Havanın çirklənmə mənbələri

Çirklənmə dedikdə, ətraf mühitdə mövcud olan element və birləşmələrin normadan artıq olması nəzərdə tutulur.Başqa sözlə desək, maddələrin buraxıla bilən qatılıq həddini aşması ətraf mühitin çirklənməsinə səbəb olur.

Havanın tərkibi müxtəlif qazların qarışığından (azot, oksigen, karbon qazı, arqon,  ksenon və s.) ibarətdir.Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast gəlmək qeyri-mümkündür.Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur.Beləliklə, hava areozol və ya dispers sistem halında olur.Bu çirkləndiricilər havaya biosferdən daxil olur.Hər şeydən öncə hava biosferin bir hissəsidir.Orada rast gəlinən bərk və maye hissəciklər havanın biosferin digər komponentləri ilə, yəni su, torpaq və canlı orqanizmlərlə qarşılıqlı əlaqəsinin nəticəsidir.

Havanın çirklənməsi iki yolla baş verir:

1)Təbii yolla çirklənmə

2)Süni (antropogen təsir nəticəsində) çirkənmə

Havanın təbii çirklənmə mənbələrinə misal olaraq vulkan püskürmələrini göstərmək olar.Güclü vulkan püskürmələri zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır.qazlarla birlikdə bu hissəciklər 20 km-dən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir.Məsələn, 1883-cü ildə İndoneziyada Krakatau vulkanı püskürən zaman vulkan tozu 24 km hündürlüyə qalxaraq 5 ilə yaxın havada qalmışdır.

Hər il Amerika, Afrika, Avstraliya və dünyanın başqa ölkələrində yüzlərlə baş verən meşə yanğınları nəticəsində tüstünün xırda bərk hissəcikləri on və yüz kilometr ərazilərdə yayılır. Dağ süxurlarının aşınması, dağılması, torpaq eroziyası və onunla əlaqədar baş verən qum tufanları zamanı da atmosfer xeyli miqdarda xırda hissəciklərlə dolur.Atmosfer təbəqəsinin təbii yolla çirklənməsinə səbəb olan bir digər amil isə, kosmik tozlardır.Sutka ərzində Yer səthinə 10 minlərlə kosmik tozlar düşür.Kosmosdan gələn bu tozların mənşəyi hələ o qədər məlum deyil.Ola bilər ki, Günəşin fəaliyyəti nəticəsində əmələ gəlmişdir.Həmçinin, bu tozlar meteoritlərin yanmış qalıqları da ola bilər.

Havanı çirkləndirən antropogen mənbələr olduqca geniş sahəlidir.Bu çirklənmənin böyük  bir hissəsi müxtəlif sənaye sahələrinin payına düşür.Atmosferi çirkləndirən süni mənbələrə metallurgiya sənayesini (xüsusən, qara metallurgiya), kimya və neft sənayesini, tikinti materialları sənayesini,  radioaktiv maddələrlə çirklənməni, elektromaqnit çirklənməni, nəqliyyat tullantıları ilə çirklənməni və s. misal göstərmək olar.

Çuqun əridilməsi  və ondan polad alınması zamanı atmosferə müxtəlif qazlar atılır.Bir ton polad istehsalı zamanı havaya 4.5 kq toz, 2.7 kq kükürd qazı, 0.1-0.6 kq marqans atılır. Domna qazlarından başqa atmosferə həm dəaz miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarları və qətranlı maddələr atılır. Kimya sənayesində turşuların (sulfat turşusu, xlorid turşusu, nitrat turşusu və s.), rezin materialların, mineral gübrələrin, sintetik yuyucu vasitələrin və s. maddələrin istehsalı zamanı havaya müxtəlif tullantılar atılır. Çirkəndiricilərin tərkibində əsasən karbon qazı (28%), kükürd anhidridi (16,3%) , azot oksidi (6,8%) olur.O cümlədən tullantıların tərkibində amonyak, benzin, karbon-sulfid, aseton, ksilol kimi maddələrə də rast gəlinir.

Atmosferi çirkləndirən maddələrə onlarla nümunə göstərmək olar.Bu komponentlərin havada toplanması parnik effektinə, iqlim dəyişimlərinə, turşulu yağışların yağmasına, ozon qatının deşilməsinə, havada “smok” adlanan zəhərli dumanın yaranmasına, yoluxucu xəstəliklərə və bir sıra digər fəsadlara səbəb olur.Unutmaq olmaz ki , bu fəsadlar hər biri ətraf mühitin strukturunun dəyişməsinə və nəticədə biosferdə yaşamın məhvinə səbəb ola bilər.Bu səbəbdən atmosfer çirklənmələrinin zamanında qarşısını almaq məqsədilə müvafiq tədbirlər işlənib hazırlanır.Nisbətən az tullantılı texnologiyalara keçid edilir.

 

QAYNAQ: Ekologiya və Ətraf Mühitin Mühafizəsi (Məmmədov Qərib; Xəlilov Mahmud)

YAZAR: Günel Qardaşova
HƏMÇİNİN BAX: Məhəmməd Füzulinin yaradıcılığı
HƏMÇİNİN BAX: Tehsilim.org/fizika-rus-dili-tedris-dili-ve-rus-dili-xarici-dil-kimi-fenlri-uzre-isci-qruplarinin-iclaslari