Heydər Əliyev Təhsilimizin Qurucusudur

Heydər Əliyev barəsində söz demək,  xüsusilə milli təhsilimiz  haqqında, onun inkişafı haqqında fikir  demək həm şərəfli, fərəhli, həm də  çox məsuliyyətlidir. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər təyin ediləndə Azərbaycan həm iqtisadi, həm də mədəni tənəzzül dövrünü yaşayırdı. Heydər Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, zəngin təcrübəsi və qeyri-adi qətiyyəti fəaliyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində inkişaf dövrü başlandı. Ulu öndər millətin gələcəyinin elm və təhsillə bağlı olduğunu bilərək, respublikaya rəhbər təyin olunan ilk gündən bu sahənin inkişafını vacib məsələ kimi ön plana çəkdi. Çünki Heydər Əliyevin elm və təhsil sahəsində apardığı islahatlar elə bir mərhələyə təsadüf edirdi ki, bu dövrdə Azərbaycanda milli pedaqoji kadrlar azlıq təşkil edirdi.

XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən ümummilli lider Heydər Əliyev uzaqgörən və müdrik siyasəti nəticəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində bugünkü uğurların bünövrəsini qoymuşdur. O, bütün həyatı boyu istər əməli, istərsə də şəxsi nümunəsi ilə sübut etməyə çalışmışdır ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin ən böyük himayəçisidir. Azərbaycan təhsil sisteminin son 35 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, xüsusən 1980-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir.

Heydər Əliyevin respublikaya rəhbər təyin ediləndən sonra başlıca məqsədi güclü dövlət, güclü iqtisadiyyat, sağlam kadrlar yetişdirmək idi. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblərə qəbul zamanı bilik əsas meyar götürülürdü. Hər il SSRİ-nin ən nüfuzlu, ən mötəbər ali məktəblərinə göndəriş alanların sayı durmadan artırdı.

1970–1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda, keçmiş Sovet İttifaqının 50-dən çox böyük şəhərlərinin 170-dən artıq məşhur ali məktəbində ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almışdı. Ənənəvi olaraq hər il avqust ayının sonlarında qəbul imtahanları yekunlaşandan sonra tələbə adını qazanmış, Azərbaycandan kənarda oxumağa gedən gənclərlə Heydər Əliyevin görüşləri keçirilirdi. Bu görüşlərin necə həyəcanlı, təntənəli keçdiyini o illərin gəncləri yaxşı xatırlayırlar.

Ulu öndərin təşəbbüsü ilə 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul olunan qərarlar təhsilin inkişafına və maddi-texniki bazanın möhkəmləndirilməsinə güclü təkan vermişdir. Məhz bu qərarlara uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində 800- dən artıq məktəb tikilib istifadəyə verilmişdir. 1981-ci ilin statistikasına görə, keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərində 244 ixtisas üzrə 3600 azərbaycanlı gənc təhsil alırdı.

Qəbul olunan bu mühüm qərarlardan sonra məktəbəqədər təhsil sahəsindən tutmuş, ali təhsil müəssisələrinədək bütün təhsil ocaqlarında nəinki maddi-texniki baza möhkəmləndirilmiş, əhalinin intellektual səviyyəsi də əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdi. O dövrdə məktəbəqədər təhsil müəssisələrinin sayi 1600-dən 1875-ə, həmin müəssisələrdə ictimai tərbiyəyə cəlb olunanların sayı isə 10 mindən 148 min nəfərədək artmışdı. 1965-ci illə müqayisədə 1979-cu ildə orta ümumtəhsil məktəblərinin sayı 1650-dən 2117-ə çatdırılmışdı. 1145 ibtidai məktəb əsas məktəbə, əsas məktəb isə orta məktəbə çevrilmişdi. Təkcə 1979—1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün əlverişli şəraiti olan məktəblər tikilmişdi ki, bu da təxminən 50—60 məktəb binasının tikilməsi demək idi.

Heydər Əliyevin rəhbər fəaliyyətinin bütün dövrlərinə nəzər salsaq görərik ki, onun həyatı məktəblə, təhsil sistemi ilə sıx bağlı olmuşdur. Hətta 1969-cu ilə qədər bir çox dövlət işlərində işlədiyi zamanda daim məktəblərin fəaliyyətinə nəzarət etmişdir.

Ümummilli lider Heydər Əliyev 1970–1980-ci illərdə Azərbaycandan kənarda təhsil almağa göndərdiyi tələbələri doğma övladları hesab edirdi. O illərdə hər il respublikamıza gənclərin SSRİ-nin müxtəlif şəhərlərində təhsil alması üçün yerlər ayrılırdı. Heydər Əliev respublikaya rəhbər təyin edildikdən sonra maraqlanmışdı ki, Azərbaycana hər il 50 yer ayrılır. Həmin 50 yerə göndərilən gənclərin isə yalnız 25 faizi azərbaycanlıdır, qalanları başqa millətdəndir. Əlbəttə, həmişə millət, Vətən sevgisi ilə yaşamış Heydər Əliyev bu məsələyə biganə qala bilməzdi.

Bununla bağlı ulu öndər 21 may 1998-ci il tarixdə respublikamızdan kənarda təhsil almış Mütəxəssislər Cəmiyyətinin üzvləri ilə görüşündə belə demişdi: “Mən bundan çox narahat oldum. Dedilər, bilirsiniz, bizim gənclər respublikadan kənarda oxumağa getmək istəmirlər. Bakıda təhsil almaq istəyirlər. Valideynləri buraxmır, deyirlər ki, uşağımız yanımızda olsun. Başqa bir səbəb odur ki, azərbaycanlıların bir çoxu rus dilini yaxşı bilmirlər, ona görə də kənarda təhsil almaqda çətinlik çəkirlər. Dedim axı o yerlər respublika üçün müsabiqədənkənar verilir. Gənclərimiz orada güzəştli imtahan verirlər və gedib rus dilini öyrənəcəklər”.

Heydər Əliyev hər il xaricə göndərilən gənclərin siyahısını tələb edirdi. Həmin siyahı onun üçün çox qiymətli bir sənəd idi. Ulu öndər sonralar demişdi: “Mən hər il bu gənclərin siyahısını tələb edirdim, onu gətirib mənə verirdilər. Bir dəfə demişəm, bu gün sizə də bildirirəm ki, mən Bakıdan Moskvaya gedəndən sonra buradakı mənzilimi təhvil verdim. Mənzilimi köçürməli idim. Çoxlu kitablarım var idi, onları aparmaq mümkün deyildi. Göstəriş verdim ki, mənim üçün ən əsas olan kitabları, sənədləri seçsinlər. Mən hər il respublikadan kənara oxumağa göndərdiyim tələbələrin cildlənmiş siyahılarını Moskvadakı şəxsi evimə aparırdım”.

Heydər Əliyev Sovet İttifaqı dövründəki təhsil sistemini başqa inkişaf etmiş ölkələrin təhsil sistemi ilə müqayisə edərək görürdü ki, sovet təhsil sisteminin təkmilləşdirilməsinə ehtiyac vardır. O Moskvada işlədiyi dövrdə belə Azərbaycan təhsilinə  qayğı və diqqət göstərirdi.

Ümummilli liderin 1993-cü ildə yenidən Azırbaycanda hakimiyyətə qayıdışı, XX əsrin sonunda öz xilaskarlıq missiyasını yerinə yetirməsi ölkəmizi böhran vəziyyətindən xilas etdi. Ölkədə həyat yenidən öz axarına düşdü, ictimai-siyasi sabitlik bərpa olundu, milli təhsil inkişaf etməyə başladı. Məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan təhsilinin qarşısında yeni üfüqlər açıldı. Yeni təhsil konsepsiyası, islahat proqramı hazırlanaraq həyata keçirilməyə başlandı. Yeni pedaqoji təfəkkür ortaya çıxdı. Təhsilin yeniləşdirilməsi proqramında insan amili önə çəkildi. Müstəqil düşüncə qabiliyyətinə malik, milli-mənəvi, əxlaqi dəyərləri özündə təcəssüm etdirən əsl vətənpərvərlərin yetişdirilməsi, yeni milli təhsil konsepsiyasının hazırlanması zərurəti meydana çıxdı.

Ümummilli lider Heydər Əliyev təhsil islahatının qarşısında çox mühüm vəzifələrin durduğunu qeyd etməklə yanaşı, Azərbaycanda təhsil sahəsində əsaslı islahatların həyata keçirilməsi məqsədi ilə proqram hazırlayan Dövlət Komissiyası yaradılması üçün 1998-ci ilin martında sərəncam imzaladı. Həmin komissiya tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq olundu.

Əlbəttə, bu proqram təhsilin yeniləşdirilməsi sahəsində mühüm mərhələ oldu. Ulu öndərimiz təhsil sahəsində islahat proqramını təsdiq etməklə əsas məqsədini belə ifadə etmişdi: “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın. Bu illərdə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”.

Daha  sonralar Ulu Öndər Heydər Əliyev  təhsilin inkişafı üçün  bir sıra mühüm sərəncamlar imzalandı: “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”; “Dövlət dilinin təkmilləşdirilməsi haqqında”; “Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” ; “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”; “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” ; “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2003-2007-ci illər)” təsdiq olunması barədə”; “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə”. Bu fərman və sərəncamlar təhsil sahəsində islahatların sürətlənməsinə və inkişafına güclü təkan vermişdir.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində islahatlar uğurla həyata keçirildi. Yeni məktəblər tikildi, yeni dərsliklər, dərs vəsaitləri yaradıldı, məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, təhsilin məzmunu yeniləşməyə başladı. Ümumi orta təhsil məktəblərində oxuyan istedadlı uşaqların aşkara çıxarılması və onlara dövlət qayğısının göstərilməsi istiqamətində mühüm işlər görüldü. Heydər Əliyev bu uşaqlara himayəsini heç vaxt əsirgəmirdi. Onun 1998-ci il avqustun 31-də keçmiş SSRİ-nin ali məktəblərində təhsil almış sabiq məzunlarla görüşündə söylədiyi fikirlər yada düşür: “Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz barədə düşünürdüm.  Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq, Azərbaycanın XXI əsri haqqında düşünürəm”.

Təhsilimizin bu günü və sabahı Heydər Əliyevin adı bağlıdır. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyası məhz bu günümüz və sbahımıza yönəlmişdir.

YAZI: ” Ən yaxşı esse ” müsabiqəsində 3-cü yerə layiq görülmüşdür.
YAZAR: ADPU-nun müəlliməsi Zəhra Həsənova