Hilmi Ziya Ülkənin fəlsəfi görüşləri
XX əsr Türkiyədə formalaşan fələsfi mühit özünün ictimai-siyasi mahiyyətinə görə əvvəlki dövr fəlsəfi fikirlərdən fərqli bir forma və məzmuna malik idi. Bu dövrdə formalaşan fəsəfi düşüncə ictimai-siyasi hadisələrlə birbaşa əlaqəli idi. Bu dövrdə yaşayan və yaradan görkəmli mütəfəkkirlər öz fəaliyyətləri ilə ictimai-siyasi, sosial-mədəni proseslərə təsir imkanı olan ideyalar formalaşdırır. Ziya Göyalp, İsmayıl haqqı İzmirli, Musa Akyigit, Hilmi Ziya Ülkən və başqaları Türkiyənin elmi-mədəni mühitinin inkişaf etməsində əvəzsiz xidmətlər göstərmişdilər.
Türkiyədə Cumhuriyyət dövründə fələsəfə və düşüncə tarixi sahəsində aparılan çalışmalara diqqət yetirdikə ilk ağıla gələn adlardan biridə Hilmi Ziya Ülkəndir. O, başda fəlsəfə olmaqla, sosiologiya, psixologiya, incəsənət tarixi, islam fəlsəfəsindən türk-islam düşüncəsi və müasir türk düşüncəsinəqədər bir çox sahələrdə əsərlər yazmışdır. Filosof Türkiyədə sosiologiyanın inkişaf etməsində müstəsna xidmət göstərmiş, 1949-cu ildə “Türk sosiologiya” cəmiyyətini yaratmışdır. Hilmi Ziya Ülkənin zəngin yaradıcılığında türk təfəkkürü, düşüncəsinin inkişaf mərhələləri və bu etnosun dini inancı, sistemi və başqa məsələlər mühüm yer tutur.
Akademik və elmi mənada çoxistiqamətli bir şəxsiyyət olan H.Z.Ülkən XX əsr türk düşüncəsinə ö fikirləri ilə yeniliklər gətirmişdir. Filosofun zəngin yaradıcığında müxtəlif ideoloji cərəyanların izlərini görmək olar. Filsofun həyatındakı bu ideloji dəyişiklik prosesini aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Spirtüalist dövr (1921-1925) – Bu dövrdə filosof Dürkheym və Ziya Gökalpın təsiri altında olmuş və Anadoluçuluq fikirini irəli sürmüşdür.
- Plüralist dövr (1925-1928) – Bu dövrdə Emile Boutrouxun təsirində olmuşdur. Sosioloji-psixiloji bir insan fəlsəfəsi qurmağa çalışmışdır.
- Monist dövr ( 1928-1931) – Bu dövrdə filosof Spinoza və Hegelin təsiri altında olmuşdur.
- Fenomenologiya-fəlsəfi antropologiya dövrü (1931-19340 – İnsan fəlsəfəsi ilə maraqlandığı bu dövrdə filosof xüsusən Max Scheler və Haydeggerin təsiri altında olmuşdur.
- Materialist dövr (1934-1946) –Bu dövrdə filosof Karl Marksın təsiri altında olmuş, tarixi materializmi yüksək qiymətləndirmişdir.
- Anti – materialist dövr (1946-1965) – Bu dövrdə tarix fəlsəfəsi, iqtisad və determinizm aspektlərindən materializmi tənqid edərək yenidən plüralizmə geri dönmüşdür.
- Relativist dövr (1965-1974) – Filosof bu dövrdə “qiymət” məsələsinə əhəmiyyət verərək, Kantçı bir xətt tutmuşdur.
Əslində bu bölgüdə filosofun ideolji dəyişiklik prosesini cox kəskin cizgilərlə ortaya qoymaq doğru olmasa da, ondakı dəyişikliklər haqqında məlumatın verməsi baxımından belə bir tipologiya faydalı ola bilər.
Filosofun gənclik və tələbəlik illərində içərisində olduğu, eyni zamanda fikir atası və qurucusu hesab olunduğu özünün də “məmləkətçilik” adlandırdığı ilk təlim Anadoluçuluqdur. Anadoluçuluq ilk dəfə 1918-ci ildə Turançılıq, Osmançılıq, İslamçılıq kimi dövrün fəal təlimlərinə reaksiya olaraq ortaya çıxmışdır. Bu cərəyan Anadolu ərazisinintürk millətinin həqiqi və yeganə vətəni olmasıtezisini işləmişdir. Filosof Anadoluçuluğun “ İdeolji anadoluçuluq”, “Mədəniyyətçi anadoluçuluq” kimi aktında “mədəniyyətçi ” qanadında yer almışdı. Mədəniyyətçi anadoluçuluğa görə Türk mədəniyyəti öz həqiqi kimliyini Anadoluda tapmışdır.
XX əsrin 30-cu illərindən başlayaraq Türk təfəkkürü, Türk kimliyi kimi məsələləri özünə tədqiqat obyekti kimi seçən H.Z.Ülkən “Türk təfəkkürü tarixi” adlı fənni tədris etməyə başlamışdır. Türk mədəniyyətinin tarixi köklərinin araşdırılmasını, hətta lazım gələrsə yaradılmasını hədəf seçən filosof 1930-cu illərdə “Türk təfəkkür tarixi”, “İnsani vətənpərvərlik”, “Türkiyədə Çağdaş Düşüncə Tarixi” əsərlərini dərc etdirmişdir. Bu əsərlər filosofun yaradıcılığının ən zəngin nümunələrindən biri olmuş, ona şöhrət qazandırmışdır.
Filosof türk təfəkkür tarixini ən qədim dövrlərdən müasir dövrə qədər izləmiş, hərtərəfli və obyektiv şəkildə təhlil etmişdir.Filosof türk təfəkkür tarixini tədqiq edərkən Orxan-Yenisey abidələrini, İran mifalogiyasını, Uyğur əsərlərini əsas mənbə kimi istifadə etmişdir.Türklərin tarixi kimi də mədəniyyəti, düşüncə tarixi də qədimidir. Mütəfəkkirə görə təfəkkür tarixi mədəniyyət tarixinin ən mühüm qismini təşkil edir. Təfəkkür tarixi mədəniyyətin şüuru olduğu üçün bütün mədəniyyət tarixinin mahiyyəti və ruhudur. O, bir tərəfdən elm olmaq etibarilə texniki mədəniyyətin tarixinə, digər tərəfdən də fəlsəfə olmaq etibarilə bütün mədəni həyata məxsusdur. Mütəfəkkir bu əsasa görə təfəkkür tarixnin inkişaf mərhələlərini xarakterizə edərkən bura – kollektiv təfəkkür tarixi, şəxsi təfəkkür tarixi, texniki təfəkkür tarixini aid etmişdir.
Kollektiv təfəkkürün spesifik cəhətlərindən bəhs edərkən müəllif buraya Kosmoqoniya (astronomik cisimlərin yaranması və inkişafı haqqında fikirlər), Teoqoniya (tanrıların yaranması haqqında düşüncələr), Mifologiya( fantastik təsəvvürlər və mifləri öyrənən elm) daxil edir. Türk kosmoqoniyasının özünəməxsus cəhətlərindən bəhs edən müəllif yazırdı: “ Türklər ətraf aləmi, dünyanı izah edərkən, bir-birinə zidd olan, eyni zamanda bir-birini tamamlayan iki prinsipi qeyd edir. Bunlar səma Tanrısı və yer ilahəsi Asra idi. Reallıqda isə hər şey xaos haqqında ikən sonradan yer göydən, aydınlıq qapalılıqdan ayrılmış, sonra əks qütblərin təkrar birləşməsindən ilk insan varlığı yaranmışdır”.
Mütəfəkkirə görə, kollektiv düşüncənin sonrakı inkişaf mərhələsində şəxsi təfəkkürün formalaşması özünü göstərir. Bu mərhələdə cəmiyyət içindən çıxmış olmaqla bərabər ümumi cəmiyyət deyil, ayrı-ayrı fikir sahiblərinin yaratdıqları əqli sərvətdən bəhs edilir. Bunlar daha çox fəlsəfə, ədəbiyyat, mistikaya aid traktatlardır.
Elm, iqtisadiyyat, idarə etmə qaydalarını texniki təfəkkürə aid edir.
Filosof türk təfəkkür tarixini üç dövrə ayırır: Payen(büdpərəstlik) türk təfəkkürü, İslam- türk təfəkkürü, Müasir türk təfəkkürü.
1. Payen türk təfəkkürü adlanır- Türk fikri həyatının ilk dövrü, islamı qəbul etməzdən əvvəlki dövrü heasb olunur. Bu dövrün Şummerlərdən islamı qəbula qədər, yəni dörd min illik uzun bir ömrü var.
2. İslam türk təfəkkürü- Belə ki VIII əsrdən XIX əsrə qədər davam edən bu dövr digərindən olduqca fərqli bir xarakterə malikdir. İslam türk təfəkkürü ümmət təfəkkürüdür . Burada imperatorluq ideologiyasi beynəlmilləl dini birlik meydana gətirmişdir. Beləliklə bu dövrdə orijinal bir əsərin yaranması üçün hər şeydən əvvəl ümmət ruhunun tamamilə qavranılmış olması lazım idi. Ümmət dövrünün ən müştərək və ümumi xarakteri dini dövlətdir.
- Müasir türk təfəkkürü- Belə ki türklər Avropa ilə yaxınlaşma nəticəsində müasir təfəkkürə yavaş-yavaş girməyə başladılar. Müasir təfəkkür dedikdə məlum olduğu kimi İntibahdan başlayaraq inkişaf edən Avropa təfəkkürünü nəzərdə tuturuq. Bugünki fikir cərəyanları, fəlsəfələr müasir təfəkkürün əsəridir. Onlar həm prinsip, həm qayda-qanun, məqsəd etibarilə ümmət təfəkkür ilə əlaqəni tamamilə kəsiblər. Əxlaq, siyasət, texnika müasir təfəkkürün əsas hədəfini təskil edir.
Beləliklə filosof türk təfəkküründən bəhs edərkən onu dörd əsas xüsusiyyətə görə təsnifatlandırmışdır:
- Türk təfəkkürü realistdir.
- Türk təfəkkürü nəzəriyyə ilə elm arasında sıx əlaqə tapmağa meylli, yeni düşüncələrə açıq sistemdir.
- Türk təfəkkürü yeni fikirləri və anlayışları bəsitləşdirmək, onları başa düşülən bir formaya salmaq və tənqid etmək iqtidarına malikdir.
- Türk təfəkkürü intuitivdir, refleksiya imkanları çoxdur. Öz daxili strukturunu qorumaqla yanaşı, müxtəlif mədəniyyətlərlə qarşılıqlı bəhrələnmə imkanı onun əsas xarakterik cəhətidir.
H.Z.Ülkənin fələsəfə tarixindəki digər mühüm xidmətlərindən biri də islam fəlsəfəsinintarixi mərhələrini, onun inkisaf xüsusiyyətlərini, bu tarixin özünəməsusluğunu məntiqi ardıcıllıqla izləməsi və araşdırmasıdır. Filosof “İslam fəlsəfəsi, qaynaqları və təsirləri” əsərində şərq fəlsəfəsinin bəşər fələsəfi tarixində olan rolunu və əhəmiyyətini göstərmişdir.İbn Ərəbi, Əl-Kindi, Əl-Fərabi, İbn-Sina və digər orta əsr ərəb-müsəlman filosoflarının fələsəfi irsini araşdırmaqla bərabər, filosof İslam sxolastikasının(mütəkəllimlər), sufilər, fəqihlər və digər dini-ideoloji təlim və dünyagörüşləri də tədqiq etmişdir. Filosof islam məzhəblərinin xarakteristikasına dair ciddi tədqiqatlar aparmış, Hənəfilər, Hənbəlilər, Malikilər, Şafiilərin bir məktəb kimi yaranması, inkişaf etməsinə dair qeydlər etmişdir.
Filosof yaradıcılığında Şərq-Qərb münasibətləri və bu bölgələrin bir-birindən bəhrələnməsinə xüsusi diqqət yetirmişdir. İslam mədəniyyətinin Qərbin oyanışında rolu, qərb mədəniyyətinin inkişafına verdiyi töhfələri qeyd etmişdir. Xüsusilə şərq alimlərinin hakimiyyət, siyasi quruluş, dövlətdə və cəmiyyətdə ədalət prinsipi kimi ideyaları qərb filosofları tərəfindən mənimsənilmişdir.
Filosofa görə fəlsəfə bizim bütün məlumatlarımıza dayaq olan ilk faktları, prinsipləri, hadisələri araşdıran bir elmdir. Beləliklə, fəlsəfə ancaq dinamik bir surətdə gerçəkliyin tələb etdiyi sualları verərək, elmlərin elmi və universal bir elm ola bilər.Filosof fəlsəfinin termin olaraq aşağıdakı iki tərifini qeyd edir:
- Fəlsəfə elmlərin sərhədini aşaraq mövcud olan problemləri düşüncə ilə həll etməyə çalışan və beləliklə fəlsəfənin fəlsəfəsi şəklində sonsuza qədər gedə biləcək tədqiqat yoludur.
- Fəlsəfə özünəməxsus üsulları və qayda-qanunu olan, bunlara uyğun olaraq inkişaf edən intizamlı bir düşüncə tərzidir.
Beləliklə, fəlsəfə – fəlsəfi təlimlər, doktrinalar arasındakı münaqişələrə və ardıcıl fikri cərəyanlara, bunların hamısını əhatə edən yeni bir pəncərədən baxmağı təmin edir. Çünki ilk fakt axtarışı filosofun ən əsas qayğısıdır.
Filosof fəlsəfənin metodunu ilk növbədə elmlərin metodları ilə müqayisə edərək açıqlamağa çalışmışdır. Fəsəfənin metodunun digər elmlərinin metodundan fərqli olmasına baxmayaraq, elm və fəlsəfə bir-birini bəsləyən iki ayrı sahədir. Elmin inkişafı ilə fəlsəfənin inkişafı bir – birini paralel seyr edir, birinin səyləri, böhranları digərinin sahəsinə də nüfuz edir. Hər bir əsrdə müşahidə olunan elmin metod, problem, nəzəriyyəsindəki irəliləyiş, inkişaf sinxron olaraq fəlsəfədə də özünü göstərmiş və ya bu vəziyyətin əksi də mümkün olmuşdur. Bu nöqteyi-nəzərdən elmi fəlsəfədən, fəlsəfəni elmdən ayırmaq mümkün deyildir.
H.Z.Ülkənə görə fəlsəfə tarixçiliyi ilə filosofluq bir- birindən fərqlidir. Fəlsəfə tarixi əsas yunan-latın ənənəsi üzərində qurulmuş, Avropa fəlsəfəsi və İslam fəlsəfəsi olmaqla iki qola ayrılmışdır. Bu sahədə işlər görəcək fəlsəfə tarixçilərinin tədqiqat sahələrinin dillərini (yunanca, latınca, ərəbcə) çox yaxşı bilən filoloqlar olması lazımdır. Lakin, fəlsəfə tarixçisini gözləyən bir çatışmazlıq vadır; o da qədim mətnlərin təhlili və nəşri kimi filoloji işlərə özünü verən bir fəlsəfə tarixçisi fəlsəfi problemlərin aktual dəyərini görməyə imkan tapmayacaqdır. Bu halda filosofa görə, filosofluğun yolu fəlsəfə tarixini tam olaraq bilməkdən keçmir, lakin fəlsəfi spekulyasiyaya sahib olduqdan sonra fəlsəfə tarixi tamamlayıcı bir qüvvə olur.
Filosofa üçün, fəlsəfənin əsas mövzusu bütün var olanların var olmağına səbəb olan varlığın özüdür, beləliklə fəlsəfənin yönəldiyi ilk sahə ontologiyadır. Fəlsəfə varlıq elmidir. Ona görə də elm bir bina kimi düşünülərsə, bu binanın əsasını informasiya nəzəriyyəsi, damını metafizika və varlıq nəzəriyyəsi təşkil edir. Buradakı varlığın mücərrəd bir anlayış olaraq deyil, konkret varlıq olaraq başa düşülməsi lazımdır. Bir sözlə varlıq və insan fəlsəfənin əsas problemləridir.Klassik İslam, Qərb fəlsəfəsi və türk düşüncəsinə hakim olan filosof varlıq-təklik, varlıq-yoxluq kimi klassik fəlsəfi problemləri, həm də varlıq-zaman, varlıq-təkamül, varlıq-enerji kimi müasir fəlsəsəfənin meydana çıxan problemləri ilə birlikdə müzakirə etmişdir.
H.Z.Ülkənə görə Allah, kainat və insan ontologiyanın bir-birindən ayrılmayan üç əsas mövzusudur. Bu üç əsasdan birinin aradan qalxması bütün varlıq əlaqələrini yox edər. Filosofa qeyd edir ki, məhəbbətin varlığı bizi hər tərəfdən əhatə etmişdir. Biz, kainat və əşya olduğu üçün Allah var deyil, əksinə Allah var olduğu üçün bütün kainat vardır. Bütün elmlərin əsası Allahdır. Allah fikrini düşüncəmizdən çıxarmaq qeyri-mümkündür.
Filosof fəlsəfə ilə yanaşı, məntiq ilə də məşğul olmuşdur. Türkcə ilk dəfə “Məntiq tarixi” kitabını o, qələmə almışdır. O, bu əsərində hind və çin məntiqindən qərbdə meydana çıxan müxtəlif məntiqi anlayışlarına qədər hamısını, həmçinin islam məntiqini araşdırmışdır. Eyni zamanda Arnold Raymondun “Məntiq prinsiplər və müasir tənqid”(1942) əsərini xüsusən dərs kitabı şəklində bu sahədə çalışmalar olmaması səbəbilə tərcümə etmişdir.
Cümhuriyyətin ilk illərində baş verən ictimai, siyasi, mədəni dəyişikliklər filosofun ideya macərasında tez-tez dəyişikliklərə səbəb olmuşdur.Bu illərdə yazdığı “Sevgi əxlaqı”(1931), İnsani vətənpərvərlik”(1933) adlı əsərlərində əməl və əxlaq problemlərinə toxunmuşdur. Həmçinin 1960-cı ildə inqilabdan sonra qələmə aldığı “Siyasi partiyalar və Sosializm” (1962) əsəri Türk düşüncəsində yeni təmayüllər ilə bağlı önəmli bir əsərdir.
Əsərlərində ortaya qoyduğu problemləri mümkün qədər geniş təhlil edən, müxtəlif aspektlərdə həll etməyə və fərqli fikirlər arasında sintez yaratmağa çalışan filosofun, fəlsəfi materialların toplanması, tərcümə edilməsi və bunlar üzərində fəlsəfi əməliyyatların aparılması istiqamətində böyük səy və zəhmətləri olmuşdur. Elm və fəlsəfi fikirin inkişafında çox istiqamətli yaradıcılıq irsinə malik olan H.Z.Ülkən əsərlərində son dərəcə mücərrəd və ağır fəlsəfi dil istifadə etməsinə baxmayaraq, çox konkret qayğı və problemləri də dilə gətirmişdir.
İnsanlarası münasibətlərdə özünü göstərən əxlaq məsələsi filosofun fəlsəfəsində əsas məsələlərdən biridir. Filosofa görə əxlaqın son hədəfi insanlıqdır. O, İnsanlıq aləmini, ruh aləmini gerçək aləm olaraq qəbul edir və bildirir ki, bu iki aləmin birləşdiyi yer əxlaq aləmidir. Əxlaq aləmi ruhun təmizlənmiş və üstün hədəfə çevrilmiş olan varlığıdır. Orada yalnız həfəflər vardır. Həmin hədəflər bunlardır:
1.Hədəf birlikdir. Orada münaqişələr , toqquşmalar aradan qaldırılmış, hər şey birləşmişdir.
2.Hədəf sakitlikdir. Burada ruh tamlığın verdiyi sakitlik və rahatlığa çatacaqdır.
3.Hədəf vəzifədir. Burada bir – birinə keçmə imkanı olan mərtəbələr qurulacaqdır.
4.Hədəf ədalətdir. Vəzifələrə uyğun hərəkət etməkdir.
Ona görə də həqiqi siyasət əxlaqa, həqiqi əxlaq ruhun məqamlarına əsaslanmalıdır. Filosof əxlaq problemini varlıq problemi olaraq ortaya qoyur. Əxlaqi varlıq bizi bir birimizə bağlayan və hansı mədəniyyət dairəsinə mənsub olarsaq olaq aramızda müştərək tərəflərin olmasını təmin edən varlıqdır. İnsanların bir-birlərinə inancı əxlaqi varlığın əsas şərtidir. Filosofun əxlaqa dair baxışlarında Kantın təsirini görə bilərik.
Filosofun yaradıclığına XX əsr Azərbaycan mədəniyyəti ilə əlaqədar məsələlər də önəmli yer tutur.Filosof Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun yaradıclıq irslərinin yüksək qiymətləndirmişdir. Filosof öz xatirələrində Əli bəyin ona olan münasibətindən, fikir mübadiləsindən, həmçinin Əli bəyin yaradıcığından bəhrələndiyini qeyd edirdi. H.Z.Ülkən Əli bəy Hüseynzadənin həyat və fəaliyyətini, zəngin yaradıcılığını, türk xalqlarının həyatında oynadığı rolu yüksək qiymətləndirmişdir. Filosof Əli bəy Hüseynzadənin türkçülüyə dair baxışlarının Ziya Göyalpa olan təsirini, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”ideyasını ondan əxz etdiyini qeyd etmişdir.Əli bəy Hüseynzadənin “Turan” adlı şerini Turançılığının ilk nümunəsi kimi qiymətləndirməşdir.
Filosofun yaradıcılıq irsi hər zaman öz aktuallığı ilə böyük maraq doğurmuş,əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, tədqiqata cəlb edilmişdir.
ƏDƏBİYYAT
- Aytək Zakiq qızı (Məmmədov). Türkiyə fəlsəfi fikrinin zirvəsi – Hilmi Ziya Ülkən. Bakı, 2016, səh 41
- Aytək Zakir qızı. Yaradıcılıq yolu. “Elm” qəzeti, 29.04.2006. № 11-12(770-771)
- Aytək Zakirqızı. Hilmi Ziya Ülkənin yaradıcılıq irsindən. Elmi əsərlər, elmi-nəzəri jurnal, № 1(11), Bakı, 2008, səh. 11-16
- Eyyup Sanay. Hilmi Ziya Ülkən: Psixologiyası, Sosiologiyası, Fəlsəfəsi. Ankara, 1988 səh, 113
- Hilmi Ziya Ülkən. Türk təfəkkür tarixi. İstanbul, 1993, səh 179
- Mehmet Vural. Hilmi Ziya Ükənin Varlıq fəlsəfəsi. Ankara, 2009, səh 148-163
- Bernard Lewis. The Emergence of Modern Turkey. London and New York, 1960
- Bernard Lewis. Turkey to-day. London: Hutchinson, 1940BAKI FƏLSƏFƏ AKADEMİYASI
YAZAR: Türkay Ağalarova