İltihab anlayışı və onun mərhələləri.

İltihab – damarların, birləşdirici toxumanın və sinir sisteminin iştirakı ilə orqanizmin yerli zədələnməyə qarşı kompleks cavab reaksiyasıdır.

İltihaba səbəb olan amillər floqogenlər adlanır ki, bunlar da ekzogen və endogen olur.  İltihabı daha çox ekzogen, xüsusən infeksion amillər törədir. Odur ki, infeksion (septik) və qeyri-infeksion (aseptik) iltihab ayırd edilir. Endogen floqogenlər çox vaxt toxuma nekrozu ocağı, hematoma, orqanizmdə əmələ gələn daşlar, duzların çökməsi, immun komplekslər və s. ilə əlaqədar olur. İltihabın gedişində 5 mərhələ ayırd edilir.

Alterasiya

1)toxuma və hüceyrələrin zədələnməsi.

2) Floqogenin bilavasitə təsirindən törənən birincili alterasiya və iltihab ocağındakı fiziki-kimyəvi, biokimyəvi dəyişikliklər, qan dövranının pozul¬ması ilə əlaqədar olan ikincili alterasiya ayırd edilir.

3)İkincili alterasiya floqogenin törətdiyi zədələnməyə qarşı orqanizmin reaksiyası olduğundan, onun inkişafı üçün artıq floqogenin iştirakı tələb olunmur.

4)Alterasiya mərhələsində hüceyrə zədələnməsi haqqında deyilənlərin hamısı müşahidə edilir.

Mediatorların azad olması və maddələr mübadiləsinin pozulması.

1)Bioloji (fizioloji) aktiv maddələr olan mediatorlar orqanizmin normal həyat fəaliyyəti zamanı müxtəlif orqan və toxumalarda fizioloji konsentrasiyalarda əmələ gələrək, həmin səviyyələrdə funksiyaların tənzimində iştirak edir.

2) İltihab nahiyəsində isə bunlar çoxlu miqdarda hasil olur və floqogenlər öz təsirini iltihab mediatorları vasitəsilə həyata keçirir. İltihab ocağındakı dəyişikliklərin (damar keçiriciliyinin yüksəlməsi, ekssudasiya, emiqrasiya və s.) əmələ gəlməsi iltihab mediatorları ilə əlaqədardır.

3) İltihab prosesinin gedişini və nəticəsini bunlar müəyyən edir. İltihab mediatorları ölçüsünə, biokimyəvi təbiətinə və s. görə müxtəlif olur. Patofizioloji təsir mexanizminə görə bunların iki qrupu ayırd edilir:

  1. Əsasən damar divarının tonusuna və keçiriciliyinə təsir göstərənlər (histamin, serotonin, bradikinin, prostaqlandinlər, adrenalin, asetilxolin və s.).
  2. Daha çox leykositlərin funksional aktivliyinə təsir göstərənlər (komplement, xemotaksis amili, leykotrienlər və s.).

İltihaba səbəb olan hüceyrə zədələnməsi oksidləşdirici – reduksiyaedici fermentlərin əsas daşıyıcısı olan mitoxondrilərdə dəyişiklik törədir. Odur ki, iltihaba uğramış toxumalarda hüceyrədaxili fermentativ proseslər zəifləyir.

III. Damar keçiriciliyinin yüksəlməsi, ekssudasiya və emiqrasiya.

Bu mərhələdə ardıcıl reaksiyalar müşahidə edilir:

  1. Arteriolaların qısamüddətli spazması (simpatik sinir sisteminin reflektor təsiri).
  2. Arterial hiperemiya (reflektor təsirin aradan qalxması, mediatorların parçalanması).
  3. Venoz hiperemiya.
  4. Staz.

Həmin dəyişikliklərin ardınca damar keçiriciliyi artır, ekssudasiya və emiqrasiya prosesləri başlanır.

Ekssudasiya iltihab zamanı qanın maye hissəsinin və onda həll olmuş qan plazması komponentlərinin damar divarından xaric olub, toxumalara keçməsidir.

Emiqrasiya  leykositlərin qan damarları divarından toxumalara keçməsidir. İltihab ocağında toplanan və tərkibində hüceyrəvi elementlər olan mayeyə ekssudat deyilir.

Ekssudasiya prosesi iltihab ocağındakı dəyişikliklərin nəticəsidir:

1) mikrosirkulyasiya damarlarının keçiriciliyinin artması;

2) damarlarda qanın hidrostatik təzyiqinin və bununla əlaqədar filtrasiya təzyiqinin yüksəlməsi;

3) toxumalarda osmotik və onkotik təzyiqlərin artması.

  1. Qanın reoloji xassələrinin dəyişilməsi.

İltihabın damar keçiriciliyinin yüksəlməsi mərhələsindəki bir sıra dəyişikliklər qanın reoloji (yun. reo – axıcılıq) xassələrinin, yəni axa bilmək qabiliyyətinin pozulmasına səbəb olur. Aşağıdakılar xüsusən mikrosirkulyasiya sistemi damarlarında qanın axmasını çətinləşdirir:

1) ekssudasiya nəticəsində qanın qatılaşması;

2) asidozla əlaqədar turş mühitdə formalı elementlərin və endotel hüceyrələrinin şişməsi;

3) endotel hüceyrələrinin və formalı elementlərin (xüsusən trombositlərin) zədələnməsi nəticəsində qanın laxtalanma qabiliyyətinin artması və damarlarda trombların əmələ gəlməsi;

4) şişmiş eritrositlərin damar daxilində birləşərək, mikroaqreqatlar əmələ gətirməsi

  1. V. Proliferasiya.

Proliferasiya (lat. proles – nəsil; fero – gətirirəm) – hər hansı toxumanın hüceyrələrinin çoxalaraq sayının artmasına deyilir. İltihabın sonuncu mərhələsi kimi proliferasiya iltihab ocağında hüceyrə elementlərinin çoxalmasından, bərpa proseslərindən ibarətdir.

Nəticədə yerli toxuma (əsasən birləşdirici, nadir hallarda epitel) elementləri əmələ gəlir və toxumanın zədələnmiş hissəsini əvəz edir.

Sonra əmələ gəlmiş çapığın lazımsız kollagen strukturları lizisə uğrayır və yalnız iltihab prosesinin adekvat surətdə başa çatmasını təmin edən miqdarı qalır.

İltihabın yerli (daxili və xarici) və ümumi əlamətləri vardır ki, bunlar da onun təsvir edilən mərhələlərindəki dəyişikliklərlə əlaqədardır:

  1. İltihabın daxili kardinal əlamətləri və ya əsas komponentləri alterasiyadan, ekssudasiya və emiqrasiya ilə birlikdə mikrosirkulyasiyanın pozulmasından və proliferasiyadan ibarətdir.
  2. İltihabın xarici (klinik) kardinal əlamətlərinə qızartı, şişkinlik, temperaturun yüksəlməsi, ağrı və funksiyanın pozulması aiddir. Bunlara birlikdə Sels-Qalen pentadası da deyilir.
  3. İltihabın aşağıdakı ümumi əlamətləri müşahidə edilə bilər: qızdırma, leykositoz, EÇS-in (eritrositlərin çökmə sürəti) artması, maddələr mübadiləsinin sürətlənməsi, qanın zülal profilinin və ferment tərkibinin, qandakı hormonların miqdarının, immunogen reaktivliyin dəyişilməsi, orqanizmin allergiyası, intoksikasiya və sepsis əlamətləri, patoloji reflekslərin əmələ gəlməsi (məsələn, xolesistit zamanı stenokardiya, appendisit zamanı ürək aritmiyası müşahidə edilə bilər)                                                                                                                                                       Yazar: Səbinə İsmayılovaHəmçinin bax: https://kafkazh.com/dopamin/

    Həmçinin bax:https://turaz.org/dim-ali-mekteblere-qebul-imtahaninda-22-qapali-8-aciq-tapsiriq-olacaq/