İnformasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentlərinin qarşılıqlı əlaqəsi araşdırılıb

 

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və Rasim Mahmudovun həmmüəllifi olduqları “Information security as a national security component” (“İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin komponenti kimi”) adlı məqalə “Taylor&Francis” nəşriyyatına məxsus “Information Security Journal: A Global Perspective” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar araşdırılıb. Milli təhlükəsizliyin obyekti olan həyati vacib maraqlar, müxtəlif sahələr təsnif edilib. Bu təsnifata uyğun olaraq milli təhlükəsizliyin ictimai-siyasi, hərbi, informasiya, qida, enerji, təhsil, elmi-texnoloji, səhiyyə, nəqliyyat, ekoloji, KİV, mədəni-mənəvi komponentləri fərqləndirilib. İKT-nin inkişafı, informasiya təhlükəsizliyinin formalaşması ilə əlaqədar milli təhlükəsizlik sistemində informasiya cəmiyyətinin artan rolu və vəzifələri göstərilib. Həmçinin informasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentləri arasında qarşılıqlı münasibətlər təhlil olunub. Hər bir milli təhlükəsizlik komponentində İKT-nin tətbiq sahələri, informasiya təhlükəsizliyi təhdidləri müəyyən edilib, onların aradan qaldırılması yolları göstərilib.
Qeyd edək ki, “Information Security Journal: A Global Perspective” jurnalı “Web of Science” (ESCI) və “Scopus” (Q2) beynəlxalq elmi bazalarında indeksləşir.

Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova