Henri Fayolun idarəetmə prinsipləri

1.Əmək bölgüsü – fəaliyyətin ixtisaslaşmasına əsaslanır. Əmək bölgüsü prinsipi mahiyyətcə peşə yönümünün müəyyən olunması və ixtisaslaşmanın tətbiq edilməsidir. Bir sahədə çalışma və ixtisaslaşma, işçilərin daha tez təcrübə qazanmalarına, həmçinin bacarıqlarınl nizamlı şəkildə inkişaf etdirmələrinə kömək edir. İşçilər iş bölgüsü edərək daha yaxşı nəticə əldə edə bilərlər.

2. səlahiyyət və məsuliyyət – dedikdə rəhbər işçilərə verilən səlahiyyət və daşıdığı cavabdehlik başa düşülür. Təlimatlar düzgün şəkildə çatdırılmalı, bununla yanaşı, işçilərə verilən tapşırıqların məsuliyyətinə uyğun olaraq səlahiyyət verilməlidir.

3. İntizam – müəssisənin ümumi məqsədlərinə tabe edilən nizamlayıcı qaydalardır. İntizam “təsərrüfatçılıq intizamı” və “inzibati intizam” olaraq iki qrupa bölünür.

4.Vahid rəhbərlik – bu o deməkdir ki, işçi əmrləri ancaq bir nəfərdən almalıdır. Tapşırıqlarda anlaşılmazlığa yol açmamaq üçün hər bir işçinin bir rəhbərə tabe olması vacibdir. İdarəetmədə “çox başlılıq” qəbul edilməzdir.

5. Vahid istiqamət – bu prinsip bir məqsəd çərçivəsində fəaliyyət göstərməyin üstünlüyünü özündə əks etdirir. Eyni tapşırıqları edən işçilərin eyni məqsədlərə sahib olmaları vacibdir. Əks halda tapşırıqların həyata keçirilməsi qeyri-mümkündür.

6. Ümumi marağın üstünlüyü – bu o deməkdir ki, hər bir işçinin və ya bir qrupun maraqları təşkilatın maraqlarına uyğun formalaşmalıdır. İdarəedicilər və işçilər təşkilatın məqsədlərinin daim üstün olduğunu xatırlamalıdırlar. Çünki şəxsi qazanclar məhz təşkilatın uğurlarından yaranır. Həmçinin hər kəs eyni məqsədlər üçün çalışarsa, bu təşkilatın inkişafı üçün daha yaxşı bir şərait yaradar.

7. Mükafatlandırma – bu, işçilərin fəaliyyətini daha da məhsuldar etmək üçün həyata keçirilən motivləşdirmə tədbirlərinə verilən addır.

8. Mərkəzləşdirmə – dedikdə səlahiyyətin bir mərkəzdə və ya bir şəxsin əlində cəmlənməsi başa düşülür.

9. İyerarxiya – bu, işçilərin vəzifə olaraq aşağıdan yuxarıya tabeçiliyidir. İyerarxiya idarəetmənin bütünlüyü üçün vacibdir.

10. Müntəzəmlik – bu prinsip hər bir işçinin işdəki nizam-intizam qaydalarına uyğun fəaliyyətinin təmin olunmasıdır.

11. Ədalət – dedikdə işçilərin əmək fəaliyyəti zamanı heç bir fərq qoymadan eyni dərəcədə qiymətləndirilməsi başa düşülür.

12. İş yerinin sabitliyi – bu prinsip işçilərin inamının artması üçün vacibdir. İşçilər işdən çıxarılması qorxusu olmayan bir yerdə daha həvəslə çalışır. Bu təbii ki, təşkilatın məhsuldarlığına böyük təsir göstərir.

13. Təşəbbüskarlıq – bu, bəzi məsələlərin həlli zamanı insanlar tərəfindən yeni bir fikrin və ya təklifin irəli sürülməsidir. Təşkilatlardakı təşəbbüskarlıq mühitinin formalaşdırılması böyük bir irəlləyişdir.

14. Birlik (korporativ ruh) – böyük bir gücdür. “Güc birlikdədir” sözü burada tam yerinə düşür. Rəhbər işçi birliyin gücündən istifadə edərək inkişaf və tərəqqi üçün yararlanmalıdır. Ən əsası isə bu birliyin ahəngdarlığını qorumalı və parçalanmasının qarşısını almalıdır.

Yazar: Hüseyn Quliyev

Həmçinin bax İDARƏÇİLİK YÖNÜMLÜ İXTİSASLARDA TARİX FƏNNİNİN TƏDRİS OLUNMASININ ƏHƏMİYYƏTİ
https://turaz.org/turk-hava-yollari-ucuslarin-berpa-edecek/#