Həyat kimdir?
Fortepianonun dilləri-
Həyat kimidir; bir üzü qara, bir üzü ağ…
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli…
Yaşamaq da xoşdur, ölmək də xoşdur,
Qayəsiz həyatda ölüm də boşdur!
(Hüseyn Cavid)
Fortepianonun dilləri gecə və gündüz kimidir…Atalar sözlərində də deyildiyi kimi: “Hər qaranlıq gecənin bir işıqlı sabahı var”. Biri digərini əvəz edir, tamamlayır.
Fortepianonun dilləri…
-Xeyir və şər kimidir…Necəki atalar deyir: “Şər deməsən xeyir gəlməz.”
Fortepianonun dilləri-Şeytanla Mələk kimidir.
Onlar kainat və bəşəriyyət var olduğu müddətcə mübarizə aparırlar. Biz insanlar da həyatla mübarizə aparırıq.
İblis:
Dəryalərə hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi axmaqda qızıl qan,
Canlar yaxar, evlər yıxar insan…
Mələk:
Ya Rəbb, bu nə dəhşət, nə fəlakət?
Ya Rəbb, bu nə vəhşət, nə zəlalət?
Yox kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət?!
İblis:
İblis nədir?-cümlə xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan nədir-İblis!
(Hüseyn Cavid “İblis”faciəsi)
Mələk Şeytana qalib gəlməyənədək bu mübarizə davam edəcək. Nə qədər ki şər mövcuddur, bu mübarizə də qiyamətə qədər gedəcək.
Fortepianonun dilləri-Həyat və ölüm kimidir.
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır demək,
Onun da həyatı yanmağındadır.
(Bəxtiyar Vahabzadə)
Ölüm və həyat arasında çox nazik bir bağ var. Görəsən, doğrudanmı həyatın mənası yanmaqdadır?!
-Bəli. Elədir ki var. Çünki, insan istiyə, alova toxunmasa onun əlini yandıra biləcəyini anlamaz. İnsan daxilən də yanmasa həyatı öyrənə bilməz. Çünki, həyat nağıllardakı kimi rəngarəng və mükəmməl deyil.
Oqtay:
“Mən dünyada ədalət divanı adına bir şey tanımıram. Hamısı yalandır! Yalan deyir Şiller! Mən yenə ancaq bu zavallı xalqı tanıyır, ona müraciət edirəm. Ona təslim oluram. Söz onundur. Qoy söyləsin: Kimdir müqəssir?! Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan yoxsa parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi?! Və yaxud alman dahisi Şiller özümü?!
(Cəfər Cabbarlı “Oqtay Eloğlu” Oqtayın monoloqu)
Fortepianonun dilləri-təbiət hadisələri kimi dəyişkən və ardıcıldır. Bu ardıcıllığı fəsillərin dəyişkənliyi və ardıcıllığına da aid etmək olar. Necə ki, yağışdan sonra göy qurşağı çıxır.
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
***
Zümzümənlə şirin-şirin dillən, yağış.
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın, səma, köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!
Yağ, ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq , yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
(Mikayıl Müşfiq “Yağış” şeiri)
Fortepianonun iki üzü var… Bəzi insanlar kimi…
Oqtay- “Bəli, doğrudan! Bütün həyatını süni görünüşlərlə keçirən, varlığı məchul bəşəriyyət! Nə istəyirsiniz bu sünilikdən?”
(Cəfər Cabbarlı ” Oqtay Eloğlu” əsəri)
Fortepianonun dilləri cənnət və cəhənnəm kimidir. Bəzən insan onlara toxunaraq müxtəlif melodiyalar səsləndirir. O melodiyalar insanın ruhunu təmizləyir, mənfi emosiyalarını, xaric etdirir, müsbət duyğular yaşadır. Bütün bunlarla yanaşı insan yorulur, pianonu çalarkən barmaqlarını hiss etmir; ona görə ki, melodiyalar insanda asılılıq yaradır, əl çəkmək olmur.
Qazanmaq və itirmək kimidir həyat…İnsanlar əslində itirməkdən qorxur. Halbuki hər şeyi qədərində etsələr bu insanlar bu dünyada cəhənnəmi yaşamazlar. Həyat da belə deyildir mi?
İnsanlar şər işlərdən çəkinib yaxşı işlər görməsə cəhənnəmə daxil olacaqlar və bu cəhənnəm həyatın cəhənnəmindən qat-qat pisdir, əziyyətlidir.
Həyat bir ağ kağız kimidir! Oraya nə yazacağın sənin əlindədir. Həyat dəftərində olan ağ kağızlarda yazılanlar alın yazısından çox, sənin əməllərindən asılıdır.
Fortepianonun dilləri xəyal ilə həqiqət kimidir. Reallaşdıra bilərsən, əgər cəhd etsən.
“Xəyal!…Əvət, yaşadan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar”. (Hüseyn Cavid)
Yazar: Gülnar Nəzərli (Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı kitabın müəllifi)