Hüseyn Cavid- Həyat və Yaradıcılığı
Hüseyn Cavid: Dahi şəxsiyyət Hüseyn Cavid Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində tamamlamışdır. 1899-1903-cü illərdə Təbrizdə olmuş və “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, daha sonra Gəncə və Tiflisdə, 1915- ci ildən etibarən isə Bakıda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatının ən böyük sənətkarlarından biridir. Hüseyn Cavid yaradıcılığı janr və forma cəhətdən olduqca zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, mənzum faciə və dramların yaradıcısı olmuşdur.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. H. Cavidin fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, forma yeniliyi baxımından dramaturgiyamızda yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətinin inkişafına mühüm təsir göstərmişdir. Onun dramaturgiyasında dövrün problemləri öz əksini tapmışdır.
Ədəbiyyatımızda ilk mənzum faciə olan “Ana” pyesi H. Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Əsərdə baş verən hadisələr Dağıstanda cərəyan edir.
“Şeyx Sənan” əsərində H. Cavid xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını irəli sürmüşdür.
H. Cavid yaradıcılığında mühüm yer tutan “İblis” mənzum faciəsində müharibələrin ağır nəticələri göstərilir. Bu əsər 1918-ci ildə qələmə alınmışdır.
Hüseyn. Cavid 1926-cı ildə Almaniyaya gedir və 7 ay Berlində yaşayır. Həmin müddət ərzində oradan ziyalıların mənəvi iztirablarını özündə əks etdirən bir sıra siyasi- lirik və lirik-epik şeirlər yazır. 1920-1930- cu illərdə isə Hüseyn Cavid “Peyğəmbər”, “Topal Teymur”, “ Səyəvuş” “Xəyyam” kimi bir sıra tarixi dramlar da yazmışdır.
H. Cavidin poeziyası onun romantik şeir və poemalarından ibarətdir. Lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik qəhrəmanı qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayır.
1913-cü ildə Tiflisdə H.Cavidin “keçmiş günlər” adlı şeir kitabı nəşr olunur.
H. Cavid şeirlərini həm əruz, həm də heca vəznində yazmışdır. O əruzun rəməl, həzəc, xəfif, müstəc, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla yanaşı, həzəc bəhrinin yeni bir növünü yaratmışdır ki, həmin növ “Cavid həzəci” adlandırılır.
Türkiyədəki təhsil illərində yazılan “Yadi mazi”, “ Bir ahi-məzlumanə” şeirlərinin quruluşunda özünəməxsusluq vardır. Bu şeirlər klassik lrika və xalq-aşıq lrikası üslubunun qovuşmasından yaranmışdır.
Bir sıra janrları, xüsusilə sonet, türkü və marşlar Azərbaycan şeirinə Hüseyn Cavid tərəfindən gətirilmişdir.
Sovet dövründə totalitarizmin dəhşətverici dövründə Hüseyn Cavid sosializmin “ naliyyətlərindən” yazmağı özünə layiq bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən boyun qaçırmışdır. Bu səbəbdən də o, Sibirə, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.
Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi
Bütün bu hadisələr Azərbaycan Kommunist Partiaysı Mərkəzi Komitəsinin Hüseyn Cavidin anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı 1981-ci ilin iyun qərarı ilə başlamışdı. Bu yubiley tədbirləri çərçivəsində Hüseyn Cavidin Bakı və Naxçıvanda ev muzeylərinin açılması, heykəlinin ucaldılması, Cavid Poeziya Teatrının yaradılması nəzərdə tutulurdu. 1982-ci ilin oktyabrın 2-də Heydər Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan Vilayət Partiya Komitəsində keçirilən görüş zamanı həmin təklif irəli sürülmüşdü. Bu, Cavidin nəşinin Vətəninə qaytarılması ilə bağlı ilk təklif deyildi. Bu təkliflə bağlı Heydər Əliyev lazım olan bütün köməkliyi göstərəcəyini bildirir.
Hüseyn Cavidlə bağlı Moskva müzakirələrindən və razılaşmalarından sonra bu tarixi qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova tapşırılır. İllər sonra Həmid Cəfərov həmin günləri belə xatırlayır:
“ Məhz Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən H. Cavidin cənazəsinin qalıqlarının doğma vətəni Naxçıvana gətirilməsi onun tarixi xidmətlərindəndir.
Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Vilayət Partiya Komitəsinin qərarından sonra heyət muxtar respublikanın daxili işlər nazirinin müavini, polkovnik Telman Əliyev, SSRI deputatı Zakir Nəsirovla Sibirə yollandı.”
Sibirə göndərilən heyət Cavidlə bağlı bir sıra arxiv sənədlərini öyrəndi. Müəyyənləşdirildi ki, Hüseyn Cavid 1941-ci ilin dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib və Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. Üç gün sonra bu məsələnin araşdırılması üçün Sov.IKP İrkutsk vilayət Partiya Komitəsində görüş zamanı sərəncam verildi.
1982-ci il oktyabrın 21-də Tayşet şəhərindən 75 km məsafədə yerləşən Şevçenko kəndinə istiqamət alındı. 1941-ci ildə Cavidin sakini olduğu islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş Darafiy Tradyakola bildirdi ki, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb. Heyət oktaybrın 21-də kəndə çatdı. Məzarlıq tapıldıqdan sonra 2 saat davam edən axtarış nəticəsində Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri taparaq onun açılması üçün sanksiya imzaladı və Cavidin məzarı qazıldı.
1982-ci ilin oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana aparıldı və Naxçıvanda-evinin qarşısında dəfn edildi.
YAZAR: AYSEL MUSAYEVA
Həmçin bax: https://tehsilim.org/mu%c9%99llim-secimi-fotolarda/
Həmçin bax: https://turaz.org/20-avqustda-gozlenilen-hava-srraiti/
Həmçin bax: Hüseyn Cavidin bədii-fəlsəfi fikir dünyasında multikulturalizm mühitinin təcəssümü.