Hunlarda dövlət təşkilatı: Xatun və cəmiyyət

Asiya Hunlarında Tanhunun arvadı “yancı” adlanırdı. Bu, həmin qadının mükafatı idi. Dövlət quruluşunda baş yancıdan olan Hun uşaq varis olurdu. Lakin bəzən bu qaydaya əməl edilmirdi. Xatun dövlət təşkilatında söz sahibi idi, bəzən kiçik Tanhu adından dövləti idarə edirdi. Digər tərəfdən dövlətdə çətin vəziyyət yarandiğı vaxtda, xüsusilə də dövlət təşkilatı zəiflədiyi dövrdə Çin qadınlar söz sahibi olur, Çin adından Hunlara qarşı çıxışlar edir, mərkəzdən məlumat sızdırırdılar. Çin qadınlar bəylərin arasında münaqişələrə səbəb olur, onları bir -birlərinə düşmən edirdilər. Avropa hunlarında isə yalnız həm anası, həm atası hun olan övlad varis ola bilərdi. Atillanın çoxlu həyat yoldaşları var idi, lakin yalnız baş xanımı Arıkandan doğulan övladlarının hakimiyyətə sahib olmaq hüququ var idi.

Mənbələrin məlumatına əsasən,  Arıkan Atillaya məxsus təmtəraqlı sarayda yaşayırmış. Onun şəxsi qulluqçuları var idi. Arıkan Huna göndərilən elçilərin qəbulunda Atilla ilə iştirak edirdi. Onunla yanaşı, digər qadınlar da dövlətin idarə edilməsində iştirak edirdilər.

Asiya Hunları haqda qeydlərdə göstərilir ki, onlar əvvəllər köçəri həyat sürüblər. Beləliklə, onlar maldarlıqla məşğul olaraq at, qoyun, mal-qara, bəzən də dəvə, eşşək, qatır kimi heyvanlar saxlayırdılar. Buna görə də onlar ilin müəyyən vaxtlarında içməli su və otlaq sahələri olan ərazilərə köç edirdilər. Beləliklə, onların daimi yaşayış məskəni yox idi və kənd təsərrufatı ilə məşğul olmurdular. Bunun əsas səbəbi havanın çox soyuq olması və əkinçilik üçün əlverişli ərazinin az olması idi.

Hun cəmiyyətində hər kəsin şəxsi torpağı və otlaq sahəsi var idi. Onların öz yazısı var idi. Hun uşaqlar hələ kiçik yaşlarından quş, siçan kimi heyvanları ovlamağa başlayırdılar. Müəyyən müddət sonra-ov qabiliyyətləri inkişaf etdikdən sonra onlar tülkü, dovşan kimi heyvanları ovlayır, ətini yeyirdilər. Hunlar sülh dövründə heyvandarlıq və ovçuluqla məşğul olurdular. Ovçuluq onlar üçün bir növ döyüş hazırlığı idi. Onlar hər zaman döyüşə hazır idilər və düşmənlə üzləşəndə çətinlik çəkmirdilər. Orduda kamandan, nizədən,xəncərdən istifadə edirdilər. At belində döyüşdə ox atar, yaxın döyüşdə isə nizə, xəncər çəkərdilər. Onlar yüngül silahlı dəstələr kimi tez hücuma keçər, düşmən üstünlüyü ələ keçirdikdə lazımi şəkildə geri çəkilirdilər.

Hun cəmiyyətində sosial siniflər: Hun dövlətində Çində zadəganlara, ağalara tətbiq olunan qaydalar, protokollar, rütbələr yox idi. Əhalinin bütün təbəqəsi olduqca sadə həyat yaşayırdı. Onlar saxladıqları heyvanların ətini yeyir, dərisini geyinirdilər. Ətin yağlı, yaxşı hissəsini güc toplamaları üçün döyüşən insanlara verirdilər. Qalanı isə digər insanlara, yaşlılara paylanırdı.

Cəmiyyətdə güclülərə ,igidlərə və müharibədə qəhrəmanlıq göstərənlərə hörmət edilirdi. Hunlar ,atası öləndə ögey anası ilə, qardaşı öləndə isə onun xatunu ilə evlənirdilər. Bunun səbəbi ailə birliyini təmin etmək, nəsli və qadın iffətini qorumaq cəmiyyətdə zinaya yol verməmək idi. Hunların əsas içkisi dişi atın südündən hazırlanan qımız idi. Asiya hunlarının ən mühim dolanışıq vasitələrindən biri ticarətdir. Yaradılan dövlətin ən mühim işlərindən biri ticarət yollarına nəzarət etmək, bazarlarda hökmranlıq edib, malın qiymətini müəyyən etmək, satılan maldan və gömrükdən keçən mallardan vergi toplamaqdan ibarətdir. Ümumiliyyətlə hunlar heyvan məhsullarını sataraq əvəzində çöldə istehsal edə bilmədiklərini alırdılar.

Avropa hunları mənbələrdə köçəri həyat tərzi keçirən cəmiyyət kimi təsvir edilir. Gündəlik həyatda onlar ön tərəfi düymə ilə açılıb bağlanan şalvar və dizlərinə qədər uzanan köynək geyinib, üstündən kəmər taxırdılar. Onların yun və kətan köynəkləri var idi. Romalılar alt paltarlarını ilk dəfə hunlardan görüb, istifadə ediblər. Onlar atın üstündə möhkəm durmaq üçün ayaqlarına dəri çəkmələr geyinirdilər. Kişilər maddi vəziyyətlərinə uyğun olaraq kəmər tokalarını, kəmərlərini, çəkmələrini və paltolarını qızıl, gümüş və qiymətli daşlarla bəzəyirdilər. Onlar başlarına taxdıqları dəbilqələrini də bəzəyirdilər. Çəkmələrində və kəmərlərində müxtəlif heyvan fiqurlarını, xüsusi ilə də qartal fiqurunu çəkirdilər. Onların bəzək əşyası kimi qiymətli daşlardan hazırlanan toqqaları, boyunbağıları, üzükləri, bilərzikləri və sırğaları var idi.

Ovçuluq oyunları geniş yayılmışdı. Ətdən başqa süd məhsullarıda əsas qida mənbəyi idi. Coğrafiyaya görə bundan əlavə olaraq balıq da yeyilirdi. Ekspedisiyalar zamanı pay olaraq at və mal ətini qurudurdular. Markellinus yazır: “Onlar həyat tərzində o qədəd möhkəmdirlər ki, nə oda, nə də dadlı yeməyə ehtiyacları var. Amma nə olursa olsun hər cür heyvanın ətini yeyərdilər”.

Avropa hunları çox məhdud olsa da, əkinçiliklə məşğul olur, taxıl yetişdirir və ondan çörək bişirirdilər. Onların içkisi qımız olsa da baldan hazırlanan medis adlı içkini də xoşlayırdılar. Avropa hunları üçün ticarət də həyati əhəmiyyət daşıyırdı. Hun ölkəsindən gələn mallar at və mal-qara kimi heyvan məhsulları idi. Köçəri həyatda istehsal oluna bilməyən mallar alınanlar idi, xüsusən də ipək və taxıldır. Avropa hunları sənətkarlıq sahəsində də bacarıqlı idilər. Əvvəlcə onlar çox yaxşı oxçularidi. Onlar yəhərlər, at qoşquları, oxlar və çəngəl kimi şeyləri mükəmməl şəkildə istehsal etdilər. Onlar həm də ağac emalını və ağac oymağı çox yaxşı bacarırdılar. Arxeloji mənbələrdən məlum olurki onlar keramika, şüşə və metal emalını da inkişaf etmişlər.

QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİLƏR: Mədinə İsmayılzadə və Aysel Əsədova
HƏMÇİNİN BAX: Hunlarda idarəetmə sistemi: Xaqan
HƏMÇİNİN BAX: Tehsilim.org/turk-edebiyyatinda-elisir-nevainin-rolu-adli-seminar-kecirilecek/