İnformasiya təhlükəsizliyi anlayışı

İnformasiya təhkükəsizliyi mövzusunda yazan KİV-in  nümayəndələri bu ifadəyə davamlı müraciət edirlər. Əslində, bu anlayışa toxunan media mənsublarının əksəriyyəti günümüzün ən aktual termini olan “İnformasiya təhlükəsizliyi”nin tam mahiyyətinə, mənasına varmadan bu fikri harada və necə gəldi istifadə edir. Bəs “İnformasiya təhlükəsizliyi” nədir? Bu anlayış necə öyrənilir, onun tətbiqi və tələbləri nədən ibarətdir? İnformasiya təhlükəsizliyi anlayışı ilk dəfə ötən əsrin 80-ci illərində İnformasiya texnologiyaları sahəsində meydana gəlib, eyni zamanda bu daha çox beynəlxalq, daxili və xarici kommunikasiya sistemlərinə aid edilsə də, zaman-zaman forma və məzmunca dəyişərək başqa sahələri də əhatə etməyə başladı. Bu gün haqqında danışacağımız “İnformasiya təhlükəsizliyi” anlayışı daha çox Kütləvi İnformasiya Vasitələri, İnternet İnformasiya Resursları, eləcə də yazılı və audio-vizual media üzərindən yayımlanan xəbər və məlumatları təşkil edən informasiya yükünü əhatə edəcək. Bəzən mətbuat işçiləri və jurnalistlər, həmçinin oxucu, dinləyici və tamaşaçılar, internet istifadəçiləri informasiya, xəbər və məlumatı bir-birindən seçə bilmir. İnformasiya nədir? İnformasiya xəbər deyil. Heç məlumat da deyil. Amma xəbər və ya məlumat öz-özlüyündə bir neçə informasiyanın cəmindən ibarət ola bilir. Məsələn, cəbhədə atəşkəsin pozulması faktı xəbər yox, informasiyadır. Amma onun harada, necə baş verməsi, müddəti, nəticəsi, davamlılığı haqqında toplanan informasiyalar emal edilərək xəbər halına gətirilir. Yəni məlumat baş verəcək hadisə, baş verəcəyi ehtimal olunan hər hansı olay, yaxud keçirilməsi nəzərdə tutulan tədbir haqda informasiyaların bir yerdə toplanaraq ictimaiyyətə, yaxud da müvafiq qurumlara əvvəlcədən çatdırılması deməkdir. Bütün bunların fonunda informasiya təhlükəsizliyi anlayışı özünü necə biruzə verir? Bu, artıq topladığı informasiyaları xəbər və ya məlumat kimi emal edənin peşəkarlığına bağlı olan məqamdır. Bir sözlə, düşmənin atəşkəsi pozması nəticəsində canlı qüvvə itkisi, texnika sıradan çıxması, tikili və ya sığınacaqlarda, döyüş mövqelərində yanğın qeydə alınıbsa, hadisənin baş verdiyi istiqamətin dəqiq coğrafi ünvanı,  canlı qüvvənin sayı və bu saya nisbətdə itkinin miqdarı barədə informasiyalar toplanaraq xəbər halında ictimaiyyətə təqdim edilirsə, deməli, informasiya təhlükəsizliyinin tələbləri pozulmuş hesab edilir. Yaxud da hər hansı istiqamətdə ordu qüvvələrinin atacağı addım, hərəkət edəcəyi marşurutun traektoriyası, həyata keçirəcəyi əməliyyatın xarakteri və digər bu kimi tədbirlər haqda informasiyaların toplanıb ictimaiyyətə çatdırılması informasiya təhlükəsiziyinə zərər vuran məlumatdır.

Bütün dünyada “leqal kəşfiyyat xidməti” deyilən sistem mövcuddur. Leqal kəşfiyyatın ən əsas xüsusiyyətlərindən biri dövlətin iqtisadi, siyasi, hərbi maraqları çərçivəsində olan digər dövlətlərin kütləvi informasiya vasitələrində yayılan xəbər və məlumatların, sorğu agentlikləri tərəfindən keçirilən sorğuların nəticələrinin və xüsusi adamların şəxsi müşahidələri əsasında toplanan informasiyaların təhlilidir. Danılmaz faktdır ki, bir çox dövlətin kəşfiyyat orqanları maraq dairələrində olan ölkələrin mətbuat dairələrinə nüfuz etməklə, həmin ölkədə ictimai rəyə təsir göstərən xəbər və məlumatları yaymağa nail olmaqla təşviş yaratmaq niyyəti güdürlər. Bəzən insanlar informasiyaya adi bir məvhum kimi yanaşırlar. Amma nəzərə alsaq ki, mühüm, xüsusilə mühüm informasiyaların toplanması üçün dövlətlər nə qədər zaman, milyonlarla vəsait xərcləyir, hətta neçə-neçə vətəndaşının taleyini riskə atmalı olur. Deməli, dövlətin gücünü artırmaq, toxunulmazlığını qorumaq, dünya siyasətində öz yerini müəyyən edə bilməkdən ötrü ən vacib amillərdən biri də, onun yetərincə informasiyaya malik olmasından keçir.

İnformasiya təhlükəsizliyini təmin etmək üçün ən vacib addımlardan biri, hazırlanacaq xəbərlər üçün toplanan informasiyaların mənbəyinin öyrənilməsi, redaksiyaya və ya müəllifə verilən informasiyanın xarakteri, onu ötürən mənbənin ictimai-siyasi, hərbi mövqeyinin, marağının dəqiqləşdirilməsidir. Bu zaman jurnalist kiçik bir araşdırma ilə həm aldığı informasiyanın kökünü öyrənir, yazacağı xəbərin formasını təyin edir, peşəkar yanaşma ilə özünü, redaksiyasını, cəmiyyəti və dövlətini təhlükədən qorumağa nail olur. Jurnalistin, reportyorun hazırladığı materialın əhatə etdiyi sahəyə aid qanunları bilməsi də ən vacib şərtlərdən biridir.

YAZAR: Mehin Vəliyev

 

Həmçinin bax: Berard metodu

Həmçinin bax: turaz.org/tokio-olimpiya-meseli-estafeti-covid19-qorxusu-icerisinde-fukusimada-baslayib/