var:
Müəyyənlik bildirən yiyəlik hal;
Qeyri-müəyyənlik bildirən yiyəlik hal.
2.1. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?) qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.
Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki «n» samiti iki samit arasında işlənən bitişdirici samitdir.
Mən və biz əvəzlikləri yiyəlik halda -im şəkilçisi qəbul edir.
2.2. Qeyri-müəyyənlik bildirən yiyəlik halın şəkilçisi yoxdur və nə? sualına cavab olur, sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: dəftər vərəqi, maşın təkəri, el gücü, atalar sözü və s.
İsmin adlıq və qeyri-müəyyənlik bildirən yiyəlik halları formaca bir-birindən fərqlənməsə də, onların qrammatik mənaları başqadır. Yiyəlik halın qeyri-müəyyən formasında olan ismi müəyyən formada da işlətmək mümkün olur. Məsələn: Su (suyun) şırıltısı əsəbləri sakitləşdirir. Lakin bəzi sözlər var ki, onları müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillk günü, istirahət günü və s.
Müəyyənlik bildirən yiyəlik hal bəzi hallarda ayrılıqda işlənir və bu vaxt cümlənin xəbəri olur. Məsələn: Kitab Uğurundur. Qeyri-miiəyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.
3.İsmin yönlük halı:
Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya2 («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs. Murada (kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-[dəriyə], Şuşaya-[Şuşuya], kölgəyə-[kölgüyə], torbaya-[torbıya] və s.
Qeyd: Saitlə bitən sözlərdə bitişdirici y samitindən istifadə edilir. Məsələn: anaya, gəmiyə, ölkəyə və s. Yönlük halda olan sözlər cümlədə, əsasən, vasitəli tamamlıq və yer zərfliyi vəzifəsini daşıyır.
4.Təsirlik hal:
Təsirlik hal hərəkətin obyektini, yəni hərəkətin hansı əşya üzərində icra olunduğunu bildirir. İsmin təsirlik halı iki yerə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal. Müəyyənlik bildirən təsirlik hal -ı4 (-m4) şəkilçiləri ilə işlənir və kimi? nəyi? (bəzən isə haranı?) suallarmdan birinə cavab verir. Məsələn: Məktubu (nəyi?) oxudum. Hüseyni (kimi?) atası çağırdı.
Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənərək nə? sualına cavab verir. Məsələn, Məktub (nə?) göndərdim. Pişik süd (nə?) içir.
Qeyri-müəyyənlik bildirən təsirlik hal nə? sualma cavab verdiyi və şəkilçisiz işləndiyi üçün ismin adlıq halına oxşayır, onları fərqləndirmək üçün aşağıdakıları bilmək lazımdır;
1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işləmək olar. Məsələn: O, alma (almanı) yeyir.
2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Nurlan dostuna məktub yazır.
3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə dətəsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Gülnur qələm aldı. Gülnur bu qələmi aldı.
4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirın təsirlik hal kimi yalnız təsirli feillərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan nə? sualına cavab verən isim isı əksər hallarda təsirsiz feillərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdüş Kitab bilik mənbəyidir.
5. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan isimlər cümlədə xəbərin yanında işlənir. Nuray göy çanta götürmüşdü.
Təsirlik halın hər iki növündə olan isimlər cümlədə vasitəsiz tamamlıq olur və cümlədə yalnız təsirli feillə əlaqəyə girir.
Məsələn: Azər kitabı (nəyi?) yerinə qoydu.
Sevinc anasını (kimi?) çox sevir.
Mən Bakını (haranı?) yaxşı tanımıramş
Təsirlik hal ismin yeganə halıdır ki, cümlədə xəbər ola bilmir. İsmin təsirlik halı yalnız təsirli fellərlə işlənir. Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.
5.Yerlik hal:
Yerlik hal əşyanın və ya hərəkətin yerini bildirir. -da2 şəkilçisi vasitəsilə yaranır. Kimdə? nədə? harada? suallarından birinə cavab verir. Məsələn: həyətdə, stulda, anamda və s. Yerlik halda olan sözlər cümlədə vasitəli tamamlıq, yer zərfliyi və ismi xəbər vəzifəsini daşıyır.
6.Çıxışlıq hal:
Çıxışlıq hal hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir və mənasına görə yönlük halın əksini ifadə edir. -dan2 vasitəsilə yaranır, kimdən? nədən? haradan? suallarından birinə cavab verir. Məsələn: məktəbə (yn. hal) – məktəbdən (ç. hal).
 Çıxışlıq halda olan sözlər cümlədə vasitəli tamamlıq, yer zərfliyi və ismi xəbər vəzifəsini daşıyır.
Bütün isimlər, eləcə də kəmiyyət və mənsubiyyət şəkilçisi ilə işlənən vəziyyətdə hallana bilir.

Ədəbiyyat siyahısı: Müasir Azərbaycan dili, üçüncü hissə- Muxtar Hüseynzadə

YAZAR: Gülnar Nəzərli
HƏMÇİNİN BAX: Məhəmməd Füzulinin yaradıcılığı
HƏMÇİNİN BAX: Tehsilim.org/sagird-yerdeyismsine-baslanilir/