Hunların Çinlə barışıq cəhdləri və Uvey xaqanın hakimiyyətə gəlməsi

Hunların Çinlə razılaşma cəhdləri:
Bu yürüşlərdən sonra hunlar buradan çıxıb getdi və artıq səhranın cənubunda Tanhu çadırı yox idi. Çinlilər  Şuofanqın qərbindən Qansunun dərinliklərinə qədər uzanan Sarı çaydan keçdilər. Burada hər yerə su kanalları açdılar, tarlaları şumladılar və ərazilərə məmurlar təyin etdilər. Məmurlar və əsgərlər 50-60 min nəfərdən ibarət idi. Çin əraziləri şimalda Hun torpaqlarına çatdı.

İki çin generalının yürüşü ilə Tanhu mühasirəyə alındı, Hun orduları məğlub edildi və 80-90 min Hun həlak edildi. Lakin on minlərlə çin əsgəri öldü və 100.000 at tələf oldu.

Hunlar ciddi zərbə aldılar və buradan çıxıb getdilər, ancaq Çinin atlarının sayı da xeyli azaldı. Tanhu Çao Şinin planını həyata keçirərək Çinə bir elçi göndərdi və evliliklə sülh müqaviləsi imzalamağı təklif etdi. Çin İmperatoru vəzirlərindən mövzu ilə əlaqədar fikirlərini bildirmələrini istədi. Bəziləri müqavilənin imzalanmasını təstiqlədiyi halda, bəziləri isə hunların barışıq müqaviləsi əvəzinə Çinə birləşməsini müdafiə etdi. Məclisdə söz alan Ren Çanq hunların çətin vəziyyətdə olduğunu bildirdi və onları Çinə birləşdirmək üçün bir siyasət modeli təklif etdi. İmperator Ren Çanqı hunlara elçi olaraq göndərdi.

Səfirin sözlərini eşidən Tanhu isə buna çox qəzəblənmiş və onu həbs etmişdi. Bundan daha əvvəl isə Çinə sığınan Hun elçiləri var idi. Digər tərəfdən də Tanhu indi çin səfirlərini həbs etmişdi. İmperator yenidən əsgər və at yığmağa başladı. Bu vaxtatlı dəstənin generalı Huo Çubinq öldü.  Bundan sonra çinlilər uzun müddət şimala, yəni hunlara yürüş edə bilmədilər.

 

Uvey xaqanın hakimiyyətə gəlməsi:
Yicişie (İçiz ) Tanhu, hakimiyyətinin 13-cü ilində, e.ə.  114-cü ildə vəfat etdi, oğlu Uvey onun yerinə keçdi. Uvey Tanhu taxta çıxdıqda imperator Vu Çindəki əyalət və bölgələrə bir səfərə çıxdı. Bundan sonra Çin cənuba yürüşə getdi və Yue adlı xariciləri məğlub etdi. Bu vaxt hunlara qarşı bir hücum yox idi və hunlar sərhədlərə yaxınlaşmadı.  E.ə. 112-ci ildə Çin cənubundakı iki Yue əyalətini darmadağın etdi. Bundan sonra isə hunlara tərəf irəlilədilər. Qonqsun He 5 min atlıya rəhbərlik edərək. Jiuyuandan yola düşdü və Fuju quyusuna çatdı. Digər tərəfdən Cao Ponu 10.000 atlı ilə yola çıxdı və irəliləyərək Şionqnu (Hun ) çayına çatdı.  Lakin heç bir ordu hunlarla qarşılaşmadı və geri qayıtdı.

QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Nərmin Ələsgərova
HƏMÇİNİN BAX: Böyük Monqol Xaqanlığı Güyük xanın hakimiyyəti illərində
HƏMÇİNİN BAX: Tehsilim.org/tarix-ve-cografiyadan-imtahan-kecirilir/