İDARƏÇİLİK YÖNÜMLÜ İXTİSASLARDA TARİX FƏNNİNİN TƏDRİS OLUNMASININ ƏHƏMİYYƏTİ

“Tarixini bilməyənin gələcəyi olmur”- Özbəkistanın behiştə getmiş prezidenti İslam Kərimovun dediyi bu ifadənin altında böyük bir məna var. Hər bir gənc tarixi öyrənməli və bilməlidir, burada təhsilin rolu danılmazdır, məhz buna görə də, Respublikamızın bütün ali təhsil müəssisələrində təhsil alan gənclərə ixtisaslarından asılı olmayaraq tarix fənni tədris olunur. İdarəçilik yönümlü ixtisaslarda təhsil alan gəncləri onlara tarix fənninin tədris olunmasının səbəbi düşündürür. Bu səbəbi bir neçə nöqteyi-nəzərdən izah etmək mümkündür.

  1. Keçmişdən təcrübənin toplanılması.
  2. Milli vətənpərvərlik ruhunun aşılanması.
  3. Özünə inamın artırılması.
Keçmişdən təcrübənin toplanılması.

İstər dövləti, istərsə də hər hansı qurum və ya təşkilatı idarə edərkən tarixi hadisələrə baxaraq müəyyən nəticələrə gələ və bu nəticələrə əsasən öz işimizi daha uğurlu və səmərəli qura bilərik. Nəzərə alsaq ki, yüksək vəzifəyə təyinat almış hər bir gəncin idarə edəcəyi qrup qarşısında böyük öhdəlik və məsuliyyətləri olur, buna görə də əvvəlcədən iş təcrübəsi olmadan heç bir gənc öz işini peşakarcasına həyata keçirə bilməz. Lazımı keyfiyyətə nail olmaq üçün isə tarixə nəzər salınmalıdır, çünki tarix keçmişdən gələn təcrübə ilə gələcəyin uğurlu şəxsiyyəti olmağımızda bizə ən böyük köməkdir. Mövcud vəziyyətdə, siyasətin həyata təsir etdiyi bir zamanda verilən hər bir qərar ciddiyətlə düşünülməlidir, unudulmamalıdır ki, keçmişdə baş vermiş hadisələrin dərs keyfiyyətini qazanmış faktlarının bir daha xatırlanmalı olduğu zamanda yaşayırıq. Gənc idarəçi bunu xüsusi nəzərə almalı və qərarlarını diqqətlə verməlidir. Belə deyə bilərik ki,  tarix keçmişdə hazırlanmış, bu dəqiqə əlimizdə olan və istiqbalımızı  göstərən dürbindir.

Görkəmli dövlət xadimi Uinston Çörçillin yazdığı kitabda belə qeyd edir: “Tarixdə bütün dövlət idarəçilərin sirrləri yatır”. Gənclər həmin tarixi öyrənərək qarşılarına çıxan problemin həllindəki acizlikdən xilas ola bilərlər.

Milli vətənpərvərlik ruhunun aşılanması.

Tarix bizə həqiqətləri ən aydın və şəffaf şəkildə göstərir. Böyük şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nitqindən bir parça bu fikri çox gözəl şəkildə izah edir. “Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu tarixi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətandaşlıq, azərbaycançılıq hissini yüksəldərik. Müstəqillik dövründə torpaqlarımızı müdafiyə etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bu gərəklidir, lazımdır.”

Özünə inamın artırılması.

Gənclər tarixdəki bəzi şəxsiyyətlərin həyatına baxaraq öz həyatlarında mühüm qərarlar verə bilərlər. Belə ki, tarixə nəzər salsalar ən qaranlıq hallarda belə bir işığın olduğunu görə bilərlər.  Tanınmış hind mütəfəkkiri və ictimai xadim  Mahatma Qandi deyirdi: “Uğursuzluğa düçar olduqda tarixdə həmişə sevginin və doğruluğun qazandığını xatırlayıram. Tiranlar və qatillər hər zaman olmuşdur, hətta bəzən onların ölümsüz və məğlub edilməz olduqları düşünülsə belə, onların da sonları həmişə vardır.”

İdarəçilikdə təhsil alan gənclər Azərbaycan tarixinə nəzər salaraq tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərini öyrənə bilər, bundan mühüm təcrübə toplayaraq öz ixtisaslarında daha da kamilləşə bilərlər.

İstifadə edilən ədəbiyyatların siyahısı:

1) John Briley, Gandhi // New Delhi- 1982

2) Leyla Hüseynova, Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri           // Bakı- 2011

3) Michae H. Hart, The 100: A Ranking of the Most Influential Persons in History  // New York- 1978

4) Richard M. Langworth, Churchill by himself: The Definitive Collection of Quotations  //  New York- 2008

Yazar: Hüseyn Quliyev