Hüseyn Cavid

Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda doğulub.

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir.İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T. Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetininnin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Qeyd etmək istəyirəm ki, o, müəllimlik etdiyi məktəbdə maarifçilik ənənələrinə sadiq olmuş və burada qızların təhsilinin önəmini göstərmişdir. Cavid hər bir davranışı ilə ideal müəllim idi.

Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlər yazır. 1920-1930-cu illərdə Hüseyn Cavid “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” kimi bir sıra tarixi dramlar yazmışdır.

1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilir. O, 1941-ci ildə İrkutskvilayətinin Tayşet rayonununda dünyasını dəyişib.Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid    Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.  Qeyd etmək lazımdır ki, Cavid yalnız Azərbaycan ədəbiyyatında deyil, Türkiyə, Özbəkistan və digər ölkələrdə tanınır. Dramaturqa şöhrət qazandıran əsəri “İblis” hesab edilir. Əsərin tənqidi qrafiki yazılarkən bir neçə dəfə Elmi Şura müzakirəsi toplanılmışdır. Bu da əsərin olduqca mürəkkəb və dərin sujet xəttindən xəbər verir.  Cavid xatırlanarkən onunla birlikdə anılan amillərdəm biri də “maarifçilik” idi. Şübhəsiz, bu dövrdə bir çox ziyalılarımız bu yöndə addımlar atırdı, lakin Cavidi xüsusi pafosla vurğulamaq yerinə düşər.   Digər tərəfdən lirik yanaşmasına nəzər salsaq, onun içindəki maarifçiliyə can atan üsyankar xalq fədaisi ilə yanaşı, incə ruhlu sənatkarı görə bilərik. Nümunə deməli olsaq, onun dillərə əzbər olan “ Çəkinmə, gül ” şeirini göstərmək mümkündür:

 

Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr
Simaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
Şaqır-şaqır ötüşündən, ey əndəlibi-səhər!
Bir etila duyarım, başqa bir səfa bulurum.

Nədən şəfəqli bulutcuqlar öylə çöhrəndə
Bir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər?
Günəş gülər, bulut ağlarsa, ey mələkxəndə,
Səmadə qevsi-qüzehlər saçar təbəssümlər.

H.Cavid şeirlərini həm əruz, həm də heca vəznlərində yazmışdır. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdir. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur. Əruzşünaslar həmin növü “Cavid həzəci” adlandırırlar.

Əsrin əvvəllərində əruzdan hecaya keçmək də şeirdə yeni üslub axtarışından irəli gəlirdi. Heca vəznli şeirə üstünlük verməklə, Hüseyn Cavid bu vəznin Azərbaycan yazılı poeziyası üçün daha da doğmalaşmasına xidmət etmişdir. O, XX əsrin əvvəllərində heca vəzninin müxtəlif şəkillərində qiymətli şeirlər yazmağa müvəffəq olmuşdur. Cavidin irsi bizlər üçün hələ də vacib tədqiq edilən ədəbiyyat irsi hesab edilir Müvəffəqiyyətlə onun sələfləri Cavid irsinə yiyələnmiş və onu gözəl şəkildə tədqiq etmişdir.

YAZAR: Nuranə Mirzəyeva
HƏMÇİNİN BAX: Şimali Amerikanın tarixi coğrafiyası
HƏMÇİNİN BAX: Tehsilim.org/dim-de-6-avqust-2021-ci-il-tarixinde-toefl-ibt-imtahanlari-kecirilecek/