İbrət
Hadisə kənd məktəbinin həyətində baş verir. Bir dəstə məktəbli bir yerə toplaşmış,nə barədəsə mülakimə gedir. Bu vaxt başında cırıq papaq, əynində ölçüsündən böyük pencək, şalvarının balağı sökülmüş, ayağında böyük ölçülü çirkli və köhnə başmaq olan bir gənc onlara yaxınlaşır.
Onu ilk görən Musa yoldaşlarına səslənir:
-Uşaqlar, baxın Ağ atlı oğlan da gəldi.(Uşaqlar Səlimi gördükdə gülməkdən özlərini saxlaya bilmirlər.)
Nərgiz (gülə-gülə):
-Bu daha çox Qara devə oxşayır.
Samir:
-Uşaqlar, biraz gerçəkçi olun. Diqqətlə baxın, görün kimə oxşayır?
Cəmilə:
-Samir, sən Allah kimə oxşadırsan?
Samir:
-Vallah, Məşədi İbadın hambalıdır ki, var.
(Deyib əlini-əlinə vurur və hamısı birlikdə bərkdən gülürlər.)
Məlahət:
-Vay-vay, necə də iyrəncdir. Ağız-burnunun suyu da bir-birinə qarışıb.
Musa:
-Nə olsun. Bu da onun qəlyanaltısıdır.
(Yenə hamı qəh-qəhə çəkib gülüşürlər.)
Bu vaxt Kəmalə xanım səhnəyə daxil olur. Çantasından kağız-dəsmal çıxarıb səlimin ağız-burnunu silir. Bu səhnəni görən uşaqlar özlərini yığışdırırlar. Xəta etdiklərinin fərqinə varırlar.
Kəmalə xanım:
-Uşaqlar, görürəm ki, səhvinizi başa düşdünüz. Amma bir neçə kəlimə nəsihət deməyi özümə borc bilirəm. Bu gördüyünüz gənc, hamımız üçün ibrət olsun deyə yaradılmışdır. Bizlər, yaxşı və ya pis hər bir əməlimizə görə Allah qarşısında cavab verməli olduğumuz halda, bu gəncin heç kimin qarşısında nə bir məsuliyyəti, nə də bir günahı var. Onun bir günahı varsa, o da xəstə olmasıdır. Bizim borcumuz onu lağa qoymaq deyil, əksinə, onun qayğısına qalmaq, vəzifəmiz isə ondan ibrət almaqdır…!
Yazar: Gülnar Nəzərli (Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı kitabın müəllifi)