İntihara son!!!

Bir zamanlar intihar edənlərin hamısı bu dünyanı çox sevərdilər, həm də bu dünyada yaşayan, nəfəs alan hər şeyi. Təəssüf ki, dünyanı sevmək hələ yaşamaq deyil.

Niyə intihar həddinə çatıb ölüm-qalım arasında çarpışanlar bu dünyanı zalım adlandırır?
• Ölüm onlar üçün bir dünya gəzintisidirmi?
• Səhər ailənlə bir süfrə başında, günorta özünü pəncərə qarşısında, axşam isə zalım dünyadan kənarda, mülayim bir dünyada. Necə də maraqlı bir gəzinti alınardı, elə deyilmi?!

Öz həyat təcrübəmdən bilirəm ki, insanlar həyatında heç olmasa, bir dəfə intihar etmək həddinə çatır. Lakin son anda həyat bizi yenidən öz toruna salır. Cürətimiz beynimizə fısıldayır: “Sən bunu edə bilməzsən!” Bir də belə bir şey var: canı özünə şirin gələn insanları qorxaq adlandırırlar…. Bəli, təəssüf ki, belədir. Yəni intihar etmək zəiflik və iradəsizlik deyil də, həyata tutunmaq, hər nə qədər də bağımsızlığın hökm sürdüyü dünyada ümidlərlə yaşamaq qorxaqlığın
nişanəsiymiş. Çox gözəl…. Qəribə həyat personajları ilə nəfəs bölşürük elə deyilmi?!

Görəsən, ağlı itənlər intihar edirlər, yoxsa bunun üçün cəmiyyətdə bir statusun olmalıdır?
Bir də, təbii ki , intihar əvvəli o “möhtəşəm” məktubları yada salaq: “Siz bu
məktubu oxuyanda mən bu dünyada olmayacağam. Ailəm arxamca göz yaşı
tökməsin.” Və əlvida. Bu qədər. Əslində, bu məktubların bir əhəmiyyəti də
yoxdur. Əsas odur ki, intihar “uğurla” həyata keçdi. Görürsünüzmü, ölənlər özlərindən necə də razıdırlar, razı olmasaydılar qalıb bu mənasız məktubu oxuyardılar. Eh! Ölüm eşqi eqosu həyat eşqini üstələyir….
Bəs intihara səbəb nədir?

Belə bir şey var ki, insanın ən böyük düşməni elə insandır. Bəzilərinin həyatları o qədər “yolunda” gedir ki, o qədər “nümunəvi” ailə portretləri var ki, öz sözləri və hərəkətləri ilə ətrafdakıları da təsir altına almağa çalışırlar. İnsan baxar güzgüyə adını qoyar özgüyə. Belə…. Zəif və iradəsiz insanlar isə həyat yerinə bu boş və mənasız sözlərə tutunur.
Arxasıyca güclü depressiya və nəticə hər kəsə məlum. Digərləri isə yenə öz xoşbəxtliklərini yaşayır, ailə portretlərini yaymağa çalışır.
Sevgi və qısqanclıq deyilən bir şey də vardı. Sevib sonda o sevgiyə qovuşmayanlar intihara “qonaq” gedirlər. Qəribə bir sevgi və qəribə bir əlvida. Məhz elə buna görə “Leyli və Məcnun” poemasının süjet xəttini heç bəyənmirəm. Müasir gənclərimiz də bu eposu bir sevgi dastanı kimi yaddaşa köçürmüşdür. Əslində, o əsərdə xoş həyatdan başqa hər şey– nifrət, ölüm, düşmənçilik var.
İntihar səbəbləri içərisində işsizlik, boşanmalarla gələn mənəvi sarsıntı da qeyd olunmalıdır. Alkoqolizm, narkomaniyaya meyilli gənclərin də həyata tutunacağı bir ümid yeri yoxdur, beləcə, tək istək ölümdür.
Bu gün gənclərin hansı saatda, hansı anda intihara əl atacaqları bəlli deyil. İntiharların qarşısını almaq üçün ailə, məktəb, universitet daxilində psixoloji söhbətlər aparılmalıdır. Bəs bugünkü intiharlar bunların sadəcə əməldə deyil də, sözlərdə qaldığını göstərmirmi? Məncə, dövlət və millət olaraq bunu biraz sorğulayaq.

YAZAR: Allahverdiyeva Vəsilə

Həmçinin bax: Ailə daxili münasibətlər, ailədə psixoloji iqlim

Həmçinin bax: https://turaz.org/tehran-mensimov-susa-emeliyyatlarindan-danisib/

Həmçinin bax: https://tehsilim.org/azerbaycan-edebi-fikri-ve-huseyn-cavid/