Heydər Əliyev, Azərbaycan tarixi və gənclik

Çoxlarına məlum bir fikir var: Dünya bir səhnədir, hərə öz rolunu oynayır və səhnəni tərk edir. Mən fikirləşirəm ki, sadəcə fərdi insanların deyil, həm də xalqların rolları olur. Mən bilmirəm, bu rolları xalqlara Allah yazır, ya xalqlar özləri qazanır, yoxsa böyük “qardaşlar” balaca “qardaşlara”  bu rolları verir. Aydındır ki, bu böyük oyun bir çox xalqların komediyası, bir çox xalqların isə faciəsi oldu. Həqiqətən də, biz iki yüz ildir ki, tarix səhnəsində baş rol ala bilmirik. Mən bu məsələyə başqa tərəfdən də baxmaq istəyirəm. Bizə həmişə deyilib ki, erməninin heç nəyi yoxdur. Yeməkləri də, musiqini də, hətta torpaqları da bizdən oğurlayıb. Hər halda, bu xalqın heç nəyi yoxdursa da belə, bir ideologiyası var: Dənizdən-dənizə “böyük Ermənistan” qurmaq. Bu xalq özünə sıfırdan dövlətqurdu… Bizim torpaqlarımızın hesabına. Bu bizim üçün böyük bir dərddir, böyük yaradır. Yaxşı, bəs bizim ətrafında birləşəcəyimiz bir ideologiyamız var? Yaxud biz əcdadımız, tariximiz, dilimiz, mədəniyyətimiz, milli düşüncəmiz ilə fəxr edirikmi, fəxr etmək istəyirikmi? Bunların hamısını tanıyır, tanıdır, yaşayır və yaşadırıqmı? Bunlar vacib məqamlardır, tale yüklü məsələlərdir.

Xalqı ideologiya ətrafında birləşdirmək üçün, əlbəttə ki, tarix yaxşı vasitədir. Məhz mən bu səbəbdən “Heydər Əliyev, Azərbaycan tarixi və gənclik” mövzusunda yazmağı qərara aldım. Mən Heydər Əliyevin Azərbaycanımızın tarixindəki rolundan deyil, tariximizin öyrənilməsindəki səylərindən, şəxsiyyətlərimizə verdiyi dəyərdən danışmaq istəyirəm.
Dövlətlər və xalqlar təkcə hərbi, siyasi-iqtisadi qüvvələri ilə deyil, həm də tarixdə böyük işlər görmüş, böyük izlər qoymuş şəxsiyyətləri ilə tanınır. Bu mənada şəxsiyyətlərə hörmət və verilən dəyər çox əhəmiyyətlidir. Biz bunları Heydər Əliyevin timsalında görə bilərik. O, bir çox şəxsiyyətlərin yubiley mərasimlərində iştirak etmiş, şəxsiyyətlərin yad olunması məqsədilə bir çox tədbirlərin həyata keçirilməsi üçün əmr vermişdir. Məsələn, 1973-cü ildə İ. Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə təşkil olunmuş mərasimdə şəxsən iştirak etmişdi. 1975-ci ildə iki böyük dahinin 90 illiyi qeyd olunmuşdur. Bunlardan biri Ü.Hacıbəyli, digəri isə M.Maqomayevdir. 1975-ci ildə, yəni həmin ildə Ü.Hacıbəylinin, həm də S.Vurğunun ev muzeyləri açılmışdır. 1976-cı ildə S.Vurğunun 70 illiyi münasibətilə mərasim təşkil olunmuşdur. 1982-ci ildə də iki əhəmiyyətli tədbir baş tutdu. Bunlardan birinci M.F.Axundovun 170 illiyi ilə bağlı, digəri isəŞuşada M.P.Vaqifin məqbərəsinin və poeziya evinin açılışı ilə bağlı tədbir idi. H.Əliyev bütün bu tədbirlərdə şəxsən iştirak etmişdir. Bundan başqa, H.Cavidin nəşinin qalıqlarının uzaq Sibirdən gətirilərək Naxçıvanda – doğma torpaqda dəfn olunması H.Əliyevin diqqətə layiq işləri arasında seçilir.

Aydın məsələdir ki, tarixşünaslıqda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinin dəyərləndirilməsi heç də bir mənalı olmamışdır. Uzun illər AXC-nin dövlət xadimləri  dövrün mövcud tələblərinə uyğun şəkildə qiymətləndirilmiş, Sovet tarixində “xalqın düşməni”, “əksinqilabçı” kimi xarakterizə olunmuşdur. H.Əliyev bu səhvlərin düzəldilməsi yolunda təsirli işlər görmüşdür. H.Əliyevin 1996-cı il 15 mart tarixli fərmanı ilə “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanun qüvvəyə minmişdir. Yaşayış yerindən asılı olmayaraq, 1920-ci il aprelin 20-dən 1991-ci il oktyabrın 18-ə qədər olan dövrdə Azərbaycan Respublikası ərazisində siyasi repressiyaya məruz qalmış bütün şəxslərə şamil edildi.

Məqaləmin sonlarına yaxınlaşarkən H.Əliyevin nitqindən bir hissəni sizə çatdırmaq istəyirəm: “O vaxtlar Sovetlər İttifaqı çərçivəsində başqa respublikalarla öz işimizi müqayisə edirdik. Həmin respublikaların tarixçilərinin işləri ilə tanış olarkən daha da narahat olurduq. Nə üçün onlar öz tarixlərini yaxşı yaza bilir, biz isə yaza bilmirik?” (1993, ziyalılarla görüşdə).Tarixçi-alim Qurban Bayramovun “Heydər Əliyev və Azərbaycan tarix elmi” kitabında deyilir: “Azərbaycan Prezidenti H.Əliyev tarix elminin inkişafına xüsusi diqqət verərək 1997-ci il yanvarın 31-də respublika Elmlər Akademiyası işçiləri ilə görüşündə” XIX-XX əsrlər Azərbaycan tarixinin yenidən yazılması zərurətini irəli sürdü və bu işə böyük qayğı göstərəcəyini bildirdi.

Bu haqda fikirləşmək lazımdır. Buradan bir çağırış etmək istəyirəm. Gəlin bir amal, məqsəd ətrafında birləşək və tarix yazaq həm vərəqlərə, həm də yaddaşlara!!!

 

 YAZI: ” Ən yaxşı esse ” müsabiqəsində ikinci yerə layiq görülmüşdür. 

YAZAR: Sabir  Əliyev