Hüceyrənin qeyri-üzvi birləşmələri

Hüceyrənin həyat fəaliyyəti müəyyən maye mühitində keçir ki, bunun vacib hissələrini su və suda həll olmuş qeyri-üzvi duzlar təşkil edir. Su və mineral duzlar protoplazmanın mütləq komponentləri olub, hüceyrənin fiziki-kimyəvi xassələrini müəyyənləşdirir. Miqdarına və faizinə görə hüceyrədəki bütün maddələr içərisində ən çox rast gəlinəni sudur. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı olaraq müxtəlifdir. Hesablamalar göstərmişdir ki, hüceyrədə 1 molekul zülala 40.000-50.000 su molekulu düşür.

Ümumiyyətlə, hüceyrə çəkisinin 2/3 hissəsini su təşkil edir, orta hesabla 75-80%. Su cavan orqanizmin hüceyrələrində 80%, rüşeym hüceyrələrində 95%, qoca hüceyrələrində-60% təşkil edir. Suyun miqdarı toxumanın növündən aslıdır. Belə ki, sinir hüceyrələrində-85%, piy hüceyrələrində-40%, sümük toxumasında-20%, quru toxumalarda-10% su olur. Orqanizm 20% su itirdikdə ölə bilər. Suyun miqdarının hüceyrədə çox olması onun həyat fəaliyyəti proseslərinin normal getməsi təmin edən şərtlərdən biridir. Hüceyrədə suyun miqdarı nə qədər çox olarsa, maddələr mübadiləsi də o qədər şiddətli gedir. Odur ki, bütün hüceyrələrdə suyun miqdarı eyni olmur. İbtidai orqanizmlərdə hüceyrədəki suyun çox hissəsinin itməsi onlarda həyat fəaliyyətinin kəskin zəifləməsinə -anabioza səbəb olur. Belə hüceyrələrə su yenidən daxil olduqdaonlar öz fəaliyyəyini bərpa edir.

Sitoplazma tərkibindəki su sərbəst və birləşmiş halda olur. Sərbəst su mineral duzlar, amin turşuları, karbohidratlar, zülalllar və digər maddələr üçün həlledici olub, dispersiya rolunu oynayır və fermantetiv reaksiyaların çoxunda iştirak edir. Hüceyrədə birləşmiş suyun hətda azacıq hissəsi çıxarıldıqda biopolimerlərin qurluşu pozulur və hüceyrəninkimyəvi məhvinə səbəb olur.

Su hüceyrənin həcmini müəyyən edir və ona möhkəmlik verir. Hüceyrədə baş verən kimyəvi reaksiyalar su mühitində gedir. Su hüceyrənin həyat proseslərinin gedişini və mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olunmuş şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr hidrofil (yun. “hidor” – su, “fileo” – sevirəm), suda həll olmayanlar isə hidrofob (yun. “hidor” – su, “fobos” – qorxu, nifrət) adlanır. Hidrofil maddәlәrә – duzlar, sadə karbohidratlar, hidrofob maddәlәrә isə yağlar, mürəkkəb karbohidratlar və bəzi zülallar aiddir.

YAZAR: Səidə Abdullayeva

 

Həmçinin bax: https://kafkazh.com/doymus-karbohidrogenler/

Həmçinin bax: https://turaz.org/sehid-elvin-hesenov-haqqinda-qardasi-ile-musahibe/