Hüseyn Cavidin bədii-fəlsəfi fikir dünyasında multikulturalizm mühitinin təcəssümü.

Azərbaycan ədəbiyyatının təkcə klassik dövründə deyil, müasir dövründə də yazarların tolerantlığa, multikulturalizmə ehtiramla, sevgilə, məhəbbətlə yanaşma halları mövcud olmuşdur. Sovet İttifaqının ən ağır illərində, repressiyaların tuğyan dövrlərdə belə Cavidin yaradıcılığında tolerant ideyaları, başqa xalqlara hörmət və ehtiram hissləri özünün daha qabarıq ifadəsini tapır. O, türkçülük və islamçılıq mövqeyindən çıxış edərkən özünün əqidə saflığını qorumağı da unutmur.

Cavid düşünən və düşündürən sənətkardır. Bu baxımdan onun fəlsəfi məzmundan kənar əsəri yoxdur desək, yanılmarıq. Bununla bərabər, ədibin elə əsərləri də vardır ki, onlar sırf fəlsəfi və ya tarixi-fəlsəfi məzmun kəsb etdiyindən digər əsərlərindən fərqlənir. Şairin dram əsərlərindən dördü bu tələbə cavab verir: “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” və “Xəyyam”.  Bu əsərlərin hər birində tolerantlıq ideyalarının ayrı-ayrı tərəflərini görmək olar. Xüsusilə “Şeyx Sənan” əsərində digər xalqların dininə olan hörmətlə bağlı poetik fikirlər şairin bu baxımdan bənzərsizliyini ifadə edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, haqqı, ədaləti, saflığı, paklığı axtaran və bunun üçün İslam dəyərlərinə müraciət edən Hüseyn Cavidin tolerantlıq mövqeyi daha güclüdür.

Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək və təbliğ etmək üçün böyük şair və dramaturqumuz Hüseyn Cavidin zəngin yaradıcılığı çox mükəmməl ədəbi-bədii və fəlsəfi bir məxəzdir. Böyük mütəfəkkirimizin, insanların birgə yaşayışı, etnik mənsubiyyətindən asılı olmayaraq cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, hörmət, həmrəylik haqqındakı çağırışları, dahiyanə fikirləri onun bir çox əsərlərində, xüsusilə də “Şeyx Sənan” və “Maral” mənsur faciələrində öz əksini qabarıq tapmışdır. Bu əsərlər Azərbaycan ədəbiyyatının əsas simalarından biri kimi böyük Cavidin həyat fəlsəfəsində humanizm mövqeyində dayandığını, insanpərvərlik, ədalət carçısı, birlik-bərabərlik ideyalarının təbliğatçısı olduğunu çox aydın şəkildə göstərir.  Hüseyn Cavidin dini-fəlsəfi baxışlarını izləyərkən onun gözəllik aşiqi olması, Allaha həqiqətin yaradıcısı kimi yanaşması, həqiqəti, saf məhəbbəti müdafiə etməsi, tolerantlığa düzgün mövqedən baxması, İslami anlayışlara, tolerant dəyərlərə düzgün qiymət verməsi kimi yanaşmalarını görmək olur. Bu yanaşmalarda, düzlüyü, doğruluğu, saflığı, paklığı, gözəlliyin gerçək tərəflərini, haqqı, həqiqəti, ədaləti müdafiə edən şairin əsl simasını da görmək olur.

“Şeyx Sənan”, “Peyğəmbər” və “Xəyyam” pyeslərində dramaturqun qarşıya qoyduğu məqsəd haqqa- həqiqətə qovuşmaq yollarını arayıb axtarmaq və bunun geniş həcmdə bədii həllini vermək olmuşdur. Şeyx Sənanın da, Peyğəmbərin də, Xəyyamın da – hər üçünün haqq- həqiqət yolunda müxtəlif təsəvvürləri olduğu kimi, ona qovuşmaq yolları da müxtəlifdir, bu müxtəlifliyin içərisində vahid tolerantlıq ünsürlərinin, multikulturalizm cizgilərinin yer almasını da unutmaq olmaz. Məsələn “Şeyx Sənan”da dinlər arasında fərq qoyanları tənqid atəşinə tutan ədib, müsəlman oğlanla xaçpərəst qızın məhəbbətinə qarşı çıxan qüvvələrə qarşı ilk dəfə olaraq əsil tolerantlıq mövqeyindən yanaşır. Bu vaxta qədər bu mövzuya müraciət edənlərin hamısından fərqli olaraq H.Cavid bu saf məhəbbətin multikulturalist cəhətlərini açıqlayır. Müsəlman oğlanla xaçpərəst qızın nakam məhəbbəti mövzusu həm şifahi, həm də yazılı ədəbiyyatımızda ta qədimlərdən işlənmiş və müsbət həllini tapa bilməmişdir. Böyük ədib və dövlət xadimi N.Nərimanovun (“Bahadır və Sona”)  təbirincə desək, “uçurum dərələr” buna mane olmuşlar. Hüseyn Cavidin “Şeyx Sənan” əsərində ədibin bu maneələrə qarşı tolerant mövqedə dayanmasının şahidi oluruq. Əsərdə Azərbaycan, Ərəbistan, İran, Turan, Gürcüstan kimi ölkələrdəki dini qarşıdurmaları, qadağaları tənqid edən ədibin əsil tolerant mövqeyini, multikulturalizm ənənələrinə sadiq qaldığını görürük. Əsərin birinci pərdəsi gələcək gərgin, dramatik hadisələr üçün zəmin hazırlayır. Biz burada Şeyx Sənan və ona məhəbbətlə, rəğbətlə yanaşan Şeyx Kəbir, Şeyx Abuzər, Şeyx Hadi, Şeyx Sədra, Əbülüla, Zəhra, Əzra və onu anlamayıb cəhalət, mövhumat mövqeyində dayanan Şeyx Mərvan, Şeyx Nəim, Şeyx Əbülləhyə, Şeyx Cəfər kimi surətlərlə tanış oluruq. Surətlərin bu cür uyğunlaşması Şeyx Sənanın hansı mühitdə yaşaması barədə bizə məlumat verir. Şeyx Kəbir Şeyx Sənanın kimliyi, hansı məqama yetdiyi haqqında belə söyləyir:

Səni annən doğurdu Turanda,

Yaşadın bir zaman da İranda,

Kəsbi-ürfan için, fəzilət için

Sonra İranı tərk edib gəldin,

Ərəbistana ixtiyar etdin.

Gənc ikən kəsbi-iştihar etdin.

Lakin ən son yerin, zəki Sənan!

Olacaq son nəfəsdə Gürcüstan.

Bu nümunələrdən də aydın olur ki, Şeyx Sənanın bir neçə Şərq ölkəsində dini ayrışeçkiliyin önə çəkilməsinə, həqiqi sevgiyə, saf məhəbbətə qarşı çıxanlarla mübarizə aparmasına önəm verən ədib tolerantlıq və kulturalizm mövqeyində dayanır. Ədibin dinlərin birliyinə üstünlük verməsi onun yaradıcılığında bir leytmotiv xətti kimi diqqəti cəlb edir. Bu xəttin ayrı-ayrı tərəflərində isə multikulturalizmin cizgilərini görməmək olmaz. Ümumiyyətlə, Hüseyn Cavid yaradıcılığındakı Allah, həqiqət, gözəllik, məhəbbət, multikulturalizm, dini-fəlsəfi və islami anlayışlar, tolerant dəyərlər tarixi-ənənəvi məzmunlu olmaqla bərabər, böyük sənətkarın özünəməxsus bədii təxəyyül və təfəkkürünün qüdrəti ilə yeni həyat və sənət ömrü əxz etmişdir.

Böyük dramaturqun ilk mənsur dramı olan “Maral” faciəsinin hələ lap başlanğıcında – “Əşxas” hissəsində Hüseyn Cavid multikulturalizminin ilk işartılarını görmək mümkündür. Belə ki, əsas qəhrəmanları türk olan əsərdə Doktor obrazının rus olduğu xüsusi qeyd edilir. Bundan başqa, bir epizodik ləzgi obrazı vardır. Birinci pərdənin remarkasında isə Turxan bəyin otağının divarından Şeyx Şamilin şəklinin asıldığı göstərilir. Faciənin müsbət qəhrəmanlarından biri olan və türkçülük ideyalarını qızğın şəkildə təbliğ edən Çingiz bəy Dağıstan xalqına məhəbbətini Şamilin şəklinə baxaraq ruhlanır. Hüseyn Cavidin yaradıcılığındakı tolerantlıq və multikulturalizm mövqeyini onun “Peyğəmbər” əsərində də görmək olar. “Peyğəmbər” əsərini böyük ədibin dini-fəlsəfi baxışlarının mükəmməl konsepsiyası da saymaq olar. Hansı ki, bu konsepsiyanın əsas cəhətlərini islam dininin, müqəddəs “Quran”ın yaradıcısı, bəşər tarixinin bənzərsiz simalarından biri olan Məhəmməd (s) Peyğəmbər məhəbbət çizgiləri təşkil edir. Cavidin bu tarixi dramı dini-fəlsəfi mövzudadır. Haqq-həqiqət axtarışına çıxan sənətkar tarixə müraciət etməli olmuş və bəşər tarixinin ən qüdrətli simalarından birini əsərinin qəhrəmanı seçmişdir. Cavidin bu qəhrənamanının yaratdığı islam dini haqqında yazılan əsərlər küllüyatına diqqət etsək saf, təmiz, pak, qeyrətli, qüdrətli, şərafətli, elmli, dəyanətli, millətsevər və ən ümdəsi Allahın Rəsulu olan bir bənzərsiz insan obrazı görərik. Lakin, Cavidin yaratdığı obraza diqqət etsək, sözlə ifadəsi mümkün olmayan və tarixi həqiqətləri qoruyub saxlamağa nail olan və bu həqiqətləri çoxsaylı millətlərə təlqin edən bənzərsiz bir tarixi şəxsiyyəti görərik. Bu cəhətlər “Pey¬ğəmbər”i Cavidin bütün əsərlərindən fərqləndirir. “Peyğəmbər”i Cavidin digər əsərlərindən fərqləndirən cəhətlər çoxdur. Bunlardan ikisi əsərdə “Əşxas” hissəsinin verilməməsi və dörd pərdədən ibarət olan bu əsərin hər pərdəsinin ayrı-ayrılqda adlandırılmasıdır: Bisət, dəvət, hicrət, nüsrət. Milli dramaturgiyamızda buna “Peyğəmbər” dramına qədər rast olunmamışdır. Digər fərqli cəhət isə onun ifadə etdiyi ideya idi. Dini-fəlsəfi mövzuda yazılmış bu dramın qəhrəmanı Məhəmməd (s) ədəbiyyatımızda ilk dəfə böyük bir bədii əsərin iştirakçısı, baş obrazı kimi verilmişdir. Cavid bu əsərdə nə dini idealizə etmək istəmiş, nə də modernləşdirmək fikrində olmuşdur. O, tarixi həqiqətləri qoruyub saxlamağa cəhd etmiş, dünənlə bu günü bir-birinə bağlayan tarixi, dini- fəlsəfi məzmunlu gözəl bir sənət əsəri yarada bilmişdir. Bu əsəri yaradan ədibin isə tolerant mövqedən çıxış etməsi, multikulturalizm ənənələrinə sadiq qalması onun milli və ümumbəşəri ənənələri müdafiə etməsi kimi dəyərləndirmək olar.

Müxtəlif dinlərin, müxtəlif millətlərin mədəniyyətinin qəbul edilməməsi multikulturalizmi inkar edən amillərdəndir. Bu amillərin bariz nümunəsini biz Avropa ölkələrində görürük. İraqdan, Misirdən, Suriyadan, Avropaya sığınanları bu gün ölüm gözləyir.

Multikultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir. Yalnız tolerant cəmiyyətdə multikultralizm mədəniyyətlərin qarşılıqlı sürətdə zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur. Bu gün belə harmoniyanı tənzimləyə bilməyən Avropa multikulturalizmin məğlubiyyətə uğradığını qəbul və bəyan edir.Hüseyn Cavid zamanın fövqündə duran, fikrin və xəyalın romantik uçuşunu kosmik ənginliklərə yüksəltməyi bacaran qüdrətli sənətkardır. Onun romantikasında fikrin qanadlarını ən uzaq fəzalara uçuşlar üçün tükənməz enerji ilə təmin edən yüksək tarixilik duyğusu var. Fəqət H.Cavidi dünyanın böyük romantik sənətkarlarından fərqləndirən qüvvətli bir cəhət var: Hüseyn Cavidin romantizmi Şərqin və bütün dünyanın ən kamil fəlsəfi cərəyanı olan sufizm bulağından dirilik suyu içib. Onun qəhrəmanları Haqqın dərgahına gözəllik və sevgi qanadlarında gedib çata bilərlər. “Mən fəqət hüsni-xuda şairiyəm // Yerə enməm də səma şairiyəm” – misraları H.Cavidin bütün çərçivələri söküb-dağıdan, əngin səmalara qapı açan romantik fəlsəfəsidir. Xudanın hələ heç kimin görmədiyi hüsnü ən kamil hüsndür. H.Cavid bu məchul, fəqət əbədi gözəllik mənbəyi olan ilahi hüsnü tərənnüm edir.

Sufizmdə bir qadına olan məhəbbət tanrıya qovuşmaq yollarından biridir. Burada ibadət, poeziya, musiqi, rəqs kimi vasitələr mövcuddur. Xumara olan ilahi eşq sayəsində allahlaşdığını Dərviş Şeyx Sənana söyləyir: “camalında nuri-həqq”, “xuda qiyafətində” olduğunu irəlicədən bəyan edir.“Şeyx Sənan” həqiqətən də H.Cavidin “hüsni-xuda şairi” olduğunu təsdiq edən möhtəşəm sənət əsəridir. H.Cavidin “Şeyx Sənan ” əsəri romantik faciə olmaqla bərabər, eyni zamanda sufizmi səhnəyə gətirən ilk dram əsəridir. Deyə bilərik ki, müəllif bu əsərlə ilk mənzum tarixi faciənin, poetik teatrın, eyni zamanda həm də sufi-mistik teatrın əsasını qoymuşdur.

Bugün Hüseyn Cavidin ədəbiyyatımızda misilsiz xidmətləri və rolu danılmazdır.

 

 

 

Yazar: Sərvanə Qarabağlı

Sərvanə Qarabağlı

Azərbaycan dili və ədəbiyyat müəllimi, Araşdırmaçı, "Psixologiya Evi", "Premium Academy", "Qafqazın Günəşi", "Development Power", "FM GROUP", "My Project", "Çağdaş Gənclər portalı" təşkilatlarında təlimçi