Hafizənin psixi mahiyyəti, hafizə prosesləri

İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada “izi”, işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik. Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik. Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar. Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir. Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır. Hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri vardır.
Hafizə insana məxsus fundamental – bazis mahiyyətli psixi proseslərdən biridir. Digər psixi proseslər məhz hafizənin əsasında yaranır. Qazanılmış bilik ehtiyatlarını və həyat təcrübəsini beyində saxlamaq, lazım gəldikdə isə ondan istifa¬də etmək qabiliyyətinə hafizə deyilir. Hafizə bir-biri ilə əlaqəli olan üç komponentdən (hafizə prosesindən) ibarətdir:
1. Persepsiya – yadaalma;
2. Retensiya – yaddasaxlama;
3. Reproduksiya – yadasalma.
Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi yolu ilə möhkəmləndirilməsi baş verir. Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, bəzən mənaya əhəmiyyət vermədən yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir. Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən və şəxsiyyətin növündən asılıdır. Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq yadımızda qalır. İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan informasiyanın xarakteri ilə bağlıdır. Yaddasaxlamanın davamlılığından asılı olaraq qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür. Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Yadasalma əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-ixtiyari olur. Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha çox xatırlama ilə əlaqədardır. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu, eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını itirir və ya azalır. Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz olunması hərəkət hafizəsi adlanır. Maşın sürmək, musiqi alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surət hafizəsi formalaşır. Surət hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən asılı olaraq onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə və dadı ayırırlar. İnsan psixikası üçün görmə və eşitmə hafizəsi daha əhəmiyyətli rol oynayır. Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emosional hafizə formalaşır.

Yazar: Həsənova Günel WCU

Hiperaktivlik nədir və hiperaktiv uşaqlarla necə davranılmalıdır?

https://turaz.org/qarabag-dayaq-bloku-istifadeye-verilmisdir/